Nefescekme Tecnis - Wikipedia
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri.
Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır.[1]
Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir:
Eşidib bilənlər, arif olanlar,
İnsan neçə şeydə eyləməzmi hüff.
Bir tayfa görübən xəbər olanda,
Cavabın verəndə eyləməzmi hüff.
Xoş dilinən onu təkrar eyləsən,
Cavabın verəndə, ay edər of-of.
Bayqular məskəni yara qalyanı,
Tutubdu dəstinə yar a qalyanı,
Doldurub verəndə yara qalyanı,
Çəkəndə ləbində eyləməzmi hüff.
O şirin ləbindən busə dilədim,
Baxar, başın bular, ay edər of-of.
Gözüm əldə gördü o zərbabını,
Könül həmdəm istər öz ərbabını,
Şərbaf toxuyanda o zərbabını,
Məkiyə tel atanda eyləməzmi hüff.
Məkik atıb şirin karın görəndə,
Bir teli qırılsa, ay edər of-of.
Süvari səməndi bir gündə minə,
Bir gündə atıla, bir gündə minə,
Əjdaha Əsədi bir gün dəminə,
Səra çəkəndə eyləməzmi hüff.
Vəfalı yar qəbrim üstən keçəndə,
Yada salar ağlar, ay edər of-of.
İstinadlar
redaktə- ↑ Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.483-484
Mənbə
redaktə- Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.