Qars Doyusu 1745 - Wikipedia
Qars döyüşü (1745) — Osmanlı-Qızılbaş* müharibəsi (1743-1746)nin sonuncu əsas toqquşmasıdır. Döyüş Osmanlı ordusunun qəti şəkildə darmadağın edilməsi ilə nəticələndi. Döyüş fasilələrlə 10 günə qədər davam etmiş və sonda Osmanlı ordusunun tamamilə darmadağın edilməsi ilə sonlandırılmışdı. Döyüşdə şəhid olan qızılbaşların nəşinin dəqiqləşdirilməsi və üsul gərəyi dəfni ilə əlaqədar Şahbanu Raziyə sultan Səfəvi şəxsi büdcəsindən xüsusi maliyyə sərf etmişdir. Mosuldakı məğlubiyyətdən sonra Osmanlı bu döyüşdə də Nadir şaha məğlub oldu və artıq hərbi qələbə qazanmağa olan ümidləri azaldı. Qələbəyə olan ümidi azalan Osmanlı tərəfi danışıqları yenidən başlatdı. Nəticədə tərəflər arasında Kürdan sülh müqaviləsi imzalandı. Qələbəyə olan ümidi azalan Osmanlı tərəfi danışıqları yenidən başlatdı.[6][7]
- Qızılbaşlar – Əfşar-Səfəvilər. Əfşarlardan Nadir şah, Səfəvilərdən Şahbanu Raziyə sultan Səfəvi bloku.
Qars döyüşü | |||
---|---|---|---|
Osmanlı-İran müharibəsi (1743-1746) və Nadirin yürüşləri | |||
| |||
Tarix | 19 avqust 1745 | ||
Yeri | Qars, Şərqi Anadolu | ||
Səbəbi | Nadir şahla Osmanlı imperiyası arasında meydana çıxan problemlər. | ||
Nəticəsi | Müharibəni sonlandıran mütləq Nadir şah qələbəsi.[1] | ||
Ərazi dəyişikliyi | Qəsri-Şirin sülh müqaviləsinin şərtləri bir daha təstiq edildi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Arxa plan
redaktə1745-ci ilin birinci yarısını Dağıstanda baş qaldıran qiyamların yatırılması və bu bölgənin tam itaət altına gətirilməsi ilə məşğul oldu. 1745-ci ilin yayında Nadir şahla Osmanlı qüvvələri arasında yeni bir qarşılaşma baş verdi. Nadir şahın Qarsın mühasirəsindən əl əkməsi ilə Osmanlı sarayının sülh bağlanmasına meyl edəcəyi ümidi yenə də özünü doğrultmadı. O, Cənubi Qafqazda olduğu vaxt Osmanlı sarayı çox böyük sayda qoşun dəstələri formalaşdırdı. Müşahidəçilərin bildirdiyinə görə, 1745-ci ilin əvvəlində Osmanlı sarayı Nadir şahın qarşısına çıxarılan ən böyük ordusunu təşkil etdi. Osmanlı qüvvələri iki qol şəklində qruplaşdırılıb müxtəlif istiqamətlərə göndərildi. Birinci qola Osmanlı dövlətinin keçmiş sədr-əzəmi Yegən Məhəmməd paşa sərkərdəlik edirdi.Onun rəhbərliyi altında olan dəstənin tərkibində 100 min süvari və 40 min yeniçəri var idi. Osmanlı qüvvələrinin digər qoluna isə Abdulla paşa və Ərdəlanın keçmiş bəylərbəyi Əhməd xan rəhbərlik edirdilər. Əhməd xan Nadir şah tərəfindən Ərdəlana bəylərbəyi təyin edilmişdi. Amma sonradan o, Nadir şaha itaətsizlik göstərib Osmanlıya qaçmış, Osmanlı dövlətində xidmətə başlamışdı. Nadir şah hələ Cənubi Qafqazda olarkən Osmanlı qüvvələrinin irəliləməsinin əngəllənməsi üçün bəzi tapşırıqlar verdi. Onun göstərişinə əsasən, Məhəmmədrza xan Qırxlının, Məhəmmədəli bəy Qacarın və Lütfəli bəy Çərxçibaşının rəhbərliyi altında qoşun dəstəsi Osmanlı qüvvələrinin qarşısına göndərildi. Bu dəstə kəşfiyyat işləri aparmaqla bərabər, Osmanlı qüvvələrinin irəli çıxarılmış dəstələri ilə döyüşə girməli idilər. Bu dəstə Naxçıvandan keçməklə Qarsa doğru irəlilədi və Qarsla İrəvan arasında Yegən Məhəmməd paşanın irəli çıxarılmış 12 min nəfərlik avanqard dəstəsi ilə qarşılaşdı. Mənbələr bu