Memduh Sovket Esendal - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məmduh Şövkət Esendal (29 mart 1883, Çorlu — 16 may 1952, Ankara) — Türk yazıçısı, diplomat, siyasətçi, Türkiyənin Azərbaycanda ilk səfiri.
Məmduh Şövkət Esendal | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat, yazıçı |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəAzərbaycan—Türkiyə münasibətlərindən söz açarkən "ilk" epitetinə tez-tez müraciət etmək lazım gəlir. Cümhuriyyət elanından bir həftə sonra 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperatorluğu arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Bu müstəqil dövlət kimi Azərbaycanın imzaladığı ilk beynəlxalq hüquqi-diplomatik sənəd idi.
1991-ci il noyabrın 11-də, keçmiş SSRİ-nin de-fakto mövcudluğu şəraitində siyasi iradə və qətiyyət nümayiş etdirərək hələ müttəfiq sovet respublikalarından biri sayılan Azərbaycan SSR-nın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu. Maraqlıdır ki, 1920–22-ci illərdə hələ müstəqilliyin müəyyən atributlarına malik olan Azərbaycan SSR-lə diplomatik münasibətlər quran və Bakıya öz təmsilçisini göndərən ilk dövlət yenə də Türkiyə, bu dəfə milli müstəqillik uğrunda Qurtuluş Savaşına başlamış Mustafa Kamal Türkiyəsi idi. Azərbaycan Cümhuriyyətinin süqutundan 5 gün sonra, 1920-ci il mayın 3-də qurulan Ankara hökuməti həmin il avqustun 12-də özünün ilk xarici təmsilçisini başqa bir ölkəyə deyil, məhz Azərbaycana göndərmişdi.
Yeni Türkiyəni sovet Bakısında təmsil edən ilk türk diplomatı isə tanınmış yazıçı və ictimai-siyasi xadim Məmduh Şövkət Esendal (1883–1952) olmuşdu. O, patriarxal Osmanlı əyalətlərindən birində – Tekirdağın Çorlu ilçəsində, əkinçi ailəsində doğulmuşdu. Ailəsinin yoxsulluğu üzündən ardıcıl və sistemli təhsil ala bilməmişdi. 1906-cı ildə hələ gizli fəaliyyət göstərən "İttihad və Tərəqqi" cəmiyyətinə qoşulmuşdu. İttihadçıların hakimiyyətə gəldiyi 1908-ci ildən sonra isə 10 il müddətində partiya müfəttişi kimi imperiyanın müxtəlif yerlərində çalışmış, həmişə insanlarla ünsiyyət və təmasda olmuşdu. 1918-ci ildə ittihadçılar devrildikdə həbs ediləcəyini görərək gizlincə Osmanlı hüdudlarını tərk etmiş, bir il siyasi mühacir kimi İtaliyada yaşamışdı. Anadolu torpaqlarında Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş Savaşı başlayanda bir çox türk vətənpərvərləri kimi o da, Ankaraya dönmüş və milli qüvvələrin sırasında yer almışdı. Universitet diplomuna malik olmasa da, daim özünütəkmilləşdirmə yolu ilə dövrünün savadlı, ziyalı şəxslərindən biri kimi tanınmışdı.
1920-ci ilin aprelində Azərbaycanda milli hakimiyyətin silah gücü ilə devrilməsinə və ölkənin yenidən Rusiyanın, lakin bu dəfə sovet Rusiyasının tərkibinə daxil edilməsinə baxmayaraq Atatürk hökuməti Bakı ilə geniş və hərtərəfli əlaqələrin qurulmasında maraqlı idi. Bunun bir neçə səbəbi vardı. Əsas səbəblərdən biri Mudros və Sevr müqavilələri ilə Osmanlı imperiyasının güclü və müstəqil bir dövlət kimi mövcudluğuna son qoymağa çalışan beynəlxalq imperializmə qarşı Mustafa Kamal Paşanın rəhbərliyi ilə başlanan milli-azadlıq mübarizəsində türk xalqını və yeni Türkiyəni dəstəkləyən yeganə qüvvənin Sovet Rusiyası olması idi.
