Qahir - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi
Qahir | |
---|---|
ərəb. القاهر بالله | |
Bağdad xəlifəsi | |
932 – 950 | |
Əvvəlki | Müqtədir |
Sonrakı | Razi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | qubernator, Xəlifə |
Atası | Mütəzid |
Ailəsi | Abbasilər |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi.
Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü.
Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi. Muktədirin anası siyasi nüfuza sahib olsa da, çoxlarının ondan xoşu gəlmirdi. Odur ki, yeni seçiləcək xəlifənin siyasi cəhətdən bu ailənin təsirindən azad olması lazım idi. Növbəxtinin əsas gətirdiyi bu amillər Munisin seçiminə böyük təsir göstərmiş və onun təkidi ilə Qahir Billah yenidən xəlifə elan edilmişdi. Qahir hakimiyyəti ələ aldıqdan sonra ibn Mukləni vəzir, Əli ibn Yelbakı hacib təyin etmişdi. Qısa müddət ərzində Muktədirin anası ilə yanaşı, ailəsinin var-dövləti müsadirə olunmuş, üzvləri isə ev dustağı kimi nəzarətdə saxlanılmışlar.
Qahir Billahın xasiyyətinə yaxşı bələd olan Munis ona etibar etmirdi. Bir gün şəxsən özünün və ətrafındakı insanların onun qəzəbinə tuş gələcəyinə şübhəsi yox idi. Həqiqətən də, bir müddət sonra Qahir Muktədirin hakimiyyəti dövründə müxtəlif yerlərə sürgün edilən və ya paytaxtdan qaçan nüfuzlu insanları ətrafına toplamağa başlamışdı. Bunlardan Əbu Abdullah əl-Bəridi, Harun ibn Ğarib, Məhəmməd ibn Yaqut xəlifənin sayəsində sərbəstlik və çoxlu var-dövlət əldə etmişdilər. Xəlifənin bu addımları Munis əl-Muzəffər, vəziri İbn Muklə, Yelbak və oğlu Əlidə narahatlıq doğurmuşdu. Əli ibn Yelbak xəlifənin qapısına növbətçilər təyin etmiş və saraya gəlib-gedənləri nəzarətə götürmüşdü. Bununla kifayətlənməyərək, saraydakı xidmətçilərin maaşını da azaltmışdı. Baş verənlərdən xəbər tutan Qahir Məhəmməd ibn Yaqutun dəstəyi ilə vəziri İbn Muklə istisna olmaqla, digərlərini həbs etdirmiş, evlərini yandırtmışdı. Yüksək çinli əyanları zindana saldıran xəlifə onların yerinə Əbu Cəfər Məhəmməd ibn Qasımı vəzir, Səllamə ət-Tolunini hacib (sarayın keşikçibaşı), Əbul Abbas Əhməd ibn Xaqanı sahibuş-şurta (polis rəisi) təyin etmişdi. Lakin Munis əl-Muzəffərin tərəfdarları və ona yaxın ordu birləşmələri onun sərbəst buraxılması tələbi ilə xəlifəyə qarşı qiyam qaldırmışlar. Xəlifə bu tələbi yerinə yetirmək əvəzinə, həbs etdirdiyi əyanların başını kəsdirərək, Bağdadda nümayiş etdirmişdi.
Lakin xəlifənin vəzir İbn Muklənin tapılaraq həbs edilməsi istiqamətindəki səyləri boşa çıxmışdı. Nəticədə 934-cü ildə İbn Muklə xəlifəni hakimiyyətdən uzaqlaşdırmaq üçün Sacilər və Hucerilərlə anlaşmışdı. Sarayın mühasirəyə alındığını görən xəlifə qaçmaq istəsə də, buna nail ola bilməmiş və həbs edilmişdi. Taxtdan əl çəkmək istəmədiyi üçün yeni xəlifə elan edilən Razi Billahın əmri ilə gözləri çıxarılmışdı. Qahir Billah on altı il kor vəziyyətdə həbsdə qalmış, 950-ci ildə vəfat edərək atası Mutəzid Billahın yanında dəfn olunmuşdu.