Qabaqci Mustafa Usyani - Wikipedia
Qabaqçı Mustafa üsyanı (türk. Kabakçı Mustafa isyanı) – 1807-ci ildə İstanbulda baş verən və III Səlimin taxtdan endirilməsi ilə nəticələnən üsyan. Hakimiyyətdəki bir Osmanlı sultanının taxtdan endirilməsiylə nəticələnən sonuncu yeniçəri üsyanıdır.[1]
Üsyandan əvvəlki vəziyyət
redaktəIII Səlimin səltənət illəri (1789–1807) müxtəlif üsyanlara — Dağlı üsyanları (1790–1795), Pəsvəndoğlu Osman Paşanın üsyanı (1792), Serb ayaqlanması (1804), Mahmud Təyyar Paşanın üsyanı (1805), İkinci Ədirnə hadisəsi (1806) və məşhur Qabaqçı Mustafa üsyanı (1807) səhnə olmuşdur.[2] Sonuncu istisna olmaqla, digər bütün üsyanlar əyalətlərdə mərkəzi hakimiyyətlə digər qruplar arasındakı siyasi sürtüşmə olaraq baş vermişdir. Ancaq Qabaqçı Mustafa üsyanı isə imperiyanın mərkəzi sayılan paytaxtda baş vermiş, hakimiyyətdəki bir sultanın taxtdan endirilməsiylə nəticələnmişdir.
Qabaqçı Mustafa üsyanının səbəbləri arasında ən mühümü Sultan Səlimin başlatdığı və Nizami-cədid olaraq olaraq bilinən modernləşmə hərəkatıdır. Nizami-cədid ordusuna qarşı kin bəsləyən yeniçərilər və digər qruplar ordunun qurulduğu 1793-cü ildən 1805-ci ilədək kollektiv şəkildə hər hansı bir reaksiya bildirməmişdi. Bu yolda ilk etiraz aksiyası 1805-ci ildə baş tutan Səlimiyyə məscidi hadisəsidir. 1805-ci ilin aprelində inşası yeni tamamlanan Böyük Səlimiyyə məscidinə cümə namazına getməsi planlaşdırılan Sultan Səlimin, ənənəyə uyğun olaraq yeniçəriləri deyil, Nizami-cədid əsgərlərini mərasimə dəvət etməsi etirazlara səbəb oldu. Ayaqlanan yeniçərilər paytaxtın fərqli yerlərində iğtişaşlar çıxararaq sultanın məscidi ziyarətinə mane oldular.
Nizami-cədid hərəkatına qarşı ən önəmli ayaqlanma isə İkinci Ədirnə hadisəsidir (1806). Belə ki, Rumelindəki sancaq və əyalətlərdə mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə 1806-cı ilin yazında Nizami-cədid birlikləri Ədirnəyə göndərildi. Ancaq həm əhali, həm də yerli əyanlar Qazı Əbdürrəhman Paşa idarəsindəki Nizami-cədid birliklərinin Rumelidə məskunlaşmasına qarşı çıxdılar. Nəticədə göndərilən birliklər yenidən İstanbula çəkilməyə məcbur oldu.[3] Nəticədə mərkəzdəki Nizami-cədid əleyhdarları etirazları artırdılar. Yaranan etirazlara cavab olaraq Sultan Səlim vəziyyəti ələ almaq məqsədilə yenilik tərəfdarı olan şeyxülislam Əsad Əfəndini də vəzifədən aldı. Ardından üsyançı əyanların təzyiqi ilə yeniçəri ağası İbrahim ağanı sədarətə, islahat hərəkatının amansız düşməni olan Ataullah Əfəndini isə şeyxülislamlığa təyin etdi (14 sentyabr 1806). Sonun başlanğıcı olan bu təyinatlar səltənətinə ağır zərbə vurdu və bütün siyasi qüdrətini itirməsinə səbəb oldu.