Bolşeviklər öz vəziyyətlərinin bütün çətinliyinə və ağırlığına baxmayaraq Atatürk hərəkatının sonda bir kommunist inqilabına, Türkiyənin isə müsəlman Şərqində daha bir sosialist dövlətinə çevriləcəyi ümidi ilə ona yardım göstərirdilər. Bu yardımın alınması və Moskva ilə daha sıx əlaqələr qurulması baxımından sovet Azərbaycanı Türkiyə üçün mühüm siyasi mərkəz və hərbi plasdarm idi. O biri tərəfdən, həmin dövrdə sovet rejimi milli respublikaların tam müstəqilliyi təbliğatı ilə beynəlxalq ictimai fikri məharətlə çaşdıra bildiyindən Azərbaycanla diplomatik münasibətlər qurulması yeni Türkiyənin siyasi təcrid vəziyyətindən çıxması və qardaş ölkə ilə bərabərhüquqlu dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması baxımından da əhəmiyyətli sayılırdı.
Qafqaz regionuna və Azərbaycana yaxından bələd olan türk ordusunun Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşanın həmin dövrdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) başkanı Mustafa Kamal Paşaya göndərdiyi 21 iyul 1920-ci il tarixli şifrəli teleqramda Bakı ilə diplomatik əlaqələrin mümkün qədər tez yaradılmasının vacibliyi təkidlə qeyd edilirdi. Teleqramda deyilirdi: "Bakıda bir səfirimizin olması çox mühümdür və tez bir zamanda təyin edilməsi zəruridir. Göndəriləcək şəxsin fəhlə və əsgərə özünü sevdirməyi bacaran adam olması, Anadolu xalqının içindən çıxması və hər hansı bir dil bilməsi daha məqsədəuyğun olardı".
Azərbaycanın sovetləşməsində müəyyən rolu olan Xəlil Paşa (Yoldaş Xəlil) da öz növbəsində avqustun 2-də və 13-də Şərq Cəbhəsi komandanlığına göndərdiyi teleqramlarda "Azərbaycanın başlı-başına müstəqil bir Sosialist Sovet Cümhuriyyəti olduğunu", burada "vəziyyətin təbii bir şəklə düşdüyünü" və "Sovet Sosialist hökumətinin olduqca sərbəst çalışmağa başladığını" qeyd edərək Bakıda tezliklə Ankara hökumətinin səfirliyinin, yaxud təmsilçiliyinin açılmasının zəruriliyini vurğulayırdı. Xəlil Paşanın fikrincə, Sovet Azərbaycanına Ankara diplomatının göndərilməsi buradakı türk müharibə əsirlərini vətənə qaytarmaq, habelə Anadolunu silah-sursatla təmin etmək baxımından da çox önəmli idi: "Bakıda bu işləri Hökuməti–Osmaniyyənin (Türkiyə) bir müməssili-rəsmisi (rəsmi təmsilçisi – V. Q.) sifəti ilə idarə edəcək nə bir heyəti-əsgəriyyə, nə bir səfarət və ya məsləhətgüzar və yaxud da müməssili-əsgəri və siyasi mövcuddur. Yalnız üsəra (əsirlər) müamiləsi deyil, əsliha (silahlar) və cəbhəxana nəqliyyatı və osmanlılara aid bir çox müamilələr mövcuddur ki, bu gün hamısı üzü üstə qalmışdır". O, məsələnin həllinin sürətləndirilməsi üçün Mustafa Kamal Paşaya da ayrıca müraciət etdiyini xatırladırdı.
