Melik Ejder Turbesi - Wikipedia
Məlik Əjdər türbəsi, Məlikəjdər türbəsi və ya Cicimli türbəsi — Azərbaycanda, Laçın rayonunun Cicimli kəndində, yüksək dağlıq ərazidə yerləşən türbə. Elmi araşdırmalara görə XII–XIII əsrlərdə inşa edildiyi güman edilən bu abidənin səkkizbucaqlı bayır və dairəvi iş planı olsa da tutum həllində aydın duyulan sayalığı, müəyyən qədər arxaikliyi oxşar planlı türbələrdən seçilir. 2020-ci ildə Azərbaycanın müzəffər ordusu işğalda olan torpaqları azad etdikdən sonra, ilk dəfə video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu türbənin yeni fotolarını çəkiblər.
Məlik Əjdər türbəsi | |
---|---|
39°30′43″ şm. e. 46°30′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Laçın |
Yerləşir | Cicimli |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | Dağıdılmış, yarımçıq halda qalıqları var |
İstinad nöm. | 311 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Memarlıq xüsusiyyətləri
redaktəBu türbənin digər Azərbaycan türbələrindən fərqi onun məhz həcm quruluşundadır.Planda səkkizbucaqlı quruluşda olsa da, Məlik Əjdər türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə başqa bir plastik şəkildə qavranılır. Çünki türbənin divarları şaquli xəttlərlə həll edilməmiş, abidənin tilləri əyri xətlə işlənmiş,türbənin silueti yumşaq cizgilərlə çərçivələnmişdir. Məlik Əjdər türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir. Nəticədə abidənin ümumi görünüşü türklər arasında geniş yayılmış yurd quruluşunu xatırladır.
Müxtəlif araşdırmaçıların müşahidə etdiyi kimi Cicimli türbəsi yuxarıya doğru əyilib dayanan prizmatik tutumu, parabolik biçimli günbəzi, tinlərində çubuğa bənzər incə sütuncuqları ilə köçəri çadırının yamsılanması ilə yaradılmışdır. Türbənin istər bayır tutumu, istərsə də iç məkanı bütöv olub, gövdəsi ilə örtüyü arasında keçid zonası demək olar ki, yoxdur. Onları bir-birindən yalnız qalınlığı tin çubuqlarına bərabər olan daş kəmərlər ayırır. M.S.Bulatovun qrafik təsvirinə görə bu, "abidəni ucaldan memar tikilinin siluetini çəkmək üçün ellipsdən yararlanmışdır."
Türbənin fərqliliyi
redaktəBu abidənin memarlıq səciyyəsində ənənəvi səkkizbucaqlı türbələrdən uzaqlaşaraq,tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Heç də təəccüblü deyildir ki, bunun ümumi görünüşü, obrazı köçəri xalqların yurdunu xaatırladır. Yaşayış tikintiləri ilə başqa tikintilər, xüsusilə xatirə tikintiləri arasında mənşə etibarilə əlaqə olması memarlıq tarixində təsadüf olunan,daha doğrusu geniş yayılan bir hadisəsir. Məlik Əjdər türbəsinin daha bir maraqlı xüsusiyyəti onun giriş qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalardır. Bu daş oymalarının hər 3 alda öküzü təsvir etdiyi aydınlaşdırılmışdır. Son dərəcə ekspressiv vəziyyətdə rəsm edilmiş bu öküz təsvirləri abidənin bədii xüsusiyyətlərini daha da zənginləşdirilir və eyni zamanda Azərbaycanda heyvan təsvirlərinin ehtimal ediləndən daha geniş yayıldığını göstərir.
Tarixi
redaktəMəlikəjdər türbəsinin üzərində kitabə olmadığından,onun nə vaxt inşa edildiyini təyin etmək çətindir. Məlikəjdər abidəsini görmüş və ilk dəfə nəşr etmiş İ.Şeblikin bu binanın Səlcuqlular dövrünə aid olduğunu qeyd edir. Bu da onun tarixini təxminən XII əsrə yaxud XIII əsrin əvvəllərinə aparır.
