Mirze Mehemmed Sirvani - Wikipedia
Mirzə Məhəmməd Şirvani (1623-1687), üləma, şair.
MİRZƏ MƏHƏMMƏD ŞİRVANİ | |
---|---|
Mirzə Məhəmməd Şirvani | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı şəhəri |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan şəhəri |
Həyatı
redaktəAzərbaycan torpağının yetişdirdiyi məşhur ruhani alimlərdən biri də "Molla Mirza" və "Müdəqqiq Şirvani" ləqəbləri ilə tanınmış Məhəmməd Şirvanidir. Məhəmməd ibn Həsən Şirvani təqribən 1623-cü ildə Şirvan məntəqəsində doğulmuş, amma ömrünün çox hissəsini o dövrün dini elmlər mərkəzlərinin ən qabaqcıllarından sayılan İsfahan şəhərində keçirmişdir. Onun müəllimlərinin arasında Ağa Hüseyn Xansarinin adı xüsusi olaraq qeyd olunmalıdır. Kitablarda "Mühəqqiq Xansari" kimi də xatırlanan Ağa Hüseyn ibn Cəmaləddin 17-ci əsrin ən böyük cəfəri fəqihlərindən sayılırdı. Məhəmməd Təqi Məclisi kimi elm nəhəngindən dərs almış Ağa Hüseyn Xansari fəlsəfə, kəlam və məntiq kimi əqli elmlərdə də dərin biliyə malik idi. O, həm camaat arasında, həm də Səfəvilər sarayında böyük nüfuz qazanmışdı. Hətta Süleyman şah Səfəvi səfərə gedərkən, İsfahanda öz yerinə Ağa Hüseyn Xansarini canişin qoyurmuş. Məhəmməd Şirvani bir müddət İsfahanda təhsil aldıqdan sonra biliyini təkmilləşdirmək məqsədilə İraqa yola düşür və Nəcəf şəhərində məskunlaşır. Lakin Süleyman şah Səfəvi İsfahanda bu böyük alimin şəxsiyyətinə ehtiyac duyaraq, ona qayıtmağı təklif edir. Şirvani hökmdarın dəvətini qəbul edib İsfahana qayıdır və şəhərin Əhmədabad məhəlləsində, şah tərəfindən ona hədiyyə edilmiş evdə yaşamağa başlayır. Məhəmməd Şirvaninin elmi və əxlaqi məqamını təsəvvür etmək üçün alimlərin həyatından bəhs edən biblioqrafik kitablara nəzər salmaq kifayətdir. Belə kitabların birində – Müdərris Təbrizinin "Reyhanətu\\\'l-ədəb" əsərində Molla Mirzə Məhəmməd Şirvani "dərin bilikli, yüksək ixtisaslı, tədqiqatçı alim, elm və əməl sahibi, əqli və nəqli elmləri özündə birləşdirən, fiqh, hədis, kəlam, hikmət və elmi mübahisə sahələrində tayı-bərabəri olmayan" bir şəxs kimi təsvir edilir. Həmçinin, bu kitabda yazıldığına görə, Şirvaninin zehn, hafizə, diqqət, rəy möhkəmliyi və elmi əhatə sahələrindəki uca məqamı sübuta ehtiyacı olmayacaq dərəcədə aşkar həqiqətdir. Elə bu keyfiyyətlərinə görə, Məhəmməd ibn Həsən Şirvanini "Əllamə", "Vəhidu\\\'l-əsr və fəridu\\\'d-dəhr" (zəmanənin və dünyanın yeganəsi), "Sultanu\\\'l-hukəma və\\\'l-mutəkəllimin" (hikmət və kəlam alimlərinin sultanı) kimi epitetlərlə tərifləmişlər. Şirvaninin şagirdi Mirzə Abdullah Əfəndi öz xatirələrində "ustazəna\\\'l-əllamə" (əllamə ustadımız) sözləri ilə öz müəllimindən söz açırdı. Qeyd etmək yerinə düşər ki, Mirzə Abdullah Əfəndi sair müəllimləri sırasında Məhəmməd Təqi Məclisini "ustazəna\\\'l-istinad" (sənəd və etibar sahibi ustadımız), Ağa Hüseyn Xansarini "ustazəna\\\'l-muhəqqiq" (tədqiqatçı ustadımız), Məhəmməd Baqir Səbzəvarini "ustazəna\\\'l-fazil" (fəzilət sahibi ustadımız) ləqəbləri ilə xatırlamışdır. Buna görə də bəzi müəlliflər həmin ləqəbləri müqayisə edərək, belə fikir yürütmüşlər