Mir Seyid Eli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mir Seyid Mir Müsəvvir oğlu Əli (XVI əsrin əvvəlləri—?) — mənşəcə Azərbaycan türklərindən olan miniatürçü rəssam.
Mir Seyid Əli | |
---|---|
| |
Doğum tarixi | 1510-cu illər |
Doğum yeri | |
Vəfat tarixi | 1572[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, müzəhhib[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Londonda Britaniya muzeyində Nizami "Xəmsə"sinin unikal bir əlyazması saxlanılır. Həmin əlyazma 1539-1543-cü illərdə şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən kamil bədii əlyazması, Şərqin kitab incəsənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla zəngindir, səhifələri kənarlarında qızıl suyu ilə işlənmiş siluet təsvirləri çəkilmişdir.[3]
Əlyazmaya daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Həmin rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə-Əli, Mir Seyid Əli və Müzəffər Əlidirlər. Əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurinin belə bir qeydi indiyə qədər heç kəsdə şübhə doğurmur: "Ruzigarın gözü belə şey görməmişdir". Əlyazma nüsxəsindəki ən gözəl miniatürlərdən biri, "Məcnun Leylinin çadırı yanında" əsəri Sultan Məhəmməd məktəbinin layiqli davamçısı Mir Seyid Əlinin fırçasından çıxmışdır. Bu böyük rəssamın dünyanın digər muzeylərində saxlanan "Leylinin elçiliyi", "Musiqi məclisi", "Bəhram Gur və çoban" miniatürləri də yüksək ustalıqla işlənilmişdir.
Həyat və yaradıcılığı
redaktəMir Seyid Əli XVI əsrin əvvəllərində məşhur miniatürçü rəssam Mir Müsəvvirin ailəsində anadan olub. O yaxşı təhsil görmüşdü və Cüdai təxəllüsü ilə müasirləri arasında böyük rəğbətlə qarşılanan lirik şerlər yazmışdı. İlkin təsviri sənət təhsilini atasından alan rəssam sonradan şah kitabxanasında öz ustalığını artırmışdı. Həmin dövrdə orada Behzad, Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas kimi sənətkarlar çalışırdı. Mir Seyid də bu zaman sənətkarların yanında gözəl bir məktəb keçir. Artıq otuzuncu illərdə o, müstəqil işləməyə başlayır. Haqqında danışdığımız əlyazma üçün miniatür çəkməyin ona həvalə olunması isə artıq bir sənətkar kimi yetişdiyindən xəbər verirdi.
Tanınmış Azərbaycan rəssamı, sənətşünas, şair və təzkirəçi Sadiq bəy Əfşar rəssam haqqında yazırdı: "Mir Seyid Əli öz işinin ustası sayılan və mərhum şah Təhmasibin kitabxanasında çalışan rəssamlardan Mir Müsəvvirin oğlu idi. Mir Seyidin özü incə nəqqaş və gözəl müsəvvir (rəngkar) idi. Xırda bir mübahisə ucundan o, Azərbaycanı tərk edərək, Hindistana getmiş və Cəlaləddin Əkbərin vaxtında böyük şərəfə və şöhrətə layiq görülmüşdü."
Sənətkarın atası Mir Müsəvvirin yaradıcılığı barədə olduqca az şey məlumdur. Çağdaş elmə onun cəmisi bir miniatürü məlumdur. Həmin əsərdə saray masasının müdiri Sirxan bəy Süfrəçi təsvir olunub. Mənbələrdən məlum olur ki, Mir Müsəvvir xəttatlıq və təsviri sənətlə maraqlanan şah Təhmasibin müəllimlərindən olub.
Böyük Moqollar sülaləsindən olan hind imperatoru Humayun vətənindən qovulduğu müddətdə Təbrizdə I Şah Təhmasibin sarayında yaşayırdı. Buradakı saray kitabxanasının və bədii emalatxanaların işi ilə tanış olduqdan sonra Humayun Hindistana qayıdanda belə bir şeyi öz sarayında da düzəltmək qərarına gəlir. Onun diqqəti daha çox Mir Seyid Əlinin üzərində cəmləşir və hələ Təbrizdə ikən imperator rəssama Əmir Həmzə dastanına miniatürlər çəkməsini tapşırır.
Taxtını geri qaytarandan sonra Humayun Mir Seyid Əli və bir sıra başqa rəssamları öz yanına çağırır. Hindistana getdikdən sonra Mir Seyid Əlinin təbrizli rəssam Səməd Şirazi ilə birlikdə yaratdığı əsərlərdən biri "Teymurun evi" adlı pannodur ki, burada da Teymurilər sülaləsinin nümayəndələri təsvir olunmuşdur. Həmin əsərə görə Humayun ona "Nadir ül mülk Humayun şahi" ləqəbini vermiş və Əmir həmzə dastanının 16 cilddə nəzərdə tutulan və 2400 illüstrasiya ilə bəzədilməli olan unikal əlyazmasının işlənməsinə ümumi rəhbər təyin edir. Həmin kitabın köçürüldüyü vərəqlərin ölçüsü az qala bir metrə çatırdı. Kitabın hər cildi xüsusi olaraq hazırlanmış sandıqda saxlanırdı. Bu əlyazmanın üzərində Mir Seyid Əlinin rəhbərliyi ilə 30-dan artıq rəssam işləmişdi. Buna baxmayaraq, şahidlərin söylədiklərinə görə, hələ 1570-ci ildə Mir Seyid Əli Məkkəyə ziyarətə gedərkən kitabın yalnız 4 cildi hazır idi.
Mir Seyid Əlinin adı bədii sənət ənənələri baxımından çox zəngin olan Azərbaycan, İran və Hindistan kimi ölkələrin tarixinə əbədilik yazılmışdır. Mir Seyid Əlinin yaradıcılıqı və onun təmsil etdiyi Təbriz rəssamlıq məktəbinin Hindistanda Moğol miniatür məktəbinin yaranmasında xidmətləri hamı tərəfindən qəbul olunur. Necə ki, Təbriz rəssamlarından Şah Qulu Təbrizi, Vəlican, Kamal Təbrizi kimi sənətkarların Türkiyə miniatür sənətinin inkişafında xidmətləri danılmazdır.
Şəkil
redaktə-
"İbn Salamın elçiliyi", Xəmsəyə çəkilmiş miniatür, 1540-cı illər
-
Sarayda gecə həyatı, Xəmsəyə çəkilmiş miniatür, 1540-cı illər
-
Gənc yazıçı portreti, 1550-ci illər
İstinadlar
redaktə- ↑ Mir Sayyid Ali Nadir al-Mulk // The Stuttgart Database of Scientific Illustrators 1450–1950.
- ↑ Canby S. R. Mir Sayyid ‛Ali // Mir Sayyid ‛Ali (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T058618
- ↑ "Mir Seyid Əli". 2008-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-13.