Pasa Pasayev - Wikipedia
Paşa Paşayev (tam adı: Paşa Sirac oğlu Paşayev, 1924, Ağdaş – 2000, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (V) direktoru.
Paşayev Paşa | |
---|---|
Paşa Sirac oğlu Paşayev | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbocağı, Ərəş qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | Elbrus Paşayev |
Həyatı
redaktəPaşa Sirac oğlu Paşayev 1924-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur.[1] 1942-ci ildə Ağdaş şəhərində orta məktəbdə buraxılış imtahanlarını verdikdən sonra alman faşistləri ilə döyüşmək üçün könüllü olaraq müharibəyə yollanmışdır. Azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq atıcı diviziyasının tərkibində Mozdok, Melitopol, Kerç şəhərləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1944-cü ildə Mariupol şəhərində 6 aylıq hərbi məktəbi bitirmişdir. Berlin şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1946-cı ildə ordudan tərxis olunmuşdur.
P.Paşayev 1947-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olmuş və 1952-ci ildə institutu bitirərək "mühəndis-hidrotexnik" ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə təhsil aldığı institutda assistent vəzifəsindən başlamışdır. 1953–1956-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əyani şöbəsinin aspirantı olmuşdur.
1956–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun Şirvan zonası üzrə Ucardakı təcrübə stansiyasının direktoru vəzifəsində işləmişdir. 1958-ci ildə dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır. 1962–1963-cü illərdə Göyçay, 1963–1965-ci illərdə Ucar rayonlarında İstehsalat İdarəsinin rəisi, 1965–1967-ci illərdə isə Azərbaycan KP Zərdab Rayon Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır. 1967–1976-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin birinci müavini, 1976–1983-cü illərdə Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi "Azdövsutəslayihə" İnstitutunun direktoru, 1983–1988-ci illərdə, yenidən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışmışdır.
Paşa Sirac oğlu Paşayevin 1967–1988-ci illərdə meliorasiya və su təsərrüfatı sistemində rəhbər vəzifədə işlədiyi 22 il müddətində yüzlərlə su təsərrüfatı obyektlərinin layihə sənədlərinin hazırlanmasında və tikilməsində, ərazilərdəki suvarma və kollektor- drenaj sistemlərinin yenidən qurulmasında, Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan təmizlənməsi üçün meliorasiya tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətləri olmuşdur. Azərbaycan Respublikasında meliorasiya elminin inkişafında, elmi nəticələrin istehsalatda tətbiq edilməsində, 1976–1983-cü illərdə AzMİU-da Dövlət Attestasiya Komissiyasının sədri olmaqla "meliorasiya mühəndis sistemlərinin tikintisi" ixtisası üzrə gənc mütəxəssislərin hazırlanmasında da yaxından iştirak etmişdir. "İrriqasiya və drenaj" sahəsində 1972-ci ildə Bolqarıstanda, 1974-cü ildə isə İspaniyada keçirilmiş Ümumdünya Konqresinin iştirakçısı olmuşdur. "Azdövsutəslayihə" İnstitutunun direktoru işlədiyi illərdə (1976–1983), onun rəhbərliyi ilə yüzlərlə obyektlərin layihə sənədləri vaxtında hazırlanmış və tikintisinə nəzarət həyata keçirilmişdir. Bunlardan: Füzuli rayonunda Aşağı Köndələnçay su anbarının, Tovuz rayonunda 194 üçpilləli nasos stansiyasının, Dağlıq Qarabağ Muxtar Vilayətində suvarma sistemlərinin yenidən qurulmasının, Zəngilan rayonunda ikipilləli Yazı düzü nasos stansiyasının, Baş Şirvan kollektorunun yenidən qurulmasının, Lənkəran və Astara rayonlarında suvarma sistemlərinin, Baş Mil kanalının və digərlərinin layihələrini göstərmək olar. Paşa Sirac oğlu Paşayevin Vətənə xidmətləri və səmərəli əmək fəaliyyəti dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirilmişdir. 1942–1946-cı illərdə hərbi hissələrdə göstərdiyi fədakarlığa, meliorasiya və su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə 5 orden və 7 medala layiq görülmüşdür. Paşayev Paşa Sirac oğlu 6 fevral 2000-ci ildə Bakı şəhərində, 76 yaşında vəfat etmiş və Goradil kənd qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ Paşayev E.P, Həsənov F.H. "Azdövsutəslayihə" institutu-80