Mirze Ferec - Wikipedia
Mirzə Fərəc Rza oğlu Rzayev (15 mart 1847, Bakı – 27 mart 1927, Bakı) — Bakı muğam məktəbinin görkəmli nümayəndələrindən biri, tar ifaçısı.
Mirzə Fərəc Rzayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janrlar | muğam, xalq musiqisi |
Musiqi aləti | tar |
Əlaqələri | Mirzə Mansur Mansurov, Seyid Mirbabayev, Cabbar Qaryağdıoğlu, Davud Səfiyarov, Keçəçioğlu Məhəmməd, Zülfüqar Sarıyev |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFərəc oğlu Rzayev 15 mart 1847-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Fərəc 13-15 yalarından toylarda nağara çalmağa başlayır. Xalq məclislərində adlı-sanlı sazəndələrin çalıb-oxumalarını dinləyən gənc Fərəcdə tar çalmaq sənətinə sönməz bir həvəs oyanır. O, tezliklə tar çalmağı öyrənir və ilk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edir. O eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olur və bu məclisdə məşhur Cənubi Azərbaycan sənətkarlarından – tarzən Şirazlı Əlinin, tehranlı kamançaçı Mirzə Səttarın və Sadıqcanın çalğısını dönə-dönə dinləyir. Hətta o, Şərq musiqisini dərindən öyrənmək məqsədi ilə bir müddət İranda yaşayır, fars və ərəbdillərini öyrənir. O, ərəb, yunan və fars alimlərinin musiqiyə dair əsərləri ilə yaxından tanış olur. Məhz buna görə də Mirzə Fərəc müasirləri içərisində məşhur bir musiqişünas kimi də tanınır. Qocaman musiqiçi Mirzə Mənsur Mirzə Fərəcin bütün muğamların tarixini, hissə və şöbələrini mükəmməl bildiyini söyləyirdi.
İfaçılıq sənəti Bakı (Abşeron) muğam ifaçılığı məktəbi ilə bağlıdır. Tar ifaçılığını tarzən Şirazlı Əlidən öyrənmiş, sənətini təkmilləşdirmək məqsədilə bir müddət İranda yaşamış və muğam sənətinin dərin sirlərinə yiyələnmiş, qədim musiqi traktatları ilə tanış olmuşdur.
Mirzə Fərəc xanəndələrdən Seyid Mirbabayev, Cabbar Qaryağdıoğlu və Davud Səfiyarov ilə bir neçə il əməkdaşlıq etmişdi.
Mirzə Fərəc 1905-ci ildən sonra Keçəçi oğlu Məhəmmədin dəstəsinə qoşulur. O, Keçəçi oğlunu nəinki xalq şənliklərində, hətta konsert və «Şərq geçələri»ndə belə müşayiət edir. 1907-ci ilin yanvar ayında Bakıda ilk «Şərq gecəsi»ndə Mirzə Fərəc xanəndə Keçəçi oğlu Məhəmmədi müşayiət etmiş, həm də «Humayun» muğamını məharətlə çaldığı üçün dinləyiciləri heyrətə gətirmişdi. Mirzə Fərəc Cabbar Qaryağdı oğlundan və Keçəçi oğlu Məhəmməddən başqa, xanəndələrdən Seyid Mirbabayevi, Davud Sofiyarovu, Zülfüqar Sarıyevi də bir neçə il müşayiət etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Mirzə Fərəc gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. O, Şərq konservatoriyasında (1920—1921-ci illər), Ramana fəhlə klubunda (1923), Bakı Şəhər musiqi texnikumunda (1924-1926-cı illər) tar dərsi demiş, öz bilik və təcrübəsini gənc tarzənlərə öyrətmişdir. Mirzə Mansur Mansurov, Paşa Əliyev kimi bir sıra görkəmli tarzənlər Mirzə Fərəcin tələbələri olmuşlar. İstedadlı bəstəkar Ağabacı Rzayeva isə tarzən Mirzə Fərəcinin nəvəsi idi. Şərq konservatoriyasının rektoru professor Saşa Oqanezaşvilinin yaratdığı və rəhbərlik etdiyi «Şərq orkestri»ndə Mirzə Fərəc də bir tarzən kimi yaxından fəaliyyət göstərmişdir. O, muğam ustası, eyni zamanda bilikli bir tar müəllimi kimi məşhur idi.
Üzeyir Hacıbəyovun rəhbərliyi ilə 1925-ci ildə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak etmiş, "Muğam komisyonu"nun üzvü olmuşdur.
O, ömrünün 60 ilini öz sədəfli tarı ilə Azərbaycan musiqisinin təbliği işinə həsr etmiş fədakar tarzən idi. Onun tərtib etdiyi muğam cədvəlləri o dövrün muğam ifaçılığı təcrübəsində mövcud olan muğamlar, onların tərkibindəki şöbə və guşələr barədə dolğun məlumat verir və müasir musiqi elmi üçün mühüm əhəmiyyətə malikdir.
Mirzə Fərəc 1927-ci ildə 80 yaşında Bakıda vəfat etmişdir.