Ku Kluks Klan - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır.
Yaranması
redaktə1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi). O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi. Buna görə də, aralarında klassik ədəbiyyat vurğunu olan biri təklif etdi ki, qədim yunan sözcüyündən "kiklos"a ("çevrə" mənasında) müraciət etsinlər.
Əslən Şotlandiyadan olan kapitan Kennedi isə "klan"ı ("qəbilə birliyi" mənasında) təklif etdi. Beləliklə, "kukluks-klan" yəni "çevrə klanı" və ya "çevrə birliyi" adı yarandı. Adı və adın yazılışını isə bir qədər dəyişdilər: Kiklos-Klan əvəzinə Ku-Kluks-Klan. Bu, sadəcə ada bir az da sirlilik vermək üçün idi, axı üç "K" hərfi daha dəbdəbəli və sirli səslənirdi. Həm də qədim şotland inanclarına görə, üç "K" hərfi qəbirdən qalxmış skeletlərin sümüklərinin şaqqıltısı kimi səslənirdi. Bu uğurlu ad ən yaşlısı 30 yaşında olan zabitləri elə vəcdə gətirdi ki, onlar belə vacib hadisəni qeyd etmək üçün atlanıb, Pülaskonun küçələrinə çıxmaq qərarına gəldilər. Onlardan biri şənlik daha təsirli olsun deyə təklif etdi ki, kabusa oxşamaq üçün hamısı atlarını ağ örtüyə bürüyüb, özləri də ağ cübbələr geyinsinlər. Ağ atlı, ağ cübbəli həmin gecədə Ku-Kluks-Klan yarandı…Uzun müddət bu gənclər eləcə ağ cübbə geyinərək, ağ örtülü atların belinə minib, gecələr küçələrə çıxaraq, qonşuları qorxutmaqla məşğul oldular. Doğrudan da maraqlı mənzərə idi – bəyaz ay işığına bürünmüş tarlalarda qəfildən ağ atların belinə minmiş ağ cübbəli adamlar peyda olurdular. Çoxları bu ağ atlıların öldürülmüş əsgərlərin ruhları olduğunu düşünürdü, "narahat əsgər ruhları" barədə əfsanələr yaranırdı. Klan üzvlərinin sayı isə durmadan artırdı və buna görə də at minib, qonum-qonşu qorxutmaq kimi bəsit məşğuliyyət klan üzvlərini bezdirməyə başladı. Dördillik müharibə görmüş gənclik üçün əyalət hoqqaları maraqsız idi. Təzə, iti hisslər yaşamaq istəyi güc gəlirdi. Və klan zənciləri hədəfə aldı.
Azad və qorxunc zəncilərə qarşı
redaktəKu-Kluks-Klan və ona bənzər bir çox təşkilatların yaranmasının günahı Federal hökumətin radikal çevrələrinin "hoqqası" olan Böyük İslahatda idi. Ştatlar vacib bir məqamı – İslahatı yaşamışdı. Cənubi Amerika ilə sərhəd bölgələri üçün isə "Cənubun yenidənqurulması" Amerika tarixindəki ən bədxah zaman idi. Həmin illərdə Cənubda zəncilər məsələsi çox qarışıq, mürəkkəb bir iş idi. Müharibəyə qədərki illərdə Cənublular zəncilərlə çiyin-çiyinə yanaşı yaşamağa öyrəşmişdilər. Zəncilər kitablarda və kinolardakı kimi axmaq, fağır adamlar deyildilər – onlardan çoxu hətta cəmiyyətdə nüfuz qazanmış, adlı-sanlı adamlar idi. Nə qədər təəccüblü səslənsə də, Cənubda hətta qaradərili quldarlar da vardı. Eyni zamanda, fərqli irqlərdən olanların nikahı. Düzdü, qaradərili ilə ağdərilinin ailə qurması cəmiyyət tərəfindən elə də yaxşı qarşılanmırdı, amma iş açılıb-ağardılmırdısa, niyə də olmasın? Ağdərili quldarların "qarakişmiş" məşuqələri tədricən onların tam hüquqlu arvadları olurdular. Bir sözlə, əgər Şimali Amerikada qara irqə nifrət edən cəmiyyət tək-tük konkret zəncilərə hörmət edirdilərsə, Cənubi Amerikalılar qara irqə dözümlü yanaşır amma "qınından çıxıb, qınını bəyənməyən" tək-tük zəncilərə nifrət edirdilər. Müharibədən sonra Cənub ağır bir zərbə aldı – bu zərbənin adı isə "azadlıq əldə eləmiş zəncilər" idi. Hər şey Vısotskinin mahnısında olduğu kimiydi: "Mne vçera dali svobodu…Çto ya s ney delat budu?" (Dünən mənə azadlıq verdilər… Bilmirəm onu neyləyim?). Zəncilər təkcə azadlıq almışdılar, başqa heç nə. Onların heç bir sosial təminatları yox idi. O vaxta qədər zənci ağasının qapısında, tarlasında işləyirdi, başının üstündə damı vardı, xəstələnəndə ağası onun qayğısına qalırdı. Ağa ilə qul arasında hətta müəyyən sərhədləri olan dostluq münasibətləri vardı. İndisə, zəncilər təkcə ağalarından azad olmamışdılar: həm də başqa hər şey əllərindən alınmışdı. İndi onların işi yox idi. Azadlıq isə qarın doyurmaz. Belə olanda zəncilərin çoxu ayrı-ayrı dəstələrə bölünərək, quldurluq etməyə başladılar. Bəziləri isə özlərini cəmiyyətin ağdərili təbəqəsinə bərabər hesab edərək, əvvəlki ağalarından haqq-hesab – onların varidatlarından və hakimiyyətlərdən pay tələb elədilər. Sözsüz ki, keçmiş qulların bu hərəkətləri ağdərili ağaların qəzəbinə səbəb oldu və onlar ən sərt tədbirlərə əl atdılar. (Marqaret Mitçelin romanının motivləri əsasında çəkilən "Küləklə sovrulanlar" filminə yəqin ki, hamı baxıb. Bu filmdə yuxarıda barəsində danışılan hadisələr çox ustalıqla ifadə olunub). "Özünü müdafiə edən ağlar" tədricən təşkilatlanmağa və dəqiq bir struktur yaratmağa başladılar. Tarix özünü müdafiə edən ağların şuluq zabitlərlə nə vaxt ittifaq bağladığı barədə susur. Amma bu dəqiqdi ki, ittifaqın məqsədi qaraların dərsini vermək və əl-ayağını yığışdırmaq məqsədi güdürdü. Beləliklə, Kukluks-Klanın elə bu gün də aktual olan əsas məqsədi – qatı irqçilik meydana gəldi. Təşkilatlanma və sistem
Ağ cübbələr, qorxunc atlılar
redaktəZəncilərə qarşı müqavimətin məhz Tennesidə alovlanması təsadüfi deyildi. Tennesinin qubernatoru təyin edilən, əvvəllər duelçi və hərbçi olan Brounlou müharibədə iştirak etmiş ağdərililərin hüquqlarını məhdudlaşdırır, əsl "islahatçı" kimi qaradərililərin tərəfini tuturdu. Ştat demək olar ki, qaraların əlində idi. Zəncilərin buradakı özbaşınalığı sərhəd bilmirdi. Zəncilərin quldurluqları, oğurluğu, fırıldaqları, zorakılıqları, ağdərili keçmiş ağaları təhqir etmələri kimi sərt hərəkətləri davam edirdi. Brounlou ağdərililərə özlərini müdafiə etmək məqsədilə olsa belə, silah gəzdirməyə icazə vermirdi. Qaradərililərin isə əksinə, silah gəzdirmək və hərbçilərin sıralarına daxil olmaq kimi hüquqları vardı. Ağdərililər hətta siyasi tədbirlərdə də az-az iştirak edirdilər. Bir sözlə, keçmiş duelçi və hərbçi Brounlounun qanadı altına