Kerefto Mebedi - Wikipedia
Kerefto məbədi və ya Herakl məbədi — Güney Azərbaycan ərazisində, Qərbi Azərbaycan və Kürdüstan əyalətlərinin sərhədində, Təkab şəhristanının 20 kilometrliyindəki Kerefto dağlarında həm özünün memarlığı, həm də otaqlardan birinə girişin üzərində həkk olunmuş yunan apotropeik yazısı ilə nəzəri cəlb edən erkən Atropaten dövrünə aid qaya məbəd kompleksi.[1] Yazının mətnində deyilir: "Ἡρακλῆ ἐνάδε κατοικεῖ·μηθὲν ἰσέλθοι κακόν"[2] - "Burada Herakl yaşayır, hər cür pislikdən uzaq olsun".[3] Karibtu, Karabtu kimi də tanınır.[4]
Kerefto məbədi Herakl məbədi | |
---|---|
غار کرفتو | |
36°16′ şm. e. 46°51′ ş. u.HGYO | |
Ölkə | İran |
Yerləşir | Qərbi Azərbaycan ostanı |
Aidiyyatı | Yunan politeizmi |
Tikilmə tarixi | e.ə. IV əsrin sonu – e.ə. III əsrin əvvəli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAtropatenanın Ellinizm (və ya Hellinizm) sisteminə qatılması ilə Azərbaycan tarixi cənub torpaqlarında yeni yad (yunan) mədəniyyətinin maddi və mənəvi elementləri özünü büruzə verməyə başlamışdır. Kerefto mağara kompleksi bu yeni mədəniyyətin bariz nümunəsidir. Qayada oyulmuş bu sakral kompleks b.e.ə. III - b.ə. I əsrlərində tanrı Herakla kultun ibadət mərkəzi olmuşdur. Kompleksin otaqlarından birinin divarına həkk olunmuş kiçik həcmli yunandilli mətndə ibadətgaha daxil olanların tanrı Heraklın himayəsi altına alındığı bildirilir. Kompleksin yerləşdiyi dağlıq bölgənin müasir adı Akkad dilindəki karabtu ("ibadət", "xeyir-dua") sözündəndir. "Karibtu" və ya "Karabtu" adlı şəhər b.e.ə. 670-ci illərdə Mada tayfa birliyində Aşşur dövlətinin əyalət sisteminə qarşı baş qaldırmış ümumxalq üsyanından bəhs edən fal sorğularının birində qeydə alınıb. Karibtu Aşşur dövlətinin Mada tayfa birliyi ərazisində yaratdığı əyalətlərdən birinin (ehtimal ki, Xarxarın) dini mərkəzi olmaqla yerli əhali ilə yanaşı, əyalətdə fəaliyyət göstərən aşşurluların pənah gətirdiyi məkan olmuşdur. Bu məkan, bəlkə də, Aşşur ilahəsi İşmekarabın (və ya İşnikarab; hərfən "Duanı eşidən") ibadət mərkəzi olmuşdur. Dini təsəvvürlərə görə ölüləri ruhlarını yeraltı dünyaya müşaiyət edən bu ilahə b.e.ə. VIII-b.e.ə. VII əsrlərdə elamlıların da dini inanclarında böyük nüfuz qazanmışdır. Həmin şəhər coğrafi baxımdan indiki Kereftoya uyğundur və bu yer qədim zamanlardan ərəb işğallarına (islamlaşmaya) qədər ziyarətgah kimi fəaliyyət göstərirdi. Zərdüştilərin, o cümlədən atropatenalıların dini inanclarında Heraklın qarşılığı hərb və igidlik tanrısı Verentraqnaya (Sasanilər dğvründə Bəhram) sitayiş önəmli yer tuturdu.[4]
Təyinatı
redaktəKereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti olduğunu iddia edir.[5] Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi hissənin vəzifəsi olmuşdur.[6]
Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki, Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır.[6]
Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd etmişlər.[6]
A. Fazili qeyd edir ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur. İkincisi, kompleksin bu cür funksional təyinatlı halında sərhəd məntəqəsini "təcrid olunmuş yerdə, böyük yollardan kənarda" yerləşdirmiş rəhbərliyin məntiqi tamamilə anlaşılmazdır. Çünki düşmən müdaxilələrini yalnız böyük yolların mövcud olduğu yerlərdə gözləmək olardı.[7]
Herakl məbədi
redaktəƏtrafda yaşayan əhalinin bayramlar keçirmək və qurban vermək üçün toplaşa biləcəyi Kerefto kimi bir yerdə sitayiş obyektinin əsasının qoyulması fikrinin həqiqətə daha yaxın olduğunu güman edilir.[8] Müxtəlif tanrılara həsr edilmiş mağara tipli, sitayiş təyinatlı tikililər nəinki Şərqdə, habelə Yunanıstanda da geniş yayılmışdı. Özü də onların hamısı Pavsaninin təsvirinə [9] görə, şəhərlərdən və başqa yaşayış məntəqələrindən çox uzaq məsafədə (30-dan 150 stadiyə qədər; stadi = 184,97 metr) yerləşirdi və çox zaman "mağara" tikililəri adlanırdı.
