Maksimir Stadionu - Wikipedia
Maksimir stadionu (xorv. Stadion Maksimir) — Xorvatiyanın Zaqreb şəhərində yerləşən stadion. Ətrafındakı Maksimir rayonunun adını daşıyan stadion 35 423 nəfərlik mümkün maksimum yer tutumu ilə ölkənin ən böyük stadionlarından biridir. Bununla belə 2020-ci ildə baş vermiş zəlzələ nəticəsində stadionun şərq tribunasının zərər görməsi və bağlanılmısı nəticəsində stadionun indiki tutumu 25 912 nəfərdir. Maksimir Xorvatiyanın "Dinamo Zaqreb" futbol klubunun ev stadionudur və 1990-cı ildən bəri beynəlxalq yarışların əksəriyyətində Xorvatiya milli futbol komandası tərəfindən istifadə olunur.
Maksimir stadionu | |
---|---|
Стадион Максимир | |
Sahibi | Zaqreb |
Tamaşaçı tutumu | 60.000 |
Ev sahibi komanda | Dinamo, Xorvatiya milli futbol komandası |
Meydançanın ölçüləri | 105 m × 68 m |
Ot örtüyü | hibrid ot |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion 112 il əvvəl, 1912-ci ildə tikilmiş və 1948, 1998 və 2011-ci illərdə təmir edilmişdir. Maksimir stadionu təchizatda edilən dəyişiliklər ilə konsert səhnəsinə çevrilə bilər və daha əvvəl bu şəkildə musiqi aktlarına ev sahibliyi etmək üçün istifadə edilmişdir. Stadionda dörd tribuna var: şimal, şərq, qərb və cənub. Yerlər sadəcə oturmaq üçün nəzərdə tutulub və tamaşaçıların ayaq üstə durması üçün yer yoxdur. 2011-ci ilin iyun ayında stadionda edilmiş əsaslı təmiri zamanı yeni oturacaqlar quraşdırılmış və oturacaqlar arasında daha böyük məsafə yaradılmışdır.
Maksimir stadionu 2023-cü ilin avqustunda Money agentliyinin apardığı araşdırmaya əsasən Avropanın ən çirkin üçüncü futbol stadionu seçilmişdir (birinci və ikinci yerdə müvafiq olaraq İtaliyanın Karlo Kastellani və İspaniyanın Balaidos stadionları durur).[1]
Tarixi
redaktəTikinti və ilk illər
redaktəZaqrebdə idmanın populyarlığının artması ilə Xorvatiyanın ilk multi-idman klublarından biri olan yerli XAŞK futbol klubu öz klubu üçün yeni stadion tikmək qərarına gəlib. Onlar Zaqrebdəki Maksimir parkının qarşı tərəfində yerləşən torpaqları Zaqreb Baş yeparxiyasından satın almışdırlar. XAŞK burada 6 000 nəfərlik tutumu olan taxta tribuna tikmiş və bura o dövrdə Zaqrebdə düzgün bir tribunaya sahib ilk yer olmuşdur. Stadion 5 may 1912-ci ildə açılıb və yeni stadionun açılış mərasimində XAŞK klubu və onların şəhərdəki rəqibi XŞK Gradjyanski Zaqreb klubu açılışı qeyd etmək üçün bir neçə yoldaşlıq oyunu keçiriblər.[2]
26 may 1941-ci ildə Müstəqil Xorvatiya Dövlətinin Ustaş faşist hökumətindən bir nümayəndə bu stadionda gənc zaqrebli tələbələrin qarşısında çıxış edərkən serb və yəhudi tələbələrin bir-birilərindən ayrı durmalarını əmr etmiş, lakin uşaqlar itaət etməmişdirlər.[3][4] Bu hadisədən az sonra, 1941-ci ilin iyununda üsyançı gənclər Maksimir stadionunu yandırıblar.[4] Bu seqreqasiya hadisəsini xatırlamaq üçün 1977-ci ildə "Əməliyyat Stadionu" adlı film çəkilmişdir.
İkinci Dünya müharibəsindən sonra və inkişaf
redaktəİkinci Dünya müharibəsindən sonra "Qradjyonski" futbol klubu Yuqoslaviyanın yeni qurulmuş kommunist rejimi tərəfindən ləğv edildi və yeni yaradılmış "FD Dinamo Zaqreb" futbol klubu əvvəlki klubun rənglərini, müvəffəqiyyətlərini və məkanlarının miras aldı. UEFA Avro 1976-ın final turniri Yuqoslaviyada keçirilən zaman Maksimir stadionu Niderland — Çexoslovakiya yarımfinal matçına və Niderland — Yuqoslaviya üçüncü yer matçına ev sahibliyi etdi. Maksimir 1987-ci ildə Zaqreb şəhərinin ev sahibliyi etdiyi Yay Universiadasının mərkəzi məkanı idi.
1990-cı il mayın 13-də Maksimir stadionunda "Dinamo Zaqreb" və "Srvena Zvezda" azarkeşləri arasında iğtişaş baş verib. Həmin ilin iyunun 3-də futbol üzrə Yuqoslaviya milli komandası son oyununu Maksimirdə oynayıb. Həmin il oktyabrın 17-də isə stadionda Xorvatiya-ABŞ matçı oynanılmış, bu oyun Xorvatiya millisinin müasir dövrdəki ilk oyunu olmuşdur.
Müasir dövr
redaktə1998-ci ildə stadionun böyük ölçüdə təmiri üçün planlar hazırlandı və elə həmin il prosesin birinci mərhələsi başladı. Bir il ərzində köhnə şimal tribunası sökülüb yenidən tikildi və bu təmir Maksimirin oturacaq tutumunu 38 079-a çatdırdı.