1920-ci ilin sentyabrında Bakıda Şərq xalqlarının I qurultayının işə başlaması da Azərbaycana Ankara təmsilçisinin gəlişinin mümkün qədər tezləşdirilməsini tələb edirdi. Kazım Qarabəkir Paşa TBMM-nə ünvanladığı 17 avqust tarixli teleqramda bu fakta diqqəti çəkərək yazırdı: "Bakıda əqd edilən konqresdə iştirakımızın və bununla bərabər islam və islam siyasətinə mərkəz olduğu və getdikcə daha ziyadə kəsbi-əhəmiyyət edəcəyi anlaşılan Bakıda bir səfarət heyətimizin bulunmasının dərəceyi-lüzum və əhəmiyyətini təkidlə ərz edirəm. Gərək konqreyə təyin ediləcək zəvatın (şəxslərin), gərək səfirimizin pək zəki və əhvali-ümumiyyəmizə vükufu (bələdliyi) tam sahib olmaları və kəndilərinin ən səri (sürətli) bir surətdə Bakıya yetişdirilmiş bulunmaları əlzəmdir (lazımlıdır–V. Q.)".
Lakin bu həyəcanlı teleqramlar müəyyən mənada gecikmiş sayıla bilərdi. Çünki, avqustun 12-də TBMM nəinki diplomatik sahədə, ümumiyyətlə, dövlət qulluğunda çalışmayan keçmiş ittihadçı Məmduh Şövkət Esendalın Azərbaycana diplomatik təmsilçi təyin olunması haqqında qərar qəbul etmiş, avqustun 15-də isə onun etimad məktubu Mustafa Kamal Paşa tərəfindən imzalanmışdı. Artıq yuxarıda da qeyd edildiyi kimi, o, Ankara hökumətinin xaricdəki ilk diplomatik təmsilçisi olmuşdu.
Bəs nə üçün belə bir mühüm vəzifə peşəkar diplomata deyil, türklər özləri demişkən, bu sahədə "əcəmi" olan bir şəxsə həvalə edilmişdi? Həmin dövrdə Sovet Azərbaycanında xalq hakimiyyəti, fəhlə-kəndli hökuməti qurulduğunu nəzərə alaraq Anadolu hökuməti bu ölkəyə klassik tipli diplomat deyil, bir "xalq adamı" göndərilməsini daha məqsədəuyğun saymışdı.
Türk diplomatiyasının tarixinə dair bir sıra araşdırmaların müəllifi, keçmis səfir Bilal Şəmşirin Məmduh Şövkətin özünün xatirələrinə və digər qaynaqlara əsaslanaraq yazdığına görə, Azərbaycana göndəriləcək Türkiyə təmsilçisi ilə bağlı Kazım Qarabəkirin irəli sürdüyü tələblərə daha çox Məmduh Şövkətin uyğun gəldiyi qənaəti hasil olunmuş və Atatürk öz əli ilə Ankara yaxınlığındakı kəndlərdən birində istirahət edən Məmduh bəyə belə bir məktub yazmışdı: "Bakı üçün məndən avamdan yetişmiş (burada xalq arasından çıxmış mənasında işlənmişdir) bir təmsilçi istədilər. Ağlıma sən gəldin. Görüşmək üzrə Ankarada gözləyirəm. Mustafa Kamal".
