Memmed Mubariz Elizade - Wikipedia
Məmməd Mübariz Əlizadə (23 dekabr 1911, Təbriz – 9 aprel 1994, Bakı) — görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi.
Mübariz Əlizadə | |
---|---|
Məmməd Mübariz Əli oğlu Əlizadə | |
| |
Doğum tarixi | |
Doğum yeri | Xamnə, Təbriz |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Uşaqları | Zərdüşt Əlizadə, Araz Əlizadə |
Elm sahələri | filologiya, şərqşünaslıq |
Mükafatları |
Həyatı
redaktəMəmməd Mübariz Əlizadə 1911-ci il dekabrın 23-də İranın Xamnə qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini doğma şəhərindəki “Mərifət” mədrəsəsində almışdır. 8 yaşında Şeyx Məhəmməd Xiyabaninin ən yaxşı şagird üçün təsis etdiyi mükafata layiq görülmüşdür.
Anasını erkən yaşlarında itirən M.Əlizadə 11 yaşından müstəqil həyata başlamış, bir tacirin yanında işə düzəlmişdir.
Hələ gənc ikən İranda gedən azadlıq hərəkatına qoşulan M.Əlizadə 1928-ci ildə Araz çayını keçərək Naxçıvana gəlmişdir. Təhsil almaqla bağlı çoxdankı arzusunu gerçəkləşdirmək üçün o, 1932-ci ildə Tiflisdə yerləşən Zaqafqaziya Kommunist Universitetinin siyasi fakültəsinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıya gələn M.Əlizadə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, eyni zamanda həmin institutda dərs demişdir.
İkinci Dünya Müharibəsi illərində dövlət radio komitəsində xarici verilişlər şöbəsini təşkil etmiş və həmin şöbənin ilk redaktoru olmuşdur.
1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetində çalışmışdır. O, 1945-ci ildə yaradılmış Şərqşünaslıq fakültəsinin ilk dekanı olmuşdur. Sonralar uzun müddət həmin fakültənin Yaxın və Orta Şərq xalqları ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir.
1994-cü il aprel ayının 9-da ürək çatışmazlığından vəfat etmişdir.
Elmi və tərcüməçilik fəaliyyəti
redaktəM.Əlizadə 1947-ci ildə “Böyük humanist şair Nizami Gəncəvi” mövzusunda namizədlik, 1969-cu ildə “XIX-XX əsrlər fars ədəbiyyatında demokratik ideyaların inkişaf yolları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Şərq ədəbiyyatının, xüsusən İran ədəbiyyatının dərin bilicisi olan M.Əlizadə Azərbaycanda bir neçə nəsil iranşünas kadrların yetişməsində misilsiz xidmətlər göstərmişdir.
M.Əlizadə Azərbaycanda farsdilli ədəbiyyatın görkəmli tədqiqatçısı olmaqla yanaşı, həm də onun mahir tərcüməçisi kimi tanınır. Klassik və müasir farsdilli şairlərdən Rudəki, Firdovsi, Nizami, Xaqani, Nəsimi, Cami, Füzuli, Eşqi, Lahuti, Şəhriyar və s. kimi müəlliflərin əsərləri M.Əlizadənin tərcümələri vasitəsilə Azərbaycan oxucusuna çatdırılmışdır.
Bu tərcümələr içərisində Əbülqasim Firdovsinin “Şahnamə” əsərini ayrıca qeyd etmək lazımdır. M.Əlizadə ömrünün təqribən 30 ilini bu işə sərf etmiş və 60 min beytlik “Şahnamə”ni orijinalın bəhrində Azərbaycan dilinə çevirmişdir.
Eyni zamanda o, Azərbaycan şairlərindən Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Hüseyn Arif və başqalarının şeirlərini fars dilinə tərcümə etmişdir.
M.Əlizadənin elmi araşdırmalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı xüsusi yer tutur. Alimin bu sahədə əldə etdiyi elmi qənaətlər “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildinə (Bakı, 1960) daxil edilmiş “Nizami Gəncəvi” oçerkində dolğun əksini tapmışdır. Eyni zamanda o, Nizaminin “Leyli və Məcnun” poemasının və lirikasının Azərbaycan dilinə filoloji tərcüməsinin müəllifidir.
M.Əlizadə böyük Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundov irsinin öyrənilməsi və tərcüməsi işinə də əhəmiyyətli töhfələr vermişdir. O, Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi traktatını tam şəkildə fars dilindən Azərbaycan dilinə çevirərək, ayrıca kitab şəklində çap etdirmişdir.
Tanınmış İran şairi Əbülqasim Lahuti ilə M.Əlizadəni səmimi dostluq telləri bağlamışdır. Bu dostluğun nəticəsi olaraq, alimin “Əbülqasim Lahuti: yaradıcılıq və mübarizə yolu” adlı monoqrafiyası meydana çıxmışdır.
M.Əlizadə ömrünün sonlarında İranın Bakıdakı səfirliyinin xahişi ilə İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin şeirlərini Azərbaycan dilinə tərcümə etmiş və sonralar bu tərcümə “Eşq qibləsi” adlı kitab şəklində (Bakı, 1999) çap olunmuşdur.
Geniş elmi-pedaqoji fəaliyyətinə görə M.Əlizadə bir çox orden və medallarla təltif olunmuş, əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Ailəsi
redaktəZərdüşt Əlizadənin, Araz Əlizadənin, Nüşabə Əlizadənin və Lalə Əlizadənin atasıdır.
Mənbə
redaktə- Professor Məmməd Mübariz Əlizadənin anadan olmasının 90 illiyi münasibətilə elmi konfransın materialları. Bakı, 2001