1992-ci ildən sonrakı 16 il ərzində Xorvatiya millisi bu stadionda oynadığı bütün matçlarda qalib gələrək məğlubedilməzliyini qoruyub saxlamış, lakin 10 sentyabr 2008-ci ildə İngiltərə Zaqrebdə Xorvatiyaya 4–1 hesabı ilə qalib gələrək illər sonra onu məğlub edən ilk komanda olmuş və onun otuz matçlıq məğlubiyyətsizlik seriyasına son qoymuşdur.
2011-ci ilin yayında stadiondakı bütün oturacaqlar dəyişdirildi, yenilənmiş ot örtüyü ilə birlikdə yeni drenaj sistemi, torpaq altından istilik və avtomatik suvarma sistemi quraşdırıldı, atletika zolağı mavi rəngli süni ot örtüyü ilə, bütün kərpic səthlər isə mavi parça ilə örtüldü.
2020-ci il zəlsələsi
redaktə2020-ci il martın 22-də, səhər saatlarında baş vermiş zəlzələ stadionun strukturuna ziyan vurub və konstruktiv mühəndis tərəfindən yoxlanıldıqdan sonra Maksimir stadionu "müvəqqəti olaraq istifadəyə yararsız" hesab edilib. Zəlzələ nəticəsində ən çox tutumuna görə ən böyüyü olan şərq tribunası zərər görüb. Hal-hazırda kluba Maksimir stadionunda matç keçirməyə icazə verilsə də, şərq tribunası tamaşaçılar üçün hələ də bağlıdır.[5]
2023-cü ilin avqustunda Money agentliyinin Google, TripAdvisor və Football Ground kimi platformalardakı rəylərə əsaslanaraq apardığı araşdırmaya görə Maksimir stadionu Avropanın ən çirkin üçüncü futbol stadionu seçilmişdir.[1]
Tutumu
redaktəDörd trubunadan (8 sektor) ibarət stadionun ümumi tutumu 35 423 nəfərdir.[6] Hal-hazırda şərq tribunası qapalı olduğu üçün stadionun ümumi tutumu 25 912 nəfərə enib.
- Şimal tribunası (yuxarı): 4,510
- Şimal tribunası (aşağı): 4,950
- Şimal tribunası (VIP): 300
- Qərb tribunası (yuxarı): 5,101
- Qərb tribunası (aşağı): 6,369
- Qərb tribunası (VIP): 748
- Şərq tribunası: 9,514 – zəlzələnin vurduğu zərər səbəbi ilə müvəqqəti bağlanıb
- Cənub tribunası: 3,931
Beynəlxalq matçlar
redaktəYeni stadion təklifi
redaktəYeni stadion üçün dizayn müsabiqəsini 2008-ci ilin may ayında memar Xrvoye Niyriç qazanıb.[7] "Mavi vulkan" (xorv. Plavi vulkan) ləqəbli qalib dizayn 55 000 nəfərlik tutuma sahib olacaq. Stadionun xarici mavi rəngli polikarbonat örtüklə örtüləcək və stadionun üstündən fotovoltaik panellərlə örtülmüş buludvari struktur asılı duracaq.[8]
Bu təkliflə bağlı 2008-ci ilin iyun ayına təyin edilmiş referendum o vaxtdan bəri bir neçə dəfə təxirə salındı və keçirilmədi. 2012-ci ilin oktyabrında dayandırılan layihə[9] bundan sonra 2013-cü ildə UEFA Avro 2020-yə ehtimal edilən ev sahibliyi təklifi[10] və 2018-ci ildə Xorvatiyanın Dünya Kubokundakı tarixi uğurundan sonra bir müddətlik yenidən göz özünə gəldi.[11]
İstinadlar
redaktə- ↑ 1 2 Simmonds, Lauren. "Maksimir Stadium Ranked Third Ugliest in Europe". Total Croatia (ingilis). 2023-08-12. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ "Nogometno ime Zagreb kroz povijest/The Zagreb name through football history". nkzagreb041.hr. 27 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2021.
- ↑ Zuroff, Efraim. "Ustasa rock n' roll". Jerusalem Post. 2007-06-25. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.
- ↑ 1 2 Svjetlana Zorić. "Otkrivanje nepoznatog Zagreba". E-novine (xorvat). 2010-05-12. 2012-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-24.
- ↑ "Stadion Maksimir privremeno neupotrebljiv, dobio žutu oznaku. Urušava se godinama". index.hr. 16 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2021.
- ↑ "Stadion — Dinamo Zagreb". gnkdinamo.hr. Archived from the original on 30 July 2017. Retrieved 9 May 2018.
- ↑ Blašković, Boba; Milković, Ante. "Novi Dinamov stadion: Plavi vulkan". Jutarnji list (xorvat). 2 May 2008. 19 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2010.
- ↑ Schwartz, Ariel. "Blue Volcano: A Futuristic Cloud-Covered Stadium for Croatia". Fast Company. 5 January 2010. 28 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 August 2010.
- ↑ Brkulj, Vedran. "Bandić odustao od rekonstrukcije Maksimira i gradnje Kajzerice". tportal.hr (xorvat). 17 October 2012. 18 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2012.
- ↑ "GDJE ĆE SE GRADITI NACIONALNI STADION 'Plavi vulkan' na Kajzerici stajat će 122 milijuna eura". Jutarnji list (xorvat). 21 September 2013. 5 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2017.
- ↑ "Jutarnji list - FOTO: OVAKO BI TREBAO IZGLEDATI 'PLAVI VULKAN', NOVI HRVATSKI NACIONALNI STADION Koštao bi 120 milijuna eura, a većinu novca dao bi Grad Zagreb". 14 July 2018. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2024.