Naxcivanin Eneolit Medeniyyeti - Wikipedia
Naxçıvanda Eneolit mədəniyyəti — Naxçıvantəpə, Uçan ağıl, Uzunoba, Ovçular təpəsi[1][2], Sədərək[3], Xələc, Zirincli, Yeniyol, Şorsu, Bülövqaya[4][5] və onlarla digər abidələrin tədqiqi ilə öyrənilmişdir. Naxçıvanın Eneolit mədəniyyəti arxeoloji qazıntıların nəticələrinə görə dörd mərhələyə bölünür.
Naxçıvanın Eneolit mədəniyyəti | |
---|---|
Tərkibində | Azərbaycan |
Coğrafi region |
|
Başlama tarixi | e.ə. 4945 |
Bitmə tarixi | e.ə. 3800 |
Təmsil edən | Qədim türklər |
Təsərrüfat tipi | əkinçilik, maldarlıq |
Tədqiqatçılar | Vəli Baxşəliyev |
Birinci dövr Naxçıvantəpə yaşayış yerinin alt qatları ilə təmsil edilmişdir. Bu mərhələ e.ə. 5-ci minilliyin birinci yarısını, təqribən e.ə. 4945–4600-cü illəri əhatə edir. Bu dövrə aid keramika məmulatı altı qrupa ayrılır. Bu dövr üçün basma naxışlı, daraq basqılı, qırmizı anqoblu keramika xarakterikdir. Sadə keramika məmulatının bir qismi relyef qurşaq və qulaqçıqşəkilli ornamentlə naxışlanmışdır.
İkinci mərhələ Naxçıvantəpə yaşayış yerinin üst qatları, Uçan ağıl və Uzunoba yaşayış yerlərinin arxeoloji materialları ilə təmsil olunur. Bu mərhələ təqribən e.ə. 4600–4400-cü illəri əhatə edir. Naxçıvantəpə yaşayış yerinin üst qatları boyalı keramika məmulatı ilə xarakterizə edilir. Bu tip boyalı keramika həmçinin Kültəpə yaşayış yerindən (Culfa, İran) də çox sayda aşkar olunmuşdur.
Üçüncü mərhələ Ovçular təpəsi yaşayış yeri ilə təmsil olunur. Bu mərhələ e.ə.4400–4000-ci illəri əhatə edir. Bu mərhələ başlıca olaraq daraqvari alətlə çəkilmiş naxışlarla xarakterizə olunur. Lakin məməcik və relyef naxışlı keramika nümunələri də vardır. Keramika məmulatının bir qismi daraq basqısı ilə, bir qismi isə ağız kənarına düzülmüş yuvarlaq dəliklərlə bəzədilmişdir.
Dördüncü mərhələyə e.ə. 4000–3800-cü illərə aid Sirabçay vadisindəki arxeoloji abidələr aid edilə bilər. Bu mərhələdə daraqvari alətlə naxışlama tamamilə aradan çıxır, sadə keramika məmulatı üstünlük təşkil edir. Üçüncü mərhələ üçün xarakterik olan ağız kənarı yuvarlaq dəliklərlə naxışlanmış keramika bu dövrdə də öz inkişafını davam etdirir.[6][7]
İstinadlar
redaktə- ↑ Baxşəliyev V., Marro C., Aşurov S. Ovçular təpəsi (Azərbaycan və ingilis dillərində) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. (2006–2008-ci il tədqiqatlarınin ilk nəticələri / First Preliminary Report: the 2006–2008 seasons). Bakı: "Elm", 2010.
- ↑ Catherine Marro, Vəli Baxşəliyev, Səfər Aşurov. Excavation at Ovçulartepesi (Nakhchivan, Azerbaijan). Second Preliminary Report: The 2009–2010 Seasons // Anatolia Antiqua, XIX, 2011, s. 53–100.
- ↑ Seyiddov A., Baxşəliyev V. Sədərək. Bakı 2011, pp.19–32
- ↑ Baxşəliyev V, Naxçıvanda 2018-ci ilin Arxeoloji Tədqiqatları. Naxçıvan: "Əcəmi". 2019. 103s.
- ↑ Baxşəliyev E, Bülövqaya yaşayış yerinin keramikası. AMEA Naxçıvan Bölməsi, İctimai və humanitar elmlər seriyası. Naxçıvan, "Tusi" — 2021, № 1, Cild 17, s. 94–101.
- ↑ Бахшалиев В. Б. Исследование энеолитических памятников Сирабчайской и Нахчыванчайской долин. Problems of the Archaeology of theCaucasus and Near East. Neolithic — Late Bronze Age. Baku: Институт археологии и этнографии. 2017, с. 108–121.
- ↑ Baxşəliyev V, Quliyeva Z, Həşimova T, Mehbalıyev K, Baxşəliyev E. Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar. Naxçıvan: Əcəmi 2018, 266s.