Pir Eser - Wikipedia
Pir — Nəriman Nərimanovun nəsr yaradıcılığında öz orjinallığı və bədii dəyəri ilə xüsusi yer tutan povest. Əsər 1917-ci ildə Bakıda "Açıq söz" qəzetinin elektrik mətbəəsində kitabça şəklində dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra "Pir" povesti rus, tatar, və Azərbaycan dillərində dəfələrlə kütləvi tirajlarla çap edilmişdir. Povestə Allah müqəddəs məbud kimi göstərilərək, bəzi dini ehkamlar tənqid edilir[1].
Pir (əsər) | |
---|---|
azərb. Pir | |
Janr | Povest |
Müəllif | Nəriman Nərimanov |
Orijinal dili | azərbaycan |
Yazılma ili | 1913 |
Nəşr ili | 1917 |
Məzmunu
redaktəPovestdə Şərq cəhaləti, avamlıq və din möhvumat sənətkarlıqla tənqid edilmişdir. Köhnə dünyaya qarşı kəskin etiraz və qəzəblə dolu olan bu əsərin hər səhifəsində yazıçı tərəfindən xalqın taleyi düşünülürdü. Məzlum Şərq xalqlarının qurtuluşunu inqilabi mübarizədə görən N. Nərimanov mövhumat, avamlıq və cəhaləti böyük ictimai fəlakət hesab edirdi.[2]
Yazıçı avam kütlələrə həyat hadisələrinə fəal münasibət oyatmaq üçün "Pir" povestində "müqəddəs" ziyarətgahları, ocaqları cəhalət və mövhumat yuvası kimi ifşa etmiş və bilavasitə şahidi olduğu həyat həqiqətlərini son dərəcə realist boyalarla, ümumiləşmiş şəkildə qələmə almışdır. Əsərdə ziyarətgahların müqəddəslik pərdəsi də məharətlə parçalanır, onların rəzalət, soyğunçuluq və riyakarlıq yuvası olması real təsvir edilir. Pir povestində bütün hadisələr bir ziyarətgah ətrafında, onunla bağlı cərəyan edir. Molla Cəfərqulu və Qafqazdakı arvadı Molla Tutu obrazlarında yazışı din vaizlərinin riyakarlığını, şəxsi mənafeyi, zövqü xatirinə hər cür alçaqlığa yol verdiyini açıq göstərir.
N. Nərimanov, Məşədi Allahverən və Gülbadam obrazlarında din və mövhumatın insanları mənən şikəst etdiyini, onların məfkurəvi inkişafına imkan vermədiyini, bəlalara sürükləndiyini realist şəkildə qələmə almışdır. Məşədi Allahverənin pirə etiqadı bir tərəfdən onun dindarlığı ilə bağlı idisə, digər tərəfdən onun öz həyat fəlsəfəsi ilə əlaqədar idi. Onun atalıq qayğısı və istəyi təbii, inandırıcı verilmişdir. Gülbadamın isə daxilən keçirdiyi tərəddüdləri, sıxıntı və iztirabları təbii, real, təsirli təsvir etmişdir.
Əsərdə yazıçı tərəfindən pir, ocaq, ziyarətgah yerləri rəzalət, hiyləgərlik yuvası, soyğunçuluq vasitəsi kimi ifşa edilmişdir[1].
Sujeti
redaktəPovestin ilk səhifələrində Məşədi Allahverənin səhər namazını qılıb pirə hazırlaşdığı epizod təsvir edilir. Onun əlli yaşında Gülbadamdan bir oğlu olmuşdu, o da şikəst idi. Məşədi Allahverən şikəst oğlu Cəbini pirə tez-tez apararaq oğlunun şəfa tapacağı ümidi ilə yaşayırdı.
Məşədi Allahverənin otuz il birgə ömür sürdüyü arvadı onun müstəbildliyinin qurbanı olmuşdur. İkinci arvadı da Məşədi Allahverənin ucbatından ağır xəstəlik tapmışdır: uşağı qalmır, get-gedə şam kimi əriyir, Məşədi Allahverən arvadın ata mülkündən götürdüyü gəlirin xatirinə ona yazığı gəlib boşanmaq istəməzdi. Lakin arvadını tez-tez döyər, hətta üstünə xəncərdə çəkərdi. O, xəstə arvadının başına çox fəlakətlər açmışdır. Bu acı təcrübədən sonra Məşədi Allahverən Gülbadamın başına pərvanə kimi fırlanırdı. Onların 4 yaşlı danışa, yeriyə bilməyən oğlanları, Cəbi üçün həkimin dedikləri Molla Allahverdiyə şübhəli gəlirdi. O, bilmirdi ki, illərdi gözlədiyi oğlunu dünyaya gəldiyinə sevinsin, yoxsa oğlunun 4 yaşında şikəst olduğuna kədərlənsin.
