Mirze Sadiq Axundzade - Wikipedia
Mirzə Məmmədsadıq Axundzadə (türk. Mehmet Sadık Aran; dekabr 1895, Urud, Zəngəzur qəzası – 28 may 1971, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, yazıçı.[1]
Məmməd Sadıq Aran | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 1971 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəyatının böyük hissəsini Türkiyədə türklüyə və Azərbaycana xidmətdə keçirən, lakin təəssüf ki, şəxsiyyəti, fəaliyyəti və yaradıcılığı hələ də diqqətdən kənarda qalan siyasi-ədəbi mühacirlərdən biri də Mehmet (Məhəmməd) Sadıq Aran olub.
Siyasi mühacirət nümayəndələrinin bir çoxu kimi onun da 1920-ci ildə İran üzərindən keçərək Türkiyəyə üz tutmasının əsas səbəbi Azərbaycanın müstəqilliyi uğrunda mübarizlərin sıralarına qoşulması, qısa ömürlü Azərbaycan Cümhuriyyətinin fəal tərəfdarlarından biri olması idi.
Xatirələrdən də göründüyü kimi, Mehmet Sadıq Türkiyəyə gələnə qədər artıq ziyalı və siyasətçi olaraq bəlli təcrübə qazanmış, əqidə və məslək adamı kimi müəyyən yol keçmişdi. Rus, fars və ərəb dillərini bilməsi, Azərbaycan Cümhuriyyətinin Parlamentində təmsil olunması, türkçülüyün qızğın tərəfdarlarından biri kimi tanınması tezliklə onu Türkiyədəki Azərbaycan mühacirətinin ön sıralarına çıxarmışdı. Mirzə Sadıq Axundzadənin parlamentdə məhz Zəngəzuru təmsil etməsini parlamentin 11 oktyabr 1919-cu il tarixli 82 nömrəli stenoqramındakı aşağıdakı fikir sübut edir: "İclası açmadan bərayi-məlumat xəbər verirəm ki, bugünkü iclasda Zəngəzur nümayəndəsi Cəlil bəy Sultanov iştirak edir. Keçən iclasda yenə haman qəzanın nümayəndəsi olan Mirzə Sadıq Axundzadə iştirak edirdi". [2].
Mehmet Sadıq Aran 1924–1931-ci illərdə Ankarada fəaliyyət göstərən və öz ətrafında Cümhuriyyətin Ə. Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, X. Xasməmmədli, Ş. Rüstəmbəyli, N. Şeyxzamanlı, C. Hacıbəyli, Mir Yaqub Mehdizadə və s. görkəmli nümayəndələrini birləşdirən Azərbaycan Milli Mərkəzi İdarə Heyətinin üzvü olmuşdu. O, eyni zamanda mühacirət mətbuatının fəal xadimlərindən biri kimi tanınmış, müxtəlif qəzet və məcmuələrdə çoxsaylı məqalələr çap etdirməklə yanaşı "Azəri türk", "Yeşil yaprak", "Türk yolu", "Erkenekon" dərgilərinin naşiri, yaxud redaktoru olmuşdu. Sonralar jurnalistlik fəaliyyətini Türkiyənin nüfuzlu "Ulus" və "Cümhuriyyət" qəzetlərində davam etdirmiş, hətta İkinci Dünya müharibəsindən əvvəl bu qəzetlərin İran müxbiri işləmişdir. M. S. Aran uzun müddət həm də Ankaradakı Türk Kültürlərini Araşdırma İnstitutunun əməkdaşı kimi çalışmış, Sənan təxəllüsü ilə milli ruhlu şeirlər yazmışdı.
O, 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə "İran türkləri" kitabını çap etdirmişdi.[3] Kitabın birinci hissəsi İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin tarixinə, ictimai-siyasi həyatlarına, ikinci hissəsi isə dil, ədəbiyyat və mədəniyyət məsələlərinə həsr olunmuşdu. Maraqlıdır ki, həmin kitab Türkiyənin yürütdüyü rəsmi siyasətə zidd sayılaraq İsmət İnönünün göstərişi ilə qadağan edilmişdi.
Məmməd Sadıq Aran 1945–1946-cı ildə Cənubi Azərbaycanda başlayan milli-azadlıq mübarizəsini obyektiv şəkildə işıqlandıran və bu məsələdə keçmiş SSRİ-nin, Böyük Britaniyanın və Pəhləvi rejiminin Azərbaycan xalqına qarşı çevrilmiş siyasətini açıqlayan silsilə məqalələrin də müəllifidir.
İstinadlar
redaktə- ↑ Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 2017-07-08.
- ↑ Kəlbizadə E. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin naxçıvanlı nümayəndələri. "Şərq qapısı" qəzeti, 27.05.2014 [ölü keçid]
- ↑ Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 81. ISBN 978-9952-5661-5-4.
Haqqında yazılanlar
redaktə- Atsız, "Mehmet Sadık Aran", Ötüken dergisi, sayı 92, Ağustos 1971, s 13
- Hacı Nərimanoğlu, "Urudda doğuldu, İstanbulda əbədiyyətə qovuşdu". Bütöv Azərbaycan qəzeti, № 36(168), 17–23 oktyabr 2012-ci il.
Mənbə
redaktə- "Mehmet Sadık Aran". Türk Solu Gazetesi. 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2015.. (türk.)
- Türkiye’de Faaliyette Bulunan Azerbaycanlılar (1920–1991). — Mehmet Sadık Aran (1895–1971), sayfa 186–187. // Tarihten Günümüze Türkiye'de Yaşayan Azerbaycan Türkleri. Yazarlar: Prof. Dr. Aygün Attar ve Doç. Dr. Sabahattin Şimşir. Ankara: Berikan Yayınevi, 2013, 265 sayfa. ISBN 9789752678835