Yeni "xariciyyəçi" elə Atatürkün etimad məktubunu imzaladığı gün vaxt itirmədən Bakıya yola düşmüşdü. Məmduh Şövkətin Bakı yolçuluğu özünün bir çox cəhətləri ilə orta əsr elçilərinin diplomatik səfərlərini xatırladırdı. TBMM hökumətinin təmsilçisi Ankaradan Bakıya qədər olan yolu təxminən bir ay müddətinə, at belində, faytonla, bəzən hətta piyada qət etməli olmuşdu. Xarici İşlər Nazirliyinin göstərişinə əsasən Türkiyə təmsilçisi Ərzurumda Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa ilə, Naxçıvanda isə Xəlil Paşa ilə görüşüb gələcək fəaliyyəti ilə bağlı onlardan bir sıra zəruri məlumat və təlimatlar almışdı. İki ölkə arasında diplomatik münasibətlər hələ başlanğıc mərhələsində olduğundan Məmduh Şövkət Bakıya tam səlahiyyətli səfir deyil, diplomatik təmsilçi (müməssil) kimi göndərilmişdi… Bakıda gedən proseslər və yeni Azərbaycan hökumətinin yürütdüyü daxili və xarici siyasət dost və qonşu dövlət kimi Ankaranı yaxından maraqlandırırdı. Odur ki, Türkiyə XİN tərəfindən Məmduh Şövkətə verilmiş yazılı təlimatda ondan qısa müddət ərzində Bakıdakı sovet hökumətinin hansı prinsiplər əsasında qurulması, hökumət üzvlərinin vəzifələrini nə dərəcədə uğurla yerinə yetirməsi, hakimiyyətdə monolit komandanın, yoxsa fərqli mövqələrə malik insanların olması, qonşularla münasibət, Azərbaycan–Ermənistan və Azərbaycan–Gürcüstan münasibətləri, bu ölkələrlə iqtisadi və ticari ilişgilər, üç Cənubi Qafqaz cümhuriyyətinin federasiya şəklində birləşmə perspektivləri və Sovet Rusiyası ilə əlaqələri, müxalifət partiyalarının movcud olub-olmaması, hökumət nümayəndələrinin və sıravi vətəndaşların Türkiyə ilə bağlı düşüncə və görüşləri, bölgəyə Britaniya təsiri imkanları və s. barəsində əhatəli məlumatlar hazırlayıb göndərmək tələb olunurdu.
Bütün bunlarla bir sırada, Məmduh Şövkət Ankara hökumətini Cənubi Azərbaycanda gedən proseslər, ölkənin şimalı ilə cənubu arasında əlaqələr və lazım gələrsə, bu əlaqələrin hansı yollarla daha genişləndirilməsi barəsində də məlumatlandırmalı idi. Türkiyə təmsilçisi kimi onun üzərinə qoyulan başqa bir vəzifə isə Azərbaycandakı türklərin, xüsusi ilə də Qafqaz İslam ordusunun tərkibində ölkəyə gələn, döyüşlər zamanı həlak olan, yaxud geri qayıda bilməyən türk vətəndaşları barəsində bilgilərin toplanması və Ankaraya çatdırılması idi. Yeri gəlmişkən, xatırladaq ki, Bakı uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin adlarının vaxtilə müəyyənləşdirilməsində və bizim günlərdə Dağüstü parkdakı–Şəhidlər Xiyabanındakı abidədə əbədiləşdirilməsində Məmduh Şövkətin müəyyən xidməti gərəkli olmuşdur.
