Nergiz Absalamova - Wikipedia
Nərgiz Absalamova (17 iyul 1998, Bakı) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus; Mikroskop Media, Toplum TV və AbzasMedia da daxil olmaqla bir sıra müstəqil və tənqidçi medialarda çalışıb.
Nərgiz Absalamova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist, reportyor, siyasi məhbus |
Fəaliyyət illəri | 2019— |
Vikianbarda əlaqəli mediafayllar |
Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanmalarla üzləşən Nərgiz Absalamova 2023-cü il noyabrın 30-da "AbzasMedia işi" üzrə şahid qismində ifadəsi alınması üçün getdiyi Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir.
Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır.
Həyatı və təhsili
redaktəNərgiz Absalamova 1998-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. 2004-2015-ci illərdə Sabunçu rayonu 170 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və 2019-cu ildə orada məzun olub. 2019-cu ildə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) jurnalistika təlimlərinə qoşulub və təlimləri uğurla bitirib.
2019-cu ildən başlayaraq, bir neçə müstəqil və tənqidçi media orqanlarında — Mikroskop Media, Toplum TV və AbzasMediada jurnalist olaraq fəaliyyət göstərib. Fəaliyyəti boyunca o, Fem-Utopia platforması və Minority Azerbaijan portalı üçün videomateriallar, şəhər sorğuları hazırlayıb.
Qadın hüquqlarına dəstək məqsədilə o, 2021-ci il martın 8-də Fəvvarələr meydanında baş tutan “8 Marş - Haqlarımız uğrunda” adlı yürüşə qatılıb.
Jurnalist fəaliyyəti
redaktəNərgiz Absalamova peşə fəaliyyətini yerinə yetirən zaman dəfələrlə polis zorakılığı, təqib və təhqirlərlə üzləşib.
2021-ci il avqustun 6-da bir qrup feministin etiraz aksiyasını işıqlandıran zaman Nərgiz Absalamova jurnalist dostları ilə birgə Xəzər Rayon Polis İdarəsinin işçiləri tərəfindən saxlanılıb. Onların idarədə təhdid edilməsi və zorakılığa məruz qalması ilə bağlı səs yazısı yayılıb.
2022-ci il dekabrında Azərbaycan iqtidarının “Media haqqında” yeni qanun layihəsinə qarşı baş tutan etiraz aksiyasında jurnalist fəaliyyətini yerinə yetirən zaman polis zorakılığına məruz qalıb, nəticədə yıxılaraq büzdüm sümüyünü sındırıb.
2023-cü il iyunun 21-də Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin keçirdiyi etiraz aksiyasını işıqlandıran zaman polislərin müdaxiləsi ilə üzləşib. Jurnalist dostu ilə birgə saxlanılıb, telefonu əlindən alınıb, kənddən zorla çıxarılıb.
Nərgiz Absalamova həmçinin "AbzasMedia" platformasında da fəaliyyət göstərib. "AbzasMedia", Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmalarla tanınan müstəqil media plaftormasıdır.
AbzasMedia tərəfindən 2022–2023-cü illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri, xarici işlər naziri Ceyhun Bayramov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi müavini Bəylər Eyyubov, DTX rəisi Əli Nağıyevlə bağlı araşdırmalar, o cümlədən Heydər Əliyev Fondu və PAŞA Holdinq-ə aid tenderlər barədə materiallar dərc olunmuşdur. Həmçinin "Araşdırılmayan cinayətlər" seriyasında metropoliteninin sabiq rəisi Tağı Əhmədov, Slavyan Universitetinin sabiq rəhbəri Nurlana Əliyeva, sabiq Ordu Korpusunun Komandiri Hikmət Həsənov, sabiq mer Hacıbala Abutalıbov, sabiq deputat Elmira Axundova, sabiq nazir Hüseynqulu Bağırov və hazırda maliyyə naziri olan Samir Şərifovun adının hallandığı araşdırılmayan cinayətlər barədə də araşdırma materialları verilmişdir.
