Qaranliq Esrler Qedim Yunanistan - Wikipedia
Mikena sivilizasiyasının tənəzzülü Yunanıstan üçün böyük fəlakət idi. Bu hadisə tarixçilərin “qaranlıq əsrlər” adlandırdığı dövrü başlatmışdı. Qaranlıq əsrlər e.ə. 1150-ci ildən 800-cü ilə qədər davam etmişdi. Mədəniyyət bəsitləşmiş, yazılı qeydlər məhv olmuş, yalnız bəziləri təsadüfən qorunub saxlanmışdı. Bu dövrün sonlarına doğru ornamentli saxsı qablar və metal əşyalar Egey dənizi adalarında peyda olmağa başlamışdı. Lakin ümumilikdə Qaranlıq əsirlər sanki uzun bir gecə idi. Dövrün sonlarında yazı sisteminin inkişafı istisna olmaqla, intellektual nailiyyətlər kəndəbəkənd dolaşan səyyar müğənnilərin oxuduğu balladalar və kiçik dastanlarla məhdudlaşmışdı. E.ə. 8-ci əsrdə bir neçə şair bu materialların çox hissəsini böyük şeir külliyatına qatmışdı. Lakin külliyata daxil olan şeirlərin hamısı günümüzə qədər gəlib çatmamışdı, yalnız ən əhəmiyyətli iki dastan, İliada və Odisseya Qaranlıq əsrlərin adət-ənənəsi haqqında bizə zəngin informasiya verir.
Dövlət və siyasi quruluş
redaktəQaranlıq əsrlərin siyasi quruluşu çox primitiv idi. Hər bir kiçik kənd icması daxili idarədə müstəqil idi, siyasi hakimiyyət o qədər zəif idi ki, dövlətin mövcud olduğunu demək çətindir. “Basileus” yaxud hökmdar tayfa başçısının xüsusiyyətlərini daşıyırdı. O, qanun hazırlaya və qəbul edə bilmir, ədalət tətbiq etməkdə çətinlik çəkirdi. O, vergi toplamır və digər vətəndaşlar kimi kənd təsərrüfatı ilə özü məşğul olurdu. Hərbi və dini başçı olmaq onun yeganə vəzifəsi idi. O, müharibə vaxtı orduya başçılıq edir və tanrıları məmnun etmək üçün qurbanlar verirdi. Hər bir kiçik icmanın zadəganlar şurası və döyüşçülər yığıncağı var idi, lakin bu orqanların heç biri dövlət orqanı statusuna malik deyildi. Adət-ənənələr qanunları əvəz edirdi və ədalətin tətbiqi şəxsi idi. Qəsdən törədilmiş qətl yalnız qurbanın ailəsi tərəfindən cəzalandırılırdı. Lakin bəzən münaqişələri başçı həll etməli olurdu, hətta belə hallarda da o, hakim deyil, münsif rolunu oynayırdı. Bu dövrdə yunanların siyasət anlayışı çox zəif inkişaf etmişdi, onlarda sosial strukturu qorumaq üçün zəruri hesab edilən dövlət anlayışı yox idi. İtakanın hökmdarı Odissey iyirmi il olmadığı müddətdə onu heç kim əvəz etməmiş, heç bir yığıncaq sessiyası keçirilməmişdi.
Dövlət anlayışı uzun müddət ciddi əhəmiyyət kəsb etməmişdi. Sosial və iqtisadi həyatın strukturu sadə idi. Dastanlarda təsvir edilmiş cəmiyyətin ümumi mənzərəsi aristokratikdir, lakin siniflərin möhkəm stratifikasiyası mövcud olmamışdı. Əl əməyinə yuxarıdan aşağı baxılmırdı, avara zəngin yox idi. Zadəganların torpaqlarında işləyən və onlara sədaqətli döyüşçülər kimi xidmət edən asılı işçilər var idi. Qullar, əsasən, qadınlar idi, onlar qulluqçu, yun əyirən və məşuqə kimi xidmət edirdilər. Bir çoxu müharibə əsiri idi, lakin onlarla pis rəftar edilmirdi. Əkinçilik və maldarlıq azad insanların əsas məşğuliyyəti idi. Furqon istehsalı, qılıncqayırma, zərgərlik və dulusçuluq kimi bəzi ixtisaslaşmış sənət sahələri istisna olmaqla əmək bölgüsü mövcud deyildi. Hər bir ailə öz əmək alətlərini özü istehsal edir, parçaları özü toxuyur və ərzağı özü becərirdi. Bu dövrdə yunanlar ticarətlə məşğul olan xalqlardan uzaq olduqlarına görə onların dilində “tacir” sözü yox idi, ticarət sadəcə mübadilə üsulu idi.