1920–22-ci illər xarici siyasət baxımından Azərbaycanın nisbi müstəqillik dövrü idi. 1920-ci ilin sentyabrında Bakıda Türkiyə diplomatı Məmduh Şövkətin etimad məktubunu qəbul edən Azərbaycan XKS-nin sədri N. Nərimanovun aradan bir il keçəndən sonra sovet Azərbaycanının ilk diplomatlarından olan İbrahim Əbilovu ölkəsinin Türkiyə səfiri kimi Ankaraya göndərməsi məhz bu nisbi müstəqilliyin sayəsində mümkün olmuşdu…
Həmin dövrdə Türkiyə başdan-başa müharibə alovları içərisində olduğundan dövlət idarəçiliyinin bir çox mühüm sahələri ilə bağlı qərarlar ilk növbədə hərbçilərlə razılaşdırılır, onların təklif və tövsiyələri əsas götürülürdü. Bakıdakı türk təmsilçiliyinin səfirliyə çevrilməsi məsələsi gündəliyə çıxanda da ilk növbədə Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşanın rəyi soruşulmuşdu. Kazım Qarabəkir öz növbəsində bu məsələdə hələlik tələsməməyi məsləhət görmüşdü… Lakin Məmduh Şövkətin diplomatik fəaliyyətini 1924-cü ilin aprelinə qədər davam etdirməsinə, habelə bir müddət sonra Azərbaycanın Türkiyəyə səlahiyyətli səfir göndərməsinə baxmayaraq bu məsələ üzərinə bir daha qayıdılmamışdı. Görünür, fəaliyyəti yalnız bir neçə ay çəkən səfir İ. Əbilovun 1923-cü ilin fevralında Ankarada qəfil ölümündən sonra Bakıdan yeni səfirin təyin olunmaması, o biri tərəfdən isə sovet milli respublikalarının müstəqilliyi ilə bağlı illüziyaların tezliklə dağılması Türkiyə tərəfini Azərbaycandakı diplomatik təmsilçiliyi səfirlik səviyyəsinə qaldırmaq fikrindən daşındırmışdı. İki ölkə arasında bərabərhüquqlu beynəlxalq münasibətlərin qurulması üçün 67 il gözləmək lazım gəlmişdi…
Ankaradan gələn heyət o vaxt Bakıda yüksək səviyyədə qarşılanmış, Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov tərəfindən qəbul olunmuşdu. Rza Nur "Moskva–Sakarya xatirələri" adlı memuarlarında N. Nərimanovla görüşlərindən və müzakirə olunan əməkdaşlıq planlarından bəhs edərək yazır: "Kəndisinə Türkiyə ilə Azərbaycan arasında mühaidə yapmağı (saziş bağlamağı) təklif etdik. Bundan məqsədimizin Azərbaycanı müstəqil dövlət kimi tanımaq olduğunu dedik. Can atdı, nereye baş vurduysa vurdu, gəldi. Olamayacağını söylədi". Səbəb aydındır – Moskvanın icazəsi olmadan Azərbaycan hər hansı beynəlxalq müqaviləyə imza ata bilməzdi"…
Həmin dövrdə Azərbaycan rəhbərliyinə daxil olan milli ruhlu siyasətçilər, ilk növbədə isə N. Nərimanov bu acı həqiqəti aydın başa düşür, imkan daxilində narazılıq və etirazını Moskvaya, sovet rəhbərliyinə bildirirdi. Bakıda Anadoludan gəlmiş heyətlə görüşən N. Nərimanov türkiyəli nazirlər və diplomatlarla Azərbaycan xalqının aldadıldığı, yenidən əsarət altına düşdüyü haqda açıq danışmaqdan çəkinməmişdi. Bu barədə o vaxt N. Nərimanovla görüşmüş maarif naziri Rza Nurun xatirələrində oxuyuruq: "Azəri hökuməti kommunist bir cümhuriyyət. Komisserlərdən mürəkkəb (ibarət) bir hökumət, bunun başında da baş komisser olaraq Nəriman Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır, mühərrirdir. Epeyicə, sıx-sıx və baş-başa görüşdüm. Baxdım ki, iyi bir adam. Kəndisinə etimad təlqin etdim. Açıldı və dedi ki, "Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türküz, milliyyət ilə yaşarız". Çox xoşuma getdi. Və pək sevindim. Amma ruslardan fəna korkuyor. Haqqı da var, şakaları (zarafat) yok. Dərhal insanı öldürüyorlar". 