Üsyanın gedişatı
redaktəNizami-cədid tərəfdarları ilə əleyhdarları arasındakı gərginliyin artdığı bir vəziyyətdə İstanbul boğaz qalalarındakı xidmətçilərə Nizami-cədid geyimlərinin göndərilməsi üsyanın başlamasına bəhanə oldu. 25 may 1807-ci ildə bazar ertəsi səhər saatlarında toplanan bir qrup xidmətçi Beykoz sahilindəki Hünkar iskələsinə gələrək burada aksiya keçirdilər. Onlara qarşı çıxan iskələ dizdarı Hasəki Xəlil ağanın öldürülməsi ilə nəticələnən bu aksiyanın ardından sayıları anidən artan üsyançılar sabiq rəisülküttab və İstanbul boğazı naziri Mahmud Raif Əfəndini də qətlə yetirdilər. Üsyanın ikinci günü Sarıyer yaxınlığındakı Böyükdərə çayırında toplanan üsyançılar əslən Kastamonulu olan Qabaqçı Mustafa ağanı özlərinə başçı seçdilər. Ertəsi gün Qabaqçı Mustafa ağa rəhbərliyindəki 500 nəfərə yaxın üsyançı İstanbulun mərkəzinə doğru yürüşə keçdi. Topçu birliklərinin də qatılmasıyla sayıları artan üsyançılar cümə axşamı günü Ət meydanına gəldilər və edamını istədikləri 11 nəfərin adının yazıldığı siyahını Sultan Səlimə göndərdilər.
Siyahıda adı yazılanlardan bəzilərinin ələ keçirilərək öldürülməsiylə yanaşı həmin gün bütün Nizami-cədid islahatları və ordusu Sultan Səlim tərəfindən ləğv edildi. Buna baxmayaraq üsyançılar meydanları tərk etmədi. Bu dəfə də Sultan Səlimin taxtdan endirilməsini tələb edən birliklər Topqapı sarayına hücum etdilər. Üsyançılarla mübarizə aparmaqdan imtina edən Sultan Səlim cümə günü taxtdan çəkildi və əmisi oğlu Şahzadə Mustafa saxlanıldığı Şimşirlik bölümündən alınaraq taxta çıxarıldı (29 may 1807).
Üsyanın ardından
redaktəÜsyanın ardından sədarət naibi Kösə Musa Paşa, Qabaqçı Mustafa ağa, şeyxülislam Mehmed Əfəndi, qazəsgərlər və yeniçəri ocağının öndə gələn zabitlərinin iştirakıyla bir məclis toplandı. Məclisin sonunda üsyançıların dövlət işlərinə qarışmamaq şərtiylə, bağışlanacaqlarına dair söz verildi və Hüccəti-Şəriyyə adlanan fərman hazırlandı (31 may 1807).[4] Ertəsi gün fərmanı təsdiqləyən Sultan Mustafa üsyançıları bağışlayacağına dair and içdi. Ancaq çox keçmədən bunun heç bir faydasının olmadığı aşkarlandı və bütün dövlət idarəsi saray çevrilişini tərtibləyənlərin əlinə keçdi. Beləliklə, Sultan Mustafa səltənəti qısa zamanda peşmançılıq, dövlət strukturunda axsama və islahat tərəfdarları ilə əleyhdarları arasındakı mübarizə meydanına çevrildi.
O əsnada 1806-cı ildə başlayan Rusiya-Osmanlı müharibəsi davam edirdi və sədrəzəm İbrahim Hilmi Paşa orduyla birlikdə cəbhədə idi. Buna baxmayaraq İstanbulda baş tutan hadisələrin sədası bura qədər gəlib çıxmışdı. Belə ki, ayaqlanan yeniçərilər sədrəzəmi ordugahdan qovmuş, önəmli ordu zabitləri cəbhədən qaçmış, üsyanı tərtibləyənlərdən yeniçəri ağası Pəhlivan ağa öz tərəfdarları tərəfindən öldürülmüş, sədarət möhürü Çələbi Mustafa Paşaya verilsə də, ordudakı iğtişaşların önü alına bilməmişdi. Ordunun bu vəziyyəti isə rusların cəbhədə irəliləməsinə səbəb olmuşdu. 