Meraga - Wikipedia
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir.
Marağa | |
---|---|
مراغه | |
37°23′31″ şm. e. 46°14′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.456 m |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 41 |
Digər | |
maraghe.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məşhurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır.[3]
Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur.
Etimologiyası
redaktəBir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir.
Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir.[3] Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur.
Tarixi
redaktəStrabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur. Strabon qeyd edir ki, Araz çayından Vera şəhərinə məsafə 2400 stad (1 stad 184 metrə bərabərdir) olmuşdur. Plutarxa görə Fraata, Dion Kassidə bu şəhər Prasana və yaxud Fraaspa, Ptolomeydə isə Fraspa kimi verilmişdir. Bəlazuri, İbn Fəqih və Yaqut Həməvi də bu şəhərin Əfrahrud adlandığını qeyd etmişlər.
Yaqut Həməvi Əfrahrudu Marağadan axan Sufiçay ilə eyniləşdirir. Minorski də Plutarxın Fraatasının, ərəb müəlliflərinin qeyd etmiş olduqları Əfrahrudun müasir Marağa ilə eyni olduğunu yazmışdır. O, öz fikrini sübut etmək üçün Marağanın şimaldan müdafiə olunmasına şərait yaradan Səhənd dağının strateji əhəmiyyətindən, Sufiçayın hazırda da bu şəhərdən axmasından, ərəb və habelə XII-XIII əsrlərdə monqolların dövründə də Marağanın paytaxt şəhər olmasından bəhs edir. Qeyd edilməlidir ki, müasir Marağanın keçmişdə Atropatena hökmdarları tərəfindən paytaxt seçilməsi oranın iqtisadi, strateji, təbii, coğrafi şəraiti ilə bilavasitə əlaqədar olmuşdur. Marağa şəhərindən 16 km şimalda yerləşən möhkəm Ruyinqala adlı qala da şəhərin qədim tarixə malik olmasını sübut edir.
Eramızdan əvvəl 36-cı ildə Roma sərkərdəsi Antoni yüz min nəfərlik ordu ilə Atropatenaya hücum edərkən şəhəri mühasirəyə almış, lakin tezliklə Şiz qalası (Qazaka) ətrafında məğlubiyyətə uğradıqdan sonra böyük tələfat verərək mühasirəni dayandıraraq geri çəkilməyə məcbur olmuşdur. Qədimdə Fraata adlanan bu şəhər ərəb işğalları dövründən etibarən Marağa adlandırılmışdır.
Ptolomeyin Urmiya gölü ətrafında qeyd etdiyi Margiananı Markvart Martiana formasında vermişdir. Bəzi alimlər Marağa sözünün həmin vilayətin adı ilə əlaqədar yarandığını qeyd edirlər. Hər halda istər Fraata olsun, istər sə də Margiana olsun öz növbəsində Marağa şəhərinin qədim tarixə malik şəhər olduğunu göstərən amildir.
Tarixçilərin yazdığına görə Marağa şəhəri (642–643-cü illərdə) Azərbaycanda olan ərəb sərkərdəsi Müqeyrət ibn Şüeybə tərəfindən fəth edilmişdir.
Bir məlumata görə Mərvan ibn Məhəmməd 740-cı ildə Muğan və Gilan müharibələrindən qayıdan zaman Marağada düşərgə salmış və burada təzəyin bol olması ilə əlaqədar olaraq Marağa adlandırmışdır. Qeyd edilməlidir ki, əksər tarixçilər Marağa adının etimologiyası haqqında olan bu məlumatı ciddi qəbul etmirlər.Çünki, Mərvan burada bir sıra binalar tikdirib, abadlıq işləri aparmışdır.Lakin sonralar şəhər Harun ər-Rəşidin qızlarına məxsus olmuşdur.
Xəzimət ibn Xazim Azərbaycan və Ermənistan hakimi olan zaman Təbriz hakimi Vəcna ibn Rəvvad ərəblərə qarşı üsyan qaldıraraq (təqribən 802–803-cü illərdə) Marağa şəhəri ətrafına hasar çəkmiş və ordu qərargahına çevirmişdir.
Beləliklə, yuxarıda deyilənlərdən görünür ki, Marağa şəhəri Sasani və habelə ərəb işğalları dövründə Azərbaycanın iqtisadi, ictimai cəhətdən inkişaf etmiş şəhərlərindən biri olmuşdur.
Coğrafiyası
redaktəMarağa Azərbaycanın ən qədim və ən böyük şəhərlərindən biridir. Şəhərin şimalında dəniz səviyyəsindən 3547 m hündürlükdə Səhənd dağı ucalır. Bu dağ Marağanı Təbrizdən ayırır. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olan Marağa şəhəri Sufiçayın sol sahilində, Təbrizdən müstəqim yol ilə 76 km, şose yolu ilə isə 130 km aralıda yerləşir. Mənbəyini Səhənd dağından alan bir sıra dağ çayları Marağa və onun ətrafını su ilə təmin edərək Urmiya gölünə tökülür.
Marağa şəhərinin əlverişli təbii və coğrafi şəraitə malik olması qədim ticarət yollarının vaxtı ilə buradan keçməsi, onu qədim dövrlərdən etibarən bütün Şərqdə şöhrətləndirmişdir. Marağa şəhərində indiyədək əsaslı arxeoloji qazıntı işləri aparılmamışdır. Lakin şəhərin adına bir sıra qədim mənbələrdə təsadüf edilir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://fna.ir/3gi6bf (fars.).
- ↑ https://borna.news/008VHI (fars.).
- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-05.