Qayis Texnika - Wikipedia
Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir.
Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur. Qayışın oturaq hissəsi polixlorofen-rezin qarışığından ibarətdir. Qoruyucu üst qat parçadan hazırlanır. Yüksək sürətlərdə işləyən pazvari qayışların xarici səthi əlavə olaraq rezinlə hopdurulmuş parça ilə örtülür.
Dişli qayışlar şüşə-lifli materialdan hazırlanmış ipləri rezin-xlorofen qarışığı ilə əhatə etməklə hazırlayırlar. Dişlər əlavə olaraq yeyilməyə davamlı olan neylon parça qatı ilə örtülür. Bəzi hallarda isə bu rezin qarışığının içərisinə metal məftillər də yerləşdirilir. Bu qayışların parametrləri İSO 5296-da verilir.
Qayışların ölçüləri standartlaşdırılmışdır, ona görə də, hesabat zamanı aralıq ölçülər nəzəri-emprik düsturların köməyi ilə hesablanır və sonra verilmiş cədvəllərdən lazım olan parametrlər seçilir.
Mənbə
redaktəKərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.