ki, Mirzə Abdullah Əfəndi öz müəllimləri sırasında Şirvanini daha yüksək qiymətləndirmiş və onu digər üç böyük alimdən daha üstün saymışdır. Məhəmməd ibn Həsən Şirvaninin şagirdləri arasında bir neçə nəfər xüsusi şöhrət qazanmışdır. Onlardan biri - yuxarıda adı çəkilən Mirzə Abdullah Əfəndidir. Mirzə Abdullah ibn İsa bəy Təbrizi bir müddət İstambulda yaşadığı üçün, "Əfəndi" ləqəbi ilə məşhurlaşmışdır. Ümumiyyətlə, onun ömrünün yarısı Türkiyə, Xorasan, Azərbaycan, İraq, Şam, Məkkə, Misir və sair diyarlara səfərlərdə keçmişdir. Əfəndi müxtəlif elmlər üzrə, xüsusilə, rical və biblioqrafiya sahəsində misilsiz məharət sahibi olmuşdur. Zəmanəsinin ən böyük alimlərindən dərs almaq şərəfinə nail olmuş Əfəndi, Məhəmməd Şirvaninin də dərslərində iştirak etmiş, "Üsul\\\'i-Kafi", "Təhzibu\\\'l-əhkam" və "Şərh\\\'i-muxtəsəru\\\'l-usul" kitablarını onun yanında oxumuşdur. Mirzə Abdullah Əfəndi təqribən 15 kitabın, o cümlədən, hicri 3-11-ci əsrlərdə yaşamış alimlərin həyatından bəhs edən "Riyazu\\\'l-uləma" ("Alimlər bağçası") əsərinin müəl-lifidir. Şirvaninin başqa bir şagirdi Molla Məhəmməd Əkməl Bəhbəhani olmuşdur. O, cəfəri fiqhini uzun müddətli tənəzzül mərhələsindən xilas etmiş, əxbarilik cərəyanı ilə şiddətli mübarizə aparıb üsul məktəbini qüvvətləndirmiş və "Ustadu\\\'l-əkbər" ("Ən böyük müəllim") ləqəbini almış Vəhid Bəhbəhaninin atasıdır. Şirvaninin şagirdlərindən biri də rical elminə aid olan "Tənqihu\\\'l-məqal" əsərinin müəllifi Şeyx Həsən ibn Abbas Bəlaği Nəcəfi idi. Şeyx Həsən Bəlaği həmin əsərdə öz ustadı haqqında son dərəcə ehtiram və hörmət ilə söz açaraq yazır: "Üsul və füru (yəni əqaid və şəriət) elmlərində ona istinadımız vardır". Kitabda Şirvani "son dövr alimlərinin ən üstünü, dərin bilik sahiblərinin ən kamili, aləmlər içində Allahın ayəti (nişanəsi), tədqiqatçıların seçilmişi, hikmət və kəlam sahiblərinin sultanı" və s. epitetlərlə vəsf olunur. Mirzə Məhəmməd Şirvaninin bir şagirdi də Əmir Məhəmməd Saleh Xatunabadi olmuşdur (vəf. hicri 1116-miladi 1704). Əmir Məhəmməd Saleh Şirvani həm də Əllamə Məhəmməd Baqir Məclisinin kürəkəni idi. Qeyd etmək yerinə düşər ki, Məhəmməd Şirvani, Məhəmməd Təqi Məclisinin kürəkəni, "Biharu\\\'l-ənvar" hədis məcmuəsinin müəllifi Əllamə Məhəmməd Baqir Məclisinin yeznəsi olmaq şərəfinə nail olmuşdur. Məlumdur ki, Məhəmməd Təqi Məclisi öz qizlarını ən savadlı və bacarıqlı ruhani tələbələrə ərə verirdi. Onun Aminə bəyim adlı qızı Molla Məhəmməd Saleh Mazandarani ilə ailə həyatı qurmuşdu. Aminə bəyimin nəvəsi isə Məhəmməd Əkməl Bəhbəhaninin (Şirvaninin tələbəsi) həyat yoldaşı idi. Məclisinin digər qızı ilə Məhəmməd Şirvaninin birgə ailə həyatı da uğurlu olmuşdur. Bu izdivacdan dünyaya gələn Molla Heydər Əli nüfuzlu din xadimi kimi şöhrət qazanmış, "Məsalik" kitabına haşiyə yazmış, Şeyxu\\\'t-taifə Tusinin "Misbahu\\\'l-mutəhəccidin" kitabını yeni tərtibatla hazırlamış, yəni kitabın məzmununu ixtisar etmiş, ona bəzi dua və ziyarətnamələr artırmışdır. Molla Heydər Əli Əllamə Məclisinin qızı ilə, yəni öz dayısı qızı ilə evlənmişdir. Mirzə Məhəmməd Şirvani