Multani Karvansarasi - Wikipedia
Multanı karvansarası — İçəri Şəhərdə XIV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. Karvansara "Multanı" adını Pakistanın Multan şəhərinin adından almışdır. Multanı karvansarası dəfələrlə tədqiq olunmuş, ölçülmüş, 1973–1974-cü illərdə isə abidədə bərpa işləri aparılmışdır.
Multanı karvansarası | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qüllə küçəsi,9 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | restoran kimi fəaliyyət göstərir |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 79 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Kateqoriya | Memarlıq abidələri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçəsi
redaktəMultanı karvansarası Azərbaycanda olan yüzlərlə karvansaradan biridir. Öz xarakterinə görə karvansaralar bir-biri ilə əlaqəsi olmayan çoxlu qonağı eyni zamanda yerləşdirməyə kömək edirdi. Buna görə də təhlükəsizlik naminə, bir-birlərini yaxşı başa düşmələri üçün eyni regiondan gələnlər birlikdə yerləşməyə çalışır, bəzən də getdikləri yerlərdə öz hesablarına karvansaralar inşa etdirirdilər. İçərişəhərdə yerləşən Buxara və Multanı karvansaraları da belə meydana gəlmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm raitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.
Tədqiqatçıların XIV əsrə aid etdikləri Multanı karvansarası XX əsrə dağılmış vəziyyətdə gəlib çatsa da, abidə 1973–1974-cü illərdə bərpa edilmişdir. Abidədən yalnız ticarət küçəsinə və Buxara karvansarasına tərəf çıxan baş qərb fasad, cənub-qərb tindəki otaqlar və giriş portalı salamat qalmışdır. Karvansaranın şərq yarısı isə XX əsrin əvvəlində yaxındakı üçmərtəbəli yaşayış evinin tikintisi ilə əlaqədar olaraq dağıdılmışdır.
İçərşəhərin XVIII – XIX əsrə aid baş planlarında abidənin tam konturu aydın görünməkdədir. Bu məlumatlar, eləcə də abidəniin özünün diqqətlə tədqiqi karvansara haqqında kifayət qədər təsəvvür yaratmağa və bərpa işlərini əsaslandırmağa imkan vermişdir.
Memarlıq xüsusiyyətləri
redaktəMultanı karvansarası ənənəvi kompozisiya sxemi üzrə tikilmiş, ticarət küçəsi tərəfdən birmərtəbəli 35m X 35m ölçülü sadə fasadı və qapalı səkkizbucaqlı həyətə çıxan bir-birindən təcrid olunmuş, yaşayış otaqları olan binadır. Çatma tağtavanla örtülmüş, cənub-qərb tini əmələ gətirən altı yaşayış otağı ilkin vəziyyətini qoruyaraq dövrümüzə çatmışdır. Bu altı otaqdan üçü bir ümumi bir altıbucaqlı çatmatağlı və çox maraqlı tağtavanlı örtü ilə örtülmüş eyvan vasitəsiylə həyətə çıxır, o biri üç otağın isə hərəsinin eyni hündürlükdə, ancaq başqa endə olan öz eyvanı var. Karvansaranın şimal-qərb tinindəki otaqlar salamat qalmamışdır, onların yerində bağça yaradılmışdır.
Karvansaraya giriş dərin tağçalı, çatma tağla tamamlanan baştağ şəklində həll olunmuşdur. Bütöv taxta darvazaların arxasından həyətə çatma tağtavanla örtülmüş keçid başlanır. Keçidin sonu, hündürlüyü, yaşayış otaqları, eyvanlarının bərabər olan çatma tağla qurtarır. Beləliklə səkkizbucaqlı həyətin sıratağını əmələ gətirən tağlar eyni hündürlükdə olmuşdur. Keçidlə yanaşı olan otaqlardan biri zirzəmiyə aparan pilləkənin qəfəsəsinə çevrilmişdir.