sığınmış zəncilər ağdərililəri istədikləri kimi əzir, ştatda ağalıq edirdilər. Qara irqlə mübarizənin burada başlanması məhz bu səbəblərdən idi. KKK-ya rəhbərlik Natan Bedford Forrestə – keçmiş kavaleriya generalına tapşırıldı. Müharibədən əvvəl Forrest plantasiya sahibi və ticarətçi idi. Müharibə başlayanda kavaleriya sıralarına sıravi əsgər kimi daxil oldu. Fitri savaş istedadına görə tezliklə irəli getdi və müharibəni general-leytenant rütbəsi ilə başa vurdu.1867-ci ildə Pülaskoda birinci qurultaya yığışan üzvlər Ku-Kluks-Klanın müxtəlif ştatlardakı şöbələrinin strukturunu müəyyən elədilər. Struktur belə idi:Klan Gizli İmperiya idi. Onun başında Böyük Cadügər (Forrest) və onun on köməkçisi dayanırdı. İmperiya Şahlıqlara bölünürdü və hər şahlığın başında Böyük Əjdaha ilə 8 Hidr dayanırdı. Hər Şahlıq Böyük Titan və 6 Zəhərli İlanın idarə etdiyi Dominionlara bölünürdü. Öz növbəsində Dominionlar da başlarında Böyük Təpəgöz və 2 Gecə Şahininin dayandığı Yuvalara ayrılırdı. Yuvalar isə Vampirlərin rəhbərlik elədiyi Mağaralara bölünürdü. Bu vaxta qədər hər hansı bir intizama tabe olmayan Klançılar özlərinə məxsus "Nizamnamə" də qəbul etdilər. Əsas məqsədlərini və qarşıda duran məsələləri müəyyən etdilər. Amma hətta bu addımlardan sonra da KKK-nı çətin ki, yaxşı təşkilatlanmış, mərkəzləşmiş və intizamlı bir inqilabi hərəkat adlandırmaq olardı. Çünki hər nə qədər sözdə mərkəzə tabe olsalar da, Klançıların tədbirləri çox özbaşına olurdu.
Dəhşət
redaktəKu-Kluks-Klançıların "uniforma"ları zəncilərin canlarına qorxu salmaqla yanaşı, həm də tanınmamağı, gizli qalmağı təmin edən göz və ağız yerləri deşikli, iti uclu başlıq bərkidilmiş ağ cübbələrdən ibarət idi. Klançılar qaradərililərə təsir etmək üçün bir çox hoqqalara əl atırdılar. Məsələn, qaradərilinin birinin evinin yanında dayanan ağ cübbəli atlı ev sahibini çağırıb, ondan su istəyirdi. Zənci qurudulmuş boş balqabağın içində gətirdiyi suyu ona verirdi. Atlı suyu birnəfəsə boşaldıb, yenə istəyirdi. Axırda zənci dolu verdəni gətirirdi. Atlı vedrəni də birnəfəsə başına çəkib, yenə su istəyirdi. Onlarla litr su boşaltdıqdan sonra isə dərindən nəfəs alıb, deyirdi: "Mən Şilo yaxınlığında öldürüləndən bəri su içməmişdim. Cəhənnəmdə isə adam yaman susayır!" Fırıldaq isə sadə idi. Su başlıqdakı ağız yerinə bərkidilmiş borucuğa tökülür, oradan da atın belinə bağlanmış tuluğa axırdı. Olan dəhşətə gəlmiş zənciyə olurdu. Ağ cübbəli atlı zənciyə təşəkkür edib gedəndən sonra xurafatçı qaradərililərin arasında növbəti, qoxulu bir əfsanə yaranırdı. Beləliklə, KKK real qüvvəyə çevrildi. Onları görən zəncilər qaçıb gizlənir, evlərinə girib, qapıları kilidləyirdilər. Onların sayı durmadan artırdı. Amma 1866-cı ildə zəncilərdən biri atəş açaraq, ağ cübbəli "xəyalət"i yaralayandan sonra klanın mifi bir qədər dağıldı. Bundan sonra klançıların çoxu ağ cübbələri qırmızı və qara cübbələrə dəyişdilər.
