Qalatepe - Wikipedia
Qalatəpə şəhər məskəni — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Qarqarçayla qədim Gavurarxın kəsişdiyi strateji əhəmiyyətli təbii yüksəkliyin üzərində yerləşir və 26 hektara yaxın sahəni əhatə edir. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) vilayətinə daxil idi.
İki eranın qovşağında yaşamış yunan coğrafiyaşünası Strabon həmin vilayətdəki iki şəhər haqqında məlumat verir: Ayniana (yaxud Enian) və Anariaka. “Coğrafiya” əsərində Strabon yazır: “...aynianlar Vtiyada ətrafı hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər” (Strabon, XI, 7,[1]). Bu sözlərdən sonra Strabon Selevki sərkərdəsi Patrokola istinad edir. Məlumdur ki, Xəzər dənizinin tədqiqi üzrə ilk ekspedisiya e.ə. 283-282 -ci illərdə məhz onun rəhbərliyi altında təşkil olunmuşdur. Buradan isə belə qənaətə gəlmək olar ki, Ayniana – Enian ən azı hələ e.ə. III əsrin başlanğıcında bir şəhər kimi mövcud idi. Enian haqqında bəhs edən tədqiqatşı R.S.Məlikov bu şəhərin xan və ya xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürür(11, s.124-125). K.V.Trever isə yazır ki,Enian əslində Xanxan adlanmış və bu şəhər əvvəllər Albaniyanın Uti, sonralar isə Paytakaran vilayətinin tərkibində olmuşdur(14,s.143). Antik və orta əsr mənbələrini təhlil edən Z.İ.Yampolski Enianı qədim Azərbaycan şəhəri kimi səciyyələndirmişdir[2].
IX-X əsr ərəb müəlliflərinin (Kufi, İstəxri, İbn Hövqəl, Müqəddəsi) əsərlərində Ayniana – Enian şəhər adına yeni formada – “Yunan” şəklində rast gəlirik. Monqol işğalı ərəfəsində Azərbaycanda olan və buradakı yaşayış məntəqələrinin adlarını sadalayan Yaqut əl-Həməvi qeyd edir ki, Yunan Bərdənin yeddi fərsəngliyində olan bir yerdir və ondan Beyləqana qədər də yeddi fərsəng məsafə vardır (9, VIII, 531). Nəzərə çatdıraq ki, bir fərsəng təxminən 6–8 km-ə bərabərdir.
XIX əsrin 80-ci illərində Rusiya coğrafiya cəmiyyətinin tapşırığı ilə Azərbaycana gəlmiş S.Veysenqof Mil-Qarabağ düzənliyindəki abidələr haqqında məlumat vermişdir (7, s.64-69). H.Cəfərov haqlı olaraq qeyd edir ki, S,Veysenqof Qarabağın qədim abidələrinin səthi də olsa ilk xəritəsini tərtib etmişdir (1, s.6). 1897-ci ildə E.Ressler Qalatəpə ətrafında kəşfiyyat işləri zamanı Gavurarxın yatağında küp qəbirləri aşkara çıxarmışdır (8).
1927-ci ildə Ə.K.Ələrkbərov küp qəbirlərini öyrənmək məqsədilə Qalatəpə şəhər xarabalığı ətrafında qazıntı aparmış və bir neçə qəbir açmışdır (5). XX əsrin ortalarında orta əsr Beyləqan şəhər xarabalığında – Örənqalada tədqiqat aparan alimlər (A.İyessen, İ.Cəfərzadə və b.) Yunan şəhəri və onun lokalizəsilə bağlı müxtəlif fikirlər söyləmişlər. Q.M.Əhmədov isə Qalatəpənin Mil düzündə az-çox şəhər xarabalığına bənzəyən yaşayış yeri olduğunu vurğulamış, onun Enian adlı şəhərin qalıqları olması haqda mülahizə yürütmüşdür (3, s.15). 1974-cü ildə F.L.Osmanov Qalatəpədə yoxlama şurf qoymuş, burada dulus kürəsinin izlərinə və erkən orta əsr saxsı məmulatına rast gəlmişdir (13, s.23-27).