Multanı karvansarasının zirzəmisi bu abidənin ən maraqlı hissələrindən biridir. İndi karvansaranın şərq yarısının ərazisini tutan XX əsr yaşayış evi tərəfdən bu zirzəmi deyil, birinci mərtəbədir (onun döşəməsi asfaltan 60 sm aşağıdadır), hazırda karvansara ikinci mərtəbə səviyyəsindədir. Dolayısıyla indi yerüstü görünən hissə karvansaranın ikinci mərtəbəsidir. Birinci mərtəbə və zirzəmi isə yerin altında qalmışdır. Mütəxəssislər[1] qeyd edirlər ki, bu tikinti nə üslub, nə də məkan cəhətdən karvansara ilə əlaqədar deyil. O, silindrik tağtavanla örtülmüş dörd uzun otaqdan ibarətdir. Aşağıdakı bina (yeraltı hissə) şərq istiqamətində davam etmişdir. XX əsrin əvvəlində yaşayış evinin inşası zamanı abidənin bu hissəsi də dağıdılmışdır.
Abidənin əsas inşaat materialı Şirvan-Abşeron memarlıq məktəbi üçün ənənəvi olan xırda bloklar və tikinti daşı kimi istifadə olunan, xırda, dənəvər əhəng daşıdır. Daha qədim olan yeraltı otaqların tağtavanları mürəkkəb əhəng məhlulunda olan düzgün formalı tikinti daşı ilə hörülmüşdür. Tikilinin özülünü təbii formada istifadə olunmuş qaya massivi təşkil edir.
Tikilinin aşağı mərtəbəsi yerin altında yerləşir. Üç böyük zaldan ibarət olan və tacirlərin satacaqları heyvanları saxlamaq üçün nəzərdə tutulan alt mərtəbənin üç qapısı var. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, salonun digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər. Alt mərtəbənin digər zalının qapısı Qız qalasına açılır. Karvansarada "Sim-sim" adlanan zalın eyniadlı qapısı da qeyri-adi təsir bağışlayır. Ona görə ki, qapı "Əlibaba və qırx quldur" nağılındakı məşhur "Sim-sim" qapısını xatırladır. Divarlarda qədim Azərbaycan xalçaları, bəzək əşyaları, xalça və kilimlər, qədim Bakını təsvir edən rəsmlər asılıb. Burada isə əsas məqsəd karvansaraya gələn əcnəbilərdə Azərbaycanın qədim və zəngin tarixi haqqında təsəvvür yaratmaqdır.
Zallara bir az müasirlik gətirən stol-stullar, kreslo və divanlardır. "Sim-sim" zalının girişindəki kiçik dəhlizdə diqqəti çəkən mənzərə Pakistan prezidenti Pərviz Müşərrəfin karvansaraya bağışladığı hədiyyələrdir. Hədiyyələr saxlanılan dolabın üzərində "Pakistanın Multan şəhərindən mətbəx ləvazimatları" yazılıb. Hədiyyələr keramik stolüstü lampa, gül vazası, keramik kassa və piyalə, keramik boşqab, su qazanı, gül vazası, çay dəsti, qazança, ağzı açıq qazan, güzgüdən ibarətdir.
Orta əsrlərdə karvansaraya gələn tacirlər öz heyvanlarını yerləşdirdikdən sonra digər zala keçib pilləkənlə yuxarı – qonaq otaqlarına qalxarmışlar. Bu pilləkən ikinci mərtəbənin həyətinə çıxır. Həyətdə qonaq otaqları yerləşir. Multani karvansarası 10 otaqdan ibarətdir. Maraqlıdır ki, bəzi əşyaları çıxmaq şərti ilə otaqlar da öz qədimliyini olduğu kimi qoruyub saxlayıb.
Multani karvansarası 70-ci illərdən "Restoran-karvansara kompleksi" adı altında fəaliyyət göstərir. Hazırda isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Mənbə
redaktə- "MULTАNI KАRVАNSАRAYI" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
İstinadlar
redaktə- ↑ A. A. Salamova, B. A. Sadıxov – Multanı Karvansarasında bərpa işləri, Azərbaycan abidələri, I, Bakı, 1984, səh 95