Mehbali Qasimov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qasımov Mehbalı Məhəmməd oğlu (18 may 1906, Culfa rayonu – iyul 1963) — Azərbaycan elm xadimi, fəlsəfə elmləri doktoru, professor.
Mehbalı Qasımov | |
---|---|
Mehbalı Məhəmməd oğlu Qasımov | |
Doğum tarixi | 18 may 1906 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 1963 (57 yaşında) |
Elmi dərəcəsi | |
İş yerləri | |
Mükafatları |
Həyatı
redaktəMehbalı Qasımov 1906-cı il may ayının 18-də Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. İlk təhsilini Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda alıb. 1932-ci ildə Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunun (1931–1941) fəlsəfə fakültəsinə daxil olaraq, 1937-ci ildə təhsilini bitirib. Bundan sonra respublikanın ali məktəblərində dialektik və tarixi materializmdən dərs deyib. 1940-cı ilin mart ayında ordu sıralarına çağırılıb. Müharibənin son günlərinədək müharibə cəbhələrində Sovet ordusu sıralarında alman faşizminə qarşı mübarizə aparıb və mayor rütbəsində ordudan tərxis olunub.
1945-ci ilin ortalarından Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi əməkdaşı kimi fəaliyyət göstərib. 1946-cı ildə "Ömər Xəyyamın fəlsəfi dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1950–1962-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyib. Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi sahəsində sanballı tədqiqatlar aparıb, "Ömər Xəyyam rübailərində materializm" (1947), "V. Q. Belinski XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsidir" (1950), "M. F. Axundov və XIX əsr rus inqilabi-demokratik estetikası" (1954) kimi əsərləri elmi ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. 6 cildlik "Fəlsəfə tarixi"nin müəlliflərindən olub.
"Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda ictimai fikrin inkişafına təsiri" adlı doktorluq dissertasiyası yazıb, 1956-cı ildə dissertasiyanı Moskvanın fəlsəfə ictimaiyyəti qarşısında müvəffəqiyyətlə müdafiə edərək, fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
Onun xüsusi diqqəti və qayğısı altında qısa müddətdə 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdi.
Azərbaycan ictimai fikir tarixinin yazılması üçün M. Qasımovun irəli sürdüyü elmi konsepsiyanın mahiyyəti bundan ibarət idi ki, hər bir xalqın ictimai-fəlsəfi fikri özünəməxsusdur və çox qədim köklərə bağlıdır. Bununla belə, digər xalqlardakı bəşəri fikirlərin öyrənilməsi milli fəlsəfənin qarşılıqlı şəkildə formalaşması və zənginləşməsinə təsir edir ki, bütün bunlara tarixilik prizmasından təbii və sistemli yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycan xalqının milli təfəkkürü Şərq və Qərb fəlsəfi fikir tarixində qabaqcıl yer tutur.
M. Qasımovun düşüncəsi belə idi ki, elmin, təhsilin və mədəniyyətin, ümumən həyatın müxtəlif sahələrində yüksək istedadlı gəncləri görmək, onları qiymətləndirmək və öz qabiliyyətlərini göstərib, yüksək səviyyəyə qalxmaları üçün şərait yaratmaq xüsusilə vacibdir. Bakı Dövlət Universitetinin humanitar ixtisaslar üzrə "Fəlsəfə" kafedrasının müdiri professor Həmid İmanov xatırlayır: "Mehbalı müəllim bizə Azərbaycanın ictimai fikir tarixindən mühazirə kursu oxuyarkən onun rəğbətini qazanmışdım və professor məni aspiranturada saxlamaq istədiyini bildirmişdi. Lakin o vaxtlar partiya üzvü olmayan adamın fəlsəfə üzrə aspiranturaya qəbul imtahanı vermək və qəbul olunmaq hüququ yox idi. Mən İranda yaşayan dayıma görə partiyaya qəbul edilmədiyimi ona bildirdikdə Mehbalı müəllim bu problemi, çətinliklə də olsa, həll etdi və mən aspiranturaya uğurla imtahan verdim".
Bu cür yüzlərlə fakt saymaq olar. Mehbalı Qasımov istedadına inandığı gənclərlə müəllim-tələbə münasibətlərindən daha çox dost, yoldaş, ata-oğul münasibəti qururdu. Həsən Şirəliyev, Vəli Nəsirov, Adil Nəcəfov, İzzət Rüstəmov və onlarla gənc həmişə onun qayğısını hiss edib.