Qalatəpənin qədim və orta əsrlərdə mövcud olmuş, mənbələrdə müxtəlif ad altında (Ayniana – Enian – Xanxan – Yunan) əksini tapmış şəhərin qalığı olub-olmadığını aydınlaşdırmaq üçün geniş qazıntılara başlamaq zərurəti çoxdan yaransa da, bu işi reallaşdırmaq 2008-ci ildən mümkün olmuşdur. Həmin il Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ arxeoloji ekspedisiyası T.R.Əliyevin rəhbərliyi ilə abidənin narınqala hissəsinin şimal-qərb tərəfində 80 kv.m. sahə 3,6 m dərinliyədək qazılıb tədqiq olundu ([3], s.78-83). 2009-2011-ci illərdə qazıntı sahəsi 300 kv. m.-dək genişləndirildi. Hazırda tədqiq olunan mədəni təbəqənin qalınlığı 8 metrə çatır. Arxeoloji qazıntı zamanı abidənin 0,7 metrlik üst təbəqəsinin orta yüzilliklərə - IX-XIII əsrlərə aid olduğu müəyyənləşdirildi. Burada aşkar olunan 6 x 4 m ölçülü otağın 0,2 m qalınlığındakı döşəməsinin üzərinə gəc məhlulundan suvaq çəkilmişdir. Otağın cənub-qərb hissəsində üst-üstə altı cərgə düzülmüş və gəc məhlulu ilə bir-birinə bərkidilmiş 22 x 22 x 4,5 sm ölçülü bişmiş kərpiclərdən ibarət divarın bir hissəsi açılmışdır. Otağın cənub-şərq tərəfində isə bişmiş kərpiclərdən tikilmiş ocaq qurğusu aşkar olunmuşdur. Buradakı kül qatından 50-yə yaxın keramika qırığı toplanmışdır. Ümumiyyətlə, orta əsrlərə aid üst təbəqədən şirli və şirsiz saxsı qab nümunələrinə (küpə, bardaq, nimçə, duzqabı, qapaq və s.), metal və şüşədən müxtəlif əşyaların qırıntılarına rast gəlinmişdir. Keramika nümunələri arasında qazan tipli qablar öz rəngarəngliyi ilə seçilir. Bütövlükdə Qalatəpənin üst qatındakı keramika nüunələri digər orta əsr Azərbaycan şəhərlərindən, xüsusilə Beyləqan şəhər yerindən əldə olunan materiallarla yaxın oxşarlıq təşkil edir. Bəhs edilən təbəqədən daş və tuncdan hazırlanmış bəzək əşyaları da (muncuq, sırğa və s.) aşkar edilmişdir. Təsadüfi tapıntılar arasında bir ədəd orta əsrlərə aid mis sikkə də vardır. Qalatəpənin 0,7 – 6,4 m dərinlikdə açılan təbəqəsi antik və erkən orta əsrlərə aiddir. Bu təbəqədə çiy kərpiclərdən inşa edilmiş müşahidə qurğusu – bürcü olan qala divarına, kvadrat şəkilli (56 kv.m) böyük bir otağa, eni 1,5 m, uzunluğu isə 13 m-ə yaxın olan küçənin (və ya dalanın) qalığına və başqa yardımçı tikililərin izlərinə rast gəlinmişdir. Tikintidə istifadə olunmuş çiy kərpiclərin ölçüləri çox böyükdür: 56-58 x 46-47 x 16-19 sm. Təkcə qazıntı sahəsində açılan divarların hörgüsündə 7000-dən atıq belə ölçülü kərpic işlədilmişdir. Qeyd edək ki, kərpiclər bir-birinə palçıq məhlulla bənd olunmuşdur. Bütün bunlar qədim Azərbaycanda gil kərpic memarlığının yüksək inkişafından xəbər verir. Antik dövrə aid alt qatlarda bişmiş kərpiclərə də (ölçüləri: 29 x 29 x 7-8 sm) tez-tez rast gəlinir. Qala divarlarını daha da möhkəmləndirmək məqsədilə arakəsmələrə doldurilmuş tullantılar arasında üzəri freskalı - qara, qırmızı və