Muqeddes Qriqoris - Wikipedia
Müqəddəs Qriqoris (erm. Գրիգորիս Աղվանացի, 302, Kayseri – 335[1][2] və ya 330[3], Dərbənd) — ənənəvi olaraq Alban Həvari Kilsəsinin katolikoslarından biri qəbul edilən, Parfiya mənşəli din xadimi. Erməni Həvari Kilsəsinin müqəddəsi sayılır.
Müqəddəs Qriqoris | |
---|---|
| |
Rütbə | Katolikos, Şəhid, Müqəddəs |
Doğum tarixi | təxm. 302 |
Doğum yeri | Kayseri, Bizans imperiyası |
Vəfat tarixi | təxm. 340 |
Vəfat yeri | Dərbənd, Maskut çarlığı |
Qeyd edilir | Alban Avtokefal Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi |
Əsas məbədi | Amaras monastırı |
Həyatı
redaktəQriqoris IV əsrin əvvəllərində, indiki Kayseridə — o zamanlar Caesaria Mazaca adlanan şəhərdə doğulmuşdu. Babası Müqəddəs I Qriqori, atası Müqəddəs I Vrtanes və qardaşı Müqəddəs I Husik Erməni Qriqorian Kilsəsi katolikosu olmuşdular. Əslən parfiyalı idi.[4] Bir ənəyə görə babası Qriqori tərəfindən[5], başqa bir ənənəyə görə isə əmisi Aristakes tərəfindən[6] hələ 15 yaşında təqdis edilərək dini fəaliyyətə başlamışdı. O, Albaniya kralı Urnayr dövründə xidmət edən Albaniyanın ilk katolikosu olan Satalalı Tomasın varisi hesab olunur.[7][8] Ənənəvi olaraq o, həm də Zəkəriyyə və Müqəddəs Pantaleonun qalıqlarını Tsri şəhərində (müasir Bərdə yaxınlığında) tikilmiş kilsəyə gətirməsi ilə tanınır.[6] Mxitar Qoşun Alban salnaməsində onun adı Katolikos Lazardan sonra, 8-ci yerdə çəkilir.[9]
Ölümü
redaktəFavstos Buzandın yazdığına görə, Qriqoris bir müddət sonra xristianlığı Maskut çarı Sanesana təbliğ etmək üçün Məsqətə (indiki Azərbaycanın şimal-şərq bölgəsində və Xəzər dənizinin cənubi Dağıstan sahilində yerləşirdi) gedib (Movses Xorenliyə əsasən isə onun adı Sanatruk idi və III Trdatın qohumu olub Arşakilər nəslindən idi). Əfsanəyə görə Qriqoris Sanesanın oğullarını — Musa, Daniel və İlyas ilə birlikdə 387 davamçısını xristianlığa gətirəndən sonra Sanesanın əmri ilə Dərbənddən 37 kilometr cənubda indiki Nüğdi kəndi yaxınlığında hesab edilən Vatne bölgəsində atlı Maskut əsgərləri tərəfindən tapdalanaraq şəhid edilib.[4] Lakin digər mənbələrə görə, bu hadisə Kür çayının düz sahilində, 334-cü ildə Paytakaranda baş verib. Mxitar Qoş Qriqorisin şəhadəti tarixi 348-ci il kimi təqdim edir.[9] Yenə ənənəvi məlumata əsasən Qriqorisin xristianlığa gətirdiyi şəxslər də həmin ilin 20 avqustunda Sanesan tərəfindən şəhid edilib.[6]
Qriqorisin cənazəsi Amaras monastırına aparılaraq şimal girişinin yaxınlığındakı naməlum qəbirdə basdırılıb. Movses Kalankatlının yazdıqlarına görə, 489-cu ildə Qafqaz Albaniyasının kralı III Mömin Vaçaqan Qriqorisin qalıqlarını taparaq Amaras monastırının içərisindəki qəbirdə basdırıb. Qriqorisin Nüğdidəki ölüm yeri kimi qəbul edilən yerdə isə naməlum bir tarixdə erməni kilsəsi ucaldılmışdır.