Ziyarətgahın mollası Molla Cəfərqulu — İranda meymun oynatmaqla güzəran keçirən Cəfərqulu arvad-uşağını atıb pul qazanmaq niyyəti ilə Qafqaza gəlmiş və avam kütlələrin nəzərində özünü mötəbər din xadimi kimi tanıda bilmişdir.
Molla Cəfərqulunun qardaşı Həsənəli Gülbadamla evlənir, lakin Xorasanda xəstəlik tapan Məşədi Həsənəli iki ildən sonra vəfat edir. Bundan sonra Molla Cəfərqulu qardaşı arvadı Gülbadama təcavüz etmək xəyalına düşür. İstəyinə nail ola bilməyən Molla Cəfərqulu rüsvayçılıqdan qorxur və Gülbadama yalvarır ki bu məsələdən kimsə xəbər tutmasın. O, qaynı Molla Cəfərqulunun xəyanətindən sonra əmisi evinə köçür, öz zəhməti ilə dolanmağa başlayır. Ağır ehtiyac Gülbadamı şəhərli tacir Məşədi Allahverənin evində xidmətçi olmağa məcbur edir. O burda da rahatlıq tapmır. Əlli yaşlı Məşədi Allahverən onu özünə arvad edir.
Bu evliliyində dünyaya gələn balaca Cəbinin vəziyyəti Gülbadamı gün keçdikcə narahat edirdi və oğlunu xəstəliyin pəncəsindən xilas etməyə çalışırdı. Gülbadam Cəbinin şikəst doğulması səbəbini başa düşür, oğluna nicatı daha artıq "bəlkə çarə ola" deyən həkimlərdən gözləyir, lakin ərinin həkimə etinasızlığı onu daha da dözümlülükdən salırdı.
Gülbadam pirin "peyda" olması səbəbini bildiyindən kütlələrin pirə tapınmasına və etiqadına qəlbində istehza ilə gülürdü, nifrət edirdi. Lakin həqiqəti açıb söyləyə bilmirdi. Çünki Gülbadam Molla Cəfərqulunun onun namusuna toxunamması xatirinə Qurana and içmişdi ki, pirin "sirrini" gizli saxlayacaqdır. Qurana and içəndən sonra da sirr vermək Gülbadam kimi inanmmış bir adama asan deyil. Gülbadama tərbiyə belə verilmişdi. Heç bir şeyə and verməmək, xüsusən Allah və Quranaǃ
Gülbadamın bu fikir və düşüncələrini toplayan bu and idi. O susur ancaq mənən sıxıntı çəkirdi. Gülbadam ərinin təkidi ilə pirə ziyarətə gedir, avam kütlələrin ocağa tapınmasına canyanğısı ilə baxır. Lakin isməti, namusu ləkələnmək qorxusu və Qurana andını pozmaq vahiməsi onu susmağa məcbur edir.
Məşədi Allahverənin oğlunu pirə aparmaq istədiyi gün eşilir ki, Molla Cəfərqulu vəfat etmişdir. Bu hadisədən sonra pir insanlara görə, xüsusəndə Məşədi Allahverən üçün çox dəyərli oldu. Bu zaman Gülbadam görür ki, ərinin pirə olan inamı daha da güclənmişdir və çıxış yolu tapmayan Gülbadam uca səslə deyirː "Mən nifrət etdiyim məkandan balama nicat gözləmirəm". Və avam kütlələrə pirin rəzalət, riya yuvası olduğunu açıb söyləyir[1].
Personajlar
redaktə- Məşədi Alahverən — şəhərli tacir
- Gülbadam — Məşədi Alahverənin üçüncü arvadı
- Məşədi Həsənəli — Molla Cəfərqulunun qardaşı, Gülbadamın ilk əri
- Molla Cəfərqulu — kənd mollası
- Molla Tutu — Molla Cəfərqulunun arvadı
- Cəbi — Məşədi Alahverənin oğlu
- Kərbalayi Xudaverdi —
- Məşədi Pərzad —
- Gülzar — Pərzadın gəlini
- Heydərqulu — Molla Cəfərqulunun oğlu
- Nənəcanım — Gülbadamın anası
- Dünyamalı — çoban[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Nəriman Nərimanovun yaradıcılıq yolu. Bakı: Nurlar. 2005. 228–243. ISBN -9952-426-02-X.
- ↑ 1 2 Nəriman Nərimanovun seçilmiş əsərləri. Bakı: Nurlar. 2001. 190–220. ISBN -5-89600-322-6.