narıncı boya ilə naxışlanmış tikinti materialları diqqəti cəlb edir. 2011-ci ildə aparılan qazıntılar zamanı II kvadratda - böyük otağın cənub-qərb hissəsində qalınlığı 5 sm-ə çatan və bütün kəsiklərdə aydın izlənilən kül qatı açılmışdır.Bu sahədə, 7,8 m dərinlikdə əhəng daşından səliqə ilə hazırlanmış daş sütun altlığına rast gəlinmişdir. Onun üzəri, eləcə də ətrafındakı üzəri suvanmış sahə uzun müddətli odun təsirindən yanaraq çəhrayı keramikaya bənzər rəng almışdır. Sütun altlığının ərafında dirək yerləri olan çuxurlar və çoxlu iri kömür parçaları da diqqəti çəkir. Bəzi kömür nümunələri analiz üçün Berlinə göndərilmişdir. İlkin tədqiqatlar bəhs olunan bu kompleksin erkən alban dövrünə aid məbədin qalıqları olduğunu söyləməyə imkan verir. Qalatəpədə antik təbəqənin tapıntıları arasında üzərinə qırmızı boya ilə naxışlar çəkilmiş keramika nümunələri üstünük təşkil edir. Onların demək olar ki, hamısı narın gildən yoğrularaq əldə hazırlanmış və yaxşı bişirilmişdir. Qalatəpə şəhər yerindən 150–200 m. şərqdə 4 ha-a yaxın bir sahədə antik dövrə aid küp qəbirlərindən ibarət nekropol yerləşir. Qədim Gavurarxın dərin yatağı bu nekropolu Qalatəpə şəhər məskənindən ayırır. Güman edilir ki, bu suvarma sistemi eramızın ilk əsrlərində çəkilmiş, küp qəbirləri nekropolunu kəsməklə Qarqarçayla birləşdirilmişdir. Mil-Qarabağ arxeoloji ekspedisiyası nekropolla bəhs olunan şəhər yerinin əlaqəsini öyrənmək məqsədilə 2009-2011-ci illərdə burada 12 küp qəbir aşkar edib öyrənmişdir. Qəbir avadanlığı arasında zəngin naxışlı və müxtəlif çeşidli saxsı qablarla yanaşı dəmir qılınc, tuncdan çoxlu miqdarda bəzək əşyaları - sancaq, zınqırov, üzük, quş və maral fiqurları, pasta, əqiq və müxtəlif daşlardan muncuqlar vardır. 1 saylı küp qəbirin içərisinə - mərhumun sağ böyrünün üstünə tiyəsinin dəstəklə birgə ümumi uzunluğu bir metr olan dəmir qılıncın qoyulması bu qəbirin döyüşçüyə məxsusluğunu söyləməyə əsas verir. Tunc əşyalardan sancaq bəzəklər maraq doğurur. Onlardan birinin romb şəkilli üzəri pasta və mina ilə bəzədilmişdir. Belə sancaqlar eramızın ilk əsrlərində Roma İmperiyasının əyalətlərində geniş yayılmışdır (6, s.345 və 10, s.102, 214). C.Xəlilov hesab edir ki, bəzək sancaqlar iqtisadi əlaqələr nəticəsində Albaniyaya gətirilmişdir (15, s.144). Qalatəpə nekropolunun saxsı məmulatı Mil-Qarabağ düzənliyindəki oxşar və sinxron abidələrdən, xüsusilə Ağcabədi rayonunun Üzeyirkənd yaxınlığındakı Qaraköbər küp qəbirlərindən əldə edilən materiallara yaxındır (4, s.69-96). Qalatəpə şəhər yerindən və nekropolundan əldə edilən arxeoloji materiallar bilavasitə Albaniyanın Ayniana və ya Enian şəhərləri haqqında məlumat vermiş Strabonun yaşadığı dövrlə üst-üstə düşür. Keramika nümunələri isə bu şəhərin hələ e.ə. III-II əsrlərdə meydana gəldiyini göstərir. E.ə. I – b.e.