Yenə də professor Həmid İmanovun dediklərinə nəzər salaq: "Mehbalı müəllim öz mərdliyi, möhkəm iradəsi, cəsarəti, həssaslığı, ətrafındakı adamlara qarşı diqqətli olması və təbii ki, yüksək elmi və dərin fəlsəfi savadı ilə seçilirdi. Müdrik məsləhətləri ilə hamıya doğru yol göstərir, çətin vəziyyətlərdə kömək edirdi. O, müdrik və kamil bir filosof ömrü yaşadı".
Bakı Dövlət Universiteti "Sosiologiya" kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov isə bunları söyləyir: "Mehbalı müəllim hamının sevdiyi və çox adamların həsəd apardığı bir filosof, işıqlı şəxsiyyət idi. Mən kafedrada laborant işləyirdim. Mehbalı müəllimin şəxsi nüfuzu və təşəbbüsü sayəsində o vaxt mənə 2 otaqlı mənzil verildi. 17 il həmin mənzildə yaşadım. O, filosoflar ordusunun baş sərkərdəsi idi".
Filologiya elmləri doktoru, professor Yavuz Axundlu da M. Qasımovu ehtiramla xatırlayır: "Saf, təvazökar, xeyirxah, qayğıkeş, dostluğa səmimi, haqqın, ədalətin tərəfdarı və qoruyucusu olan Mehbalı Qasımov həm də böyük vətəndaş, xalqını və millətini sevən bir ziyalı idi. O, ədaləti və doğrunu, özünün mənafeyinə ziyan vuran halda da, müdafiə edərdi. Bu böyük insan həmişə elmə, vətənə həqiqi xidmət nümunəsi sayılacaq".
Mərhum tarixçi-alim, el ağsaqqalı Əli Əliyevin "Əlincə yaddaşı" kitabındakı xatirələri də maraq doğurur: "Mehbalı təkcə fəlsəfəni deyil, tarixi, ədəbiyyatı, siyasəti də dərindən bilən universal, sanballı şəxsiyyət idi. Azərbaycanın ədib və şairləri arasında Hüseyn Cavidi daha çox mütaliə edir, "Şeyx Sənan"ı əzbər bilirdi…
Mehbalı bu dünyadan gileyli köçdü. Stalin-Bağırov irtica rejimi onun sinəsinə dağ çəkmişdi. İndi məni yandıran odur ki, bu böyük şəxsiyyət SSRİ-nin dağılmasını, doğma Azərbaycanın müstəqillik qazanmasını görə bilmədi…"
İnsan mənəviyyatı və əxlaqının parlaq nümayəndəsi olan Mehbalı müəllim mənsub olduğu xalqın, millətin qəm və kədərini, dərd və qüssəsini, uğur və sevincini öz sinəsində, qəlbində gəzdirən əsl ziyalı idi. O, xalqımızın böyüklüyünü və müdrikliyini əsərlərində vəsf edirdi. Sonrakı illərdə görkəmli filosof M. Qasımov "Azərbaycan estetik fikir tarixindən" monoqrafiyasında bu məsələləri ön plana çəkdi. Görkəmli alim-filosof respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. O zamankı Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin ictimai elmlər şöbəsinə başçılıq etməklə yanaşı, SSRİ Ali Attestasiya Komissiyasının fəlsəfə elmləri bölməsinin, "Azərbaycan kommunisti" jurnalının və bir sıra elmi jurnalların redaksiya heyətinin üzvü idi. Fəlsəfə elminə verdiyi əvəzsiz töhfələrə, ictimai-siyasi fəaliyyətinə görə əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdü.
Mehbalı Qasımov 1963-cü ilin iyul ayında dünyasını dəyişdi. Elmə, fəlsəfə tarixinin öyrənilməsinə hələ çox dəyərli töhfələr verə bilərdi. Amma elə gördüyü işlər və yazdığı yüksəksəviyyəli əsərlər də onun yaddaşlarda əbədi yer tutmasına, adının ölməz şəxsiyyətlər sırasına düşməsinə kifayət etdi. Müdriklik, xeyirxahlıq unudulmadığı kimi, bu keyfiyyətlərə malik şəxsiyyətlər də yaddaşlardan silinmir. Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Mehbalı Qasımov məhz bu cür şəxsiyyətlərdən idi. Azərbaycan fəlsəfəsində özünəməxsus yeri olan belə bir filosofu, alimi və müəllimi unutmaq qeyri-mümkündür.