dəstələr arasında qanlı döyüş baş verdiyini və nəhayətdə Nadir şah qüvvələrinin qələbəsi ilə başa çatdığını bildirirlər. Nadir şah Bağdaddan Dağıstana doğru hərəkət edəndə Nəsrulla Mirzəni özü ilə aparmamışdı. Nəsrulla Mirzə tabeliyində olan qoşun dəstəsi ilə İran İraqında qalmışdı. Nadir şah Qafqazdan Qarsa doğru hərəkətə başlayanda Nəsrulla Mirzəyə də xəbər göndərdi ki, Osmanlı qüvvələri ilə döyüşə hazırlaşsın. C.Hanvey Nadir şah qoşunlarının İrəvan yaxınlığında düşərgə saldığı vaxt sayının 50 min olduğunu yazır. Onun məlumatına görə, Nəsrulla Mirzənin rəhbərliyi altında isə 30 min nəfərlik qoşun dəstəsi var idi. Nadir şah öz qoşunları ilə 1745-ci il avqustun 7-də İrəvanı adlayıb bu şəhərin iki fərsəngliyində olan Muradtəpə adlanan məntəqədə düşərgə saldı.Bura həmin məntəqə idi ki, 1735-ci ildə orada Nadir şah Osmanı sərkərdəsi Abdulla paşa Körpülünü məğlubiyyətə uğratmışdı. Yegən Məhəmməd paşanın düşərgəsi Nadir şahın düşərgəsindən cəmi iki fərsəng aralı idi.[8]
Mənbələrdə və tədqiqat əsərlərində Nadir şahla Məhəmməd paşa arasında əsas döyüşün başlanması tarixi haqqında müxtəlif fikirlər mövcuddur.Bu müxtəliflik istər hicri tarixində, istərsə də miladi tarixində mövcuddur. Hər halda göstərilən tarixlər arasında avqustun 10-u və 11-i tarixi daha çox təkrarlanır. C.Hanvey döyüşün avqustun 3-də başladığını yazır. L.Lokart isə döyüşün ayın 11-də baş verməsinə üstünlük verir. Mövcud olan məlumatlara görə, Yegən Məhəmməd paşa döyüşü bu tarixdən düz bir həftə əvvəl, yəni avqustun 4-də başlamağı planlaşdırıbmış. Amma ayın 3-də ona məlumat çatdırılıb ki, Osmanlı süvarilərinin və artilleriyasının bir hissəsi Nadir şah qüvvələrinin qəfil hücumuna məruz qalıb və artilleriya həmin qüvvələr tərəfindən ələ keçirilib. Öz süvarilərinə kömək göstərmək və itirilmiş topları geri qaytarmaq istəyi Məhəmməd paşanın başını elə qatdı ki, əsas döyüşün başlanması da təxirə salındı.[9]
Döyüş
redaktə1745-ci il avqustun 11-də Muradtəpə ətrafında Osmanlı qüvvələri ilə Nadir şah qoşunları arasında gərgin bir döyüş başladı. Bu döyüşə çox zaman Qars döyüşü də deyilir. “Aləm Ara-ye Naderi”də olan məlumata görə, uzun müddət döyüşdə hansı tərəfin hərbi üstünlüyə malik olduğunu müəyyənləşdirmək mümkün deyildi. “Aləm Ara-ye Naderi”yə görə, döyüşün bərabər səviyyədə getdiyini görəndə Nadir şah at belinə qalxıb özü də döyüşə atıldı. Nadir şah döyüş meydanında əfqan dəstələrinin sağdan və soldan əzmkarlıqla döyüşmələrinin şahidi oldu. Onun döyüşə qatılması bütün dəstələrinə ilham verdi, Osmanlı qüvvələrinə vurulan zərbələrin gücünü daha da artırdı. Nəticədə, Osmanlı qüvvələri artan təzyiqə davam gətirməyərək yavaş-yavaş geri çəkilmək məcburiyyətində qaldı. Bu vaxt Məhəmməd paşa sərkərdələrinə Avropa taktikası tətbiq edilməsini tapşırdı. Məhəmməd paşa sərkərdələrinə Avropa taktikası tətbiq edilməsini tapşırdı. Avropa taktikası müdafiə və hücum elementlərinin birləşdirilməsindən ibarət idi. Qoşunlar qarşı tərəfə doğru müəyyən qədər irəlilədikdən sonra səngərlənməli, möhkəmlənməli və sonra yenə müəyyən məsafə irəliləməli idilər. Osmanlı qüvvələri bu taktikanı bütünlüklə tətbiq edə bilmədilər. Nadir şah qoşunlarının təzyiqindən əlavə yerli şərait də buna imkan vermədi.[10]
