Lal Bahadur Sastri - Wikipedia
Lal Bahadur Şastri (hind. लालबहादुर शास्त्री, 2 oktyabr 1904 — 11 yanvar 1966) — Hindistanın ikinci baş naziri
Həyatı
redaktəLal Bahadur Şastri 2 oktyabr 1904-cü ildə hazırkı Uttar Pradeş ştatında anadan olmuşdu.
1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir.
Böyük Britaniya və ABŞ həmin dövrdə SSRİ-nin Hindistanda möhkəmlənməsindən və oraya sosializm ixrac etməsindən ciddi narahatlıq keçirirdilər. Üstəlik, Cavahirləl Nehru kimi Ləl Bahadur Şastri də sosializmə meyl göstərirdi və bu çərçivədə də SSRİ ilə sıx iqtisadi və siyasi münasibətlər qurmuşdu. Çindən sonra dünyanın ən böyük əhalisinə malik olan Hindistanın sosializm dövlətinə çevriləcəyi təqdirdə Asiya qitəsi SSRİ-nin təsiri altına düşəcəkdi. Ona görə də, ABŞ və Böyük Britaniya Pakistan və Hindistan arasında uzunmüddətli sülh sazişi əldə edilməsində maraqlı deyildilər. Onlar sadəcə olaraq münaqişənin dondurulmasında və bundan gələcəkdə bölgədə öz milli maraqları üçün istifadə etmək niyyətində idilər. Təbii ki, istedadlı və uzaqgörən bir siyasətçi olan Ləl Bahadur Şastri də bunu başa düşərək Pakistanla yalnız qısamüddətli sülhə xidmət edən sülh anlaşmasını imzalamaq istəmirdi. Ona görə də, istər SSRİ, istərsə də Qərb ölkələrinin müharibəni dayandırmaq üçün baş vurduqları cəhdlər uzun müddət nəticəsiz qaldı.[1]
Kəşmir problemi
redaktəHindistan və Pakistan arasında sülh sazişinə mane olan ən böyük amillərdən biri də Kəşmir problemi idi. II Dünya müharibəsindən sonra Böyük Britaniya, əsarəti altında olan Hindistanın müstəqilliyini tanımağa məcbur oldu. Bu da öz növbəsində Böyük Britaniyanın əsarəti altında olan ərazidə daha bir müstəqil dövlətin- Pakistanın meydana çıxmasına gətirib çıxardı. Pakistan və Hindistan arasında isə dərhal əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Kəşmirlə bağlı münaqişə çıxdı və bu da iki dövlət arasında müharibəyə yol açdı. Ancaq o vaxt müharibə Kəşmir problemini həll edə bilmədi. Müharibə yalnız Kəşmirin parçalanmasına yol açdı. Nəticədə, Kəşmir ərazisinin 86 min kvadrat kilometri Pakistanın, 130 min kvadrat kilometri isə Hindistanın nəzarəti altına keçdi. Hindistan öz nəzarəti altında olan Kəşmir ərazisində iki ştat (Cammu və Kəşmir) yaratdı. Amma bundan narazı olan Kəşmir müstəqil dövlət olmaq uğrunda mübarizəyə başladı və bu da öz növbəsində 1965-ci ildə iki dövlət arasında yeni müharibənin başlamasında önəmli faktora çevrildi. əslində həmin dövrdə Kəşmir problemini körükləyən və bu yolla Pakistanla Hindistanı müharibəyə sürükləyən də Qərb dövlətləri idilər. Onlar bu yolla Ləl Bahadur Şastriyə təzyiq etmək və onu SSRİ-yə istiqamətlənən dostluq siyasətindən əl çəkməyə məcbur etmək istəyirdilər.[2]
Kosıgin tərəfləri barışdıra bilir
redaktəSSRİ-də həmin vaxt Qərbin Hindistanla Pakistanı müharibəyə cəlb etməsinin hansı məqsədlərə xidmət etdiyini yaxşı anlayırdılar. Ona görə də, SSRİ rəhbərliyi bu müharibənin dayandırılması üçün vasitəçilik missiyasını işə saldı. SSRİ-nin vasitəçilik missyasına isə o dövrdə Nazirlər Kabinetinin sədri vəzifəsində işləyən Aleksey Kosıgin rəhbərlik edirdi. Kosıgin çox çətinliklə Şastrini Pakistanla danışıqlar kürsüsü arxasında oturmağa razı sala bildi. Kosıginin təşəbbüsü ilə Hindistanla Pakistan arasında müvəqqəti atəşkəs əldə edildi. Bu atəşkəsin uzunmüddətli olması üçün isə iki ölkə arasında müvafiq sülh sazişinin əldə edilməsinə ehtiyac vardı. Ona görə də Kosıginin təşəbbüsü ilə 1966-cı il yanvar ayının 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Pakistanla Hindistan arasında sülh danışıqları başladı. Kosıgin bu danışıqlarda şəxsən iştirak edərək tərəflər arasında sülh şərtlərini razılaşdırmağa çalışırdı.
