Qedim Dovr Muharibeleri - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qədim dövr müharibələri — Qədim dövrdə həm Azərbaycan, həm də dünya tarixində dövlətlər arasında toqquşmalar olmuşdur. Bu toqquşmalar siyasi, iqtisadi, sosial, etnik və.s məsələlər üzərində baş vermişdir.
Manna, Urartu və Assuriya arasındakı döyüşlər
redaktəAssuriyanın Mannaya basqınlarının davam etdiyi bir vaxtda, e.ə IX əsrin sonlarında Manna yeni bir təhlükə ilə- Urartu dövlətinin hücumları ilə üzləşdi. Həm Assuriya, həm Urartu Manna torpaqlarını ələ keçirmək üçün mübarizə aparırdı. E.ə VIII əsrin birinci yarısında Urartunun Mannaya yürüşləri daha da artdı. Çətin münaqişə dövründə Mannanın hökmdarı İranzu (e.ə 740–719) Assuriya ilə müttəfiqlik əlaqələri qurmağı qərara aldı. Bu dövrdə Assuriya ilə Urartu arasında uzun sürən mübarizə e.ə 735-ci ildə Assuriyanın qələbəsi ilə başa çatdı.
Hökmdar Azadan (e.ə 718–716) sonra hakimiyyətə gələn Ullusunu Urartu meyilli siyasət aparmağa başladı. Assuriya onunla ittifaqda olan Mannanın düşmənləri sırasına keçməməsi üçün e.ə 716-cı ildə hücuma keçdi. Bu hücum nəticəsində Urartu meyilli qüvvələr məğlub edildi.
II Sarqonun Mannaya ən uğurlu yürüşü e.ə 714-cü ildə baş vermişdir. Yürüş vaxtı Mannanın Sirdakka şəhərində iki dövlət arasında müqavilə bağlandı. Bu yürüşün nəticəsində Mannanın Urartu tərəfindən tutulmuş bütün vilayətləri azad edildi. Bu məğlubiyyətdən sonra Urartu bir daha öz sərhədlərindən kənara çıxmadı[1].
Əhəməni(İran)-Yunan müharibəsi
redaktəE.ə. 500-cü ildə yeni torpaqlar ələ keçirmək istəyən Əhəməni hökmdarı I Dara Yunanıstana hücum etdi. I Daranın qoşunları e.ə. 490-cı ildə Orta Yunanıstanda yerləşən Marafon düzənliyinə çıxdılar. Yunan ordusuna Miltiad başçılıq edirdi. O, mərkəzdə zəif, cinahlarda isə güclü dəstələr yerləşdirdi. Əhəməni qoşunu mərkəz üzərinə hücuma keçərkən falanqalar cinahlardan onları əzdi. Əhəməni qoşunu məğlub oldu.
E.ə. 480-ci ildə I Daranın oğlu Kserks atasının Yunanıstanı işğal etmək niyyətini həyata keçirmək istədi. Sparta hökmdarı Leonidin başçılığı ilə yunan orduları Orta Yunanıstana gedən yolu — Fermopil keçidini ələ keçirdilər. Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldular. Əhəmənilər Orta Yunanıstanı tutdular.
Salamin vuruşması
redaktəE.ə. 480-ci ildə Salamin dəniz vuruşması baş verdi. Əhəməni hərbi gəmiləri qələbə çalacaqlarına inanaraq dar boğaza girdilər. Triyeralar ağır Əhəməni gəmilərinə nisbətən sürətlə hərəkət edirdilər. Yunan dənizçiləri onların avarlarını qırır, talan edərək yanlarını deşirdilər. Əhəməni donanması nizamı pozulduğundan gah bir-birinə dəyir, gah da sualtı qayalara toxunub parçalanırdılar. Bu döyüşdə Əhəməni donanması məğlub oldu.
Plateya döyüşü
redaktəE.ə. 479-cu ildə Plateya şəhəri yaxınlığında Əhəmənilərin qalan qüvvələri ilə yunanlar arasında döyüş baş verdi. Bu döyüşdə yunanlar qalib gəldilər. Lakin dəniz döyüşləri fasilələrlə daha 30 il ərzində davam etdi. Ona görə də yunan şəhər-dövlətləri öz aralarında ittifaq yaratdılar[2].
