Lutfeli Xan Zend - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Lütfəli xan Zənd (1769–1794) — 1789–1794-cü illərdə hakimiyyətdə olmuş Zənd hakimi.
Lütfəli xan Zənd | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şiraz, İran |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şiraz, İran |
Vəfat səbəbi | Öldürülüb |
Dəfn yeri | |
Atası | Cəfər xan Zənd |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-in yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla 1785-in martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785).
İsfahanı tutaraq (2.1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə o gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci yol taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə düz 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu.
Şah 1786-da özünü "İran şahı" adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. (Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü). Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu.
Bu vaxt Rusiya çoxbaşlı oyun oynayırdı – o, Ağaməhəmməd xanın qardaşı Murtuzaqulu xanla əlaqə saxlayır, onu hakimiyyətə ruhlandırırdı. Qardaşına xəyanət etmiş, Qacarların düşməni Şeyx Veys xan Zəndə itaət edərək mənsəb almış Murtuzaqulu xan bu Zənd xanının məğlubiyyətindən sonra qardaşının qorxusundan didərgin düşdü – öncə Talışa getdi, orada onu himayəyə alması üçün II Yekaterinaya müraciət etdi. Bir il sonra rus donanmasının dəstəyiylə Gilana yürüş etsə də Ağaməhəmməd şahın böyük qoşunla gəldiyini eşidən Murtuzaqulu xan yenə Rusiyaya qaçdı və 1798-də ömrünü Sankt-Peterburqda başa vurdu. (Murtuzaqulu xanı himayə etdiklərinə görə Ağaməhəmməd şah Qafqaza 1795-dəki yürüşündə talışlıları cəzalandırdı).
Azərbaycanın güneyində – Xoy, Təbriz, Meşkin, Ərdəbil, Marağa, Urmiyə və b. iri məntəqələrdə XVIII yüzilin 80-ci illərində güclü xanlar yetişmişdi və onlar öz aralarında daimi savaşlardaydı. Ağaməhəmməd şah onları Qacar mərkəzi hakimiyyəti altında birləşdirməkçün Tehrandan Azərbaycan üzərinə yeridi. Ona ən şiddətli müqavimət göstərən Sadıq xan Şəqaqi oldu, ancaq bu xanın dayağı Sərab darmadağın edildikdən sonra Qaradağ, Xoy, Urmiyə və ardınca başqa yerlər Ağaməhəmməd şaha tabe oldu və 1790-da o, Azərbaycanın güneyini bütünlüklə öz əlinə keçirə bildi. Azərbaycanın paytaxtı Təbriz Qacar vəliəhdlərinin oturduğu "darüssəltənə" oldu.
Təbrizdə olarkən Ağaməhəmməd şaha sui-qəsd hazırlandı, ancaq iştirakçılardan birinin xəbərdarlığı sayəsində şahı öldürmək istəyən 15 nəfər 6 dekabr 1790-da tutularaq zərərsizləşdirildi.
1790-cı illərin başlanğıcında, demək olar ki, artıq bütün "İran"ı öz hakimiyyəti altına almış Ağaməhəmməd şah 12 fevral 1790-da qardaşı Hüseynqulu Cahansuz şahın oğlu Baba xanı (Xanbaba Cahanbani; sonrakı Fətəli şah) özünə vəliəhd (naibüssəltənə) etdi.
Fars hakimi Lütfəli xan Zənd Ağaməhəmməd şahın hakimiyyətini tanımayan yeganə qüvvəydi. Şah öz vəliəhdi Xanbaba Cahanbanini onunla vuruşmağa göndərdi və Xanbaba xan 1791-in yanvarında Semiromda Lütfəli xanın ordusunu tədbirlə darmadağın etdi, özünüsə qaçmağa məcbur etdi. Bu çox mühüm qələbə Şirazla birgə Fars əyalətinin mühüm hissəsini Qacarların nüfuzu altına keirdi.
Şah partizan müharibəsi aparan Lütfəli xan Zəndlə birdəfəlik üzülüşməkçün 1792-in yazında Farsa hücum etdi və Əbrəc çəmənində onu məğlub etdi. Lütfəli xan bu dəfə də qaçıb aradan çıxa bildi. Şah Şirazın hasarlarını uçurtdu.