Əslində Şastri Pakistanla sülh danışıqlarının SSRİ-də keçirilməsini istəmirdi. Sanki öncədən bu danışıqların onun üçün sonuncu ola biləcəyini hiss etmişdi. Ona görə də sülh danışıqlarının Moskvada keçirilməsinə qarşı çıxdı. Bu isə SSRİ-nin tərəflər arasında vasitəçilik missiyasının boşa çıxması anlamına gəlirdi. Ona görə də, Kosıgin vəziyyətdən çıxmaq üçün alternativ yollar axtararaq sülh danışıqlarının Daşkənddə keçirilməsini təklif etdi. Şastri istəməyə-istəməyə Kosıginin bu təklifini qəbul etməyə məcbur oldu. Çünki əks halda o, SSRİ-nin Hindistana iqtisadi və siyasi dəstək verməkdən vaz keçə biləcəyindən ehtiyat edirdi. Amma tərəfləri sülh anlaşmasını imzalamağa razı salmaq heç də asan olmadı. Şastri SSRİ tərəfindən təklif edilən sülh şərtlərinin hər cümləsini, hər sözünü diqqətlə analiz edir və onlara şübhə ilə yanaşırdı. Ona görə də, Kosıginlə birlikdə Daşkənddə olan SSRİ xarici işlər naziri Andrey Qromıko və müdafiə naziri marşal Rodion Malinovski Şastrini razı salmaq üçün böyük əziyyət çəkməli oldular. Danışıqların uzanmasından narahat olan və bu sülh anlaşmasının da uzunmüddətli olmayacağını sövq-təbii ilə hiss edən Şastri bir neçə dəfə Daşkəndi yarımçıq tərk etmək istədi. Amma Kosıgin onu çətinliklə də olsa, dilə tutaraq danışıqları yarımçıq tərk emək niyyətindən daşındıra bildi. Lakin Şastri sülh anlaşmasını imzalamaq üçün SSRİ rəhbərliyi tərəfindən özünə edilən təzyiqlərdən açıq-aşkar narazı idi və bunu gizlətmirdi. O, ətrafındakılardan birinə: “SSRİ sülh danışıqlarında vasitəçilik missiyasının boşa çıxmasının öz imici üçün zərbə hesab edir. Ona görə də, mənə təzyiq edərək bizə arzuladığımız uzunmüddətli sülh vəd etməyən anlaşmanı imzalatmaq istəyir. Elə bil biz onların vassalı olan ölkəyik”,-demişdi.
Şastrinin bu narazılığı SSRİ rəhbərliyinin də diqqətini cəlb etmişdi. Bununla bağlı təcrübəli diplomat olan Andrey Qromıko Kosıginə: “Şastri ona etdiyimiz təzyiqlərdən narazıdır və o, ölkəsinə qayıdandan sonra bizə münasibətdə siyasətini dəyişdirə biləcəyindən narahatam”,- demişdi. Təbii ki, SSRİ Hindistanın ondan üz döndərməsini həzm edə bilməzdi və buna yol da verməyəcəkdi. Çünki SSRİ o dövrdə Hindistanda sosializm qurmaq və onu da sosializm bloku ölkələri sırasına qatmaq barədə planlara malik idi. Şastrinin Daşkənddən narazı getməsi isə Moskvanın bu planlarını boşa çıxara bilərdi.
Belə bir vəziyyətdə Şastrinin sağ qalması SSRİ rəhbərliyinə sərf eləmirdi...[3]
Müəmmalı ölüm
redaktə1966-cı il yanvarın 11-də nəhayət ki, SSRİ rəhbərliyi vasitəçilik missiyasını uğurla həyata keçirərək Pakistan və Hindistan rəhbərliyi arasında müharibənin dayandırılması barədə Daşkənd bəyannaməsinin və buna müvafiq sənədin imzalanmasına nail oldu. İmzalanma mərasimindən sonra rəsmi ziyafət təşkil edildi. Pakistan-Hindistan görüşmələrində SSRİ tərəfindən tərcüməçi kimi iştirak edən Viktor Suxodrevin yazdığına görə, ziyafətdən birinci Şastri getdi: “Hiss olunurdu ki, o Pakistanı danışıqlarda təmsil edən feldmarşal əyyub xanla uzun müddət bir masa arxasında oturmaq istəmir. Şastri gedəndən sonra əyyub xan Kosıgini ziyafəti davam etdirmək üçün danışıqlar gedən binanın yanındakı iqamətgahına dəvət etdi. Onlar təxminən yarım saat birgə şənləndilər”.