Kompleksin binalarından birində su mənbəyinin olması həmin yerin müəyyən qədər "müqəddəs" olduğu haqqındakı fikrə də sövq edir. Artıq bu cəhətə diqqət yetirilmişdir. Həmin cəhət belə fərziyyə irəli sürməyə imkan vermişdir ki, burada "Şərq Heraklı"na sitayişdən başqa "səma suyu" ilahəsi hesab edilmiş Anahitə də sitayiş vardı. Maraqlıdır ki, Strabon [10] Knidli Evdoksa istinad edərək Hirkaniya olmuş mağaralar haqqında məlumat verir. Onun məlumatına görə, bu mağaradakı çaylar birbaşa dənizə axır və yerli sakinlər qurbanlar verilməsi üçün mağaralara gəlirlər.[6]
Qeyd etmək lazımdır ki, Herakla bənzər tanrılara sitayiş Şərqdə geniş yayılmışdı. İran Veretraqnası, Babil Nerqalı, erməni Vaxaqnı və b. bu qəbildəndir. Antik Ermənistanda (Taron vilayətindəki Artaşatda) hətta yüksək təpədəki mağarada yerləşmiş Herakl – Vaxaqn məbədi məlumdur.
Heraklın özünə sitayişə gəldikdə isə o, Makedoniyalı İskəndərin yürüşlərindən sonra bütün Şərqdə geniş yayılmışdı.[6]
Bu qəhrəman təsvirlərinə hellinizm və Parfiya dövrünün sikkələrində də təsadüf edilir. Onun surəti təsviri incəsənətdə və heykəltəraşlıqda geniş yayılmışdı.[6]
Tədqiqi
redaktəAtropatenada yunan tanrılarının ibadət mərkəzlərinin mövcudluğu - yəni Kerefto məbəd kompleksi - 1819-cu ildə ingilis səyyahı R.Ker Porterin İrana səfərində aşkara çıxarılmışdır. Tasitin "Annallar"ında İran yaylasında Heraklın ibadət mərkəzlərindən olan Sandek adlanan yer haqqında məlumat verilir. U.Tarn bu ibadət məkanının Kerefto ilə eyniləşdirilməsini təklif etmişdir. Arxeoloq Aurel Stein 1936-cı ildə burada 3 gün tədqiqat işləri aparmışdır. Güman olunur ki, bu yer Korneli Tasitin "Annallar"ında "Sanbulos" adlanır. Tasit bildirir ki, Parfiya hökmdarı Qotarz bu yerdə Herakla qurban vermişdir. Bu fikir şübhə doğurur. Görünür, Sanbulos dağı Behistun (Bisütun) dağıdır. Bu dağda "dincələn Heraklın" təsviri, Qotarzın Meherdat üzərindəki qələbəsini təsvir edən relyef (Tasitdə məhz bu iki rəqibin mübarizəsindən danışılır), Herakl Kallinikə həsr olunmuş yazı vardır. İ.Əliyev yanlışlıqla Kereftodakı işarələrin paleoqrafiyasına əsaslanaraq abidədəki mətni e.ə. VI-III əsrlərə aid etmişdir. E.ə. VI əsrdə Yaxın və Orta Şərq cəmiyyətləri Ellin-yunan dünyasının maddi və mənəvi dəyərləri ilə kifayət qədər tanış deyildi.Kompleks təcrid olunmuş məkanda, yollardan və digər yaşayış məskənlərində kənarda yerləşir. Kompleks qayalıqlarda 3 təbəqədən oyulmuş otaqlardan ibarətdir. Kompleksin funksional təyinatı indiyədək dəqiqləşməyib. Kompleksi ibadət ocağı və ya yunanlara məxsus hərbi qarnizonun dislokasiya yeri olduğu güman edilir. Abidə yunan memarlığının elemetlərini daşıyır. Məlumdur ki, Makedoniyalı İsgəndərin III Dara üzərində qələbəsindən sonra yunandilli əhali kütləsinin, o cümlədən sənətkarların və din xadimlərinin Şrəqə axını üçün imkanlar açılmışdır; bu proses Selevkilərin zamanında, hətta sonralar da davam etmişdir. Atropatena da Hellin-yunan mədəniyyətinin təsir zonasına düşdüyündənm Kerefto kimi abidənin yaranması təbii idi.