Nadir şah isə başqa bir taktikaya əl atdı. Onu tapşırığı əsasında qoşun dəstələrindən biri Qarsdan Ərzuruma aparan yolu nəzarət altına aldı və nəticədə Osmanlı qüvvələrinin əsas təchizat yolu bağlandı. Bununla eyni zamanda Nadir şah Osmanlı qüvvələrini həm də əhatə etmiş oldu ki, bu da Məhəmməd paşa üçün təbii narahatlıq yaratdı. Döyüşün elə birinci gününün axşamı Nadir şah 20 min nəfərlik bir dəstəni Osmanlı qüvvələrinin arxasına keçməyi və gecə ikən əsas qüvvələrə qəfil zərbə endirməyi tapşırdı. Bu dəstənin gecə hücumu elə gözlənilməz oldu ki, Osmanlı qüvvələri arasında güclü vahimə və çaşbaşlıq yaratdı, döyüşçülərin çoxu əsir düşdü, çoxu da məhv edildi. Çoxları isə müqavimət göstərmədən qaçmaqla canlarını qurtardılar. Dəqiqliklə düşünülmüş gecə hücumunun həyata keçirilməsi nəticəsində Osmanlı qüvvələrinə ağır zərbə vuruldu və səhər açılana kimi Məhəmməd paşa qoşunlarının döyüş mövqeləri mühasirəyə alındı. Nəticədə, Osmanlı qüvvələri həm çoxlu itki ilə qarşılaşdılar, həm də bir çox mühüm mövqeləri əldən verdilər.[11]
Yaranmış vəziyyətin düzəldilməsi üçün Yegən Məhəmməd paşa öz sərkərdələrinin müşavirəsini çağırdı, onlarla birlikdə döyüş meydanında baş verənləri müzakirə etdi və belə qərara alındı ki, Osmanlı qüvvələri də gecə ikən Nadir şah qoşunları üzərinə hücum etsinlər. Belə ehtimal olunurdu ki, gecə hücumu ilə Nadir şahın bütün qüvvələri mühasirəyə alınsın və sonra da onların məhvinə başlansın. Məhəmməd paşa bu müşavirədə də Avropa taktikasının tətbiqinin zəruriliyini vurğuladı.
Həmin günün axşamı, yəni 1745-ci il avqustun 19-da Kermanşah istiqamətində Osmanlı qüvvələri ilə döyüşə girən Nəsrulla Mirzədən Nadir şaha xoş xəbər gətirildi. Nəsrulla Mirzə göndərdiyi məktubunda Nadir şaha məlumat verdi ki, Mosul ətrafında Abdulla paşanın rəhbərlik etdiyi qoşun dəstəsi məğlubiyyətə uğradılmışdır. Əsir edilmiş Osmanlı döyüşçülərinin bir hissəsi Nadir şahın düşərgəsinə yola salınmış, Nəsrulla Mirzə özü isə Kermanşaha qayıtmışdır.[12]
“Aləm Ara-ye Naderi”nin “Tarix-e Cahanqoşa-ye Naderi”dən eynilə əxz etdiyi bu məlumatdan Nadir şahın Nəsrulla Mirzəyə hansı cavab verdiyi anlaşılmır. Heç şübhəsiz ki, Nadir şah, Nəsrulla Mirzənin dəstəsinin Osmanlı ərazilərinin dərinliklərinə doğru irəliləməsinə razı olmadı. Anlaşılan odur ki, Nadir şah oğlunun əldə etdiyi bu qələbəyə çox sevindi və onun məktubunu Osmanlı əsirləri vasitəsi ilə Yegən Məhəmməd və Abdulla paşaya göndərdi. Amma məktub yetişənə qədər Məhəmməd Yegən paşa artıq dünyasını dəyişdi. Yuxarıda xatırlanan hər iki mənbə həmin vaxtlarda Məhəmməd paşanın düşərgəsində, Osmanlı qoşunları arasında qiyam və iğtişaşın baş verdiyini qeyd edir. Lakin bu iğtişaşların da nə ilə bağlı olduğunu söyləmək çətindir. “Aləm Ara-ye Naderi”nin yazdıqlarından hətta belə güman etmək olar ki, Osmanlı qoşunları arasında iğtişaşın baş verməsinin Yegən Məhəmməd paşanın ölümünə heç bir aidliyi yoxdur. Bu mənbədə bildirilir ki, Yegən Məhəmməd paşa ağciyərin iltihabından əziyyət çəkirdi. Dünyasını dəyişdiyi gün onun xəstəliyi birdən-birə ağırlaşmış və qoşunlardakı həkimlər ona bir yardım edə bilməmişdilər.
