Naxcivan Elektrotexnika Zavodu - Wikipedia
Naxçıvan Elektrotexnika Zavodu- (1961 -ci il) elektrotexnika sənayesi müəssisəsi.[1]
Tarixi
redaktəNaxçıvan Radiotexnika məmulatları zavodu adı ilə 1961-ci ildə yaranmış və 1965-ci ildən indiki adını daşıyır. 1961-1965-ci illərdə müxtəlif radiotexniki hissə və məmulatlar istehsal edilmişdir. Həmin dövrdə zavodda 40 nəfərədək işçi çalışmışdır. Zavod 1965-ci ildən lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatların istehsalına başlamış və 1977-ci ilədək bu məmulatlar zavodun istehsal etdiyi yeganə məhsul olmuşdur. 1977-ci ildən bu məhsulların istehsal həcminin artırılması ilə bərabər, elektrik-quraşdırıcı məmulatların və sənaye işıqlandırıcılarının istehsalı və mənimsənilməsinə də başlanmışdır.
İstehsalı
redaktə1965-1982-ci illər ərzində bu məhsulun konstruksiyasında və istehsal texnologiyasında 5 dəfə ciddi dəyişikliklər aparılmışdır. 1989-cu ildə zavodun ümumi məhsulunun 87,6%-ni lüminessent lampaları üçün işəsalıcı-tənzimləyici aparatlar, 5,6%-ni tikiş maşınları üçün işıqlandırıcılar, 0,3%-ni k. t. üçün işıqlandırıcılar, 6,5%-ni müxtəlif elektrik quraşdırıcı məmulatların istehsalı təşkil edirdi. Həmin dövrlərdə zavodda işləyənlərin sayı 480 nəfərə çatmışdı. SSRI-nin dağılması, iqtisadi əlaqələrin pozulması, respublikada işıq texnikası avadanlıqlarına ehtiyacın xeyli azalması səbəbindən zavod 1992 -cı ilin avqustundan 1994-cü ilin mart ayınadək işləməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (1994) N. e. z. Bakı İstehsalat Birliyinin tərkibindən çıxarılaraq Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə verilmişdir. 1994-cü ilin mart ayından zavodda Naxçıvan Muxtar Respublikasının daxili tələbatına uyğun mallar istehsal edilir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. 380 səh. ISBN 5-8066-1468-9.