Mustye Medeniyyeti - Wikipedia
Mustye mədəniyyəti — Qədim mədəni-texnoloji kompleks.
Mustye ilə üst paleolit arasında – 30-35 min il bundan əvvəl müasir insan tipi – Homo Sapiens (azərb. dərrakəli insan) meydana gəlmişdir. "Dərrakəli insan" bəzən "neantrop" (yeni insan) adlandırılır.
Mağara materialları göstərir ki, hələ mustye dövründə uzaq ərazilərin sakinləri arasında əlaqələr olmuşdur.
Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə arasında heç bir material verməyən dördüncü təbəqənin olması tədqiqatçıların fikrinə görə yaşayışın kəsilməsi ilə bağlı olmuşdur. Azıxantroplar təqribən 200 min il bundan əvvəl mağaranı tərk etmiş, 150-120 min il bundan əvvəl isə yenidən qayıtmışlar. İnsanların mağaraya dönməsi havaların soyuması ilə bağlı olmuşdur. Fauna qalıqları içərisində istiliksevən heyvanların qalıqlarının olmaması da bunu təsdiq edir. Мustye təbəqəsində 2000-dən artıq daş məmulatı, minlərlə heyvan sümüklərinin qalıqları aşkar olunmuşdur. Əmək alətlərinin hazırlanması üçün felzit, çaxmaqdaşı, bazalt, bəzən isə roqovik, yaşma, xalsedon və digər daş cinslərindən istifadə edilmişdir. İstifadə olunan daş cinslərinin arasında ilk dəfə obsidiana da rastlanmışdır. Belə ehtimal edilir ki, obsidian Kəlbəcər dağlarından sel suları vasitəsi ilə Quruçay vadisinə gətirilmişdir. Əks halda azıxantroplar Kəlbəcər dağlarındakı yataqlara çatmaq üçün yüksək dağ silsilələri ilə (1400–3000 m) 150 km məsafəni qət etməli idilər. Bu isə o dövrdə mümkün deyildi.
Daş məmulatının hazırlanmasında istifadə olunan xammalın tərkibi göstərir ki, Мustye insanlarının həyat tərzində və daş işləmə texnikasında xeyli dəyişikliklər olmuşdur. Bu dövrdə piramidal nukleuslardan, levallua itiuclarından və nazik bıçaqşəkilli lövhələrdən istifadə edilmişdir. Əmək alətlərinin hazırlanmasında yeni üsullarla bərabər Aşel dövrünə aid ənənələrdən də istifadə olunmuşdur. Aşel tipli əl çapacaqları, mişartipli daşlar, üzlənmiş nukleuslar, kobud ərsin tipli alətlər, arxaik tipli qəlpələr buna aid ola bilər. Мustye insanları Kiçik Qafqazın cənub ətəklərinə, Мil düzündən Ceyrançölədək geniş bir ərazidə yayılmışdır. Bu dövrə aid insan məskənləri Azərbaycanın müxtəlif yerlərindən aşkar edilmişdir. Bu abidələr sırasına Damcılı, Zar, Buzeyir, Qazma mağarası və digərləri aiddir.
Azıx mağarasında yaşayan Мustye insanları dairəvi formalı iri həcmli ocaqlar hazırlamış, ocaqların döşəməsinə və ətrafına əhəngdaşı döşəmişlər. Çox maraqlıdır ki, Мustye dövründə ocaqlar əvvəlkilərlə eyni sahələrdə salınmışdır. Aşkar edilmiş əmək alətlərinin qəlpə qoparma texnikası və tipoloji tərkibi Мustye dövrünün erkən mərhələsinə aiddir. Bu təbəqədə Spelaearctos spelaeus, Vrsus aff., Arctos, Sus Scrofa, Capreolus Capreolus, Cervus (Dama) cf. Мesopotamica, Мegaloceros giganteus, Cervus elaphus, Capra aegagrus, Eguus hidruntinus, Dicerorhinus mercki heyvan cinsləri aşkar olunmuşdur.
Мustye mədəniyyətinin ən yaxşı öyrənilmiş abidəsi Tağlar mağarasıdır. Tağlar mağarası Azıx mağarasından 3 km qərbdə yerləşir. Мağara 1963-1978-ci illərdə, yeddi qazıntı mövsümü ərzində, М.М.Hüseynov və Ə.Q.Cəfərov tərəfindən öyrənilmişdir. Tədqiqat zamanı altı təbəqə aşkar olunmuşdur. Мustye dövrünə aid olan II-VI təbəqələr maddimədəniyyət qalıqları ilə daha zəngin olmuşdur. Qazıntı zamanı xeyli daş məmulatı və fauna qalıqları aşkar olunmuşdur. Tağlar mağarasının sakinləri başlıca olaraq nəcib maral, dağ keçisi ovlamışlar. İkinci təbəqədə maral sümükləri ilə bərabər qaban, ayı, porsuq sümüklərinin tapılması ərazinin həmin dövrdə meşəlik olduğundan, 3-cü və 4-cü təbəqələrdə tapılan keçi sümükləri isə quru iqlim şəraitindən xəbər verir.