Avropalı müəlliflər, o cümlədən C.Hanvey, Şarl Piklet və hətta L.Lokkart da Məhəmməd paşanın öldürüldüyünü yazırlar. Ş.Pikletə görə, əsas döyüşün baş verdiyi gün Nadir şah Osmanlı qüvvələrinin zəif nöqtəsini müəyyənləşdirib əsas zərbəni də ora vurmağı qərara aldı. Sonra ehtiyatda saxladığı bütün qüvvələri də döyüşə atdı. Nadir şahın göstərişinə əsasən bütün süvarilər tüfənglərdən atəş açdılar və sonra da düşmənlə əlbəyaxa qılınc döyüşünə girdilər. Bu qəfil hücum nəticəsində Nadir şah Osmanlı qüvvələrinin artilleriyasının əsas hissəsini ələ keçirməyə nail oldu. Osmanlılar döyüşün müxtəlif mərhələsində çoxlu tələfatla üzləşdilər.Həmin tələfatın 20 mindən artıq olduğu bildirilir. Bir o qədər Osmanlı döyüşçüsü də əsir oldu. Nadir şah qoşunlarının təzyiqi qarşısında davam gətirə bilməyən Osmanlı ordusu və onun rəhbəri geri çəkilmək məcburiyyətində qaldı. Osmanlı qoşunlarının düşərgəsi müdafiə baxımından yaxşı möhkəmləndirildiyi, istehkam qurğuları və toplarla müdafiə olunduğu üçün Nadir şah təqibi davam etdirməyi lazımsız bildi. Əvəzində qərara aldı ki, Osmanlı qüvvələrinin arxaya aparan yollarını kəssin. Çünki bu yolların kəsilməsi Osmanlı qüvvələrinin təchizatını çətinləşdirə və onları daha tez təslim olmağa məcbur edə bilərdi. Ş.Pikletə görə, bundan sonra Osmanlı qoşunları öz qüvvələrini bir də səfərbər edib Nadir şah mövqeləri üzərinə hücum çəkdilər. Osmanlı qüvvələrinin geniş yer verdiyi top atəşləri də köməyə çatmadı. Nadir şah qüvvələrinin əks-hücumu osmanlıları geri çəkilməyə məcbur etdi. Təchizatının, silah və sursatının çox hissəsini itirib pərakəndə hala düşən Osmanlı dəstələri Qars yolu ilə geri çəkilməyə başladılar. Avropalı müəllifə görə, Məhəmməd paşa da bu geri çəkilmə zamanı öldürüldü.
Geri qaçmaqda olan Osmanlı qüvvələrinin Nadir şah dəstələri tərəfindən təqib olunmasını “Tarix-e Cahanqoşa-ye Naderi” də təsdiq edir. Bu mənbəyə görə, Yegən Məhəmməd paşanın ölümü Osmanlı qüvvələri arasında çaşqınlıq yaratdı və sərkərdəsini itirmiş qüvvələr pərakəndə halda qaçmağa üz tutdular. Bu vaxt onlar yenidən Nadir şahın qoşunlarının döyüş əzmi ilə üzbəüz qaldılar. Osmanlı qüvvələrinin bütün artilleriyası, düşərgəsi təchizatı və yükləri Nadir şah dəstələrinin əlinə keçdi. Nadir şah döyüşçüləri osmanlıları Arpaçaya qədər təqib etdilər. “Tarix-e Cahanqoşa-ye Naderi” onlardan 12 min nəfərinin öldürüldüyünü, 5 min nəfərinin isə əsir götürüldüyünü xatırladır.[13][14]
Nadir şah Osmanlı dövləti ilə Səfəvi dövləti arasında vaxtilə mövcud olmuş sərhəd xəttini adlamadı. C.Hanvey və çox güman ki, ona istinad etmiş L.Lokkart bunu Nadir şah qoşunlarının və ölkə əhalisinin əlavə müharibə iztirablarını istəməməsi ilə əlaqələndirirlər. Döyüş başa çatandan sonra Nadir şah Osmanlı sultanına ehtiram dolu bir məktub yazdı və elçisi vasitəsilə Osmanlı sarayına göndərdi. Nadir şah həmin məktubda bildirirdi ki, Osmanlı ruhanilərinə çatdırılmış olan əvvəlki təkliflər barəsində daha təkid göstərmir. Nadir şah əminliyini bildirirdi ki, məzhəb məsələsi ilə bağlı olan və Osmanlı sarayı tərəfindən qəbul edilməyən həmin təklifin geri götürülməsi iki dövlət arasındakı münasibətləri daha da yaxşılaşdıracaqdır