1921-ci ilin yanvar-fevral aylarındakı Azərbaycan–Türkiyə danışıqlarının inam və etimad şəraitində keçməsində Azərbaycan tərəfinin xoş niyyəti və siyasi iradəsi ilə birlikdə diplomatik təmsilçi kimi Məmduh Şövkətin şəxsi nüfuzu və işgüzar əlaqələrinin də mühüm rolu olmuşdu. Bakıdakı fəaliyyəti dövründə o, dövlət və hökumət dairələri, ziyalı təbəqə və sadə vətəndaşlarla səmimi münasibətlər qurmağı bacarmış, sadəliyi, Atatürkün dediyi kimi, "avamdan yetişmiş olması" ilə çoxlarının etibar və etimadını qazana bilmişdi. Azərbaycanda yaşadığı üç il yarım ərzində türk diplomatı rus dilini də yazıb-oxumaq və ünsiyyət qurmaq səviyyəsində öyrənmişdi…
O dövrdə Azərbaycan yalnız türk əsgərinin deyil, bəlkə, daha artıq dərəcədə türk müəlliminin və ziyalısının yardımına ehtiyac duyurdu. N. Nərimanovun milli ruhu gücləndirməyə və "Şərqdə nümunəvi bir respublikaya" çevirməyə çalışdığı Azərbaycanda ana dilində təhsil verən məktəbə və müəllimə çox böyük ehtiyac vardı. Türkiyənin özü bu sahədə ciddi problemlərlə üzləşsə də, bir tərəfdən Azərbaycan hökumətinin, o biri tərəfdən isə Məmduh Şövkətin səyi nəticəsində 20-ci illərin birinci yarısında ölkəyə müəyyən miqdar türk müəllimlərinin gəlişi təmin olunmuşdu. Onların arasında sıravi maarif işçiləri ilə yanaşı, sonralar Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələri tarixində mühüm izlər qoyan professor İsmayıl Hikmət, tarixçi Şövkət Sürəyya Aydəmir kimi tanınmış şəxsiyyətlər də vardı. Bir ziyalı və diplomat kimi Məmduh Şövkətin Bakıda yaxından maraqlandığı və sıx-sıx müzakirə etdiyi məsələlərdən biri də latın əlifbasına keçidlə bağlı idi…
1921-ci il avqustun 30-da türk xalqı Qurtuluş Savaşında özünün ən böyük qələbələrindən birini qazandı – İzmir yunan işğal qüvvələrindən təmizləndi. Çağdaş Türkiyədə hər il Zəfər bayramı kimi qeyd olunan bu tarixi hadisə o vaxt Bakıda sevinclə qarşılanmışdı…
Təəssüf ki, Azərbaycan–Türkiyə münasibətlərinin hərarətli dövrü çox tezliklə arxada qaldı. 1922-ci ilin dekabrında SSRİ-nin yaradılması ilə müttəfiq respublikalar, o cümlədən Azərbaycan öz səlahiyyət və müstəqilliklərini, demək olar ki, tamamilə itirdilər. Bu xüsusi ilə xarici siyasət sahəsinə aid idi. Bakıdakı xarici ölkələrin təmsilçilik və nümayəndəlikləri biri-birinin ardınca bağlandı. Mövqelərini möhkəmləndirən bolşeviklər daha müstəqillik tamaşası oynamağa lüzum görmürdülər.
1924-cü il martın 31-də Bakıdakı türk təmsilçiliyi də fəaliyyətini dayandırdı. Türkiyə Cümhuriyyətinin (1923-cü il oktyabrın 29-da Türkiyədə Cümhuriyyət elan olunmuşdu.) 30 avqust Zəfər bayramının Azərbaycanda doğurduğu böyük sevinc və qürur hissi ilə bağlı hökumətinə müfəssəl məlumatlar göndərən Məmduh Şövkət bu dəfə yazmağa bir söz tapmamışdı. Artıq N. Nərimanov da Bakıda deyildi və Türkiyənin yeni siyasi tarixindəki bu böyük hadisə ilə bağlı ölkə rəsmilərindən heç biri türk elçiliyinə gəlməmişdi.
Türkiyənin Sovet Azərbaycanında ilk və son diplomatik nümayəndəsi az sonra Ankaraya qayıtmalı oldu. Və bununla da iki ölkə arasındakı qısamüddətli diplomatik ilişkilərə son qoyuldu…