Kicik Midiya - Wikipedia
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti.
Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi.
İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi.
Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Herodota görə, X satraplıq olan Madaya köhnə Mada çarlığının ərazisindən başqa, parikanilərin və ortokoribantilərin torpaqları da daxil idi. XIV satraplığa Kür-Araz rayonlarında yaşayan utilər və müklər, habelə Cənubi Azərbaycan vilayətlərində və onlara bitişik torpaqlarda yaşayan saqartilər daxil idilər.
Kirin ölümündən sonra onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Bu isə vəziyyəti daha da kəskinləşdirdi. Ksenofont yazırdı: "…Pisliyə doğru ümumi dönüş başlandı".
Geniş sosial mübarizənin başlanmasından istifadə etmiş Qaumata adlı maq üsyan etdi.
Qədim yazıçıların əksəriyyəti, habelə hökmdar Dara Qaumatanın çıxışını farsların hakimiyyətinə – Əhəmənilərə qarşı çevrilmiş Mada üsyanı olduğunu yaxşı bilirdilər. Antik müəlliflər şübhə etmirdilər ki, Qaumatanın hakimiyyətə sahib olması onun (yəni hakimiyyətin) madalıların əlinə keçməsi demək idi. Bu, Bağıstan kitabələrinin məlumatından da aydın olur.
Dara öz kitabəsində adətən düşmənlərin etnik mənsubiyyətini qeyd edir ("babilli", "erməni", "elamlı" və s.). Ona görə də çar Qaumatanı "maq" adlandırarkən (maqlar Mada tayfalarından biri idi, onların içərisindən "maq" adlandırılan kahinlər çıxırdı) öncə üsyançının etnik mənsubiyyətini və sonra isə Qaumatanın kahinlər təbəqəsinə mənsub olduğunu nəzərdə tuturdu. Bunu isbat edən Bağıstan kitabəsinin Babil mətnində Daranın əsas düşməni "Qaumata adlı madalı maq" adlandırılır.
Beləliklə, Qaumatanın çevrilişi farsların hakimiyyətinə qarşı Mada narazılığının təzahürü idi. Güman etmək olar ki, Qaumata madalıların hökmranlığını bərpa etmək niyyətində idi.
Qaumatanın ideoloji silahı artıq Madada yayılmış, hər halda maqların qəbul etdiyi zərdüştilik – mazdayasnizm təlimi idi. Bu təlimdə geniş xalq kütlələrinin ümidlərini, səylərini müəyyən dərəcədə əks etdirən demokratik və mütərəqqi ideyalar özünü büruzə verirdi. Bəzi mənbələr Qaumatanın Zaratuştranın (Zərdüştün) tərəfdarı və məsləkdaşı olduğunu güman etməyə imkan verir.
Öz islahatlarını həyata keçirməyə başlamış Qaumata geniş xalq kütlələrinin mənafeyi naminə yuxarı təbəqəni (ilk növbədə, nəsli əsilzadələri) bir sıra imtiyazlardan məhrum etdi, onların əmlakını, qullarını əllərindən aldı, imperiyanın hər bir vilayətinə qasidlər göndərdi, xalqların üç il müddətinə vergilərdən və orduda xidmətdən azad edildiyini bildirdi. O, əsilzadələrə qarşı inadlı mübarizə apardı, amansız və qəddar tədbirlərlə onların öz hakimiyyətlərini geri qaytarmaq cəhdlərinin qarşısını aldı. Bütün bu tədbirlərdə Qaumata ən geniş xalq kütlələrinin, "yaxşılıq etdiyi bütün təbəələrinin" (Herodot) fəal yardımına arxalanırdı.
Qaumatanın rəhbərlik etdiyi hərəkat geniş xalq kütlələrinin çıxışı idi. Bu hərəkat əsasən nəsli əyanlara qarşı yönəldilmişdi. İmperiyanın müxtəlif vilayətlərində, xüsusilə Madada Əhəmənilərə qarşı reaksiya xarakteri daşıyan siyasi mübarizə özünün inkişafı prosesində etnik sərhədləri keçmiş, hökmran fars sülaləsinin və onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş ümumi xalq hərəkatı, etirazı ilə birləşmişdi. Qaumatanın dövründə, geniş xalq təbəqələri güclənmiş sinfi mübarizə nəticəsində yerli əyanların hesabına bir sıra imtiyazlar əldə etdilər. Dara bu imtiyazları geri almaq istədikdə silahlanmış xalq çıxış etdi, bu nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başladı.
