Qedr Gecesi - Wikipedia
Qədr gecəsi — Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir.
- İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.[1]
- Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil (tam şəkildə) etdik.[2]
Birinci ayəyə görə Quran Ramazan ayında nazil edilmişdir, ikinciyə görə isə Qədr gecəsində. Deməli, Qədr gecəsi Ramazan ayındadır.
Quranın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin[3] nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.
Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir, amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olmuşdur.
Sünnilikdə
redaktəƏhli-sünnə mənbələrində Qədr gecəsinin sonuncu 10 gecənin içərisində, xüsusən də 27-ci gecənin olduğu güman edilir. Bu barədə hədislər nəql olmuşdur.
Şiəlikdə
redaktəŞiə mənbələrində Qədr gecəsinin ən çox ehtimal verildiyi gecə, ramazan ayının 23-cü gecəsidir. Belə ki, bu barədə aşağıdakı məzmunda hədis nəql olmuşdur:
Bir gün bir yaşlı kişi Peyğəmbərə (s) deyir ki, mən yaşlı adamam və bura uzaq yoldan gəlirəm və hər gecə gəlməyim mənə çox əziyyət edir. Qədr gecəsinin hansı gecə olduğunu söyləsən, həmin gecə bura gələrəm. Peyğəmbər (s) onun qulağına nəsə söyləyir. Rəvayət edənlər söyləyir ki, ondan sonra həmin kişi hər Ramazan ayının 23-cü gecəsi görünürdü.
Qədr gecəsinin fəziləti
redaktəQədr gecəsinin fəzilətlərinin olması Qədr surəsində bu cür deyilmişdir:
"(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, Qədr gecəsi nədir?!
Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)[4]
Qədr gecəsinin əhəmiyyəti barədə həmçinin Duxan surəsində qeyd olunur: "Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur — Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk — Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!)[5]
Qədr gecəsinin əməlləri
redaktə- Qüsl etmək. (Ən fəzilətli vaxtı gün batan vaxtdır.)
- İşa namazından sonra iki rəkət namaz qılmaq. Namazların hər rəkətində Həmd surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq.
- Namazdan sonra 70 dəfə "Əstəğfirullahə və ətubu ileyh" demək.
Bu gecə tövbə edib, bağışlanmaq diləmək, Quran oxumaq, dua etmək bəyənilən işlərdəndir. Boynunda qəza namazları olanlar daha yaxşı olar ki, qəza namazı da qılsınlar.
Dualardan "Coşən Kəbir" duasını oxumaq daha çox təkid olunub. Belə ki, bu duada Allahın 1001 adı çəkilir və ehtimal olunur ki, Əsmaül-hüsna (Allahın ən gözəl adları) bu adların içərisindədir. Bu duadan sonra hacətlərini Allahdan istəsən onların icabət olunması ehtimalı böyükdür.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Bəqərə surəsi, 185-ci ayə
- ↑ Qədr surəsi, 1-ci ayə
- ↑ Ələq surəsi, 1–5-ci ayələr
- ↑ Qədr surəsi, 2–5-ci ayələr
- ↑ Duxan surəsi, 3–6-cı ayələr