Maarif Teymurov - Wikipedia
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994).
Maari̇f Teymur | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (70 yaşında) |
Fəaliyyəti | publisist |
Həyatı
redaktəMaarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən).[1]
İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir.
Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s. qəzet, jurnallarda dərc olunmuşdur. 600-dən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak etmişdir. "Mədəni maarif işi" jurnalının və "Güzgü" qəzetinin redaksiya heyətinin üzvüdür (1995). Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Məhərrəmzadə, Məhəmməd Əmin Rəsulzadə, A.İldırım, Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında tapıntı və məlumatlarını dövri mətbuatda müntəzəm dərc etdirmişdir. Onlar barədə televiziya və radio verilişləri hazırlamış, sərgi və xatirə gecələri təşkil etmişdir. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır. Almas İldırımın şeirlərini toplamış, tərtib və nəşr etdirmiş, bununla yanaşı onun haqqında tədqiqat əsəri yazmışdır. Moskvada Beynəlxalq arxivlər şurasının ədəbiyyat və İncəsənət komitəsinin elmi sessiyasında "Ədəbiyyat və incəsənət xadimlərinin arxiv sənədlərindən istifadə qaydalarının elmi şərhi" mövzusunda məruzə ilə çıxış etmişdir (1987). Bakıda "Azərbaycan mühacirət ədəbiyyatı" adlı beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış etmişdir (1991). Moskvada Xalq nailiyyətləri sərgisində təşkil edilən "Orijinal sənədlərin sərgisi"ndə fəal iştirakına görə sərginin bürünc medalı ilə təltif olunmuşdur (1994). Fəxri fərmanlara layiq görülmüş, "Vətən" mükafatı laureatıdır (2000). Onun tərtibi və müqəddiməsi ilə "Unudulmaz səhnə ustaları" (bioqrafik oçerklər – 1981), Ə.Şərifin "Tapıntılar" (1985), C.Zeynaloğlunun "Müxtəsər Azərbaycan tarixi" (1992), Mirzə Mahmud Şirvaninin "Nəsihəti-loğman" (1993), Y.V.Çəmənzəminlinin "Tarixi, coğrafi və iqtisadi Azərbaycan"(1994), A.İldınmın "Qara dastan" (1994), "Şərq rəvayətləri" (1996), İ.Salehin "Sənə dediklərim" (1997), Məhəmməd Ağanın "Baradigahım mənim" (1997), "Soltan gülür" (1999), Z.Əfəndiyevin "Zabit təxəllüslü bir şair" (1999), "Məşəl kimi yanan ürək" (1999), M.A.Dağlının "Dədə Qorqud" (2000), "Səslərəm səni" (2001) və s. kitabları kütləvi tirajla çap olunmuşdur. "Almas İldırımın həyatı və yaradıcılıq yolu" monoqrafiyasını nəşriyyata təqdim etmişdir. Ankarada, İstanbulda olmuş, Türkiyənin Milli kitabxanasında arxiv işi quruculuğu sahəsində çalışmışdır. Bakı sovetinin deputatı olmuşdur (1990–1995).
Maarif Teymurov 10 oktyabr 2016-cı ildə doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində uzun çəkən xəstəlikdən vəfat etmişdir.
Filmoqrafiya
redaktə- Almas İldırım (film, 1991)
- Çinarlı şəhərin generalları. Birinci film (film, 1999)
- Almas Yıldırım (film, 2004)
İstinadlar
redaktə- ↑ Qaliboğlu E. "Kino sənəti hazırda biznes mahiyyəti kəsb edir": [Kinoşünas Aydın Kazımzadə və Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun fikirləri] //Xalq cəbhəsi.- 2008.- 2 avqust.- S. 14.