Mirze Eli Mehemmed Aga - Wikipedia
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri.
Mirzə Əli Məhəmməd Ağa | |
---|---|
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ bəylərbəyliyi, Əfşarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat səbəbi | edam |
Uşaqları | Seyid Şahməhəmməd ağa, Seyid Mirzə Xanməhəmməd ağa, Mircəfər ağa |
Həyatı
redaktəVəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi.
Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı.
Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur.
Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur.
Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir. Osmanlı bu yardımı vəd etmiş, lakin yubatmışdır. Elə bu missiyasına görə də 1797-ci ildə, Ağa Məhəmməd Şah Qacar Şuşa qalasını fəth edərkən Seyyid Vəziri edam etdirmişdir. Tarixçi Rzaquli bəy Vəzirov yazır: "Axundu ( Molla Pənah Vaqifi) və həmrahı Əli Məhəmməd Ağa Sofuoğlunu bir yerdə tutub hüzura gətirdilər..." İbrahim Xanın əsas saray əyanlarından olan 5 nəfər həmin gün Qacar Şahın cəlladları tərəfindən çarmıxa çəkilib işgəncə ilə edam edilmiş, lakin Seyyid Vəzirin edamı fərqli şəkildə həyata keçirilmişdir. Qarabağ salnamələrində qeyd olunur ki, şəriətə görə seyyid qanı torpağa axarsa o yerdə fəlakət qopar, Seyyid Vəzirin qanının torpağa tökülməməsi üçün, Ağa Məhəmməd Şah Qacar Əli Məhəmməd Ağa Sofuoğlunu öz şalı ilə boğdurdu.
Seyyid Vəzir Qarabağ dövlətinin müstəqilliyi və mənəvi rifahı uğrunda böyük dövləti xidmətlər göstərmiş və dəfələrlə İbrahim Xandan və atası Pənah Xandan özü, qardaşları və oğulları mükafat olaraq torpaq payı almışlar.
Mirzə Əli Məhəmməd Ağa Sofuoğulları (Sufioğlu) şəcərəsinə mənsubdur. Sofuoğulları Qarabağa Azərbaycanın Güneyindən gəlmişlər və o zamana kimi Nadir Şah Avşarın sarayında çalışmışlar. Sofuoğullarının Qarabağda ilk doğum təvəllüdləri 1747-ci ilə təsadüf edir. Yeddinci imam Museyi-Kazımın nəslindən olduqlarından onlara Qarabağda Musəvi seyidləri deyilmişdir. Peyğəmbər nəslindən olduqlarını sübut edən 12 möhürlü şəcərə sənədinin əsli hazırda Tiflis Dövlət Arxivində saxlanılır. Sənəd rus işğalından sonra ruscaya çevrilmiş və dövlət notarisunun təsdiqi ilə dövlət qeydiyyatına alınmışdır. Rusiya Azərbaycanı işğal etdikdən sonra vergi sisteminin tətbiqi üçün zümrələri ayrı-ayrı qeydiyyata almış, müsəlman dövlətlərinin və toplumlarının qaydalarına uyğun olaraq peygəmbər övladları bəzi dövlət vergilərindən, o cümlədən torpaq vergisindən azad edilmişdir. İri torpaq sahibi olan Vəzir oğulları rus işğalı dövründə mülkədar-bəy imtiyazları ilə yanaşı şəcərə imtiyazları əsasında da müəyyən dövləti statuslara malik olmuşlar. Bu imtiyazlar Rusiya çarlıq rejiminin bolşevik rejiminə keçməsinə kimi davam etmişdir.
Görkəmli dövlət adamı, alim, həkim, "Qarabağnamə" müəllifi Mirzə Camal Cavanşir Seyyid Mirzə Əli Məhəmməd Ağanın bacısı oğlu və yetirməsidir. Seyyid Vəzirin edamından sonra ana tərəfdən seyyid şəcərəsinə mənsub olduğu üçün həmin sahə üzrə vəzirliyi Mirzə Camal Cavanşir yürütmüşdür. Vəzir Mirzə Əli Məhəhəmməd Ağanın Seyid Şahməhəmməd ağa, seyid Mirzə Xanməhəmməd ağa, Mircəfər ağa adlı oğulları olmuşdur.
Seyid Şahməhəmməd ağa mükəmməl mədrəsə təhsili almış, İbrahim Xanın divanxanasında divanbəyi olmuşdur. Saray protokoluna görə xandan və baş vəzirdən sonra gələn divanbəyi xanlığın daxili əminamanlığına, təhlükəsizliyinə nəzarət edir, xanın ədliyyə vəziri hesab olunurdu. Divanda siyasi suçlular, ağır dövləti cinayət işləmiş adamlar şəriət qaydalarına əsasən mühakimə olunduğundan divanbəyi adətən seyyid kökənli olmalı, cəddi qarşısında Allahın ədaləti ilə hökm etmək məsuliyyətini daşımalı idi.
Seyid Şahməhəmməd ağanın nəticəsi Yusif Vəzir Çəmənzəminli yazır: "Şahməhəmməd cəsur, əmrə tabe, yeri gələndə xanın qəzəbini söndürəcək hərəkətə hazır bir adam idi. Lakin ...zahiri çox çirkin idi, iri çopur burnu, yoluq qaşları, xırda sönük gözləri vardı. ...danışdımı, adamı qorxu hissi bürüyürdü. Bu qorxu hər kəsə aid idi. Ölkənin aşağıdan yuxarıya, heç bir təbəqə və sinfi xanın qəzəbindən yaxa qurtara bilməzdi, bu qəzəb də çox zaman Şahməhəmmədin vasitəsi ilə icra olunardı."