irili-xırdalı onlarla risalənin müəllifi olmuşdur. Onun risalələri fiqh, üsuli-fiqh, təfsir, əqaid, kəlam, hədis, sərf-nəhv, astronomiya, həndəsə və sair elm sahələrini əhatə edir. Şirvani bəzi məşhur dini mətnlərə də haşiyə və şərhlər yazmışdır. Məsələn, Muhəqqiq Hillinin "Şərayiu\\\'l-İslam", İbn Sinanın "Şəfa", Şeyx Həsən ibn Şəhidi-saninin "Məalimu\\\'d-din" əsərlərinə, Qazi Beyzavinin təfsirinə haşiyə yazmış, Şeyxu\\\'t-taifə Tusinin "Təhzibu\\\'l-əhkam" kitabını şərh etmişdir. Şirvani özündən əvvəlki alimlər tərəfindən qələmə alınmış bəzi məşhur şərh və haşiyələrə də yenidən haşiyə yazmışdır. Bundan əlavə, onun "İmamət", "Cəbr və ixtiyar", "İsbatu vacib-təala" ("Allahın varlığının sübutu"), "Nübuvvət və imamətin isbatı", "Əl-Cəm beynə\\\'l-əxbari\\\'l-mutəarizə" (Zidd hədislərin uyğunlaşdırılması)", "Əl-İhbat və\\\'t-təkfir", "İsalətu\\\'l-bəraə", "Əl-İctihad və\\\'l-əxbar" (digər adı "Məsadiru\\\'l-ənvar"), "Usuli-din" (fars dilində) adlı kitabları, "Həl-Əta" surəsinin bəzi ayələrinə təfsiri və müxtəlif elm sahələrinə (tövhid, nübuvvət, imamət, cənazə namazı, meyit qüslü, zəbahə (heyvan kəsmək), seyd (ov), kainati-covv (kosmosun quruluşu) və s.) aid risalələri də qalmışdır. Mirzə Məhəmməd Şirvaninin dini məsələlərdə dəqiqliyi və ciddiyyəti barədə bu hadisəni misal kimi göstərirlər: Bir gün Şirvani bir qadının dəfn mərasimində iştirak edirmiş. Məlumdur ki, rəhmətə getmiş qadının cənazə namazında dördüncü təkbirdən sonra bu duanı oxumaq müstəhəb sayılır: "Allahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə, nəzələt bikə və əntə xəyru mənzulun bihi…". (Tərcüməsi: "Allahım, həqiqətən, bu, sənin kənizindir, sənin bəndənin və kənizinin qızıdır; o, sənin yanında məskən salıb və sən, yanında məskən salınanların ən yaxşısısan…"). Şirvani həmin duada "mənzulun bihi" əvəzinə "mənzulun biha" oxuyur (ərəb dilində "bihi" kəlməsi kişi cinsi üçün, "biha" kəlməsi isə qadın cinsi üçün istifadə edilir). Dəfn mərasimində iştirak edənlər ona öz etirazlarını bildirirlər. Mirzə Şirvani isə buradakı "biha" kəlməsinin onların fikirləşdiyi kimi Allaha deyil, mərhuma aid olduğunu söyləyir. Sonra o, məhz bu məsələ barədə müstəqil risalə yazır və öz fikrini sübutlarla əsaslandırır. Şirvani şeirdə də öz qələmini məharətlə sınamış və dəyərli sənət nümunələri yaratmışdır. Onun aşağıdakı farsca irfani məzmunlu rübaisi çox məşhurdur:
Yade-to konəm, diləm pür əz xun gərdəd,
V-in dideyi-əşkxiz Ceyhun gərdəd.
Hərçənd ze dide əşke-həsrət barəm,
Dər sinəəm ateşe-ğəm əfzun gərdəd.
Dərin irfani aləmə malik bu rübai Allaha xitabən yazılmışdır. Tərcüməsi belədir: "Səni xatırladıqca qəlbim qanla dolur. Gözümün yaşı axıb Ceyhun çayına dönür. Gözümdən nə qədər sel kimi həsrət yaşı tökürəmsə, sinəmdəki qəm atəşi bir o qədər çox alovlanır". Məhəmməd Şirvani 65 illik şərəfli ruhani ömrü yaşadıqdan sonra, hicri 1098, yaxud 1099-cu ilin ramazan ayının 29-da (miladi təqvimlə təqribən 1687-1688-ci illər) İsfahanda vəfat etmiş, cənazəsi Məşhəd şəhərinə aparılaraq, Mirzə Cəfər mədrəsəsinin sərdabəsində dəfn olunmuşdur.