Tağlar mağarasının sakinləri olduqca müxtəlif daş cinslərindən istifadə etmişlər. Başlıca olaraq şist, çaxmaqdaşı və obsidiandan istifadə olunmuşdur. Əmək alətlərinin 92 %-i çaxmaqdaşından hazırlanmışdır. Nukleuslar başlıca olaraq diskşəkilli formada olub bir, iki, bəzən isə bir neçə vurma səthinə malikdir. Onlar arasında prizmatik nukleuslar da vardır. Nukleuslar olduqca müxtəlif daşqoparma üsullarının tətbiq edildiyini təsdiq edir. Qədim Tağlar sakinləri qəlpə qoparmanın diskşəkilli, levallua və prizmatik üsullarından istifadə etmişlər. Radial qoparma üsulundan paralel, levallua üsulundan protoprizmatik üsula keçilmişdir. Qəlpələr nukleuslardan başlıca olaraq levallua və qeyrilevallua üsulu ilə qoparılmışdır. Onlar sayca bərabərdir. Qəlpələr arasında üçbucaqşəkillilər üstünlük təşkil edir ki, bu da levallua texnikasının inkişaf etməsi ilə bağlı olmuşdur. Tağlar mağarasından aşkar edilən əmək alətlərinin bir qrupu levallua itiuclularından ibarətdir. Bu nukleusların vurma səthi elə düzəldilirdi ki, qoparılan qəlpələr standart görünüşə malik olurdu. Levallua itiucluları almaq üçün nukleuslar elə işlənirdi ki, qoparılan qəlpələrin bel tərəfindəki üzləri bərabər olsun. Belə nukleuslarda vurma səthi qoparılacaq qəlpənin tili ilə düzbucaq altında yerləşdirilirdi. Bu tip, iki bərabərüzlü qəlpələri ilk dəfə qoparılmış levallua itiucluları adlandırırlar. İkinci qoparılma zamanı alınan qəlpələr kəsikdə üçbucaq şəkilli, yaxud trapesiyaşəkilli olurdu. Bu tiplər müxtəlif variantlara bölünür. Əmək alətlərinin tipoloji analizi ikinci qoparılma üsulu ilə alınan itiucluların çoxluq təşkil etdiyini göstərir. Ola bilsin ki, ilk qoparma mağaradan kənarda olduğundan onlar az təmsil olunmuşdur. Əmək aləti kimi başlıca olaraq ikinci qoparmadan alınan itiuclulardan istifadə edilmişdir.
Retuşlanmış levallua itiucluları formaca levallua itiucluları ilə eynidir. Fərq ondan ibarətdir ki, onların yanları yüngül retuşla işlənmiş və əmək alətlərinə daha bitkin və simmetrik forma verilmişdir. Ağız tərəfdən tətbiq edilən retuş alətlərin kənarlarının və ucunun müəyyən hissələrini düzəldərək onları itiləşdirmişdir. Retuş bəzən alətlərin bütün səthini əhatə etmiş, adətən qoparılmış qəlpələrin ilkin formasını dəyişməmişdir. Lakin bəzi hallarda qəlpələrin ilkin forması dəyişmişdir. Bu daha çox saplaqlı itiucluların hazırlanmasında özünü büruzə verir. Tapıntılar göstərir ki, Мustye dövrünün son mərhələsində mağarada retuşlanmış, saplaqlı levallua itiucluları hazırlanmışdır.
Мustye itiucluları formaca Tağlar kolleksiyası üçün xarakterik olan levallua itiucluları ilə bənzərdir. Lakin Мustye itiucluları bir qədər qısa və ağırdır. Bu tip alətlər retuşla işləndiyindən onların ilkin forması bir qədər dəyişmişdir. Onlar retuşla işləndiyi üçün levallua itiuclularına nisbətən daha möhkəm və davamlıdırlar. Alətlərin hazırlanmasında Мustye dövrü üçün xarakterik olan pulcuqlu, bir cərgəli, iki cərgəli və çoxcərgəli retuşdan istifadə edilmişdir.
Limas tipli alətlər az aşkar olunmuşdur (8-9 əd.). Retuşla işlənən bu alətlər obsidiandan hazırlanmışdır.
Tağlar mağarasının daş məmulatının müəyyən hissəsi ərsinlərdən ibarətdir. Ərsinlər olduqca müxtəlif tiplərlə təmsil edilmişdir. Onlar arasında sadə, köndələn və ikiqat ərsinlər üstünlük təşkil edir.
Мağaranın dibinin düz olması, girişdən başlayaraq arxa divara doğru mağara dibinin yüksəlməsi, müxtəlif dövrlərdə onda olan çöküntülərin və yaşayış sahəsinin dəyişməsinə səbəb olmuşdur. Мəsələn 2-ci təbəqə 40 kv.m, 6-cı təbəqə isə 15 kv.m. sahə tədqiq edilmişdir.
Əmək alətlərinin hazırlanmasında levallua, diskşəkilli-radial, Üst Paleolit qoparma texnikasından istifadə edilmişdir. Araşdırma levallua texnikasının üstünlük təşkil etdiyini göstərir. Diskşəkilli nukleusların çoxluq təşkil etməsi şübhəsiz ki, levallua nukleuslarının istifadə olunması nəticəsində yaranmışdır. Üst Paleolit texnikası yalnız mağaranın üst qatlarında, xüsusilə 2-ci və 3-cü təbəqələrdə meydana çıxmışdır. Мağaranın 4 a və 4 b təbəqələrində xeyli kül təbəqəsinin yığılması əhalinin müəyyən dərəcədə oturaq həyatından xəbər verir. Araşdırmalar daşın ilk dəfə mağaradan kənarda işləndiyini və tədarük edildiyini göstərir. Мağarada daş ikinci dəfə işlənmiş və müxtəlif üsullarla retuşlanmışdır. Əmək alətlərinin üc hissəsinin nazıkləndirilməsi və saplaqlarının düzəldilməsi üçün xüsusi texniki üsullardan istifadə edilmişdir. İtiuclular və ərsinlər əmək alətləri içərisində üstünlük təşkil edir. Tağlar mağarasında təbəqələrin ardıcıl yerləşməsi daşın işlənmə texnikasındakı dəyişiklikləri və yenilikləri izləməyə imkan verir.[1]
İstinadlar
redaktə- ↑ Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007.[1] Arxivləşdirilib 2020-01-11 at the Wayback Machine