Peloponnes müharibəsi
redaktəPeloponnes müharibəsi (e.ə 431–404) Yunanıstanın iki şəhər-dövləti- Afina və Sparta arasında olmuşdur. Yunan şəhər-dövlətləri arasında çoxlu qənimət ələ keçirmək, dəniz ticarətində üstünlük qazanmaq üçün rəqabət gedirdi. Bu rəqabət Yunanıstanın iki ən qüdtətli şəhər-dövləti Afina ilə Sparta arasında uzunsürən müharibəyə səbəb oldu. E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə e.ə. 404-cü ilə qədər davam etdi. Sparta qələbə çaldı.
Bu müharibələr nəticəsində yunan şəhər-dövlətləri zəiflədi. Müharibənin nəticələri Yunanıstan üçün faciəvi oldu: polislərdə demokratiya və aristokratiya tərəfdarları arasında hakimiyyət uğrunda siyasi mübarizə kəskinləşdi. Bir sıra polislərdə yemidən tiraniya bərqərar oldu[2].
Əhəməni(İran)-Makedoniya müharibəsi
redaktəII Flippin ölümündən sonra İskəndər (e.ə. 336–323) hökmdar elan edildi.
Makedoniya ordusu İskəndərin başçılığı ilə Şərqə hərəkət etdi. E.ə. 334-cü ildə Qranik döyüşündə İskəndər Əhəməni ordusunu məğlub etdi.
E.ə. 333-cü ildə isə İss döyüşündə İskəndərin ordusu III Daranın muzdlu döyüşçülərini məğlub edərək, Aralıq dənizi sahili ilə Misirə doğru hərəkət etdi. Finikiyanın Tir şəhərində ciddi müqavimətlə rastlaşdı, lakin bu müqaviməti az bir zamanda qıraraq şəhəri ələ keçirdi və işğal etdi.
Bundan sonra İskəndər Mesopotamiyaya doğru hərəkət etdi. Əhəməni padşahı III Dara İskəndərə qarşı böyük ordu toplamışdı. Həlledici döyüş e.ə. 331-ci ildə Qavqamel adlı yerdə baş verdi. Qavqamel döyüşündə də İskəndər qalib gəldi. Əhəməni hökmdarı III Dara ölkənin şərqinə qaçdı.
III Dara e.ə. 330-cu ildə özünün Baktriyadakı satrapı Bess tərəfindən öldürüldü. Beləliklə, nəhəng Əhəmənilər imperiyası süqut etdi[2].
Pun müharibələri
redaktəE.ə. III əsrdə Karfagen və Roma Siciliya adasını ələ keçirməyə çalışırdı. Bu hər iki dövlət arasında müharibəyə səbəb oldu. Romalılar karfagenliləri "pun" adlandırdıqlarına görə bu müharibəyə Pun müharibəsi deyilir. E.ə. 264–146-cı illərdə fasilələrlə üç pun müharibəsi olmuşdu.
Birinci Pun müharibəsi
redaktəBirinci pun müharibəsinə səbəb (e.ə. 264–241) Roma və Karfagenin Siciliyanı işğal etmək cəhdi idi. Müharibə 20 il davam etdi. Romalılar quruda, karfagenlilər dənizdə üstün idilər. Romalılar müharibənin gedişində güclü donanma yaradaraq Siciliyanı işğal etdilər. E.ə. 241-ci ildə birinci Pun müharibəsi qurtardı. Karfagen Siciliyanı Romaya güzəştə getdi, təzminat verməyi öhdəsinə götürdü. Çox keçmədi Roma Sardiniya və Korsika adalarını da tutdu.
