Necd Emirliyi - Wikipedia
Nəcd əmirliyi və yaxud İkinci Səudiyyə dövləti — XIX əsrdə Ərəbistan yarımadasında mövcud olmuş dövlət. Nəcd əmirliyi Birinci Səudiyyə Dövləti süquta uğradıqdan sonra, 1824-cü ildə yenidən əvvəlki ərazilərdə, bu dəfə paytaxt Ər-Riyad olmaqla Səud sülaləsi tərəfindən yaradılmışdır. Əmirlik 1824-1891-ci illərdə mövcud olmuşdur.[1] 1891-ci ildə əslən Haildən olan səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi tərəfindən süquta uğradılmışdır.
Əmirlik | |||
Nəcd əmirliyi | |||
---|---|---|---|
|
|||
|
|||
|
|||
Paytaxt | Ər-Riyad | ||
Rəsmi dilləri | Ərəb dili | ||
Dövlət dini | İslam | ||
Ərazisi | Ərəbistan yarımadasının mərkəzi və şərq hissəsi | ||
Əhalisi | ərəblər | ||
İdarəetmə forması | Monarxiya | ||
Sülalə | Səudlar | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBirinci Səudiyyə dövlətinin süqutu
redaktəXVIII əsrin ortalarında əsas ideologiyası Vəhhabilik olan yeni dövlət yarandı. 1744-cü ildə Məhəmməd ibn Səud Birinci Səudiyyə dövlətinin yaranmasını elan etdi. Dəriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud[2] yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Dəriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səud sülaləsi, bütün Nəcdi özlərinə tabe etdilər. Vəhhabilər, tutduqları ərazilərdə bütün şiə ziyarətgahlarını dağıdırdılar. Buna görə də, Qərbi Ərəbistandakı Məkkə şərifliyi onlara qarşı mövqedə idi. Səud sülaləsinin hərbi uğurlarını görən Osmanlı hökuməti bölgəyə hərbi qüvvələr göndərdi. Ancaq, məğlub olan osmanlılar geri çəkilmək məcburiyyətində qaldılar. Osmanlı imperiyası o qədər zəifləmişdi ki, öz əyalətlərinə nəzarət edə bilmirdi və nəticədə Dəriyyə əmirliyi 1802-ci ildə İraqa hücum etdi və Kərbəla şəhərində şiə ziyarətgahlarını dağıtdı. Ardından Məkkə şəhərini ələ keçirsələr də, Ciddə və Mədinə şəhərlərini tuta bilmədilər. 1803-cü ildə Dəriyyə əmiri Əbdüləziz ibn Məhəmməd əl-Səud sui-qəsd nəticəsində öldürüldü və yerinə oğlu Səud ibn Əbdüləziz əl-Səud keçdi. O, 1805-ci ildə Mədinəni və demək olar ki, bütün Hicazı ələ keçirdi.[3]
1805-ci ildən 1810-cu ilə qədər Dəriyyə əmirliyinin İraqa və Suriyaya hücumları davam etdi. Əmirlik Osmanlı dövlətinin nüfuzuna böyük zərbə vururdu. Bu səbəbdən Osmanlı sultanının əmri ilə Dəriyyə əmirliyinə qarşı, 1811-ci ildə Osmanlı sultanının vassalı olan Misir xədivi Kavalalı Mehmed Əli Paşa müharibəyə başladı. Misir hakimi Mehmet Əli Paşanın oğlu Tosun paşanın başçılıq etdiyi ordu 1813-cü ildə Hicaz bölgəsini səudiyyəlilərdən azad etdi. Omanda başlayan üsyan nəticəsində vəhhabi-səudiyyəlilər bu regiondan da çəkilmək məcburiyyətində qaldı.