Həbs edilməsi
redaktə2023-cü il noyabrın 20-də "AbzasMedia"nın baş direktoru Ülvi Həsənli xarici dövlətə səfər məqsədilə evdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən zaman evinin yaxınlığında saxlanıldı.[1] Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılan Həsənlinin həm evində, həm də "AbzasMedia"nın ofisində axtarışlar aparıldı. Həsənlinin hüquqlarını müdafiə edən Zibeydə Sadıqovanın sözlərinə görə ofisdə 5 saat davam edən axtarış zamanı polislər tərəfindən guya 40 min avro məbləğində pul tapıldı. Noyabrın 20-dən 21-nə ötən gecə "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızı həbs olunacağını bildiyi halda İstanbuldan Azərbaycana qayıtdı. Sevinc Vaqifqızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında polislər tərəfindən saxlanıldı.[2] Elə həmin gün onun mənzilində axtarış aparıldı. Sevinc Vaqifqızının hüquqlarını müdafiə edən Elçin Sadıqov axtarış zamanı heç bir qanunsuz əşyanın tapılmadığını bildirdi. Bununla belə, onların hər ikisinə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açıldı və barələrində həbs qətimkan tədbiri seçildi.[3]
2023-cü ilin noyabr ayında Abzas Media rəhbərləri və əməkdaşları “qaçaqmalçılıq” ittihamı ilə həbs edildikdən sonra Nərgiz Absalamova da eyni iş üzrə noyabrın 23-də Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.[4] Dindirilməsindən bir həftə sonra – noyabrın 30-da o, yenidən şahid qismində Bakı Şəhər Baş Polis idarəsinə dəvət olunub. Lakin şübhəli şəxs qismində saxlanılıb.[5] Ona qarşı Abzas Media rəhbərliyinə qarşı irəli sürülən eyni ittiham - Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi irəli sürülüb.[6] Dekabrın 1-də Nərgiz Absalamova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.[7][8]
Məhkəmədə çıxış edən Nərgiz Absalamova ona qarşı irəli sürülən ittihamları rədd edib və həbsinin digər həmkarları kimi jurnalistika fəaliyyəti ilə, xüsusilə “Abzas Media”nın apardığı korrupsiya araşdırmalarına görə olduğunu söyləyib. İstintaq dövrü ərzində jurnalistin həbs müddəti 3 dəfə uzadılıb. Sonuncu dəfə iyunun 11-də onun barəsində seçilən həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.[9] Onun həbsi beynəlxalq insan haqları təşkilatları və azad media qurumları — Amnesty International,[10] Human Rights Watch,[11] Jurnalistləri Müdafiə Komitəsi [12](CPJ), Avropa Jurnalistlər Federasiyası (EFJ),[13] Norveç Helsinki Komitəsi,[14] o cümlədən, ABŞ Dövlət Departamenti[15] tərəfindən sərt qınanmış və onun dərhal azadlığa buraxılması üçün Azərbaycan iqtidarına çağırışlar olmuşdur.
İstinadlar
redaktə- ↑ ""AbzasMedia"nın direktoru saxlanılıb". Voice of America (az.). 2023-11-20. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Abzas Medianın baş redaktorunun hava limanında saxlanıldığı bildirilir". Voice of America (az.). 2023-11-21. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Məhkəmə Abzas Media xəbər saytının direktoru və baş redaktoru barədə həbs qətimkan tədbiri seçib". Voice of America (az.). 2023-11-21. 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "nergiz-absalamova-sahid-qisminde-dindirildi-yenilenib".
- ↑ ""Abzas Media" saytının əməkdaşı saxlanılıb". Apa.az (az.). İstifadə tarixi: 2024-07-23.
- ↑ alice. "Friday Wrap-up: AbsazMedia case, jailed opposition party member, and EU-Azerbaijan gas deal". MEYDAN.TV (ingilis). 2023-12-01. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Wave of Journalist Arrests Continues in Azerbaijan". www.occrp.org (ingilis). İstifadə tarixi: 2024-07-23.
- ↑ Service, RFE/RL's Azerbaijani. "Azerbaijani Journalist Ordered Detained Amid Clampdown On Independent Media". RadioFreeEurope/RadioLiberty (ingilis). İstifadə tarixi: 2024-07-23.
- ↑ "Jurnalist Nərgiz Absalamovanın həbs müddəti üç ay uzadıldı". Voice of America (az.). 2024-06-11. 2024-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Azerbaijan: Authorities intensifying crackdown on independent media". Amnesty International (ingilis). 2023-12-12. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Even More Journalists Arrested in Azerbaijan | Human Rights Watch" (ingilis). 2023-12-05. 2024-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Azerbaijani journalist Nargiz Absalamova detained for 3 months amid crackdown on Abzas Media". Committee to Protect Journalists (ingilis). 2023-12-01. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Azerbaijan: Authorities intensifying crackdown on independent media". Amnesty International (ingilis). 2023-12-12. İstifadə tarixi: 2024-07-23.
- ↑ "Azerbaijan: Crackdown on critical media ahead of elections". Norwegian Helsinki Committee (ingilis). 2024-01-19. İstifadə tarixi: 2024-07-23.
- ↑ "U.S. Says 'Continues To Be Deeply Troubled' As Wave of Journalist Arrests Continues in Azerbaijan". turan.az (ingilis). 2023-12-02. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-23.