İkinci Pun müharibəsi
redaktəİkinci pun müharibəsi e.ə. 218–201-ci illərdə olmuşdu. Roma Sardiniya və Korsika adalarını tutduğu bir vaxtda e.ə. 219-cu ildə karfagenlilər İspaniyada Romanın müttəfiqi olan Saqunt şəhərini ələ keçirdilər. Bu isə ikinci Pun müharibəsinin başlanması üçün bəhanə oldu. Hər iki dövlət Aralıq dənizinin qərb sahillərinə sahib olmaq istəyirdi. Karfagen qoşununa gənc sərkərdə Hannibal başçılıq edirdi. Romalılar müharibəni İspaniya və Afrikada aparmağı nəzərdə tutdular. Lakin gözlənilmədən Hannibalın qoşunu Şimali İtaliyada göründü. Hannibal İspaniyadan hərəkət edərək, Alp dağlarına gəlib çıxmış, döyüş filləri və qoşunları ilə Alp buzlaqlarından keçib Şimali İtaliyada Po çayı vadisinə çıxdı. Onun bütün filləri, qoşunun yarısı Alp dağlarında məhv olmuşdu. Hannibal İtaliyanın şimalında qallarla birləşmiş, digər narazı xalqları öz tərəfinə çəkmiş, Roma üçün təhlükə törətmişdi. Bir neçə vuruşmada Roma legionlarını məhv etmiş, Roma dövlətində vahimə yaratmışdı. E.ə. 216-cı ildə Roma ordusu ilə Karfagen ordusu arasında Kanna kəndi yaxınlığında vuruşma başlandı. Hannibal Romanın 80 min piyada, 6 min süvarisinə qarşı özünün 40 min piyada, 14 min atlı döyüşçüsünü aypara şəklində düzdü. Ortada zəif, cinahlarda ən güclü hissələri yerləşdirdi. Dördbucaq şəklində düzülmüş Roma legionu Hannibalın ordusunun içərisinə yeridi, cinahdan güclü zərbə alıb mühasirəyə düşdülər. Karfagenlilər 70 min Roma döyüşçüsünü qırdı və əsir aldılar.
Kanna vuruşmasından 12 il sonra e.ə. 204-cü ildə Roma sərkərdəsi Ssipionun başçılığı ilə Afrikaya qoşun çıxarıldı. Bunu eşidən Hannibal Karfagenə qayıtmağa məcbur oldu. E.ə. 202-ci ildə Zama şəhəri yaxınlığında vuruşmada romalılar Hannibala qalib gəldilər. Bir il sonra İkinci Pun müharibəsi qurtardı. Karfagen hərbi donanmasını Romaya təslim etdi, çoxlu miqdarda pul verməyə, bütün torpaqlarından əl çəkməyə məcbur oldu.
Üçüncü Pun müharibəsi
redaktəÜçüncü Pun müharibəsi e.ə. 149–146-cı illərdə oldu. Karfagen dəniz ticarəti aparır və varlanırdı. Roma aristokratları və tacirləri Karfageni yer üzərindən silməyi tələb edirdilər. Roma Karfagenin Numidiya dövləti ilə müharibə aparmasını bəhanə edərək, Afrikaya qoşun çıxartdı. Şəhər üç il qəhrəmancasına müdafiə olundu. Xəstəlik və aclıq əhalinin taqətdən saldı. Gənc Roma döyüşçüsü Tiberi Qrakx qala divarları üzərinə birinci çıxdı və qızıl çələnglə mükafatlandı. E.ə. 146-cı ildə şəhər tamamilə dağıdıldı, sakinləri qul kimi satıldı, şəhərin yeri şumlandı. Karfagen Romanın Afrika əyaləti elan edildi. Roma Aralıq dənizində ən güclü dövlətə çevrildi[3].
Sosial(Müttəfiqlər) müharibə (e.ə91–88)
redaktəSosial müharibə (sosial sözü müttəfiqlər mənasına gələn sociidən yaranıb) — e.ə. 91 — e.ə. 88-ci illər arasında Roma Respublikası ilə müharibədən əvvəl Romanın müttəfiqi olan İtaliyadakı şəhərlər arasında olmuş müharibədir.
Eramızdan əvvəl 91-ci ildə, yeni bir sərvət, ad və gücün daha ədalətli bölünməsini istəyən Roma və İtaliyadakı müttəfiqləri arasındakı gərginlik müttəfiqlərin çoxunun qiyam qaldırdıqları zaman yeni bir dövlət meydana gətirdi. Roma əvvəlcə Etruriya kimi yaxın əlaqələri olan dövlətlərə güzəştə getməklə, sonra qalanlarını hərbi yolla məğlub etməklə müqavimət göstərdi[4].
Albaniya-Roma arasındakı döyüşlər
redaktəE.ə. II əsrdə Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrilmiş Roma Albaniya ərazisini, Xəzər dənizinin sahillərini tutmaq istəyirdi. Çünki Hindistanla Qara dəniz sahillərini birləşdirən ticarət yolu buradan keçirdi. Bu məqsədlə Roma sərkərdəsi Pompey Albaniyaya hücum etdi.
E.ə. 66-cı ilin dekabrında Kürün sahilində döyüş oldu. Bu döyüşdə romalılar qalib gəldilər. Pompey albanlarla sülh bağlayıb İberiyaya doğru hərəkət etdi. Albanlar romalıları izləyərək onlar üçün təhlükəli vəziyyət yaratdılar. Buna görə də Pompey yenidən e.ə. 65-ci ildə albanlara qarşı yürüşə başladı.