"Ölkələr çarlığı" farsların deyil, madalıların başçılığı altında bərpa olunmalı idi. Məhz buna görə də, maqın həlak olmasından sonra "farslardan başqa" (Herodot) hamı onun taleyi üçün təəssüflənirdi. Qaumatanın özünü etibarlı adamlarla əhatə etmək arzusunu, maqın iqamətgahının Parsadan Madaya keçirilməsi faktını da onun yalnız madapərəst siyasəti ilə izah etmək mümkündür.
E.ə. 522-ci ilin sentyabrında maq öldürüldü. Qaumata öldürülən kimi Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş böyük xalq üsyanı başlandı. Madalılara qədər elamlılar və babillilər, sonra isə farslar, margianalılar, digər xalqlar çıxış etdilər.
Üsyan etmiş madalılara ermənilər, parfiyalılar və hirkaniyalılar da qoşuldular. Bir qədər sonra Çissantaxmanın başçılığı ilə Cənubi Azərbaycan sakinləri olan saqartalılar mübarizəyə qalxdılar. Bu üsyan haqqında Bağıstan kitabəsində deyilir: "Saqartalı Çissantaxma mənə qarşı çıxdı. O, xalqa belə deyirdi: "Mən Saqartada çaram, Uvaxşatra (Kiaksar – İqrar Əliyev) nəslindənəm". Bundan sonra mən fars və mada qoşunlarını [saqartalıların üzərinə] göndərdim; madalı Tahmaspadanı onların rəisi təyin etdim"…
Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. Geniş dövlətin ərazisi bütün Ön Asiya tarixində görünməmiş, izdihamlı xalq üsyanları alovuna bürünmüşdü.
Madalıların və saqartalıların üsyanları Dara üçün daha təhlükəli idi. Hökmdarın öz kitabəsində üsyan başçılarına verilmiş işgəncənin təsvirini verməsi bu üsyanı başqa üsyanlardan fərqləndirir, Daranın Fravartişə və Çissantaxmaya xüsusi nifrət bəslədiyi haqqında danışmağa imkan verir. Hökmdar onları şəxsən şikəst etmiş, vəhşicəsinə işgəncə vermiş, sonra isə payaya keçirtmişdi. Fravartişin yaxın silahdaşlarının isə dərisi soyulmuşdu.
Fravartişin sərkərdəliyi ilə madalıların üsyanı Mada dövlətinin müstəqilliyini bərpa etmək yolunda son təşəbbüs idi. Görünür, özünü Kiaksar nəslindən elan edən Çissantaxma Əhəmənilər imperiyasından ayrılmağa və Saqartiyada (əsasən Cənubi Azərbaycan ərazisini əhatə edən) müstəqil dövlət yaratmağa çalışırdı,
lakin imperiyanın bütün qüvvələrinin çox böyük səyi nəticəsində Dara xalq kütlələrinin üsyanlarını yatıra bildi.
I Dara üsyanları amansızlıqla yatırtdıqdan, bir sıra tayfaları və xalqları İran dövlətindən ayırmaq üçün göstərilən bütün cəhdlərə son qoyub hakimiyyətini möhkəmləndirdikdən sonra ümumimperiya miqyasında təbəddülat yaratmağa başladı.
Arxeoloji materiallar e.ə. I minilliyin ikinci yarısının Şimali Azərbaycan vilayətlərini xeyli inkişaf etmiş oturaq əkinçilik-maldarlıq təsərrüfatına malik bir zona kimi təsvir edir. Burada yalnız təbii suvarmaya deyil, həm də çox böyük irriqasiya qurğularına əsaslanan suvarma əkinçiliyi mövcud idi ki, bu da əməyin məqsədyönlü təşkilindən xəbər verirdi. Həmin dövrdə Şimali Azərbaycan vilayətlərində müxtəlif sənətlər yüksək inkişaf səviyyəsinə çatmışdı, regionda yaşayan tayfalar digər ölkələrin xalqları ilə intensiv iqtisadi və mədəni əlaqə saxlayırdılar. Əldə olan materiallara əsasən deyə bilərik ki, bu vilayətlərdə dərin sinfi təbəqələşmə baş vermiş və şəhər həyatı inkişaf etməyə başlamışdı. Şimali Azərbaycan tayfalarının bir hissəsi, o cümlədən utilər və müklər XIV satraplığa, digər hissəsi (ola bilsin, həm də albanlar) XI satraplığa daxil idilər.