Suxodrevin sözlərinə görə, gecəyarısı ona zəng edərək Şastrinin can verməsi barədə xəbər veriblər: “Mən dərhal Kosıginin yanına getdim. Birlikdə Şastrinin yataq otağına daxil olduq. Həkimlər Şastriyə sünü nəfəs aparatı qoşmuşdular. Amma onlar bununla Hindistan Baş Nazirini ölümdən xilas edə bilmədilər. Şastriyə xidmət edən qulluqçu isə onun yatmazdan əvvəl özünü yaxşı hiss etdiyini, yerinə uzanarkən çay xahiş etdiyini söylədi. Çaydan bir az sonra o gözlənilmədən özünü pis hiss edərək hind dilində “Mama, Mama”,-deyərək yerə yıxılıb”.[4]
SSRİ Şastriyə zəhər verilməsini niyə gizlətdi?
redaktə1966-cı ildə Şastri 61 yaşında idi və olduqca sağlam görünürdü. Ona görə də, onun qəfil ölümü beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Qərbdə çıxan qəzetlər Şastrinin zəhərlə öldürüldüyü barədə sensasiyalı xəbər yaydılar. Ancaq SSRİ həkimləri Şastrinin ölümünü ürəktutması ilə izah etdilər. Şastrinin çaydan sonra öldüyünü söyləyən xidmətçinin sözlərinə inansaq, Hindistan Baş Nazirinə zəhər verildiyini ehtimal etmək olar. Çünki, adətən, belə qəfil ölümlər zəhərdən sonra baş verir. Şastrinin zəhərlənməsi ehtimalını həmin dövrdə ona xidmət edən baş ofisiant Əhməd Səttaroviç Səttarovun “Svobodnaya Pressa” ( “Azad mətbuat”) qəzetinə verdiyi açıqlama da sübut edir. Səttarov həmin açıqlamasında deyir: “ Bizi Kremldən xüsusi olaraq Daşkəndə gətirmiş və yüksək səviyyəli qonaqlara xidmət etmək üçün 1 ay hazırlıq keçmişdilər. Qonaqlara xidmət etmək üçün buddist və müsəlman ənənələrni nəzərə almış, bu məqsədlə hətta vaxtı ilə Buxara əmirinin işlətdiyi qiymətli servisdən belə istifadə etmişdik. Şastri ziyafət zamanı olduqca gümrah görünürdü və onda uzun sürən danışıqlardan sonra yorğunluq əlamətləri belə yox idi. Danışıqlar bitəndən sonra ziyafət verildi və bundan sonra bizi dincəlməyə göndərdilər. Səhər məni oyadaraq Şastrinin öldüyünü bildirdilər və həbs etdilər. Amma araşdırmadan sonra bu işdə günahımın olmadığı məlum oldu”.[5]
Səttarovun sözlərinə görə, Şastrini görənlər onun nəşinin mavi rəngə çaldığını dedilər. Adətən insan ölərkən bədəninin mavi rəngə çalması zəhərlənmələr zamanı olur. Səttarov rəsmi ziyafət zamanı masaya verilən yeməklərin xüsusi analizdən keçirildiyini və ona görə Şastriyə banketdə zəhər verilməsini ağlabatan hesab etmir. Onun fikrincə, zəhər Şastriyə banketdən sonra verilə bilərdi. Səttarovun sözlərində də bir həqiqət var. Belə ki, Şastri məhz xidmətçinin verdiyi çaydan sonra özünü pis hiss edərək dünyasını dəyişib. Şastriyə isə hindli xidmət edirdi. Ona görə də Qərb mətbuatında Şastriyə hindli xidmətçi tərəfindən zəhər verildiyi barədə məlumatlar yayılıb. Amma aydın məsələdir ki, o, bunu xüsusi tapşırıq əsasında həyata keçirib. Belə tapşırığı isə xidmətçi SSRİ xüsusi xidmət orqanlarından ala bilərdi. Çünki yuxarıda qeyd etdiyimiz kimi SSRİ rəhbərliyi danışıqların nəticəsindən narazı qalan və onu Kosıginin təzyiqi altında imzalamağa məcbur olan Şastrinin vətənə qayıdandan sonra Moskva ilə əlaqələri kəsərək Qərbə üz çevirəcəyindən ehtiyat edirdi. Hər halda SSRİ rəhbərliyinin Şastrinin zəhərlə öldürülməsi faktını bütün vasitələrlə gizlətməsini və bununla da xidmətçinin canını xilas etməsini təsadüfi hesab etmək olmaz.[6]
Lal Bahadur Şastri 11 yanvar 1966-cı ildə Daşkənd şəhərində vəfat edib.
İstinadlar
redaktə- ↑ Чандрика Прасад Шривастава. Лал Бахадур Шастри: жизнь правды в политике = Lal Bahadur Shastri: a life of truth in politics. — М.: Голден-Би, 2007. — 432 с.
- ↑ Grover, Verinder (1993). Political Thinkers of Modern India: Lala Lajpat Rai. Deep & Deep Publications. pp. 547.
- ↑ Rajeshwar Prasad (1991). Days with Lal Bahadur Shastri: Glimpses from The Last Seven Years. Allied Publishers. p. 16.
- ↑ Guha, Ramachandra (2008). India After Gandhi: The History of the World's Largest Democracy. Pan Macmillan.
- ↑ http://svpressa.ru/society/article/36707/ Arxivləşdirilib 2017-01-24 at the Wayback Machine Тайна смерти Бахадура Шастри
- ↑ John Noyce. Lal Bahadur Shastri: an English-language bibliography. Lulu.com, 2002.