Portal Asiya - Wikipedia
Asiya – Yer planetində ən böyük qitə, Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya 44.391.163 km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. Əsasən şimal yarımkürəsində yerləşir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahəsi Cənubi Amerika, Antarktida, və Avstraliyanın birgə götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi və Aralıq dənizi qəbul olunmuşdur. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır. Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan və Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dəniz Asiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir. Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal, Taymır, Çukot yarımadaları və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali AMerikadan ayırır. Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.
Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalı və Ural dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okean və Berinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə çevrilidir. Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan aslıdır. Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. (sahəsi 9.596.960 km², əhalisi 1.338.612.968 nəfər). Qitədə ərazi 1 milyon km²-dən çox olan 9 dövlət var (Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, Monqolustan və Misir). Əhalisi 100 milyondan çox olan cəmi 7 dövlət vardır (Çin, Hindistan, Pakistan, Rusiya, İndoneziya, Banqladeş, Yaponiya)
Sadu, özünü dünya nemətlərindən uzaq tutan, yoqa (yogi) edən kəslər üçün istifadə edilən bir termindir. Bu insanlar həyatın ilk üç Hindu məqsədinin arxasından qaçmırlar: kama (əyləncə), artha (praktik məqsədlər) və dharma (vəzifə). Sadular həyatlarını meditasiya yolu ilə mokshaya (azadlığa) daxil olmaq və tanrını düşünməyə həsr edilmişdir. Qadın olanlarına sadvi deyilir. Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur. 15 iyun 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi yekdilliklə 2 oktyabrı "Ümumdünya şiddətə yox günü" olaraq elan etmişdir.
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 ⓘ və ya Nihon-koku, "Yaponiya dövləti") — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 6.852 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, Kyuşu və Şikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir. Yaponiyanın əhalisi 126 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 10-cu yerdədir. Təxminən 37,8 milyon nəfərin yaşadığı və bir-birinə yaxın olan bir neçə şəhərdən ibarət olan Keihin regionu (həmçinin Tokio–Yokohama aqlomerasiyası kimi tanınır) əhalisinə görə son 60 il ərzində dünyanın ən böyük şəhər aqlomerasiyasıdır. Tokio və ətrafındakı bir neçə prefekturanı əhatə edən Böyük Tokioda 35 milyondan çox insan yaşayır, bu isə buranı dünyada ən böyük mitropolit bölgə və dünyada ən böyük GDP bölgəsi edir.
|