Anım günləri
redaktəErməni kilsəsi Qriqorisin anımını İsanın mövlud günündən əvvəlki 3-cü şənbə günü; İsanın dəyişdirilməsi bayramının 3-cü bazar günü Qriqorinin digər oğulları və nəvələri ilə birlikdə, eləcə də Xaçın Ucaldılması günündən sonrakı 5-ci bazar günündən sonrakı bazar ertəsi qeyd edir.[6]
Elmi mübahisələr
redaktəBəzi alimlər, daha dəqiq desək, Zaza Aleksidze və Jan-Pyer Mahe Qriqorisin əfsanəsini uydurma hesab edərək, onun fəaliyyət ərazisini Quqarkla məhdudlaşdırırlar: "…tarixşünaslıq məlumatlarının yaxından tədqiqi bizi belə bir nəticəyə gətirməlidir ki, Qriqorisin heç vaxt Albaniyada dini təbliğ etməyib və ölkənin xristianlaşdırılmasında heç bir rol oynamayıb. Həqiqətən də müqəddəsin şəhadəti haqqında ilk yazılı məlumatı özündə əks etdirən Buzandaran onu Albaniyaya göndərilmiş yepiskop kimi deyil, "İberiya və Alban sərhəd bölgəsinin katolikosu" kimi qeyd edir"[8] Aleksidze və Mahenin fikrincə bu əfsanə çox sonradan, 7-ci əsrdə erməni kilsənin katolikosu I Abraham (607–615) tərəfindən Alban kilsəsini tabe etmək üçün uydurulub. Erməni akademik Hranuş Xaratyan Aleksidze və Maheni həm Faustun, həm də Xorenatsinin sözlərini təhrif etməkdə ittiham edib.[10]
İstinadlar
redaktə- ↑ Template:Christian Settipani, "Nos ancêtres de l'Antiquité", 1991. S. 66.
- ↑ Settipani C. Continuité des élites à Byzance durant les siècles obscurs (fr.): Les princes caucasiens et l'Empire du VIe au IXe siècle. Paris: 2006. P. 108. ISBN 978-2-7018-0226-8
- ↑ Toumanoff C. Les dynasties de la Caucasie chrétienne de l'Antiquité jusqu'au xixe siècle (fr.): Tables généalogiques et chronologiques. Rome: 1990. P. 243.
- ↑ 1 2 René Grousset: Histoire de l´Arménie, Payot, Paris, 1973, S. 130.
- ↑ Favstos Buzand — The Epic Histories Attributed to P'awstos Buzand, ingiliscəyə tərcümə edən Nina Garsoian, Cambridge, Massachusetts, 1983. IV.50; cild 12.
- ↑ 1 2 3 4 Nikonorov, Andrei. "ГРИГОРИС АЛБАНСКИЙ" [Albaniyalı Qriqoris]. Pravoslav Ensiklopediyası (rus). 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ Chorbajian, Levon; Donabédian, Patrick; Mutafian, Claude. The Caucasian Knot: The History & Geopolitics of Nagorno-Karabagh (ingilis). Zed Books. 1994. 57. ISBN 978-1-85649-288-1. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
- ↑ 1 2 The Caucasian Albanian palimpsests of Mt. Sinai. Jost Gippert. Turnhout: Brepols. 2008–2010. xiv. ISBN 2-503-53116-4. OCLC 319126785.
- ↑ 1 2 Moisey Kalankatuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi"; (Tərcüməçi: Ziya Bünyadov), Bakı, Avrasiya Press, 2006, səh. 262
- ↑ Kharatyan, Hranush. "Touching upon issues of Yeghishe the Apostle, Grigoris and the christianization of the Caucasian Aghvank (Albania) (In connection with the publication of the deciphering of the Caucasian Albanian old double-script palimpsest)". mechitar.org. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
SƏLƏF Katolikos Lazar |
Müqəddəs Qriqoris ~302 - ~340 |
XƏLƏF Katolikos I Zəkəriyyə |