Din
redaktəQaranlıq əsrlərdə yunanların dini aşağıdakı məqsədlərdən ibarət sistem idi; (1) qeyri-adi möcüzələri rədd etməklə fiziki dünyanı izah etmək və insanlara dünya ilə yaxın əlaqə duyğusunu aşılamaq; (2) insan təbiətini ələ keçirən qızğın ehtirasları izah etmək; (3) var-dövlət, uzun həyat, sənatkarlıq qabiliyyəti və bol məhsul kimi maddi nemətlərdən faydalanmaq. Yunanlar dinin onları günahdan qoruyacağını, yaxud onlara mənəvi rahatlıq bəxş edəcəyini gözləmirdilər. Onlar dindarlığı nə əxlaq, nə də ki, sədaqət məsələsi hesab edirdilər. Onların dinində heç bir öhdəlik, qanunlar sistemi yaxud dini ayin yox idi. Hər kəs istədiyinə inanmaqda və həyatını özünün seçdiyi kimi, ilahi qəzəb qorxusu olmadan yaşamaqda azad idi.
Erkən yunanların dinində tanrılar sadəcə böyük qüdrətə malik insanlar idilər. Buna görə də yunanlar hökmranlıq etdikləri dünyada özlərini rahat hiss edirdilər. Bundan fərqli olaraq, əksər şərq dinlərindəki qüdrətli tanrılar təhlükəsizlik hissi əvəzinə qorxu təlqin edirdilər. Yunanlar qüdrətli tanrılar deyil, bərabər şərtlərlə sövdələşə biləcəkləri ilahi varlıqlar istəyirdilər. Nəticə etibarı ilə, tanrılar insan xüsusiyyətləri ilə - insan bədəni, insanın zəiflikləri və istəkləri - təsvir edilirdi. Erkən yunanlar tanrıları bir-birilə mübahisə edən vəziyyətdə təsvir edirdilər, onlar hesab edirdilər ki, tanrılar ölümlü insanlar arasında sərbəst dolaşır və hətta bəzən ölümlü qadınlardan uşaq sahibi olurdular. Tanrılar insanlardan yalnız ölümsüz olmaları fərqlənirdilər. Onlar səmada, yaxud ulduzlarda deyil, Yunanıstanın şimalındakı Olimp dağının zirvəsində yaşayırdılar.
Onlar politeist idilər, bir tanrı digərindən üstün tutulmurdu. Hətta səma tanrısı və ildırımın sahibi, tanrıların və insanların atası adlandırılan Zevsə dəniz tanrısı Poseydon, sevgi ilahəsi Afrodita, müdriklik və müharibə ilahəsi və sənatkarların himayəçisi Afinadan daha az diqqət yetirilirdi. Şər məsələsinə gəldikdə isə, bütün tanrılar həm xeyir, həm də ki, şər əməllər törətməyə qadir idilər. Qaranlıq əsrlərdə yunanlar ölümdən sonrakı həyat ilə maraqlanmırdılar. Lakin onlar hesab edirdilər ki, kölgələr yaxud ruhlar bədənlər öldükdən sonra bir müddət yaşayırlar. Bir neçə nəfər istisna olmaqla, hər kəs eyni yerə - Aidin yerin altında yerləşən qaranlıq padışahlığına gedirdi. Bu yer nə cənnət idi, nə də ki, cəhənnəm; heç kim yaxşı əməllərə görə mükafatlandırılmır və heç kim günahlara görə cəzalandırılmırdı. Bütün kölgələr yer üzərində yaşadığı həyatın eynisini yaşamağa davam edirdi. Homerin poemalarında digər iki padışahlığın adı çəkilir – Eliziya (yunan mifologiyasında cənnət) və Tartarın padışahlığı. Bunlar, ilk baxışda, ölümdən sonra mükafatlandırma və cəzanın olmaması ideyasına ziddir. Lakin Eliziyada rahatlıq və sərbəstlikdən zövq alan insanlar bu cür mükafata layiq olmaq üçün heç nə etməmişdilər, onlar sadəcə tanrıların mükafatlandırmaq üçün seçdiyi insanlar idilər. Əslində, Tartarın padışahlığı ölülərin məkanı deyil, üsyan etmiş tanrıların həbs edildiyi yer idi.
