Poli Genova - Wikipedia
Poli Plamenova Genova (bolq. Поли Пламенова Генова; 10 fevral 1987, Sofiya) və ya sadəcə Poli Genova — Bolqarıstan müğənnisi, bəstəkarı, aktrisası və aparıcısı. Genova karyerasını 1995-ci ildə səkkiz yaşında ikən Bon-Bon uşaq ansamblının üzvü olaraq başlamışdır.
Poli Genova | |
---|---|
bolq. Поли Генова | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Poli Plamenova Genova bolq. Поли Пламенова Генова |
Doğum tarixi | |
Doğum yeri | Sofiya, Bolqarıstan |
Vətəndaşlığı | Bolqarıstan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, aktrisa, aparıcı |
Fəaliyyət illəri | 1991–h.h. |
Janr | pop |
Musiqi alətləri | klarnet |
Səs tembri | soprano |
Vikianbarda əlaqəli mediafayllar |
Poli Genova "Na inat" mahnısı ilə Bolqarıstanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin yarımfinal mərhələsində məğlub olmuşdur. Beş il sonra 2016-cı ildə müğənni növbəti dəfə ölkəsini Avroviziyada təmsil edərək, ifa etdiyi "If Love Was a Crime" mahnısı ilə Bolqarıstana finalda dördüncü yeri qazandırmışdır.
Genova eyni zamanda Bolqarıstanın The Voice və The X Factor musiqi yarışmalarında münsif olaraq iştirak etmişdir. 2015-ci ildə o, Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir.
Həyatı və musiqi karyerası
redaktəErkən illəri və Bon-Bon
redaktəPoli Genova 10 fevral 1987-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada anadan olmuşdur. 1991-ci ildə musiqi karyerasını başlatdıqdan sonra o, 1995-ci ildə Bolqarıstanın Bon-Bon uşaq musiqi ansamblına üzv seçilmişdir. Qrupun üzvü olaraq Poli qrupun adını daşıyan uşaq televiziya proqramına da aparıcılıq etmişdir. O, Bon-Bon qrupu ilə birlikdə Qeorqi Xristov, Yordanka Xristova və Neli Ranqelova kimi Bolqarıstanın tanınmış ifaçıları ilə bir səhnəni paylaşmışdır. Poli Zlatniyat Orfey festivalında Neli Ranqelova ilə duetinə görə Bolqarıstanın BNT telekanalı tərəfindən xüsusi mükafata layiq görülmüşdür. 1997-ci ildə Bon-Bon qrupu Vitebskdə keçirilən Slavyan Bazarı festivalında iştirak etmişdir. Poli Genova 2001-ci ildə qrupdan ayrılmışdır.
Poli Genova Lyubomir Pipkov adına Milli musiqi məktəbini bitirmiş və orada klarnetdə ifa etməyi öyrənmişdir. Daha sonra o, Krastyo Sarafov adına Milli Teatr və kino incəsənəti akademiyasına daxil olmuşdur. Genova BMT Uşaq Fondunun "Möhtəşəm altılıq" layihəsinin üzvü olmuşdur.
2009–2015: Avroviziya 2011 və X Factor Bulgaria
redaktə2009-cu ildə Poli Genova "One Lifetime Is Not Enough" mahnısı ilə Bolqarıstanın BNT telekanalının 2009 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və ikinci yerə layiq görülmüşdür. Daha sonra ifaçı növbəti dəfə 2011-ci ildə "Na Inat" mahnısı ilə Bolqarıstanın Avroviziya milli seçim turuna qatılmış və yarışmada qalib gələrək, ölkəsini həmin mahnı ilə Almaniyanın Düsseldorf şəhərində keçirilən 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.[1] Genova mübarizə apardığı yarımfinal mərhələsində 19 ölkə təmsilçisi arasında 12-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə adlaya bilməmişdir.
Avroviziyada iştirakından sonra ifaçı Bolqarıstanın X Factor musiqi yarışmasında münsiflər heyətinin üzvü olaraq iştirak etmişdir. 2013-cü ildə Genovanın 1, 2, 3 adlı debüt albomu işıq üzü görmüşdür.
Poli Genova eyni zamanda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 2015 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir[2].
2016-hal-hazırda: Avroviziya 2016 və The Voice Bulgaria
redaktə19 fevral 2016-cı il tarixdə Poli Genovanın İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil edəcəyi Bolqarıstanın BNT telekanalı tərəfindən rəsmi olaraq elan edilmişdir.[3]. 21 mart 2016-cı il tarixdə müğənninin Stokholm səhnəsində ifa edəcəyi mahnı olan "If Love Was a Crime" dinləyicilərə təqdim olunmuşdur. Mahnı Avroviziya fan saytlarından əsasən müsbət rəylər qazanmışdır. Poli Avroviziyadan öncə "If Love Was a Crime" mahnısı ilə Riqa, Amsterdam, Təl-Əviv və London səhnələrində çıxış etmişdir. Genova bu mahnı ilə ölkəsinə iştirak etdiyi 10 il ərzindəki ən yaxşı nəticəsini 4-cü yeri qazandırmışdır.
Avroviziyada iştirakın ardınca Genova Sofiyada Arena Armeec-də 12,000 izləyici qarşısında konsert proqramı ilə çıxış etmişdir. O, eyni zamanda Avroviziya mahnısı ilə Bolqarıstanın BG Radio Music Awards 2016 mükafatlandırma mərasimində çıxış etmişdir. 2016-cı ilin iyun ayında ifaçı Londonda konsert proqramı ilə çıxış etmişdir. Genova Afinada keçirilən 2016 MAD Video Music Awards mükafatlarında mərasimində tanınmış Yunanıstan müğənnisi Demy ilə birlikdə səhnə almışdır. O, eyni zamanda Maltada keçirilən 2016 Avroviziya Uşaq Mahnı Müsabiqəsində interval akt olaraq çıxış etmişdir. 2017-ci ildə ifaçı Bolqarıstanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü kimi iştirak etmişdir.
Diskoqrafiya
redaktəAlbomlar
redaktəAlbom adı | İl |
---|---|
1, 2, 3 | 2013 |
Sinqllar
redaktəMahnı adı | İl |
---|---|
"One Lifetime Is Not Enough" | 2009 |
"Na inat" (На инат) | 2011 |
"1, 2, 3" | |
"Dve" (Две) | 2012 |
"Soleni Dni" (Солени дни) | 2013 |
"Za Nas" (За нас) | |
"Shot" (Шот) | |
"If Love Was a Crime" | 2016 |
"Sluhove" (Слухове) | |
"Oshte" (Още) | 2017 |
İstinadlar
redaktə- ↑ "Poli Genova to represent Bulgaria in Düsseldorf". esctoday.com. ESCToday. 24 fevral 2011. 2016-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2011.
- ↑ "Meet your host... Poli Genova!". AYİ. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2015.
- ↑ "Bulgaria: Poli Genova returns to Eurovision". eurovision.tv. Avropa Yayım İttifaqı. 19 fevral 2016. 2016-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2016.
Əvvəlki: Elitsa Todorova və Stoyan Yankulov "Samo Shampioni" |
Bolqarıstan Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Kristian Kostov "Beautiful Mess" |