Seyid Şahməhəmməd ağa təxminən 1822-ci ildə vəfat etmişdir. Yusif Vəzirin qeydlərinə görə divanbəyini öz ata ocağında yatan ilan vurmuşdur. Görkəmli jurnalist, pedaqoq, tərcüməçi, tənqidçi, mətbuat fədaisi, mətbəə işinin banilərindən və "Difai" ilk siyasi təşkilatının qurucularından biri olan Haşım bəy Vəzirov Seyyid Şahməhəmməd ağanın nəvəsidir. 26 Bakı komissarından biri olan Mir Həsən Seyid Kazım oğlu Vəzirov Seyid Şahməhəmməd Ağanın nəticəsidir. Vəzir Mirzə Əli Məhəmməd Ağanın ikinci oğlu Mirzə Xanməmməd Ağa ibtidai təhsilini atasından almış, sonradan mədrəsə oxumuşdur. Yüksək təhsilli və alim bir adam olduğundan mirzə adı daşıyırdı. İbrahim xanın nədimi, yəni həmsöhbəti idi. İbrahim xan həlak olduqdan sonra Mirzə Xanməmhəmməd ağa onun oğlu Mehdiqulu xana xidmət etmişdir. Mehdiqulu xan Mirzə Xanməhəmməd ağanın xidmətlərini yüksək qiymətləndirmiş, ona xanlıq ərazisindən bir neçə kənd bağışlamışdır.
Dövrünün görkəmli elm adamı və maarifpərvəri Mirzə Rüstəm bəy Vəzirov Mirzə Xanməmməd ağanın ikinçi oğludur. Mirzə Rüstəm bəy Gövhər Ağa İbrahim Xan qızının yanında mirzə işləmiş, böyük xeyriyyə və maarifçilik siyasəti həyata keçirən xanqızının dəftərxanasına rəhbərlik etmişdir. Nücum elminə aid məşhur əsərlərin üzünü köçürmüşdür. Mirzə Rüstəm bəy Vəzirovun əlyazmaları və 70 möhürlü zəmanət sənədi Vəzirovların ailə arxivində saxlanılır.
Görkəmli dramaturq Nəcəf bəy Vəzirov Mirzə Xanməhəmməd Ağanın nəvəsidir. Sovet İttifaqı Qəhrəmanı Aslan Fərhad bəy oğlu Vəzirov Mirzə Xanməhəmməd ağanın ikinci qurşaq nəvəsidir. Yazıçı Mehriban Vəzir Mirzə Xanməhəmməd ağanın dördüncü qurşaq nəvəsidir.
Qarabağ Vəzirovları Vəzir Mirzə Əli Məhəmməd Ağa Sofuoğlunun və Vəzir Mirzə Camal Cavanşirin övladlarıdır. Azərbaycan üçün ənənəvi olan kuzen evliliklər qan qohumu olan bu iki vəzirin övladları arasında yüzillərlə davam etmişdir. İki səbəb üzündən – həm ailə mülkiyyətinə yad şərikin daxil olmaması, həm də seyid qanının digər qanlarla qarışıb itməməsi üçün qohum evlilik adətinə bu nəsillər arasında uzun müddət əməl edilmişdir. Hər iki vəzir – Sofuoğlu və Cavanşir Qarabağ-Şuşa kökənli Vəzirovların ulu babalarıdır.
Vəzir Mirzə Əli Məhəmməd Ağa Sofuoğlunun və Vəzir Mirzə Camal Cavanşirin nəsli olan Vəzirovlar soyu son 200 ildə Azərbaycan mədəniyyətinə və ictimai-siyasi fikir tarixinə bir çox görkəmli xadimlər bəxş etmişdir.
Xalq qəhrəmanı, 20-ci əsrin əvvəllərində baş qaldırmış erməni təcavüzünün qarşısında sipər olmuş Cəfər bəy Vəzirov, Azərbaycanın ilk dağ mühəndisi Fərrux bəy Vəzirov, çar Rusiyasının polkovniki Əbdürrəhim bəy Vəzirov, Kiyev Politexnik İnstitutunun məzunu Cəmil Vəzirov, görkəmli inqilabçı Camal Vəzirov, maarifçi və pedaqoq Sara xanım Nəcəf bəy qızı Vəzirova, görkəmli dövlət xadimi Süleyman Vəzirov və bir çox dövlət məmurları Vəzir Seyyid Mirzə Əli Məhəmməd ağanın və Vəzir Mirzə Camal Cavanşirin birgə davam edən nəslidir.
Övladları
redaktəSoykökü
redaktə- Yusif Vəzir Çəmənzəminli (ata xətti Seyyid Vəzir)
- Haşım bəy Vəzirov (ata xətti Seyyid Vəzir)
- Nəcəf bəy Vəzirov (ata xətti Seyyid Vəzir)
- Mir Həsən Vəzirov (ata xətti Seyyid Vəzir)
- Süleyman Vəzirov (ata xətti Mirzə Camal Cavanşir)
- Aslan Vəzirov (ata xətti Seyyid Vəzir)
- Əbdürrəhman Vəzirov (ata xətti Mirzə Camal Cavanşir)
- Mehriban Vəzir (ata xətti Seyyid Vəzir)
- Yusif Orxan oğlu Vəzirov (ata xətti Seyyid Vəzir)
Üzünü köçürdüyü kitab
redaktəMirzə Rüstəm bəyin üzünü köçürdüyü kitab:
- Müəllif: Məhəmmədbağır ibn Məhəmmədtağı
- Əsər: İxtiyarat
- Katib: Rüstəm Mirzə Xanməhəmməd oğlu Qarabaği
- Tarix: hicri 1264, miladi 1847.