1814-cü ildə Səud ibn Əbdüləziz öldü. Onun yerinə taxta oğlu Abdulla ibn Səud keçdi. Abdulla ibn Səudun dövründə vəhhabilər, Hicaz, Oman, Bəhreyn və Tihamə üzərində nəzarəti itirdilər.[4] 1817-ci ildə Abdulla ibn Səud mərkəzi Nəcd üzərində nəzarəti itirdi və bir il sonra Səudların son qalası olan Dəriyyə şəhəri də işğal edildi. Səud sülaləsinin bir çox üzvü həlak oldu. Misir ordusunun komandanı İbrahim Paşanın əmri ilə Dəriyyə şəhəri yerlə yeksan edildi. Səudilər ailəsinin bir çox üzvü əsir alınaraq Misirə aparıldı, vəhabi uləmə və tərəfdarları ağır repressiyalara uğradılar. Əmir Abdulla ibn Səud İstanbula göndərildi və orada sultanın əmri ilə edam edilərək başını Bosfor boğazının sularına atıldı.
Yeni Səudiyyə dövlətinin yaranması
redaktəHakimiyyətsiz qalan ərazilərdə xaos baş alıb gedirdi. Nəzarətsiz qalan ərazilərə bədəvilərin qarətçi yürüşləri genişlənmişdi. Üstəlik, zadəgan ailələrin üzvləri hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. Siyasi böhran dərinləşdikcə sağ qalan Səudiyyələrin mövqeləri yenidən güclənməyə başladı. Nəticədə 1821-ci ildə Abdulla ibn Səudun sağ qalmış qohumlarından Türki ibn Abdulla əl-Səud, özünə Ər-Riyadı paytaxt seçərək Osmanlılara qarşı üsyan qaldırdı. Nəticədə 1824-cü ildə İkinci Səudiyyə Dövləti - Nəcd əmirliyi yarandı.
1834-cü ildə Turki öldü, onun yerinə Misir əsarətindən qaçan oğlu Feysal keçdi. Səudların hakimiyyəti altında əmirlik qəbilə üsyanlarını yatıraraq qonşu dövlətləri ona xərac verməyə məcbur edərək tədricən gücləndi.
Misir əsarəti dövrü
redaktəNəcd əmirliyinin güclənməsindən narahat olan misirlilər 1838-cü ildə Ərəbistan yarımadasının Mərkəzinə və Şərqinə yeni hərbi ekspedisiya təşkil etdilər. İbrahim Paşanın amansız qırğınlarını hələ də xatırlayan əhali misirlilərə fəal müqavimət göstərmədi. Fəth olunmuş Ərəbistanın qısa müddətlik Misir hökmranlığından sonra Misir qoşunlarının komandanı Xurşid Paşa, misirlilərə sadiq olan səud sülaləsinin üzvü Əmir Xalidi əmirliyin taxtına oturtdu. 1840-1841-ci illər ərzində misirlilər Ərəbistanı tərk etdilər.
Feysalın hakimiyyətə ikinci dönüşü
redaktə1840-cı ildə misirlilər, ehtimal ki, Osmanlı imperiyasında qarışıqlıq törətmək niyyəti ilə, Feysal ibn Turkini həbsdən azad etdilər. Ağır və şiddətli mübarizədən sonra əmir Feysal ibn Turki 1843-cü ildə əmirliyin paytaxtında qərar tutdu. Özünü Osmanlı Sultanının vassalı elan edən əmir Orta və Şərqi Ərəbistanın növbəti fəthinə başladı. Cebel-Şammar daxili idarəetməni davam etdirərək və öz genişlənməsini Şimali Ərəbistan istiqamətinə yönəldərək, Feysala müttəfiqlik əlaqələri qurdu. Lakin Əl Qasim və Bəhreynin əmirləri səudlara asanlıqla təslim olmadılar.
