Qaratepe Yasayis Yeri Agcabedi - Wikipedia
Qaratəpə yaşayış yeri — Azərbaycanın Ağcabədi rayonunun Kəbirli kəndi yaxınlığında e.ə. I minillikdən orta əsrlərə qədərki dövrə aid yaşayış yeri.
Sahəsi 2 ha-a yaxındır. qazıntılar zamanı üç mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş,qara rəngli şüyrələnmiş gil qablar, nehrə, ipəyirən, dən daşları və s. tapılmışdır. Ikinci təbəqədən e.ə. V-I əsrlərə aid tikinti qalıqları ilə yanaşı antropomorf və zoomorf qablar da əldə edilmişdir.Təbəqənin üst qatlarından tapılmış gil qabların bir qismi Yaloylutəpə mədəniyyəti üçün xarakterikdir.Hər iki təbəqənin materialları e.ə. I minillikdə Mil düzündə oturaq əkinçiliklə yarımköçəri maldarlığın eyni vaxtda mövcud olmasına baxmayaraq, maldarlığın üstünlük təşkil etdiyini göstərir.Yaxınlıqdakı (4 km) Beyləqan qalasının tərəqqi etdiyi dövrdə Qaratəpə də kiçik yaşayış yeri olub.Bu XI-XIII əsrlərə aid olan III təbəqənin materiallarından da (Örnəqala tipli şirli və şirsiz qablar) aydın görünür.