Herakla ibadətin İran yaylasında, o cümlədən Atropatenada müqavimət görmədən qarşılanmasının mühüm səbəbi bu personajın yunan mifologiyasında tutduğu himayəedici mövqeyi ilə izah olunmalıdır. O dövrdə, köhnə dini ənənədən irəli gələrək irandilli xalqların mifologiyasında Veretraqna adlı (hərfənː maneələri dağıdan" və ya "hücumu dəf edən") personaj - hərb və qələbə tanrısı, eyni funskiyanı icra edirdi. Bu səbəbdən Atropatenada Herakla ibadət mərkəzi Hellinizm dövründən sonra da (e.ə.30), Sasani imperiyasında Zərdüştiliyin rəsmi ideologiya olunduğu dövrə qədər qüvvədə qalırdı. Sasanilər dönəmində Heraklın adı istifadədən çıxdığından, Veretraqna populyarlıq qazanmışdır. Bu səbəbdən Sasanilər sülaləsinin 5 hökmdarı onun şərəfinə Varahran ( və ya Bəhram) adını qəbul etmişdir. Ellinizm dövründə digər sinkretik kultlar da meydana gəlmişdi. Babillilərin Nanay ilahəsi irandilli toplumların dini təsəvvürlərində Anahita, yunanların panteonunda Artemida ilə eyni funskiyanı icra edirdi. Bu hal deyilən dövrdə Ön və Orta Asiyada say çoxluğu ilə seçilən etnik-mədəni qrupların ictimai fəallığı ilə bağlı idi. [4]
Memarlıq xüsusiyyətləri
redaktəQayalıqda oyulmuş otaqlar bir-birilə birləşən iki səviyyədə yerləşir. Kompleksin hazırda qayalığın dibindən təqribən 9 metr hündürlükdə olan girişi ümumi uzunluğu 18,60 metr olan, suvanmış tağlı tavanlara malik bir neçə otaqlı, apsidalı otaqla başa çatan aşağı mərtəbəyə aparır.[5]
Aşağıdakı ansambl yuxarı mərtəbə ilə dəhliz vasitəsilə birləşir. Həmin dəhliz daha sonrakı, islam dövründə inşa edildiyi güman olunan 3 aralıq otaqdan keçir. Geniş dəhliz, divar oyuqlarında hər iki tərəfdən suflar əlavə edilmiş və arxasında bir-birinə düz yolu olan üç yanaşı otaq birinci mərtəbəni təşkil edir.[5]
Geniş dəhlizdən qapı ilə (1,80x1,10 metr) ayrılmış otaqlardan birinin üzərində yuxarıda adı çəkilmiş yazı vardır. Görünür, bu və ondan sonrakı otaq daxildən ağır siyirmə vasitəsilə bağlanırdı. Həmin otaqlarda qapılardan solda düzbucaqlı oyuqların olması bunu təsdiq edir. Yazının olduğu otaqda yuxarı fassiyasında dişciklər və dairələr şəklində olan friz yerləşmiş pəncərələr qalmışdır.[5]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Гаибов В.А. О некоторых проблемах культа Геракла на эллинистическом Востоке (скальный комплекс Керефто в Иране). //Второй Всесоюзн. симпозиум по пробл. эллинистич. культуры на Востоке. Тез. докладов, Ереван, 1987.
- ↑ "Media, Atropatene — Karaftoo--Kerefto Cave (Divandareh/Saqez, nr.) — 4th-3rd bc? — CIG 3.4673 — Merk.-Staub. III 12/04/01 — SEG 7.36, 30.1662". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
- ↑ Fazili, Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri: Ulusunu tanımayan tanrısını tanımaz /A. H. Fazili ; elmi red. S. M. Onullahi ; AEA, Tarix İn-tu. Bakı: Elm, 1992, s. 257
- ↑ 1 2 3 Əlimirzəyev, Allahverdi. Atropatena Azərbaycan tarixçilərinin tədqiqatlarında (məqalələr toplusu) (az.). Bakı: Nəşriyyat şöbəsi. 2024. 168–177.
- ↑ 1 2 3 4 "Sir Robert Ker Porter - Travels in Georgia, Persia, Armenia, ancient Babylonia, &c. &c during the years 1817, 1818, 1819 and 1820, London, 1822, II cild, səh 547 - 548". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-21.
- ↑ 1 2 3 4 5 6 Bulletin of the School of Oriental and African Studies, University of London, Vol. 11,No. 2 (1944), pp. 243-265, V. Minorsky - Roman and Byzantine Campaigns in Atropatene
- ↑ Fazili, Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri: Ulusunu tanımayan tanrısını tanımaz /A. H. Fazili ; elmi red. S. M. Onullahi ; AEA, Tarix İn-tu. Bakı: Elm, 1992
- ↑ Алиев, Играр Габиб оглы. Очерк истории Атропатены : [Монография] /И. Алиев ; [ред. С. А. Султанова]. Баку: Азернешр, 1989
- ↑ Pavsani, X, XXXII, 5
- ↑ Strabon, XI, 7, 5