Dövlətin süqutu
redaktəFeysal ömrünün sonlarında əmirliyin idarəsini üç oğlu - Abdulla, Səud və Məhəmməd arasında böldü. Onun oğlanları isə öz növbəsində əmirlik torpaqlarında məskunlaşan qəbilələr arasında özlərinə dəstək axtarmağa başladılar. 1865-ci ildə Əmir Faysalın ölümü və Abdulla ibn Feysalın hakimiyyətə gəlişindən sonra Abdulla və Səud arasında daxili mübarizə başladı. Şərqi Ərəbistanda olan bütün dövlət qurumları - Osmanlı imperiyası və Britaniya imperiyası da bu mübarizəyə cəlb olundular. Abdullanın 1871-ci ildə Bağdad vəlisi Midhət Paşaya kömək üçün rəsmi müraciəti, osmanlıların Əl-Xasanı ələ keçirmək üçün bəhanə oldu.
1880-ci illərdə Cebel-Şammarda hökmdarlıq edən Rəşidilər fəal şəkildə Ərəbistanda hakimiyyət uğrunda mübarizəyə qoşuldular. 1891-ci ildə səudların əzəli düşmənləri Əl-Rəşidi qəbiləsi İkinci Səudiyyə dövlətini süquta uğratdılar. Bununla Rəşidilər 1890-cı illərdə Ərəbistan yarımadasının mərkəzində yeganə siyasi qüvvə oldular.
Hökmdarları
redaktə№ | adı | hakimiyyət illəri |
qeydlər |
---|---|---|---|
1. | Turki ibn Abdulla | 1824—1834 | |
2. | Mişari ibn Abdürəhman | 1834 | Turkinin əmisi nəvəsi, Əl- Mişari şəcərəsinin nümayəndəsi. |
3. | Feysəl ibn Turki | 1834—1837 | Turkinin oğlu. |
4. | Xalid ibn Səud | 1837—1841 | Birinci Səudiyyə dövlətinin əmiri Abdulla ibn Saudun qardaşı və Turkinin əmisi oğlu. |
5. | Abdulla ibn Sünayən | 1841—1843 | Turki və Mişarinin əmisi nəvəsi, Əs-Sünayən şəcərəsinin nümayəndəsi. |
3. | Feysal ibn Turki | 1843—1865 | 2-ci dəfə |
6. | Abdulla ibn Feysal | 1865—1871 | Faysal ibn Turkinin oğlu. |
7. | Saud ibn Feysal | 1871 | Abdullah ibn Feysalın qardaşı. |
8. | Abdulla ibn Turki | 1871 | Turkinin oğlu. |
6. | Abdulla ibn Feysal | 1871—1873 | 2-ci dəfə |
7. | Səud ibn Feysal | 1873—1875 | 2-ci dəfə |
9. | Əbdürrəhman ibn Feysal | 1875—1876 | Feysalın oğlu. |
6. | Abdulla ibn Feysal | 1876—1889 | 3-cü dəfə |
? | Məhəmməd ibn Səud ibn Feysal | 1887 | Səud ibn Feysalın oğlu Bəzi mənbələrin məlumatına görə müəyyən müddət ərzində Nəcd əmiri olmuşdur.[5]. |
9. | Əbdürrəhman ibn Feysal | 1889—1891 | 2-ci dəfə |
İstinadlar
redaktə- ↑ Front Cover George Walter Prothero, Great Britain. Foreign Office. Historical Section. Peace Handbooks: Turkey in Asia (II), no. 61–66. H. M. Stationery Office, 1920. Pp. 20
- ↑ ""Timeline Saudi Arabia"". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-17.
- ↑ Sauds's campaign for Hejaz and the two holy cities Arxivləşdirilib 2010-09-14 at the Wayback Machine Islam Life online magazine
- ↑ Abdullah bin Saud's capture Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine King Abdullah Ibn Saud Information Resource
- ↑ Мухаммед ибн Сауд ибн Фейсал Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine на сайте allmonarchs.net
Ədəbiyyat
redaktə- История Востока. В 6 тт. Т. IV. Восток в новое время (конец XVIII — начало XX вв.). Кн. 1. — М.: Восточная литература РАН, 2004. — ISBN 5-02-018387-3
Xarici keçidlər
redaktə- Second State of Saudi Arabia
- "The first and second Saudi states" in Saudi Aramco World, January/February 1999, pp 4–11
- Васильев А. История Саудовской Аравии. 1745—1973