Maluq Qalasi - Wikipedia
Maluq qalası tarixi mənbələrdə
redaktəMaluq qalası Oğuz rayonunun Maluq yaşayış sahəsindən cənubda Qaraçayın sahilində, düzənlik ərazidə yerləşir. Qalanın adı yazılı mənbələrdə 1053 və 1071–1072-ci illərin hadisələri ilə əlaqədar xatırlanır.
Mənbələrə görə 1053-cü ildə Şirvanşah Sallar ibn Yezid (1049–1063) Maluq qalasına hücum edərək, zor gücünə onu Şəki hakimindən almış, qalanı möhkəmləndirmiş, orada özünün hərbi hissəsini, ərzaq ehtiyatını və silahlılarını yerləşdirmişdi.[1]. Qalanın strateji mövqedə yerləşməsi Salları qala ətrafında möhkəmləndirilmiş şəhərcik salmağa, orada məscid tikdirməyə, öz adamlarını qalada yerləşdirməyə vadar etmişdi. Şirvanşah məhz bu qaladan "kafirlər"in üzərinə hücumlar edir və onların ölkəyə müdaxiləsinin qarşısını ala bilirdi.[2]
"Tarix-i əl-Bab"a görə 1071-ci ilin payızında Şəki hökmdarı Axsartan Maluq qalasını ələ keçirmiş, oraya öz "müavinini" rəhbər təyin etmişdir. Bundan sonra – Şirvanşah I Fəribürz (1063–1096) ilə Şəddadi hökmdarı Fəzl ibn Şavur qalanı birlikdə geri almaq üçün öz aralarında razılığa gələrək qalanı mühasirə edirlər və 1072-ci ilin iyun ayında qalanı ələ keçirib bünövrəsinə qədər sökürlər; orada olan bütün "dinsizləri" – qalanın bütün müdafiəçilərini isə qətlə yetirirlər.[3]
Qalanın quruluşu
redaktəQala dördkünc biçimli olub küncləri dairəvi bürclərlə, divarları isə yarımdairəvi kontrforslarla möhkəmləndirilmişdir. Maluq qalası çaydaşından tərkibinə xırda çınqıl və kömür qırıntıları qatılmış kirəc məhlulla hörülmüşdür. Şimal və qərb divarları güclü dağıntiya məruz qalmışdır. Nisbətən yaxşı mühafizə olunmuş yerlərdə qala divarının hündürlüyü 2–6 metrə çatır. Qalanı dərinliyi 2 metr, eni bəzi yerlərdə 12–15 metr olan müdafiə xəndəyi əhatə edir. Xəndəyin şimal hissəsindən çay yatağının keçməsi və qalanın cənub tərəfindəki divarında körpü yerlərinin olması sübut edir ki, müdafiə zamanı qalanı əhatə edən xəndək su ilə doldurulurdu. Maluq qalasının yaxınlığında sahəsi 6 hektara yaxın olan orta əsr yaşayış yerinin qeydə alınması Maluq qalasının həmin yaşayış yerinin narınqalası olduğunu ehtimal etməyə əsas verir.[4]
Mənbə
redaktə- Azərbaycan arxeologiyası, VI cild. Bakı, 2008. Səh.93.
- İ. Bədəlova. Maluq qalası. 2003–2004-cü illərdə AETHESM (Arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr olunmuş elmi sessiyanın materialları), Bakı,2005.
- ↑ "Минорский В. Ф. История Ширвана и Дербенда X–XI веков. — М.: Издательство восточной литературы, 1963". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-10.
- ↑ Azərbaycan tarixi, Yeddi cilddə, II cild. Bakı,2007, səh.351.
- ↑ "В. Ф. История Ширвана и Дербенда X–XI веков. — М.: Издательство восточной литературы, 1963". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-10.
- ↑ Azərbaycan arxeologiyası, VI cild. Bakı, 2008. Səh.93.