Musebbihiler - Wikipedia
Müşəbbihilər — Tanrını insan keyfiyyətləri ilə təsəvvür edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə "antropomorfizm" deyilir. Müşəbbihilər müsəlmanların ənənəvi dünyagörüşündən fərqli olaraq, Allahı onun yaratdıqlarına aid sifətlərlə təsəvvür edirdilər.
Etimologiya
redaktəMüşəbbih sözü təşbih (تشبيه) sözüylə eyni kökə sahibdir və mənası bənzəmə, bənzətmə və ya analogiya deməkdir.
Yaranması
redaktəİslam dünyasında bu fikrin banisi Cəhm ibn Səfvan (vəfatı: 746-ci il) sayılır. O, İlahi sifətləri inkar edib, Allahı insana bənzətmişdir. Əbdülqahir Bağdadi (vəfatı: 1037-ci il), "Təriqətlər arasında fərqlər" əsərində müxtəlif müsəlman təriqətləri haqqında məlumat verərkən, müşəbbihiləri iki qrupa bölmüşdür:
- Allahın mahiyyətini yaradılmışların mahiyyətinə bənzədənlər;
- Yalnız İlahi sifətləri yaradılmışların sifətlərinə bənzədənlər.
Qolları
redaktəOrta əsrlərdə bir neçə müşəbbihi təriqəti mövcud olmuşdur. Bunlardan ən tanınmışı Haşim ibn Həkəmin başçılıq etdiyi haşimilər idi. Tanınmış təriqətşünas Şəhristani onun mötəzili alimi Əbülhüzeyl arasındakı teoloji diskussiyasını qələmə almışdır. Bu diskussiyada Haşim ibn Həkəm Allahın insanabənzər olduğunu, konkret bir obrazda mövcudluğunu iddia etmişdir. O, hətta Tanrının insan əzalarına bənzəyən üzvlərinin uzunluğu haqqında da fikirlər söyləmişdir.
Dini görüşləri
redaktəMüsəlman qaynaqlarına görə, müşəbbihilər daha çox ilahi təcəssümə inanan qulatların (ifrat təriqətlərin) nümayəndələri olmuşlar. Onlardan biri kimi, xəlifə Əli ibn Əbu Talibin (ə) şəxsiyyətini ilahiləşdirən, onun simasında Tanrının təcəssüm etdiyini iddia edən Abdulla ibn Səbanın adı çəkilir. Haşim ibn Həkəm də qulatdan olmuşdur. Bəzi Bəsrə mötəzililəri də müəyyən qədər öz baxışlarında müşəbbihiliyə meyilli idilər. Məsələn, onlardan bəziləri Allahın iradəsini insan iradəsi kimi dəyərləndirirdilər. Yaxud onlar Allahın danışmaq bacarığını insanın analoji bacarığından fərqləndirmirdilər.
Lakin müşəbbihilik vahid dünyagörüş sistemi olmamışdır. Bu kimi teoloji-fəlsəfi baxışlar müxtəlif, hətta bir-birinə zidd məktəblərin nümayəndələrində də ola bilərdi. Orta əsrlərdə Müsəlman cərəyanlarının nümayəndələri arasında aparılan çəkişmələrdən göründüyü kimi, tərəflər çox zaman bir-birini müşəbbilikdə ittiham etmişlər. Məsələn, mütəzililər ənənəvi İslamda Allahın sifətlərinin olmasını, Cənnətdə Allahın görünməsini, Onun taxtda (Ərşdə) oturması kimi inancları müşəbbihiliyin əlamətləri kimi qiymətləndirmişlər. Formal məntiqə dayanan mötəzililər hesab edirdilər ki, belə olsa, onda Allah müəyyən məkanda və zamanda mövcud olmalıdır. Mötəzili Zahid Kövsəri bu problemlər üzrə aparılan diskussiyalar zamanı ənənə tərəfdarı İbn Qüteybəni müşəbbihilikdə ittiham etmişdir.
Tənqidi
redaktəFəxrəddin Razi kimi bəzi tanınmış alimlər də, Quranda Allahın "üzü" və "əlləri" anlayışlarının mahiyyətini izah etməyə çalışanları müşəbbihi adlandırmışlar. Ənənəvi İslam tərəfdarları bütün bu ittihamları təkzib etmiş, həmin məsələlərdə yalnız formal məntiqə istinad edilməsini düzgün saymamışlar. Onlara görə, Allahın sifətləri və yuxarıda qeyd edilmiş başqa məsələlər düşüncədən kənar (irrasional) sahəyə aid problemlərdəndir. Quranda isə məsələ ilə bağlı buyurulur: "...Ona (Allaha) bənzər heç bir şey yoxdur..."[1].
Digər tərəfdən Quran və hədislərdə Allahın sifətlərə malik olduğu haqqında deyilsə də, bunlar insan düşüncəsinə sığmayan məsələlərdir. İslam ənənəçilərinin fikrincə, onlara insan kateqoriyaları ilə baxılması müşəbbihiliyin əlamətidir. Allahın diri, qüdrətli, bilikli və s. olması kimi İlahi sifətlər haqqında danışılanda, bunları heç də insandakı kimi təsəvvür etmək olmaz. Bu sözlər İlahi kitabda yalnız insanın düşüncəsi səviyyəsində təqdim olunmuşdur. Bunların həqiqi mahiyyəti isə dərk edilməzdir. Başqa sözlə, İslam ənənəçilərinə görə, Allahın diriliyi, biliyi, yaxud qüdrəti insanın analoji keyfiyyətləri ilə eyni deyildir.
İstinadlar
redaktəMənbə
redaktə- Müəllif: Aydın Əlizadə, "Cəmiyyət və din" qəzeti