-nın II əsrlərində şəhərdə gur həyat olmuş, memarlıq, sənətkarlıq, qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə mədəni, iqtisadi, xüsusilə ticarət əlaqələri yüksək inkişaf etmişdir. Güman ki, III əsrdən başlanan Sasani-Roma müharibələri şəhərin tənəzzül dövrünə qədəm qoymasına səbəb olmuşdur. Aramsız davam edən Sasani-Bizans, Sasani-Ərəb və Ərəb-Xəzər müharibələri zamanı döyüş meydanı olmuş Mil-Qarabağ düzündə, o cümlədən qədim Ayniana (Enian) şəhərində həyat ritmi pozulmuşdur. Qalatəpədən 5 km cənub-şərqdə yerləşən məşhur Üçtəpə kurqanlarından biri ötən əsrin ortalarında qazılarkan Xəzər döyüşçü-sərkərdəsinə məxsus sallama qəbirə (VII əsrin ortaları) rast gəlinməsi də Qalatəpə ətrafında getmiş qızğın döyüşlərdən xəbər verir. Fikrimizcə, ərəb müəllifi Əbu Dulfin bəhs etdiyi beş mindən çox atılmış kənd və qalalar da həmin müharibələrin qurbanı olmuşdur. IX-X əsrlərdə - Xilafətin tənəzzülündən sonra Qalatəpə şəhər yerində həyat yenidən canlanmış, lakin XIII əsrin əvvəllərində monqol yürüşləri nəticəsində antik dövrdə Ayniana, orta əsrlərdə isə Yunan adlandırılmış qədim alban şəhəri qəti şəkildə süquta uğramışdır. Qalatəpə şəhər yerində və onun ətrafında başlanan qazıntılar burada Azərbaycanın zəngin mədəniyyətinin mühüm bir hissəsinin hifz olunaraq qorunduğunu aşkara çıxardı. Hazırda T.R.Əliyev bu abidədə qazıntıları davam etdirir.
İstinadlar
redaktəAzərbaycan dilində 1.Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyin axırı – I minilliyin əvvəllərində. -Bakı, 2000. 2. 3. Əhmədov Q.M. Orta əsr Beyləqan şəhəri. – Bakı, 1979. 4. Osmanov F.L. Azərbaycanda küp qəbirlərinin meydana gəlməsi və yayılması məsələsinə dair (Mil düzündə son arxeoloji tədqiqatlar əsasında). Azərbaycanın Maddi Mədəniyyəti, X cild. – Bakı, 1987.
Rus dilində 5. Алекперов А.К. Культура кувшинных погребений Азербайджана. В кн.: Исследование по археологии и этнографии Азербайджана. – Б., 1960, с.37-44. 6. Археология СССР. Античные государства Северного Причерноморья. – М.,1984. 7. Вейссенгоф С. Сведения о Мильской степи. ИКОИА. Тифлис, 1884, т.1, вып.2. 8.Дело АК, архив ЛОИА, 48. 1897,л.42, 59-89. 9. Йакут ал-Хамави. Муджам ал-Булдан. Перевод с арабского З.М.Буниятова и П.К.Жузе. – Баку, 1983. 10.Кругликова И.Т. Античная археология. – М.,1984. 11.Меликов Р.С. Этническая картина Азербайджана в период ахаменидского владычества. – Баку, 2003. 12.Нуриев А.Б. Ремесло Кавказской Албании. – Баку, 2009. 13.Османов Ф.Л. Городище Галатепе в Мильской степи. АЭИА за 1974 г. – Баку, 1975, с.23-27 14.Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании. – М.-Л.,1959. 15.Халилов Дж.А. Материальная культура Кавказской Албании. – Баку, 1985. 16.Ямпольский З.И. К изучению древнеазербайджанского города Юнан. ТАЭ, т.1, МИА СССР, 67. – М. – Л., 1959, с.366-369.
Arxeologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |