Nusabe Arasli - Wikipedia
Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017).[1]
Nüşabə Araslı | |
---|---|
Nüşabə Həmid qızı Araslı | |
Doğum tarixi | 25 mart 1941 (83 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Həmid Araslı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
Elmi adları | professor, AMEA-nın müxbir üzvü |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu "Şöhrət" ordeni |
Həyatı
redaktəNüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub.[2] Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib.[3]
Fəaliyyəti
redaktəAlim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb.[3] 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib.
Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir. O, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Arif Ərdəbili, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa sənətkarların ədəbi irsinin tədqiqi, nəşri, tədrisi işinin mahir ustadıdır.[3]
O, həmçinin Nizami əsərlərinin poetikasını ilk dəfə olaraq külliyyat halında tədqiqata cəlb etmiş, bununla da Azərbaycan və Şərq poetika nəzəriyyəsi tarixinə öz əvəzsiz töhfəsini vermişdir.
Nüşabə Araslı 1994-cü ildən ümumtəhsil məktəblərinin VII sinfi üçün "Ədəbiyyat" dərsliyinin müəllifi, 2004-cü ildən VIII sinif üçün "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.
Nüşabə xanım bir çox xarici ölkələrdə klassik Şərq şeirinin təcrübəli tədqiqatçısı kimi tanınır. 15-ə yaxın məqaləsi xarici elmi nəşrlərdə çap olunmuşdur, klassik Şərq poeziyasının müxtəlif elmi-nəzəri məsələlərinə həsr olunmuş müxtəlif Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Respublikamızda və ondan kənarda (Özbəkistanda, Türkiyədə, İranda) klassik ədəbiyyata dair yazılan elmi kitablarda onun monoqrafiya və məqalələrinə istinadlar edilir.
Nüşabə Araslı 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[3]
Alim 2010-cu ildə professor elmi adını almışdır. AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı 2 may 2017-ci il qərarına əsasən, AMEA-nın müxbir üzvü seçilmişdir.[3]
Nüşabə xanım Araslı 2014-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinə rəhbərlik edir.
Nüşabə Araslı 3 monoqrafiya, 23 kitab (5 tərtib, 18 dərslik ), 150-dan çox elmi məqalənin müəllifidir.[2]
Əsas elmi əsərləri
redaktə- Arif Ərdəbili və onun "Fərhatnamə" poeması. Bakı, 1979
- Nizami və türk ədəbiyyatı. Bakı, 1980
- Nizaminin poetikası. Bakı, 2002
İstinadlar
redaktə- ↑ "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". elm.az (az.). science.az. 02.05.2017. İstifadə tarixi: 2017-05-25.
- ↑ 1 2 "Araslı Nüşabə Həmid qızı". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
- ↑ 1 2 3 4 5 Zəhra Allahverdiyeva. "Müdriklik zirvəsində" (az.). http://www.anl.az. 24 aprel 2021. Archived from the original on 2021-10-21. İstifadə tarixi: 16 fev 2024.
Xarici keçidlər
redaktə- Elmin NURİ. "Elmlər Akademiyasının xanım müxbir üzvləri KİMLƏRDİR..." (az.). https://modern.az. 22 aprel 2015. 15 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2024.
- AMEA-nın müxbir üzvü, Nizamişünas alim Nüşabə Araslı