Dəhşətli məğlubiyyət İstanbul hakimiyyətinin hərbi qələbəyə olan ümidlərini heçə endirdi. Ölənlərin və yaralananların sayı döyüşün nə dərəcədə sərt formada getdiyini sübut edir. Döyüşün elə ilk günündəcə Nadir şahın ordusu 8.000 nəfər itki vermişdi. Lakin onlar sonrakı günlərdə demək olar ki, itki vermədilər, lakin Osmanlı ordusunun itkiləri isə gündən günə artmaqda idi. İtkilər barədə olan ehtimallar 28.000-50.000 arasındadır. Ən məqbul sayılan say isə belədir: 12.000 ölü, 18.000 yaralı və 5.000 əsir. Beləliklə, ümumilikdə 35.000 nəfər itki. Nadir şah əsir götürülən bütün yaralılara Qarsa getməyə və müalicə almağa icazə verdi.[15][16]
Nəticə
redaktəQarsvə ondan əvvəlki döyüşdə məğlub olan Osmanlı hakimiyyətinin artıq hərbi qələbə qazana biləcəyinə olan ümidi məhv olmuşdu. Buna görə də, hər iki ordusu dağıdılan Osmanlı özünə sərf etməyən şərtlər altında sülh danışıqlarına başlamağa məcbur oldu. Hər halda, Nadir şah Osmanlı ordusunun hücum qabiliyyətini məhv etməsinə və onları müdafiəyə keçməyə vadar etməsinə baxmayaraq, Osmanlı ərazilərinə hücuma keçmədi. Bunun əvəzinə o, düşmənliyin həlli üçün diplomatik yollar axtardı və diplomatların mübadiləsindən sonra müharibəni bitirən sülh imzalandı. Bu sülh Kürdan sülh müqaviləsi adlanır və 1746-cı ildə imzalanmışdır.[17]
Həmçinin bax
redaktəMənbə
redaktə- Süleymanov, Mehman, redaktorNadir şah. Tehran. 2010.
İstinadlar
redaktə- ↑ A Global Chronology of Conflict: From the Ancient World to the Modern Middle East, Vol. II, ed. Spencer C. Tucker, (ABC-CLIO, 2011), 743.
- ↑ Ghafouri, Ali(2008). History of Iran's wars: from the Medes to now, s. 401. Etela'at Publishing
- ↑ Moghtader, Gholam-Hussein(2008). The Great Batlles of Nader Shah,s. 126. Donyaye Ketab
- ↑ Lockhart, Laurence. Nadir Shah: A critical study based mainly upon contemporary sources, s. 312. Luzac & Company
- ↑ 1 2 3 Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant, s. 339. I. B. Tauris
- ↑ Lockhart, Laurence. Nadir Shah: A critical study based mainly upon contemporary sources, s. 315. Luzac & Company
- ↑ Mehman Süleymanov, 2010. səh. 338
- ↑ Mehman Süleymanov, 2010. səh. 339
- ↑ Mehman Süleymanov, 2010. səh. 340
- ↑ Alam Aray-e Naderi, Mohammad Kazim Keshmiri, 3 volumes, Tehran university press
- ↑ The Army of Nader Shah, Michael Axworthy, Iranian Studies, volume 40, number 5, December 2007, (Taylor & Francis), 642.[1] Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
- ↑ Mehman Süleymanov, 2010. səh. 341
- ↑ Mirza Mehdi Khan Astarabadi. Histoire De Nader Chah // Works of Sir William Jones (French). 12. William Jones tərəfindən tərcümə olunub. London: J. Stockdale. 1807 [1770]. 102–103. OCLC 11585120. Jahangushaye Naderi. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Herbert John Maynard. Nadir Shah. H. B. Blackwell. 1885. 49. OCLC 493917070. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Laurence Lockhart. Nadir Shah: A Critical Study Based Mainly Upon Contemporary Sources. London: Luzac. 1938. 250, 340. OCLC 580906461. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Michael Axworthy. Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2010. 289–291. ISBN 9780857733474. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Mehman Süleymanov, 2010. səh. 347