Levantiler - Wikipedia
Levantilər (digər adları – latınlar, firənglər) — Yaxın Şərq ərazisində keçmişdə yaşayan italyan və fransız əsilli katolik əhaliyə aid edilən termindir.[1]
Cənubi Avropalı tacir və mühacirlər Səlib yürüşlərindən bəri Aralıq dənizinin şərq sahillərində məskunlaşmağa başlamışdılar. XIX əsrdə bu qrupa dissidentlər, əhli-sənət, mühəndis və gəmiqayırma üzrə mütəxəssislər də daxil olmuşdur. Levantilərin əcdadı əsasən Genuya və Venesiya, həmçinin Piza, Qırım, Azovyanı və Aralıq dənizi boyu digər xristian məkanlardan köçmüşdülər. XVI əsrdə Osmanlı sultanı italyan tacirlərinə imtiyazlar bəxş edərək onları faktiki olaraq italyan şəhərləri ilə Şərq arasında ticarət monopoliyasını əllərinə keçirən xüsusi təbəqəyə çevrilməsinə imkan vermişdi. XIX əsrin sonunda bu təbəqə artıq levantilər adıyla tanınmışdır. Bu ad öz növbəsində Levant tarixi bölgənin adından qaynaqlanır.[2]
Levantilər qrupuna həmçinin Livornodan XVIII əsrdə İstanbula köçmüş, italyan ləhcəsində danışan və fransız konsulluğunun himayəsində olan sefard yəhudilərini də aid edirdilər. İstanbulda onlar üçün Kal de los Frankos adlı, yerli əhali arasında "İtalyan" adıyal tanınan xavra da tikilmişdir.[3]
Levantilərin əsas məskunlaşdığı iri şəhərlər və bölgələr arasında İstanbul (xüsusi ilə də Qalata məhəlləsi), İzmir, Saloniki, İsgəndəriyyə, Kipr və Egey adaları olmuşdur. XIX əsrdə İstanbul 7 min, İzmirdə isə 6 min levanti yaşamaqda idi. Əlcəzairin 1833-cü ildə Fransa tərəfindən işğalı zamanı orada 1,1 min italyan əsilli insan yaşayırdı.[4] Osmanlı imperiyasının levanti icması uzun müddət milli kimliyini qoruyub, katolik xristianlığa etiqad edən və italyan dilində danışan başqa millətlərlə qarışmayan bir qrup kimi tanınırdı. XIX əsrin əvvəlində italyan ana dili fransız dili ilə əvəz olunmağa başlamışdır.
İtaliyanın birləşməsi, yunan-türk müharibələri və Osmanlı imperiyasının süqutu levantilərin intensiv, əsasən İtaliyaya mühacirətinə səbəb olmuşdur. 1935-ci ildə Türkiyədə cəmi 15 min levanti qalmışdı, lakin bu rəqəm də 1955-ci il İstanbul olayları nəticəsində aşağı enmişdir.[5] 2007-ci ildə Livanda 4,3 min italyan əsilli insan yaşasa da, onların çoxsu artıq mədəni özünəməxsusluğunu itirmiş və ərəb dilini ana dili kimi qəbul etmişdir.[6]
İstinadlar
redaktə- ↑ "Pannuti". 2011-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- ↑ "History of the community". 2018-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- ↑ "TecaLibri: Patrizia Audenino: Migrazioni italiane". 2017-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- ↑ Robert Franz Foerster. «The Italian Emigration of Our Times». Ayer Publishing, 1969, с. 219
- ↑ "Levantine testimony 35". 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.
- ↑ "Joshua Project — Italian of Lebanon Ethnic People Profile". 2016-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-20.