24 avqust 1807-ci ildə bağlanan bir illik atəşkəs müddəti isə paytaxtda baş tutan saray çevrilişinin orduda çıxardığı iğtişaşlarla keçdi. İstanbulda Sultan Səlimin taxtdan endirilməsiylə nəticələnən üsyanın memarlarından Kösə Musa Paşa və şeyxülislam Mehmed Əfəndi isə üsyanın idarəsini əlindən çıxarmış, Musa Paşanın istehfasının ardından sabiq sultanın can düşməni Təyyar Mahmud Paşa sədarət naibliyinə gətirilmişdi (noyabr 1807). Ancaq çox keçmədən şeyxülislamla münasibətləri pisləşən Təyyar Mahmud Paşa vəzifədən alındı (mart 1808). Digər yandan Sultan Səlim tərəfdarlarını ətrafında toplamağa başlayan Rusçuk (indiki Ruse) əyanlarından Ələmdar Mustafa Paşa paytaxta doğru irəliləməkdə idi. 19 iyul 1808-ci ildə İstanbula daxil olan Ələmdar Mustafa Paşa şəhərdakı əmin-amanlığı təmin etdi. Qabaqçı Mustafa edam edildi və şeyxülislam vəzifədən alınaraq yerinə Ərəbzadə Mehmed Arif Əfəndi gətirildi. Ələmdar Mustafa Paşanın yanında toplananlar Sultan Səlimi yenidən taxta çıxarmaq, Sultan Mustafanın ətrafındakılar isə ondan dərhal qurtulmağın yollarını axtarırdılar. Nəhayət, vəziyyəti ələ alan Ələmdar Mustafa Paşa Bab-ı Əliyə basqın tərtibləyərək sədrəzəmi həbs etdi və Sultan Səlimi taxta çıxarmaq məqsədilə saraya yönəldi. Şeyxülislam Arif Əfəndi ağsaqqal olaraq saraya göndərildi və Sultan Səlimin sülh və əmin-amanlıqla taxta çıxarılması tələb edildi. Ancaq Sultan Mustafanın əmriylə saray qapıları bağlandı və Sultan Səlimlə, sülalənin yeganə şahzadəsi olan Şahzadə Mahmudun otaqlarına cəlladlar göndərildi. Sultan Səlim vəhşicəsinə şəhid edilsə də,[5] Şahzadə Mahmud saray xidmətçilərinin yardımıyla xilas edildi və Sultan Mustafanın yerinə taxta çıxarıldı (28 iyul 1808). Sultan Mustafa və anası saray çevrilişini qəbul etmədilər və "Mən taxtdan enmədim ki, Mahmudu taxta çıxarasınız" deyə qışqıran Sultan Mustafa yeni padşahın imamlarından Əhməd Kamil Əfəndi tərəfindən sakitləşdirildi və Şimşirlik bölümünə həbs edildi. Otağa zorla daxil olan üsyançıları təhqir etməyə başlayan anası Səniyəpərvər Sultan isə zorla hərəm otaqlarından birinə həbs edildi.
İstinadlar
redaktə- ↑ Kılıç, Musa, Kabakçı Mustafa İsyanı, basılmamış yüksek lisans tezi, 2003, Ankara Üniversitesi
- ↑ Shaw, Stanford J., Between Old and New: Ottoman Empire under Selim III 1780–1807, Cambridge, Mass. 1971
- ↑ Üzkaya, Yücel, "III, Selim Devrinde Nizam-ı Cedidin Anadoluda Karşılaştığı Zorluklar", Tarih Araştırmaları Dergisi, I/1 (Ankara 1963), s. 145–156
- ↑ Beydilli, Kemal, "Kabakçı İsyanı Akabinde Hazırlanan Hüccet-i Şeriyye", Türk Kültürü İncelemeleri Dergisi, sy 4 (İstanbul 2001), s. 42–48
- ↑ Danacı-Yıldız, Aysel, "III. Selimin Katilleri", Osmanlı Araştırmaları, XXXI (İstanbul 2008), s. 55–92
Mənbə
redaktə- Yıldız, Aysel, Kabakçı isyanı ve III. Selimin Katli. İstanbul 2010. ISBN 978-605-61007-0-3
- BOA. Mühimme-i Mektume Defterleri, nr. 5, s. 130, hüküm nr. 380 (eval-i Ca 1223/25 Haziran-4 Temmuz 1808)
- Asım, Tarih, İstanbul 1876
- Beyhan, Mehmet Ali, Saray Günlüğü, İstanbul 2007
- Danacı-Yıldız, Aysel, Vaka-yı Selimiyye or the Selimiyye Incident: A Study of the may 1807 Rebellion, basılmamış doktora tezi, 2008, Sabancı Üniversitesi
- Kethüda Said Efendi, Tarih-i Vekayii Adlı Eserin Transkripsiyonu ve Değerlendirilmesi, basılmamış yüksek lisans tezi, 1993, Marmara Üniversitesi
- Mustafa Necib Efendi, Sultan Selim-i Salis Asrı Vekayiine ve Müteferriatına Dair Asr-ı Mezkur Ricalinden ve Ashab-ı Dikkatden Mustafa Necib Efendinin Kaleme Almış Olduğu Tarihdir, İstanbul 1280.
- Wilkinson, William, An Account of Principalities of Wallachia and Moldavia: With Various Observations Relating to Them, Londra 1820