Əhəməni hökmranlığının müxtəlif dövrlərində Cənubi Azərbaycan ərazisinin ayrı-ayrı hissələri X, XI, XIV satraplıqların tərkibinə daxil idi. Cənubi Azərbaycanın əsas ərazisi hələ I Daranın hökmranlığının lap əvvəlində Mada satraplığının (Herodota görə, X satraplığın) tərkibində idi.
I Daranın vaxtında Madanın tərkibindən Asaqarta adlanan əlahiddə bir əyalət ayrılmışdı. Asaqarta əyalətinə Madanın bütün şimal-qərb vilayətləri – hələ Bisütun kitabəsinin tərtib edildiyi dövrdə Mada satraplığının tərkibində olmuş vilayətlər daxil idi. Deməli, Asaqarta əsasən Kiçik Madaya, gələcək Mada Atropatenaya uyğun gəlirdi. Asaqarta satraplığı, ola bilsin, Şimali Azərbaycan ərazisinin bir hissəsini (utilər və müklər yaşayan ərazini) də əhatə edirmiş.
Biz Asaqarta satraplığının nə qədər ömür sürdüyünü bilmirik, lakin orası məlumdur ki, nə Daranın son, nə də onun varislərinin kitabələrində Asaqartanın adı çəkilmir. Çox güman ki, Asaqarta sonralar yenidən Mada əyalətinə qatılmışdı. e.ə. V əsrin başlanğıcında madalılar Əhəmənilər dövlətində yenidən nəzərə çarpacaq rol oynamağa başlayırlar. Demək lazımdır ki, artıq I Daranın zamanında Cənubi Azərbaycan əhalisi madalılar adlanırdı.
Həm Cənubi, həm də Şimali Azərbaycan ərazisində yaşayan digər tayfalar, xüsusən kaspilər, utilər, müklər, parikanilər, matiyenlər, marlar və başqaları kimi, Mada kontingentləri də bir qayda olaraq Əhəmənilərin bütün yürüşlərində iştirak edirdilər.
Cənubi Azərbaycanın vəziyyəti gərgin idi. Kadusilərə qarşı biri II Artakserksin, digəri III Artakserksin dövründə edilmiş iki yürüş də buna sübutdur,
lakin kadusiləri sakitləşdirmək mümkün olmadı. İmperiyanın digər hissələrində də tam asayiş yox idi. Yunanlar yenə də itaətdən çıxırdılar, misirlilər onlara kömək edirdilər – onlar eyni zamanda Əhəməni torpaqlarına da soxulurdular. İran satrapları bir-biri ilə düşmənçilik edir və vuruşurdular, şah sarayı fitnə-fəsad yuvasına və qanlı çəkişmələr meydanına çevrilmişdi. Mərkəzi hakimiyyət kiçik şahlara bənzəyən və şah yerişi yeriyən öz canişinlərinin ayrılmaq cəhdlərinin kökünü kəsməkdə aciz idi.
II Daranın şahlığı dövründə dövlətin daxilində və xarici siyasət sahəsində baş vermiş bütün hadisələr Əhəmənilər dövlətinin xeyli dağıldığını aydın sübut edir. Onun hökmran olduğu illər dikbaş vassallarla mübarizə illəri idi. Şahın əvvəlcə qardaşı, sonra da əmisi – Mada satrapı üsyan etmişdi. E.ə. 408-ci ildə Madada üsyan qalxdı. II Daranın ölümündən sonra iğtişaşlar yeni qüvvə ilə qızışdı.
İmperiya ölüm ayağında idi. Bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum – əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks imperiyanın ömrünü bir neçə il uzatmışdı. O, üsyan edən tayfalar və xalqlarla, həmçinin öz satrapları ilə inadlı və qanlı mübarizə aparırdı. III Artakserks boyun əyməyənləri, üsyan qaldıranları ram edirdi, Suriyada, Fələstində, Finikiyada və Misirdə vuruşmuşdu. Onun dövründə dikbaş kadusilərə qarşı da yürüş edilmişdi. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə Əhəmənilər sülaləsinin bu sonuncu hökmdarı zəhərlə öldürüldü.