Mübarizə
redaktəKlan hətta pis təşkilatlansa belə, ağlara nifrət edən qubernator Brounlounun "qara dayağı"na – zəncilərdən ibarət polis dəstələrinə böyük zərbə vura və aralarına çaxnaşma sala bilirdi. Brounlou heç cür Klançılarla bacara bilmirdi. 1867-ci ilin axırları və 1868-ci illərin əvvəllərində klançıların terror aktlarından ehtiyatlanan, keçmiş qullar – zəncilərin çoxu Tennesini tərk etdi. Qubernator Brounlou müxtəlif sərt tədbirlər görsə də, nəticə sıfır idi. Böyük Əjdahaların qəbul etdikləri qanunlar Klanın möhkəmlənməsinə təkan verdi. Tezliklə, Klan Amerikanın digər ştatlarında – Alabama, Şimali və Cənubi Karolinada da öz mövqelərini möhkəmlətdi. Klanı məhv etməyi qarşısına məqsəd qoyan Brounlou məşhur detektiv Selmur Bermora müraciət etdi. Amma bir neçə həftədən sonra ikincinin cəsədini Dak çayından tapdılar. Öz irqini "satan" ağlar da artıq yataqlarında rahat yata bilmirdilər. Ştat rəhbərliyində elə adamlar vardı ki, gecəni dolu tapança ilə yatırdılar. Artıq qaradərililər seçki qutularına yaxın gedə bilmirdilər. Və nəhayət, Brounlounun radikal-respublikaçı rejimi öz yerini daha "sağçı", ağ irqin maraqlarını ifadə edən demokratlar partiyasına verdi.
Çöküş
redaktəQubernator Brounloudan sonra Klan da çox yaşamadı. Bir vaxtlar qüdrətli təşkilat olan KKK-ın tədricən çökməyinin səbəbi onun həddən artıq gizliliyi və müxtəlif yerlərdəki bölmələrinin özbaşınalığı oldu. Mistika, fetişizm və sirr pərdəsi əhalinin KKK-nın əsl məramını anlamağına mane oldu. Onların fəaliyyətini təkcə düşmənləri işıqlandırırdılar ki, bu da Klanın əleyhinə işləyirdi. Üstəlik, Klanın müxtəlif yerlərdəki bölmələrinin rəhbərləri mübarizəni öz bildiyi kimi aparırdı, bəziləri hətta öz sıralarına zənciləri qəbul edirdilər. Bütün bunlardan əlavə, klanı tərk etmiş və ya klanla heç bir əlaqəsi olmayan adamlar da klançıların uniformalarını geyinərək, cinayətlər törədir və bunu KKK-nını ayağına yazırdılar. Bəzən də bunu qəsdən edirdilər. Bir sözlə, KKK-nın nüfuzuna böyük xələl gəlmişdi. Bunu anlayan general Forrest 1871-ci ildə rəsmi olaraq, KKK-nı buraxdı. Ehtimallar isə fərqlidir. Bəziləri dediyinə görə, Klan onu məyus etmişdi. Bəziləri isə iddia edirdi ki, Forrest bu addımı Federal qüvvələrin təsiri altında atıb. Amma təşkilat rəhbərlərindən heç biri həbs olunmadı. Təəccüblü deyil – KKK-nın o vaxtkı məqsədləri federal hakimiyyət nümayəndələrinin çoxunun arzusu ilə üst-üstə düşürdü. Qudurmuş zəncilər bütün ağdərililərin canını boğazına yığmışdı. Və bütün ağdərililərin içində "bir bunların dərsini verib, yerində otuzduran tapılaydı!" istəyi vardı. Elə buna görə də, Klanın daha mövcud olmadığına baxmayaraq, milyonlarla ağdərilinin içində qaralarla mübarizə arzusu alovlanırdı. Bu, hələ son deyildi…
Dirilmə
redaktə"Aqrar sivilizasiyanın yaratdığı şərəf və vicdan prinsipləri ilə idarə olunan müharibəyəqədərki aqrar Amerika gedir, yerinə isə nəhəng şəhərlərində insanın özünü itirdiyi, əriyib, yox olduğu, tənhalaşdığı "texnika Amerikası" gəlirdi…" Kukluks-klan ideyaları növbəti dəfə ötən əsrin 10-cu illərində təşəkkül tapdı. 1915-ci ildə KKK-çıların ikinci dəfə yaranmış bölmələri Atlantaya yerləşdi. Zəncilərə qarşı mübarizəyə antikommunizm, mühacirlərə, əcnəbilərə, təşkilatlanmış həmkarlar ittifaqlarına qarşı olan çıxışlar, yəhudi qırğınları da əlavə olundu. Bunun nəticəsində 20-ci illərdə KKK-çıların sayı 4 milyonu keçdi. 