Tarixçilər Ağaməhəmməd şahla Lütfəli xan Zəndin Kirmandakı müharibəsinə daha çox diqqət yetirir, şahı gözdən salmaqçün bu hadisədən geniş yararlanırlar.
Vəliəhd Xanbaba Cahanbanini Lütfəli xan Zəndlə savaşmaqçün göndərdikdən sonra Ağaməhəmməd şahın özü də 17 mart 1794-də Tehrandan yola düşdü və Kirman şəhərinə çataraq onu hər tərəfdən mühasirəyə aldı. Dünya hərb tarixində ilk dəfə olaraq Ağaməhəmməd şah, əsgərlərinin qışın soyuğundan əziyyət çəkməməsindən ötrü Kirmanın ətrafında yaşayış evləri tikdirərək hərbi şəhərcik saldırdı. İngilis yazıçısı Robert Uotson sonralar göstərirdi ki, Napoleon da Ağaməhəmməd şahın üsulundan yararlansaydı onun ordusu Rusiyanın soyuğunda məhv olmazdı.
Şahın əmriylə hazırlanmış gəzəri bürclər şəhər hasarına yaxınlaşdırıldı və bürcün içindəki qəhrəman qacar tüfəngçiləri bürclə hasar arasına körpü qoyaraq şəhərə girməyə başladılar. Şah göstəriş verdi ki, Lütfəli xanı yalnız diri tutun, bu üzdən də onu heç kəs öldürmədi və Zənd xanı yenidən qaçıb aradan çıxdı.
Kirmanın fars əhalisi bütün mühasirə günlərində Ağaməhəmməd şahın ünvanına aramsız təhqirlər yağdırdığına, xüsusən onun xədimliyinə sataşdığına görə (bu cismani şikəstliyi şahın ən ağrılı yeri olduğuyçün o, bu təhqiri heç vaxt heç kimə bağışlamayıb) hökmdar şəhəri ələ keçirəndən sonra özünün şahlığı çağında ilk dəfə olaraq əhalinin malının qarət edilməsinə, can və namusunun təcavüzə uğradılmasına icazə verdi, sonrasa şəhərin bütün kişilərinin gözünü çıxartdırdı. Ruslara satılmış gürcüləri "ağıllandırmaq"çün bir neçə il sonra Tiflislə çox sərt davranması da həm Şərqdə olan (xüsusən farslar, ruslar və gürcülər), həm də Qərbdə olan (xüsusən ingilislər və fransızlar) düşmənlərinin bu şahı rəhmsiz, amansız, qaniçən şəxs kimi tanıtmasına bəhanə qazandırdı. Onun "İran" adlandırılan ölkəni Nadir şah Əfşardan sonra vahid dövlətdə birləşdirməyi bacarmış yeganə şah olduğunu etiraf etmək əvəzinə, bədxahlar buna göz yumur, "Kirman!" və "Tiflis!" hayqırmağa üstünlük verərək bu ədalətli və vətənpərvər dövlət başçısını bütün dünyaya vampir kimi təqdim etməkçün əllərindən gələni əsirgəmirdilər, indi də əsirgəmirlər; təəssüf ki, onların arasında, gürcü Stalinə xoş gəlməkçün tarixi baş-ayaq yazan rus alimləriylə yanaşı, Səməd Vurğun kimi yerli qələm yiyələri də var.
Lütfəli xan Zəndi 1794-də Kirmanda ağır məğlubiyyətə uğradan Ağaməhəmməd şah, nəhayət, 8 illik çarpışmadan sonra onu ələ keçirdi. Nadir şahın Hindistandan gətirdiyi, onun ölümündən sonra Kərim xan Zəndə qismət olmuş "İşıq dənizi" ("Dəryayi-nur") almazı və başqa cəvahiratlar Lütfəli xandan tapıldı. Bu Zənd xanını işgəncələrlə öldürdən Ağaməhəmməd şah zəndlərin ağalığına biryolluq son qoydu və imperatorluğun tək ağasına çevrildi. Tehrana qayıdan kimi qəhrəman vəliəhdi Xanbaba Cahanbanini bütün Fars əyalətinin (Kirman, Şiraz və Yəzd) hakimi təyin etdi.
Mənbə
redaktə- Ədalət Tahirzadə, Ağaməhəmməd şah Qacar, "Çıraq" nəşriyyatı, Bakı, 2005, səh. 21–24.