Ogurlanmis Opus - Wikipedia
Oğurlanmış öpüş (fr. "Le Baiser à la dérobée",ing. "The Stolen Kiss") — fransız rəssam Jan Onore Fraqonar tərəfindən 1786-cı ildə çəkilmişdir və hazırda rəsm Ermitaj muzeyində sərgilənir.[3] Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J. O. Fraqonarın şedevr əsəri "Yelləncək" (1767) adlı tablosu hesab olunsa da, "Oğurlanmış öpüş" (və ya "Gizli öpüş") əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib.
Oğurlanmış öpüş | ||
---|---|---|
fr. "Le Baiser à la dérobée", | ||
| ||
Rəssam | Jan Onore Fraqonar | |
Tarixi | 1786 | |
Üslubu | məişət janrı[2] | |
Texnikası | yağlı boya, (kətan üzərində) | |
Ölçüləri | 45 sm[1][2] × 55 sm[1][2] | |
Materialı | yağlı boya[d][1][2] | |
Saxlanıldığı yer | Ermitaj | |
Saytı | wga.hu/html/f/fragonar/f… | |
İnventar nömrəsi | ГЭ-1300 | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin təsviri
redaktəÖn planda iki fiqur — oğlan və qız təsvir olunub, arxa planın sağ küncündə isə açıq qalmış qapıdan görünən otaqda üç qadın fiquru, sanki qızğın söhbət zamanı göstərilib. Onlar həm uzaq planda, həm də içəri otaqda olduqları üçün qaranlıq tonlarda işlənilib. Əsas səhnənin cərəyan etdiyi qabaq plana nəzər salaq: sol küncdən qapı açılır və oradan boylanan gənc oğlan elə qapı ağzındaca istəklisini hər iki əli ilə sağ biləyindən tutub, özünə tərəf çəkərək öpür. Bu zaman qızın sol ayağı oğlanın onu kobudcasına özünə tərəf dartması nəticəsində yerdən azacıq yuxarı qalxır, bədəni isə diaqonal şəkildə oğlana tərəf əyilir. Rəssam qızın bədənini tamaşaçıya yönlü, fasdan göstərsə də, baxışlarını yan tərəfdəki otağın qapısına doğru yönəlmiş vəziyyətdə təsvir edib. Gizli şəkildə, "oğurluqla" əldə edilmiş bu öpüş, görünür, sahibənin ürəyincədir. Çünki o, heç bir narazılıq və etiraz etmədən gənc sevgilisinə onu üzündən öpməyə razılıq verir. Lakin buna baxmayaraq, onun çöhrəsindəki narahat və gərgin mimika daxilindəki qorxu hissini göstərir; sanki həmin an içəri otaqdan qonaqlardan birinin çıxıb onları bu vəziyyətdə görəcəyi üçün həyəcan keçirir. Kübar dairəyə mənsub bu qız əynindəki dəbdəbəli, ipək donu ilə diqqəti cəlb edir. Onun sol əlində, barmağının ucunda saxladığı çox nəcib və nazik şal isə gizli öpüşün romantikasını təcəssüm etdirir. Rəssam Fraqonar bir neçə tablosunda intim detalları incəliklə işləmişdi. Elə "Oğurlanmış öpüş"də ("Gizli öpüş") də bu, açıq-aydın özünü büruzə verir. Əksəriyyət əsərlərinə baxanda belə qənaətə gəlmək olur ki, müəllif bu cür ani məqamları təsvir etməyi xoşlayırmış.[3][4][5][6]
Əsər haqqında
redaktəƏsərin işlənmə tərzinə gəlincə, deyə bilərik ki, kompozisiya real səpkidədir. O dərəcədə real ki, rəssam qız fiqurunun geyimindəki bütün detalları-qırçınları, qırışları faktura cəhətdən olduqca dəqiq işləmişdir; parçanın sürüşkən, ipək materialdan olması da şübhə doğurmur. İşıq-kölgə effektinin ən kulminasiya nöqtəsi isə elə ön plandakı əsas səbəbkarın donu üzərində göstərilib. Kompozisiyada rəng qamması, əsasən narıncı-qəhvəyi, tünd-mars qəhvəyi, qızılı oxra, bozumtul-gümüşü və açıq-berj rəngli çalarlarda həll olunmuşdur. Əsər ümumilikdə süjetin canlılığı və yüngül dramatizmi ilə seçilir. Hazırda bu bənzərsiz tablo Sankt-Peterburqda, Ermitaj muzeyində saxlanılmaqdadır.[3][4][5][6]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 https://www.hermitagemuseum.org/wps/portal/hermitage/digital-collection/01.+Paintings/37606/.
- ↑ 1 2 3 4 5 6 https://rkd.nl/explore/images/116293.
- ↑ 1 2 3 "Jean Honore Fragonard, Stolen-Kiss" Arxivləşdirilib 2016-10-08 at the Wayback Machine. www.arthermitage.org. (İngiliscə) mart 2015
- ↑ 1 2 "Portrait of the Week: Young Woman, Jean-Honore Fragonard (c 1769)" Arxivləşdirilib 2018-06-25 at the Wayback Machine. The Guardian. (İngiliscə) mart 2015
- ↑ 1 2 Rosenberg, Pierre Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine (1988). Fragonard Arxivləşdirilib 2023-08-08 at the Wayback Machine. Metropolitan Museum of Art.
- ↑ 1 2 "The Age of Watteau, Chardin, and Fragonard: Masterpieces of French Genre Painting" Arxivləşdirilib 2017-05-01 at the Wayback Machine. National Gallery of Art .(İngiliscə) mart 2015
Xarici keçidlər
redaktə