2-ci KKK-nı isə Forrestin birinci Klanını diriltməyə cəhd edən Uilyam Simmons yaratmış və başına keçmişdi. Simmonsun KKK-nı diriltmək məqsədi alındı. Bu da niyəsiİyirminci əsrin əvvəli Amerika üçün sənaye və urbanizasiyanın inkişafı ilə başladı. Ouen Uistlerin 1903-cü ildə nəşr olunan "Virciniyalı" romanının üç yüz min tirajla satılması təsadüf deyildi. Roman bir növ kənd həyatındakı ekzotik dəyərlərin əldən çıxmasına, nəhəng addımlarla gələn sənaye sivilizasiyasına etiraz idi. Uistler qəhrəman kimi nahaq yerə virciniyalını seçməmişdi – məhz virciniyalı müharibəyəqədərki Cənubun özündə daşıdığı, texnika əsrində itirilməkdə olan dəyərlərin daşıyıcısı idi. Müharibəyəqədərki aqrar sivilizasiyanın yaratdığı şərəf və vicdan prinsipləri ilə idarə olunan aqrar Amerika gedir, yerinə isə nəhəng şəhərlərində insanın özünü itirdiyi, əriyib, yox olduğu, tənhalaşdığı texnika Amerikası gəlirdi…Xalq köhnə dəyərlərinə doğru can atdı. Bu, nostaljinin bir növü, texnika əsrində yoxa çıxan insani cizgilərin yenidən işarması idi. Texnika və sənaye inkişafının durmadan artması bir tərəfdən aqrar sivilizasiya dəyərləri üçün darıxdırır, bir tərəfdən isə Amerikanı "millətçi"liyə tərəf itələyirdi. Təkcə Cənub deyil, bütün Amerika özünün ağ irqi, anqlosaksonu, protestantı ilə fəxr edirdi. Özündə millətçilik ideyaları daşıyan romanlar isə İllinoysdan Luizianaya qədər hər yerdə sevilərək oxunur, sənaye ilə birlikdə millətçilik də inkişaf edirdi. Simasız şəhər həyatında, emiqrasiya axınlarında cazibədar heç nə yox idi. Və köhnə dəyərlər amerikalını özünə tərəf çəkdi. Amerikalı isə bu dəyərləri tarixdə və vətənpərvərlikdə, həmçinin "yüzfaizlik, təpədən-dırnağa qədər amerikalı" olmaqda tapmağa çalışdı. Ku-Kluks-Klanın iyirminci illərdəki populyarlığını və sıralarının durmadan sıxlaşmağı da bununla izah olunur. Çünki Klan sıravi amerikalıya məhz həmin dəyərləri vəd edirdi. Zəncilərə, yəhudilərə, qırmızılara və "100 faizlik Amerika cəmiyyətində arzuolunmaz olan digər ünsürlər"ə qarşı mühribəyə çıxan Klanda bir "pioner" ruhu vardı. Amma nəticədə Klan yenə də terror bataqlığına (bir çox təşkilatlar kimi) yuvarlandı və sıraları seyrəldi. Hazırda Amerikadakı klançıların sayı 6–7 min nəfərdir. 250 milyonluq bir ölkədə. Faizin nə qədər olduğu göz qarşısındadır. Günümüzdə Klanı real qüvvə hesab etmək olmaz. Onların başındakı birincilik çələngi çoxdan skinhedlər və müxtəlif qatı millətçi qruplaşmaların başına qoyulub. Klanın internetdəki təsiredici səhifələrinə baxmayaraq, günümüzdə onlar heç bir ciddi söz sahibi deyillər. Klan – azsaylı, marginal bir qrupdur. Üstəlik, daha vahid Klan da yoxdur. Özlərini Klançılar hesab edən və bu ada iddia edən başqa qrupları "ikinci dərəcəli" və "təbəə" adlandıran ayrı-ayrı qruplaşmalar var. Buna görə də Amerikadakı Klandan danışanda gərək mütləq dəqiqləşdirmə aparasan – Texas, Delaver, Miçiqan? Ən maraqlısı isə budur ki, hazırda Klan ideyaları Şimalda Cənubdakından daha çox yayılıb. KKK ideyaları təkcə Amerikada yayılmayıb. "Ali irq" təəssübkeşləri başda Rusiya olmaqla, dünyanın bir neçə ölkəsində təşkilatlanır və köhnə, sirli, cazibədar "Kukluks-Klan" adını qəbul edirlər.