Lale Sovket - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Lalə Şövkət (və ya Lalə Hacıyeva;[3] 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi.
Lalə Şövkət | |
---|---|
2005 – 19 yanvar 2006 | |
Seçki dairəsi | 2005 — 17 saylı Yasamal üçüncü |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Ülvi Quliyev |
3 iyun 1995 – 7 iyun 2003 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Əvəz Temirxan |
11 yanvar 1994[1] – 23 sentyabr 1994[2] | |
Əvvəlki | Yaşar Əliyev |
Sonrakı | Eldar Quliyev |
7 iyul 1993 – 29 yanvar 1994 | |
Əvvəlki | Əli Kərimli |
Sonrakı | Vəzifə ləğv edilib. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
lalashevket.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəLalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir.[mənbə göstərin] Qubada vəfat etmişdir.
Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib. Məqsədi Azərbaycanın kommunist imperiyası müstəmləkəsindən, Stalin zülmündən xilas etmək, müstəqil milli dövlət yaratmaq idi. Şövkət bəy 2 mart 1983-cü ildə dünyasını dəyişib.[mənbə göstərin]
Anası — Siddiqə xanım Şıxəli bəy qızı Useynova 1920-ci ildə Bakıda anadan olub. 1950-ci ildə N. Nərimanov ad. Tibb Universitetini bitirmiş, tibb elmləri namizədi, dosent idi. Siddiqə xanım 8 mart 1988-ci ildə dünyasını dəyişib.
1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra internaturaya Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına Azərbaycan Səhiyyə nazirliyi tərəfindən göndərilmişdir.
1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V. V. Vinoqradovun rəhbərliyi ilə davam etdirmiş və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1978-ci ildə N. V. Sklifosovski adına Moskva şəhər Elmi Tədqiqat təcili yardım institutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayaraq baş elmi işçi və institutun aparıcı elmi mütəxəssisi səviyyəsinədək yüksəlmişdir.
37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olmuş və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir.
Siyasi fəaliyyəti
redaktə1991-ci ildə RSFSR-nin baş naziri İ. Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilmişdir.
Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olmuşdur. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülmüşdür.
1990-cı il "Qanlı yanvar" hadisəsi ilə bağlı yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik etmişdir.
1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olmuş və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaratmışdır. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatı olmuşdur.
Siyavuş Novruz müsahibələrinin birində 21 noyabr 1992-ci ildə Lalə Şövkətin adının Yeni Azərbaycan Partiyasının təsis konfransında partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri siyahısına daxil edildiyini, lakin həmin vaxt özünün Moskvada olduğunu və təsisdə iştirak etmədiyini bildirmişdir.[4]
1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunmuş və iyulun 7-də Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilmişdir.
1994-cü ilin yanvarında ali hakimiyyət orqanlarında tüğyan edən korrupsiyaya və rüşvətxorluğa etiraz edərək təkidlə istefa vermişdir.
Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona Fövqəladə və Səlahiyyətli səfir rütbəsi verilmiş və o, Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilmişdir, lakin o, qəbul etmədiyi siyasi kursun dünya ictimaiyyəti və tarix qarşısında vəkili olmaqdan qəti imtina etmiş və 8 aydan çox prezidentin fərmanı qüvvədə qaldığına baxmayaraq vəzifənin icrasına başlamamışdır.
1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilmişdir. "Qarabağ torpağından bir qarış qalsa da konfrans orada keçirilməlidir" deyən Lalə Şövkət Qarabağın azadlığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin ali məqsədi olduğunu bəyan etmişdir.
Azərbaycan Liberal Partiyasının sədri Lalə Şövkət 7 iyun 2003-cü ildə partiyasının sədrliyindən istefa verərək Milli Birlik Hərəkatı sədri kimi fəaliyyət göstərməyə başladı və həmin qurumun prezidentliyə namizədi oldu.[5] Lalə Şövkət seçkilərdə 87.523 (3.62%) səslə 3-cü sırada tamamladı.[6] Milli Birlik Hərəkatı 2005-ci ildə parlament seçkisində də iştirak edib.[7]
2005-ci il parlament seçkilərinə Lalə Şövkət Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, 70 namizəddən ibarət siyasi komanda ilə qatılmışdı. Öz dairəsində Lalə Şövkət inkaredilməz böyük qələbə qazanmışdır və onun mandatı rəsmən təsdiq edilmişdir, lakin total saxtakarlığa etiraz əlaməti olaraq — "Mandat yox, millət naminə" mücadiləyə çıxan Lalə Şövkət bu parlament seçkilərini müasir tarixdə böyük ədalətsizlik və öz millətinin iradəsinə təcavüz kimi qiymətləndirdi. Bunu əsas tutaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina etdi.[8]
2005-ci ildə təsis edilən "Azadlıq" blokunun həmtəsisçilərindəndir. Blok ALP, AXCP və VİP partialarından ibarət idi.
Total saxtakarlıq və qeyri-demokratik mühitdə keçirilən 2008-ci il prezident seçkilərini də Lalə Şövkət və başqa müxalifət liderləri boykot etmişdirlər.
2010-cu il parlament seçkilərində Liberal Partiya "İnsan naminə" Seçki Blokunun nəzdində iştirak etmişdir.
Mənbə
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ L. -Ş. Hacıyevanın BMT yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edilməsi haqqında. [ölü keçid]
- ↑ "L.-Ş. Hacıyevanın Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
- ↑ "Lalə Şövkət nə işlə məşğuldur?". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- ↑ "Siyavuş Novruzov: "Əli İnsanov siyasi riyakarlıqla məşğuldur"". Trend.Az (az.). 2007-03-02. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
- ↑ "Əvəz Temirxan ALP İcraiyyə Komitəsinin sədri vəzifəsindən istefa verib". Trend.Az (az.). 2007-02-19. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
- ↑ "Azərbaycan Respublikası adından 2003-cü il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI". e-qanun.az (ingilis). 2024-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-09.
- ↑ ""AZADLIQ" BLOKU İLƏ MİLLİ BİRLİK HƏRƏKATI ARASINDA SAZİŞ İMZALANIB". Trend.Az (az.). 2005-10-08. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.
- ↑ "MSK Lalə Şövkətin deputat mandatını ləğv etdi". Trend.Az (az.). 2006-01-19. 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.