Məlik Əjdər Türbəsi monumental əsər olmayıb xalq memarlığının – memarlıq folklorunun dəyərli bir örnəyidir.[1] Bunu onun yığcam plan-məkan həlli, bölünməz tutumu, demək olar bəzəksiz daş kütlələrinin yabanı gözəlliyi əks etdirir.
Laçın rayonu işğaldan azad edildikdən sonra ilk dəfə türbənin görüntülərini video bloger Ər-Toğrul və görüntü rejissoru Şahmar Səfəroğlu çəkiblər.
Türbənin planı
redaktəLaçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olanının — Məlik Əjdər türbəsinin planı içəridə dairə, bayırda səkkizbucaqlı formadadır. İçəridə türbənin iç divar səthi 1,5 metr yüksəkliyəcən vertikal qalxır və sonra əyilmiş qabarıq səthə çevrilir. Döşəmə səthindən 7,5 metr yüksəklikdə divar səthindən bir az irəli çıxmış sadə profilli karnizin üzərində qurulmuş parabolik formalı günbəz interyeri qapayır. İç divarın cənub hissəsində, giriş qapısı ilə üz-üzə dayaz kiçik mehrab tağçası var. İç divarlar üzərində müxtəlif təsvirləri olan suvaqla örtülü olmuşdur. Türbənin iç döşəməsi ilə bayır kürsülüyünün səviyyəsİ eynidir. Türbənin interyeri günbəzin əsasındakı dörd kiçik pəncərə İİə işıqlanır. Azərbaycanın səkkizbucaqlı türbələrində korpus adətən təmiz prizmatik həcm kimi həll edilir. Onlardan fərqli olaraq Cicimli türbəsinin səkkizüzlü korpusu qabarıq kəsik piramida formasındadır. Belə ki, onun bayır həcminin üzləri yuxarıya doğru əyilərək iç karnizlə bir səviyyədə olan sadə karnizlə qapanır. Bu karnizin üstündə isə hündür profilli parabolik günbəz yüksəlir. M. S. Bulatovun qrafik təhlilinə görə bu abidəni ucaldan memar "tikilinin siluetini çəkmək üçün ellipsdən yararlanmışdır". İç məkanı kimi türbənin bayır həcmi də bütöv olub korpus ilə günbəz örtüyü arasında keçid zolağı yox dərəcəsindədir. Bu səbəbdən türbənin silueti tamamilə köçəri çadırını təkrar edir. Türbənin səkkizüzlü korpusunun tinləri çadır karkas konstruksiyalarının əsasını təşkil edən çubuqlara bənzər incə daş sütuncuqlar şəklində həll edilmişdir. Korpusun bütün üzləri yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir. Sütuncuqların oyma bəzəkli kvadrat kapitelləri karnizə dirənir. İzlərdən bəlli olur ki, əvvəllər karnizin üstündə sıralanan daş dişlər günbəzi dövrələyirmiş. Türbəyə düzbucaqlı açırımı olan giriş qapısı korpusun şimal üzündə yerləşir. Qapı gözünün üstü sivri tağ forması verilmiş bütöv bir arxitrav daş ilə örtülmüşdür. Onun haşiyəsi içərisində yonma atlı fiqurun izləri müşahidə olunur. Abidənin bir sıra detalları Qubadlının Dəmirçilər kəndindəki türbələrdə işlədilmiş detallarla eynidir. Üstündə inşaat kitabəsi və naxışlı səthlər yoxdur və araşdırıcılar Cicimli türbəsinin XII–XIII əsrlərdə tikildiyini ehtimal edirlər. Bu abidənin XIII əsrin sonlarında — Elxanilər çağında inşa edildiyi daha inandırıcı görünür.[2]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 102
- ↑ "Məlik Əjdər türbəsi". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-02.