Albanlar romalıları Qanıxçay yaxınlığında qarşıladılar. Albaniya qoşunlarına Oroysun qardaşı Kozis başçılıq edirdi. Bu döyüşdə romalılar qələbə çaldı.
E.ə. 36-cı ildə sərkərdə Antoninin başçılığı ilə romalıların Şərqə yürüşü zamanı da romalılarla albanlar arasında döyüşlər baş vermişdi. Qədim yunan müəllifi Plutarx yazırdı ki, "romalı Kanidi iber və alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı"[5].
Parfiya-Roma arasındakı döyüşlər
redaktəParfiya dövləti Selevkilər dövlətinin zəifləməsi nəticəsində meydana gəlmişdi. E.ə. II əsrdə artıq güclənmiş olan Parfiya və Roma dövlətləri Ön Asiyada ağalıq uğrunda mübarizə aparırdılar.
E.ə. I əsrin ortalarında Roma ilə Parfiya arasında münasibətlər daha da kəskinləşdi və e.ə. 53-cü ildə müharibəyə səbəb oldu. Parfiya qoşunları romalıları məğlubiyyətə uğratdılar. Hərb meydanında 20 mindən çox Roma döyüşçüsü həlak oldu.
Roma ilə Parfiya arasında müharibə bununla bitmədi. E.ə. 38-ci ildə baş verən döyüşdə bu dəfə romalılar parfiyalıları ağır məğlubiyyətə uğratdılar.
E.ə. 36-cı ilin yayında Roma sərkərdəsi Antoni Parfiya üzərinə hücuma keçdi. Lakin o, naməlum səbəbdən Parfiyanın paytaxt şəhəri Ktesifon tərəfə deyil, şimala üz tutdu və bu istiqamətdə irəliləyərək Atropatenaya çatdı[5].
Qədim Roma Vətəndaş müharibəsi
redaktəVətəndaş müharibəsi e.ə 49–45-ci illəri əhatə edir. Spartak üsyanı yatırıldıqdan sonra Romada hakimiyyət uğrunda mübarizə gücləndi. Mübarizə sərkərdələr Krass, Pompey və Yuli Sezar arasında gedirdi. Konsulluq müddəti bitdikdən sonra Yuli Sezar Qalliya əyalətinə canişin təyin edildi. O, Romada hakimiyyəti ələ keçirmək istəyirdi. E.ə. 49-cu ildə Sezarın qoşunları Roma üzərinə hərəkət etdi.
Sezara qarşı hərəkət edən senat qoşunlarına Pompey başçılıq edirdi. Lakin Sezar hücum zamanı o qədər cəld hərəkət etdi ki, Pompeyin müdafiəni təşkil etməyə zamanı olmadı. Sezarın qoşunları müqavimətə belə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu. Sezar Pompeyin ordusunu darmadağın etdi. Senat əlacsız qalıb Sezarı ömürlük diktator elan etdi.
Lakin Sezarın təkbaşına hakimiyyəti uzun sürmədi. E.ə. 44-cü ildə senatın iclası zamanı respublika tərəfdarları Sezara qəsd təşkil etdilər[2].
İstinadlar
redaktə- ↑ Təvəkkül Əliyev, Pərviz Ağalarov, Niyaməddin Quliyev, Elşən Qasımov, Faiq Babayev, Elnur Hüseynov, Kamran Əsədov, Rafiq Məmmədov. Azərbaycan tarixi dərslik. Bakı: Şərq-Qərb. 2017. səh. 200.
- ↑ 1 2 3 4 VƏLİ ƏLİYEV, İLYAS BABAYEV, AİDƏ MƏMMƏDOVA. Ümumi tarix dərslik. Bakı: Aspoliqraf. 2017. səh. 128.
- ↑ "Pun müharibələri". kayzen.az (aze). 3 may 2010. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
- ↑ "İtalyan tarixində əsas hadisələr". seagrantsatlantic.org (aze). İstifadə tarixi: 19 may 2021.[ölü keçid]
- ↑ 1 2 VƏLİ ƏLİYEV, İLYAS BABAYEV, HİDAYƏT CƏFƏROV, AİDƏ MƏMMƏDOVA. Azərbaycan tarixi dərslik. Bakı: Təhsil. 2017. səh. 128.