Mir Mohsun Nevvab - Wikipedia
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa[1] – 1918[1], Şuşa[1]) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur.
Mir Möhsün Nəvvab | |
---|---|
Mir Möhsün Nəvvab Hacı Mir Əhməd oğlu Ağamirov | |
Doğum adı | Mir Möhsün Nəvvab |
Doğum tarixi | 1833 |
Doğum yeri | |
Vəfat tarixi | 1918[1] |
Vəfat yeri | |
Uşaqları |
Nəvəsi: Sadıqov Rəhim Nəticəsi: Sadıqov Elçin Kötücəsi: Sadıqov Afər |
Fəaliyyəti | rəssam, yazıçı, xəttat, musiqişünas, ədəbiyyatşünas |
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, "Məclisi-fəramuşan" adlı ədəbi[2], "Məclisi-xanəndə" adlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı və müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər Şuşadakı "Məclisi-üns", Şamaxıdakı "Beytüs-Səfa", Bakıdakı "Məcməüş-şüəra" ilə sıx saxlayırdı.
Yaradıcılığı
redaktəMir Möhsünün əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur. Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı "Kifayətül-ətfal" kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. "Nəsihətnamə" əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi.[2] Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun Kifayətül-ətfal, Nurül-Ənvar" və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır. Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur)[2]. Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi,Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir. Muğamların emosional təsiri haqqında Nəvvab yazır ki, Üşşaq, Busəlik və Nəva şücaət və hünər göstərməyə ruhlandırır, Bozarq, Rahavi, Zəngulə, Zirəfkəndi, Hüseyni kədərli duyğular oyadır. Nəvvab musiqinin müalicəvi əhəmiyyəti barədə də bir sıra maraqlı fikirlər söyləyir. Əsər bu sözlərlə bitir: "Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır." Ömrünün bir neçə onilliyini Nəvvab yaradıcılığının tədqiqinə həsr etmiş musiqişünas Zemfira Səfərova yazır: "Vizuhül-ərqam keçən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir." Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda və onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.
Nəvvabın məktəbi
redaktəXIX yüzilin doxsanıncı illərində fəaliyyətə başlamışdır. Burda Azərbaycan dili, ədəbiyyat, fars dili və digər fənlər tədris edilir, dünyəvi elmlərdən məlumat verilirdi. Mir Möhsün Nəvvabın çox mühüm xidmətlərindən biri öz məktəbində tədris etmək üçün dərslik və dərs vəsaitləri ("Kəşf-ül-həqiqə", Kifayət-ülərqam" və "Nəsihətnamə" adlı dörd dərsliyi) tərtib etməsi idi.
Kitabları
redaktə- Nəvvab M. M. Nəsihətnamə, Bakı, Azərbaycan nəşriyyatı, 2005, 56 s.
- "Təvarixirəzm və şurişi tayifeyi-əraməniyeyi — Qafqaz ba firqeyi müsəlmanan" ("Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri") əsəri[3]
- Nəvvab M. M. 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, Azərbaycan nəşriyyatı, 1993, 128 s.
- Nəvvab M. M. Divan, Bakı, Şuşa, 1999, 192 s.
- Nəvvab M. M. Təzkireyi-Nəvvab, Bakı, Azərbaycan nəşriyyatı, 1998, 560 s.
- Nəvvab M. M. Avropa ibtidai musiqi savadı dərsliyi. Bakı, 1995.
- Nəvvab M. M. Vüzuh-ül-Ərqam, Bakı, Elm, 1989, 84 s.
Nəvvabın qəbirüstü abidəsi
redaktə1957-ci ildə Tokay Məmmədov Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. 1960-cı ildə YUNESKO tərəfindən məzarda təmir işləri apalmışdı. 1992-ci ildə Şuşanın işğalından sonra başqa tarixi abidələrimiz kimi Nəvvabın qəbri də ermənilər tərəfindən dağıdılmışdır.[4][5] "Cıdır düzündə ana babası Mir Fəseh ağanın adı ilə adlandırılan qəbiristanlıqda Molla Pənah Vaqifin məqbərəsinin yaxınlığında Mir Möhsün Nəvvab Qarabağının qəbirüstü abidəsi vardı.
“Böyük Nəvvaba, heyiflər olsun! Öz dövrünün arif, kamil şəxsiyyəti olmuşdur. Seyidin nəsli, peyğəmbərin pak övladı bir çox kitablar yazmışdır ki, cahanda yadigar qalsın. Allah ona rəhmət eləsin hər vaxt gecə-gündüz. Nəvvab 1919-cu il rəbiləvvəl ayının 29-da vəfat etmişdir”.!Mir Möhsün Nəvvabın oğlu Mir İbrahim Ağamirzadə qəbir daşı üzərində maddeyi-tarix yazmışdı:
1960-cı ildə UNESKO-nun xətti ilə Mir Möhsüm Nəvvab Qarabağının qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulmuşdu. Onun müəllifləri heykəltaraş Tokay Məmmədov və memar Rasim Əbdürrəhmanov idi.[6]
2023-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı" adlı kitab işıq üzü görmüşdür[7].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Навваб Мир Мохсун // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 H. Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 192.
- ↑ [1] [ölü keçid]
- ↑ "M.M.Nəvvabın qəbri". www.azadshusha.com. İstifadə tarixi: 4 iyun 2022.[ölü keçid]
- ↑ "Şuşa qalasında qəbirüstü abidələr". anl.az. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
- ↑ "uşa qalasındakı məşhur qəbirüstü abidələr". www.anl.az. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
- ↑ Real TV. "Mir Möhsün Nəvvaba həsr olunan kitab - Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib" (az.). Youtube.com. 14.06.2023. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-15.
Mənbə
redaktə- Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. "M.T.Sidqi və M.M.Nəvvabın pedaqoji ideyaları".Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı:Ünsiyyət.
Xarici keçidlər
redaktə- QARABAQLI MİR MÖHSÜN NƏVVAB
- MUSİQİ SƏNƏTİNİN İNKİŞAFI TARIXI
- "Qarabağın görkəmli şəxsiyyətləri:Mir Möhsün Nəvvab (1833-1918)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Mir Möhsün Nəvvabın Cıdır düzündəki məzarı bərpa olunub