Kassiler - Wikipedia
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar.
Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər. Lakin elə ilk baxışdaca bu yanaşma inandırıcı deyil. Əgər kassilərin e.ə. II minillikdə Mərkəzi Asiyadan gəlmə olduqları qəbul edilirsə, onlar e.ə. III minillikdə İranın indiki Xuzistan və Luristan bölgəsində dövlət qurumu olan elamlılarla necə qohum ola bilərdi.
Qeyd edək ki, kas adını daşıyanlar Azərbaycan ərazisində ən qədim türkmənşəli etnosdur. Deməli, şumerlər, kutilər və lulubilər nəzərə alınmazsa, kaslar tarixdə adı çəkilən ən qədim türk etnosudur. Bunu kasların şəxs adları da təsdiqləyir. Qeyd etmək lazımdır ki, kassitlərdə (kaslarda) şəxs adları teofor adlar idi: Şəxs adlarında qəbilə tanrılarının adları iştirak edirdi. Kasların Babilistanda e.ə. 1595–1155-ci illərdə hakimiyyətdə olması ilə əlaqədar olaraq hökmdar adlarında sami mənşəli akkad sözləri və Şumer-Akkad tanrılarının adları öz əksini tapmalı idi. Kas şəxs adlarından bir neçəsinə nəzər salaq:
Ulamburiaş-qədim türkcə ulam "çapar" və "həmişə" və Buriaş tanrısının adındandır.
Kaslarda I Burna –Buriaş və II Burna-Buriaş hökmdar adları da məlumdur. Qədim türklərdə geniş yayılmış, qurd totemi Midiyada Buriaş (e.ə. 843-cü il), Kitabi Dədə Qorqudda Baybura, Orta Asiyada XIII əsrdə Buritay və başqa adlarda öz əksini tapmışdır. Ulam komponenti kas hökmdarı Ulamxala (e.ə. XI əsr) şəxs adında da iştirak edir. Qədim türklərdə Ulam şəxs adı məlumdur.
Kara-Xardaş-türkcə kara-qara və kardaş-qardaş sözlərindəndir. Antik müəllif Kursiy Ruf Orta Asiyada Sırdərya hövzələrində yaşayan skiflərin (saklar nəzərdə tutulur) Kartazis adlı çarının Makedoniyalı İskəndərə qarşı çıxdığı qeyd edilir (Kursiy Ruf,VII,7,I). Mənbədə yunanca Kartazis kimi verilmiş ad türkcə Kartaş və yunan dilində -is adlıq hal şəkilçisindən ibarətdir (yunan dilində "ş" səsi olmadığına görə onu "s" ilə vermişdir).
Qeyd edilməlidir ki, kasların şəxs adlarında "daş", "taş" –həmrəy sözü geniş yer tutur: Nazimaruttaş (e.ə.XIV əsr), Maruttaş, Karain-taş, Kadin-Hutrutaş, Hambanitaş və s. Həmçinin digər türk etnoslarının da şəxs adlarında bu komponenti görmək mümkündür: Uyğur xaqanlığında Kinq-Daş xaqan, Orta Asiyada XII əsrdə türk qarakitayların xaqanı Yeloy-Daş (1143-cü ildə ölmüşdür), Səlcuq sultanı Məlikşahın (1072–1092) əmiri Arslan-Taş, Xarəzmdə XII əsrdə Altuntaş (1017–1032), Azərbaycanın Beyləqan bölgəsində XII əsrdə Aluntaş, XI əsrdə səlcuqlu nəslindən Ər-Taş yabqu, həmin əsrdə oğuzlarda Su-Taş, XVI əsrdə qazaxlarda Buydaş şəxs adları məlumdur. Burada iki hökmdar adını versək də Q. Qeybullayev "Azərbaycan türklərinin təşəkkülü tarixindən" əsərində kasların məlum əksər hökmdar və şəxs adlarının mənalarını və mənşəyini izah edir.
Kasların bir neçə tanrısının da adı mənbələrdə qorunmuşdur. Şukamuna, Şamaliya, Kaşşu, Harbe, Şixu, Sax (yaxud Şuriaş), Qidar, Dul, Kamulda, İmmiriya, Mirizar və s. Lakin əksər tədqiqatçılar bu adların mənalarını və mənşəyini aydınlaşdıra bilməyiblər.
Maraqlısı odur ki, kas dilində "da-kiki" sözü göy, səma deməkdir. Qiyasəddin Qeybullayev qeyd edir ki, Da-kiki sözü "danq-kiki" kimi bərpa olunmalıdır və türkcə tanq (danq)–dan yeri, sübh, gig-göy sözlərindən ibarət olması ehtimal edilə bilər. Deməli, bu sözlə dan yerinin sökülməsi və havanın işıqlanması nəzərdə tutulur.
İ.M.Dyakonov yazır ki, kassilərdə bir tayfa Karzi-yabku adlanır. Bu etnonimdəki yabku sözü qədim türklərdəki yabqu — hökmdar sözü ilə səsləşir.
Kasların türkmənşəli olmasını sübut edən digər bir fakt isə bəzi qədim türk etnonimlərində kas etnoniminin əks olunmasıdır. Mərkəzi Asiyada yaşayan uyğurların qədimdə 6 tayfasının kas adlanması məlumdur. Xakaslarda Kızıl tayfasının adı əslində Kazal (Kasal) etnonimində a-ı əvəzlənməsi ilə əlaqədar olaraq kas adı öz əksini tapmışdır. Xakasiyada Kaşlıq şəhərinin adı kaş-kas etnonimi ilə bağlıdır. Qədim Çin mənbələrindən Mərkəzi Asiyada qırğızların dövlətinin Xa-Qas adlanması məlumdur. Çin Türküstanındakı Kaşqar şəhərinin qədim türk mənbələrində Kaş adlanması da diqqəti cəlb edir. Erkən orta əsrlərdən məlum olan xəzər, qazax, qazan türk tayfalarının adları əslində kasar, kasak və kasan olmuşdur. E.ə. VI əsrdən məlum olan Qafqaz toponimini də bəzi tədqiqatçılar kas etnonimi ilə bağlayırlar.
Bəzi tədqiqatçılar görə kaslar daha sonra tarix səhnəsinə kaspi adı ilə çıxırlar. Kaspilər Azərbaycanın hər iki hissəsində (Güney və Quzey Azərbaycanda) yaşamışlar. Kaspi etnonimindəki "-pi" şəkilçisinin elammənşəli sayılması fikri real görünmür. Kaspi etnoniminin Gürcüstanda qədimdən bəri Azərbaycan türklərinin yaşadığı Kaspi yaşayış məntəqəsinin adında da əks olunması göstərir ki, kasp özünüadlandırmadır, başqa sözlə, elamlıların –pi şəkilçisi Gürcüstanda yaşayan Azərbaycan türklərinin yaşayış yerində əks oluna bilməzdi. Kasların Azərbaycanda və ümumiyyətlə Ön Asiyada tarixi rolu məsələsində tarixçünaslıqda qaranlıq məsələlər çoxdur.
Mənbələr
redaktə- Q.Qeybullayev-Azərbaycan türklərinin təşəkkülü tarixindən,Bakı,1994
- Q.Qeybullayev-Azərbaycanlıların etnogenezindən,Bakı,1991(I cild)
- İ.M.Dyakonov-Midiya tarixi,Moskva-Leninqrad,1956
- E.V.Sevortyan-Türk dillərinin etimoloji lüğəti(I.II,III cildlər),Moskva,1974,1978,1982(rusca)
- Qədim türkcə lüğəti,Moskva,1969