Erkən yunanlarda tanrılara ibadət, əsasən, qurban verməkdən ibarət idi. Lakin qurbanlar günahın əvəzi olaraq deyil, tanrıları məmnun etmək və onları insanları mükafatlandırmağa inandırmaq üçün verilirdi. Başqa sözlə, dini ayinlər zahiri və mexaniki idi. Bu işdə hörmət, itaət və qəlbin paklığı önəmli deyildi. İbadət edən şəxs sadəcə qurban kəsir və ən yaxşı mükafata ümid edirdi. Bu cür din üçün mürəkkəb qanunlar tələb olunmurdu. Hətta profisional kahinliyə də ehtiyac yox idi. Möcüzələr və dini ayinlər olmadığına görə hər kəs sadə rituallar hayata keçirə bilərdi. Yunan məbədi kilsə yaxud dini yığıncaq məkanı deyildi və onun içində heç bir mərasim keçirilmirdi. O, sadəcə tanrıların bəzən ziyarət etdiyi və müvəqqəti ev kimi istifadə etdiyi yer idi.
Mənəvi dəyərlər
redaktəQaranlıq əsrlərdə yunanların əxlaq anlayışının din ilə çox zəif əlaqəsi vardı. Doğrudur, tanrılar, əsasən, həqiqəti müdafiə edirdilər, lakin onlar şərlə mübarizə aparmağı və xeyirin qələbə çalmasını öz vəzifələri hesab etmirdilər. İnsanları mükafatlandırarkən mənəvi keyfiyyətləri nəzərə almaqdan daha çox öz şıltaqlıqları ilə hərəkə edir və verilən qurbanlara görə təşəkkür edirdilər. Onların cəzalandırdıqları yeganə cinayət yalançı şahidlik idi. Dastanlarda təriflənən, demək olar ki, bütün məziyyətlər insanı daha yaxşı əsgərə çevirən keyfiyyətlər idi – cəsarət, özünü-idarə bacarığı, vətənpərvərlik, müdriklik (hiyləgərlik mənasında), dosta sevgi və düşmənə nifrət. Günah anlayışı (xristianlıqda insanın törətdiyi yanlış əməllərə görə peşmançılıq çəkməli və tövbə etməli olduğu hiss) yox idi.
Qaranlıq dövrün sonlarında yunanlar növbəti əsrlərdə davam etdirdikləri sosial ideallar yolunu artıq başlatmışdılar. Onlar optimist idilər, düşünürdülər ki, həyatın öz xatirinə yaşamağa dəyər və ölümü azadlıq hesab etmirdilər. Onlar “mən” üçün mübarizə aparan eqotist idilər. Belə ki onlar özünü cəzalandırmanı və təkzibin bütün formalarını rədd edirdilər. Onlar itaətkarlığı və yamanlığa yaxşılığı məziyyət hesab etmirdilər. Nəhayət, onlar fövqəltəbii və aliyə deyil, məhdud və təbiiyə ibadət edən humanist idilər. Buna görə onlar qorxuducu keyfiyyətlərə malik tanrılara sitayiş etməyi, yaxud əxlaqsız və günahkar insan anlayışını yaratmağı rədd edirdilər.
Həmçinin bax
redaktəMənbə
redaktəWestern Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns