Martin Kuper - Wikipedia
Martin Kuper (26 dekabr 1928, Çikaqo, İllinoys) — mobil telefonun ixtiraçısı.
Martin Kuper | |
---|---|
ing. Martin Cooper | |
| |
Doğum tarixi | 26 dekabr 1928 (95 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | ixtiraçı, sahibkar, elektrik mühəndisi |
dynallc.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMartin Kuper 26 dekabr 1928-ci ildə ABŞ-nin Çikaqo şəhərində Ukraynadan mühacirət etmiş yəhudi ailəsində dünyaya gəlib.
O, 1950-ci ildə İllinoys Texnologiya İnstitutunu mühəndis-elektrotexnik ixtisası üzrə bitirib.
Martin ABŞ-nin Hərbi-Dəniz Qüvvələrində zabit kimi xidmət edib. Koreya müharibəsindən sonra Martin teletaypın yaradılması üzərində iş həyata keçirən "Western Electric" şirkətində işə düzəlir. Lakin 1954-cü ildən "Motorola" şirkətində işləməyə başlayır. Bu zaman Kuper təhsil almağa davam edirdi. O, İllinoys Texnologiya İnstitutunda elektrotexnika üzrə magistr dərəcəsinə layiq görülür və şirkətdə çalışmaqla yanaşı pedaqoji fəaliyyətlə məşğul olur.
Kuper "Motorola" şirkətində avtomobil radiotelefon şəbəkəsinin təkmilləşdirilməsi ilə məşğul olurdu. Bu vasitə tamamilə böyük və narahat olmasına baxmayaraq çox məşhur idi və bu məşhurluq sürətlə artmaqda davam edirdi. 1970-ci illərin əvvəllərində Kuperə avtomobil telefoniyası üçün məsuliyyətli bölmənin rəhbəri postunu tutdu.
Mobil rabitənin yaradılmasına stimul verən ideya
redaktəQeyd edək ki, radiotelefon ideyası AT&T Bell Labs şirkətində hələ 1946-cı ildə meydana çıxmışdı. O zaman bu firma dünyada ilk radiotelefon xidmətini yaratdı: bu telefonun və radioötürücünün hibridi idi — maşında qurulmuş radiostansiyanın köməyi ilə ATS-də siqnalı vermək və adi telefon zəngini etmək mümkün idi. Radiotelefona zəng daha mürəkkəb yolla olurdu: abunəçiyə telefon stansiyasına zəng vurmaq və maşında qurulmuş telefon nömrəsini bildirmək lazım idi. Radiotelefonların imkanları məhdud idi: maneələr və radiostansiyanın kiçik hərəkət radiusu problem yaradırdı.
1960-cı illərin başlanğıcına qədər şirkətlər mobil rabitənin yaradılması sahəsində araşdırmalar keçirməkdən imtina edirdi. Onlar hesab edirdilər ki, prinsip etibarilə, yığcam mobil telefon aparatı yaratmaq mümkün deyil. Həmçinin AT&T təcrübəsi onları dayandırırdı. Belə ki, şirkət 1947-ci ildə "yol xidməti" sistemini yaratdı — o radiotelefonları Nyu-York və Boston arasında daim səfər edən biznesmenlərə və sürücülərə təklif etdi. Beş il işdən sonra bu xidmət müştərilərin çatışmazlığına görə bağlandı.
Lakin təxminən on il AT&T Bell Labs və Motorola paralel olaraq mobil rabitənin yaradılması üzrə tədqiqat aparırdılar. Nəticədə, Motorola Martin Kuperin sayəsində uğur qazanmağı bacardı və qalib gəldi.
Misilsiz ixtirası
redaktəKuper bildirirdi ki, mobil telefonun ölçüsünü o qədər azaltmaq lazımdır ki, insanlar onu asanlıqla əldə daşıya bilsinlər. Lakin XX əsrin 70-ci illərinin başlanğıcına qədər heç kəs buna nail olmadı.
Kuper ilk mobil telefonun işlənib hazırlanması ilə məşğul olan Motorola şirkətinin aidiyyəti bölməsinin aparıcı mühəndisi olmuşdur. 1973-cü ilin aprel ayında ilk simsiz zəng həyata keçirən Martin Kuperin birinci mobil telefonun çəkisi 1 kiloqram olub, akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edib[1].
1973-cü il, 3 aprel tarixində "Motorola"nın rəqibi Bell Laboratories şirkətinin konstruktor bölməsində telefon zəngi eşidildi. "Tap, mən hardan zəng edirəm?" — dəstəkdə Martinin səsini tədqiqat bölməsinin başçısı Coel Enqel eşitdi.— "Mən sənə əsl mobil telefondan zəng edirəm".
Bu mobil telefondan edilmiş birinci zəng idi və o, faktiki olaraq, telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu. Mobil telefonun birinci modelinin hazırlanmasına şirkət 90 milyon dollar sərf etdi. Sonralar Bell Laboratories sistem hazırlamaları bölməsinin başçısı olmuş Riçard Frenkel Dyna-Tac (Dynamic Adaptive Total Area Coverage) haqqında deyib: "Bu əsl triumf idi. O vaxta qədər biz maşınlarda 14 kiloqramlıq telefonlardan istifadə edirdik. Onların hamısını 1 kq yerləşdirmək qabiliyyəti böyük sıçrayış idi".
Martin Kuperin "DynaTAC" modelinin ölçüləri 22,5x12,5x3,75 sm, çəkisi 1 kiloqram təşkil edirdi. Sözügedən qurğuda ümumilikdə 2 min detal var idi. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edirdi. M. Kuperin fikrincə, bu belə də olmalı idi, çünki əl bu cür ağırlığa 20 dəqiqədən çox dözmürdü.
İlk simsiz zəng həyata keçirən Martin Kuperin xatırlamalarına görə, şirkətin ilk mobil telefonu bazara yalnız 10 il sonra çıxdı. Lisenziyanın alınması və şəbəkənin yaradılması vaxt tələb edirdi. O qeyd edir ki, bizdə bir əsas stansiya və bir mobil telefon var idi, ona görə eşidilmə əla idi. İndi operatorlar bir tezlik kanalına danışıqların böyük miqdarını daxil etməyə çalışırlar. Təbii, bu keyfiyyətə təsir edir.
Nəhayət, 1983-cü il, 6 mart tarixində dünyada ilk mobil telefon buraxıldı. Həmin gün Motorola şirkəti DynaTAC 8000X aparatını təqdim etdi. İlk olaraq ABŞ-nin Rabitə üzrə Federal Komissiyası tərəfindən telefonun kommersiya məqsədilə istifadəsi təsdiq edildi.
Telefonun satış qiyməti 3995 dollar təşkil edirdi. Motorola nümayəndələrinin sözlərinə görə, yüksək qiymətə baxmayaraq, yeni ixtira istifadəçiləri o qədər ruhlandırdı ki, DynaTAC 8000X-ı əldə etmək üçün növbəyə minlərlə amerikalı yazılmışdı.
Motorola-dan getdikdən sonra Martin öz telefon şirkətinin əsasını qoydu və tezliklə zəngin bir insan oldu, partnyorlarla birlikdə 1986-cı ildə 23 000 000 dollar məbləğinə şirkəti satdı.
Mobil rabitənin inkişafı
redaktəİlk illərdə şirkət texniki səbəblərə görə mobil telefona sahib olmaq arzusunda olanların əksəriyyətini bu qurğu ilə təmin edə bilmirdi. Lakin sonrakı illərdə texniki problemlər aradan qaldırıldıqdan sonra telefon istifadəçilərinin sayı sürətlə artdı. Dünyada artıq 1990-cı ildə 11 milyon mobil telefon abunəçisi var idi. Mobil texnologiyaların yayılması bu xidməti daha ucuz, keyfiyyətli və əlçatan etdi. Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, 1995-ci ildə artıq mobil telefon istifadəçilərinin sayı 90.7 milyon nəfərə çatdı, sonrakı 6 il ərzində istifadəçilərin sayı 10 dəfə artdı. 2003-cü ildə isə artıq 1.29 milyard abunəçi qeydə alınmışdı. Hazırda dünyada mobil telefon abunəçilərinin sayı əhalinin sayını keçmək üzrədir.
BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı gələn il mobil telefon abunəçilərinin sayının 7 milyardı keçəcəyini açıqlayıb. Hazırda isə bu rəqəm 6 milyard 800 milyondur.
Abunəçi sayına görə rekord qıran bölgə Müstəqil Dövlətlər Birliyidir. Mobil telefondan ən az istifadə edən isə əhalisinin böyük hissəsi Afrika qitəsidir.
Əhalisinin 300 milyonu gündə bir dollardan az pulla yaşayan Hindistanda isə xalqın yarısından çoxunun mobil telefonu var. Bu ölkədə mobil telefon istifadəçilərinin sayı 900 milyon civarındadır.
Kuper müasir telefonları bəyənmir
redaktəMəlumat üçün bildirək ki, Martin Kuper müasir mobil telefonları tənqid edir. O qeyd edir ki, çoxfunksiyalı qurğular burada qurulmuş funksiyaların hər birini orta keyfiyyətlə yerinə yetirir. Onun sözlərinə görə, gələcəkdə hər biri öz funksiyasını əla yerinə yetirəcək bir neçə xüsusi təyinatlı qurğular daha çox aktual olacaq. Kuper həmçinin Apple iPhone smartfonunun interfeysinin narahat olduğunu bəyan edib.
Mənbə
redaktə- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 26 (773), 12 iyul 2013, səh. 27. (az.)
İstinadlar
redaktə- ↑ "Mobil telefonun yaradıcısı müasir telefonları keyfiyyətsiz sayır". 2009-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-10.