Kican Monastiri - Wikipedia
Kiçan monastırı – Ağdam rayonunun Ballıqaya kəndi ərazisində yerləşən tarixi monastır kompleksi. Mənbələrdə həm də Anapat monastırı (erməni dilindən tərcümədə "səhra monastırı" və ya "düzənlik monastırı") adlandırılır. Kompleksə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbristanlıq daxildir.[1]
Kiçan monastırı | |
---|---|
erm. Եկեղեցի Կիչան | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağdam |
Yerləşir | Ballıqaya kəndi |
Aidiyyatı |
Alban Həvari Kilsəsi Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası |
Tikilmə tarixi | XII-XIII əsrlər |
İstinad nöm. | 4480 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKompleks ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aid olan xaç daşların birinin üzərində yerləşir. Bununla yanaşı Kiçan monastırında 10 kitabə oxunmuş və çap edilmişdir.[1]
Abidənin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir.[2] Qarabağdakı xristian abidələrini tədqiq etmiş professor Şaqen Mkrtçyan isə Kiçan monastırından bəhs edərkən "onun memarlığı Artsak kilsə memarlığı üçün unikal xüsusiyyətə malikdir" deyə qeyd edir.[1] G. Məmmədova yazır ki, Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır. Tədqiqatçı göstərir ki, nalvari apsidaları, inşa texnikası və bir sıra digər xüsusiyyətlərinə görə, bu tip kilsələr V–VII əsrlər Qafqaz Albaniyası kilsələri ilə yaxındır.[3] Əsas kompozisiyanın mürəkkəbləşdirilməsinə cəhd, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması isə IX–XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur.[4]
Memarlıq xüsusiyyətləri
redaktəKompleksə daxil olan tikililərdən ən əhəmiyyətlisi başkilsədir. Kmpleksin şimal-şərq hissəsində kilsə maraqlı memarlıq həllinə malikdir.[5] Əyrivəng, Vaquas və Qırmızı monastırın əsas kilsələrinin memarlıq quruluşunu xatırladan[5] başkilsə tağtavanlı örtük və nalvari formalı apsidaya malikdir. Şimal-şərq tərəfdən kilsəyə birləşən iki uzadılmış yan otaqlar da oxşar formalı apsida ilə təmin olunmuşdur.[5] Yan otaqlar kiçik qapı vasitəsiylə narteksin şərq hissəsi ilə əlaqələndirilmişdir. Narteksin bu hissəsi böyük tağlı divar vasitəsilə digər hissədən ayrılmışdır.[5]
Kiçan monastırının başkilsəsini Əyrivəng və bu tipli digər alban kilsələrindən fərqləndirən əsas cəhət odur ki, onun yan otaqları əsas kilsə həcminə elə birləşdirilmişdir ki, planda kilsə binası xaçvari forma almışdır.[2] Qərb tərəfdən kilsə binasına bitişik narteks inşa edilmişdir. Narteks və kilsə arasındakı boşluğu memar daha iki kiçik otağın yaradılması üçün istifadə etmişdir.[2] Kökündə həcmlərin kompaktlığı və sahənin məqsədyönlü istifadəsinə cəhd hiss olunan bu cür memarlıq həlli, Mamrux kilsəsinin memarlığını xatırladır.[2] Mamrux kilsəsinin memarı da Kiçan monastırının başkilsəsinin memarı kimi yan otaqlar və yan keçidlərin portalları arasında iki kiçik otaq inşa etməklə kilsə üçün ayrılmış ərazinin daha səmərəli istifadəsinə nail olmuşdu.[2]
Kilsə binasının divarları kobud işlənmiş yerli daşlardan hörülmüş və daxildən əhəng məhlulu ilə üzlənmişdir. İçəridə kilsə divarlarında yeddi niş vardır.[1] Kilsənin maraqlı memarlq xüsusiyyətlərindən biri də, altarın tağa keçid hissəsinin yarımqalxanvari formada həll edilməsidir.[1]
Monastır kompleksinə daxil olan ikinci kilsə binası kompleksin cənub tərəfində yerləşir. Tağtavanlı zal kilsəsi quruluşuna malik olan bu abidə üzərindəki kitabədən onun XVIII əsrin ortalarında bərpa edilməsi məlum olur.[6] Kilsənin şimal divarına kiçik əlavə otaq inşa edilmişdir. Yaxşı yonulmuş daş bloklardan hörülmüş dayaq tağları istisna olmaqla, kilsənin bütün divarlarının inşasında kobud çaydaşlarından istifadə edilmişdir.[1] Kilsə girişində timpan yerinə XII–XIII əsrlər üçün xarakterik dekora malik xaçdaşından istifadə edilmişdir.[1]
Kompleksin cənub küncündə 7.6 x 4.9 metr ölçüyə malik yemək zalı yerləşir. Zal tağtavana və divarlarında çoxlu nişlərə malikdir. Karapetyan Yemək zalının yanında sıra ilə rahib hücrələri düzülmüşdür. Monastırın yerləşdiyi təpənin qərb ətəyində orta əsrlərə aid geniş xristian qəbirsanlığı vardır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Мкртчян, 1989. səh. 30
- ↑ 1 2 3 4 5 Мамедова, 2004. səh. 88
- ↑ Мамедова, 2004. səh. 89
- ↑ Якобсон, А. Л. Закономерности в развитии средневековой архитектуры. Ленинград: Наука. 1985. 61.
- ↑ 1 2 3 4 Мамедова, 2004. səh. 87
- ↑ Карапетян, С. Уникальный средневековый памятник (№4). Эчмиадзин. 1983. 58. (#accessdate_missing_url)
Ədəbiyyat
redaktə- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 184.