Logman Film 2013 - Wikipedia
Loğman (ing. The Physician) — Noah Qordonun eyni adlı əsəri əsasında 2013-cü ildə alman rejissor Filipp Ştöltsl tərəfindən çəkilmiş macəra filmi.
Loğman | |
---|---|
ing. The Physician | |
Janr | macəra filmi[1][2], tarixi film, ədəbi əsər ekranlaşdırılması[d], dram filmi |
Baş rollarda | |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 2013, 25 dekabr 2013[5] |
Müddət | 150 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Berlin |
IMDb | ID2101473 |
Məzmun
redaktəFilmdəki hadisələr 11-ci əsr İngiltərəsində baş verir. Antik dövründə toplanmış biliklər, o cümlədən tibbi biliklər tədricən itirilmişdir, kilsə isə qara magiya adı altında elmə qarşı mübarizə aparmaqdadır. Sadə xalqın xəstəlikləri bir şəhərdən digərinə səyahət edən bərbərlər tərəfindən "sağaldılır".
Robert Koul adlı uşağın qeyri-adi vergisi var: o, kiminsə sağalmaz xəstəliyi olduğunu duya bilir. İlk dəfə o, bunu uşaq olarkən xəstə anasının appendisitdən öləcəyini duyan zaman kəşf edir. Yetim qalmış Robert müxtəlif şəhərlərdə insanları sağaldan səyyar şarlatana qoşulur və ondan orta əsr təbabətinin məhdud imkanlarını öyrənir. Bununla belə, o, bunların insanları sağaltmaq və əsl həkim olmaq üçün kifayət etmədiyini də başa düşür.
Müəllimi kataraktadan əziyyət çəkəndə, Robert bunu sağaltmaq üçün yəhudi təbiblə danışır. Təbib kataraktanı sağaldır, amma bunu etməyin sirrini də özündə saxlayır. İlk dəfə olaraq, orada Robert yəhudi mədəniyyəti haqqında müəyyən qədər bilgi əldə edir, həmçinin Yessi və Benyamin adlı iki uşaqla tanış olur. Uşaqların atası Robertə dünyanın xəritəsini göstərir və dünyadakı ən məşhur loğman olan ibn Sina haqqında məlumat verir. Aldığı informasiyadan ovsunlanmış Robert ibn Sinadan təbabəti öyrənmək üçün Şərqə — İsfahana getməyə qərar verir. Amma yolun uzun və çətin olacağı əvvəlcədən məlumdur — müsəlmanlar yəhudilərə dözümlü yanaşsalar da, xristianlara münasibət kəskindir.
Bu səbəbdən də, Misirə çatdıqdan sonra Rob özünü sünnət edir və Avropada tanış olduğu iki uşağın şərəfinə Yessi ben Benyamin adını götürür. Misirdən İrana yollanan karvana qoşulan Rob burada Rebekka adlı gənc və gözəl yəhudi qızla tanış olur. Karvan səhrada ikən qum tufanına məruz qalır. Qumun altından sağ çıxan Rob Rebekkanın oxuduğu, içərisində Ələddin və Sindbad haqqında nağıllar olan kitabı götürərək yenidən yola düşür və çox çətin vəziyyətdə İsfahana yetişir.
İbn Sinanın məktəbinə yetişən Rob şagirdliyə qəbul edilməsini xahiş etsə də, ibn Sinanın katibi onu döydürərək küçəyə atdırır. Ayıldıqda özünü ibn Sinanın xəstəxanasında bulan Rob ona qulluq edən nurani həkimdən ibn Sina ilə danışıb onu şagirdliyə götürməsini bir daha xahiş edir. Məktəbə qəbul edilən Rob ilk dərsdə ikən həmin nurani həkimin elə ibn Sina özü olduğunu öyrənir.
Məktəbdə Rob öz müəllimindən yalnız tibbi biliklər deyil, fəlsəfə, astronomiya və digər elmlərlə bağlı dərslər alır. Burada o, tibbi tarixi ilə tanış olur, Şərqin tibbi biliklərinə yiyələnir, nəbz diaqnozu, zəli müalicəsi, tiryəkdən keyidici vasitə istifadə, bəzi cərrahi prosedurları öyrənir. Dərslərdə və dərslərdən kənarda o, vaxtını yenicə dostlaşdığı iki oğlanla — fars və yəhudi gənclərlə keçirir. Hər hansı maddi vəsaiti olmayan Rob özünü yəhudi kimi qələmə verməkdə davam edir və dostunun köməyi ilə yəhudi icmasına daxil olur. Burada o, yenidən Rebekkanı görür və onun səhrada ölmədiyini öyrənir. Eyni zamanda məlum olur ki, Rebekkanı İsfahana varlı bir yəhudiyə ərə vermək üçün aparırmışlar. Rebekkanın toyunda iştirak edən Rob gəlinə səhradan tapdığı kitabı qaytarır.
Hadisələrə paralel olaraq, şəhərdə içində mühafizəkar müsəlman icmasının tolerant, elmləri himayə edən əhli-kef şaha qarşı mübarizəsi gedir. Eyni zamanda, köçəri Səlcuqi tayfasının tabe olma təklifini rədd edən şah bu xəbəri gətirmiş elçini — səlcuq tayfasının başçısının qardaşını öldürür, bununla da münasibətləri kəskinləşdirir. Beləliklə, şəhər xaricində də böyük təhlükə yaranır.
Səlcuqların təxribatı nəticəsində şəhərdə taun yayılmağa başlayır. Minlərlə insanın ölməsinə, bir çoxlarının şəhəri tərk etməsinə baxmayaraq, ibn Sina və onun şagirdləri şəhərdə qalaraq xəstələri sağaltmaq qərarı verirlər. Rob taunun həm də gigiyenik qaydalara riayət olunmaması səbəbindən siçovul birələri vasitəsilə yayıldığını kəşf etdikdən sonra, siçovullara qarşı mübarizə başlayır. Tezliklə, ölənlərin sayı azalmağa başlayır. Taunun ən son qurbanlarından biri Robun fars dostu olur. Xilas olunanların arasında taun zamanı əri tərəfindən tərk edilmiş Rebekka da var. Rob Rebekkanın qeydinə qalır və onlar arasındakı məhəbbət güclənərək Rebekkanın hamiləliyi ilə nəticələnir.
Rebekkanın sağaldığı vaxtda rüşvət verərək şəhərdən qaçmağa nail olmuş yəhudi əri geri qayıdır. Rebekka könülsüz şəkildə evlərinə dönür.
Rollarda
redaktə- Tom Peyn – Robert Koul/Yessi Ben Benyamin
- Emma Riqbi – Rebekka
- Ben Kinqsli – ibn Sina
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Loğman — Internet Movie Database saytında
- The Physician Rotten Tomatoes saytında (ing.)
- The Physician (Der Medicus): Berlin Review on hollywoodreporter.com
- The Physician. A masterpiece. Vasile Francisc, Hannover Unlimited, 2014
- 'Der Medicus' At #1 In Germany And Spain on bertelsmann.com/