Kokuyumru Gunebaxan - Wikipedia
Köküyumru günəbaxan (lat. Helianthus tuberosus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin günəbaxan cinsinə aid bitki növü.
Köküyumru günəbaxan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Köküyumru günəbaxan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Arealı
redaktəVətəni Cənubi Amerikadır.
Haqqında
redaktəGövdələri özəklə dolu və cod tükcükləri olan çoxillik bitkidir. Yarpaqları sallanan, qarşı-qarşıya düzülmüş, ayaları yumurtavari, şişuclu, kənarları dişlidir. Onun stolonlar üzərində əmələ gələn yumru və ya uzunsov gövdə yumrularından 2-3 metrə qədər hündürlükdə olan güclü, çox şaxələnən zoğları inkişaf edir. Diametri 6-10 sm sarı çiçəkləri olan səbət çiçək qrupuda günəbaxanın çiçək qrupuna çox bənzəyir. Gün qısa olan yerlərdə topinambur daha çox çiçəkləyir. XVII-XVIII-ci əsrlərdə bu gövdə yumrulu bitki Avropada geniş sahələrdə becərilirdi. Lakin sonradan onu kartof sıxışdırıb çıxarmışdır. Nisbətən geniş sahələri hazırda Fransada hələ də var. İqlimə və torpaga qarşı az tələbkardır. Becərilməsi demək olar ki, kartofda olduğu kimidir. Lakin ondan fərqli olaraq bir dəfə əkilmiş torpaq bir neçə il məhsul yığmağa imkan verir. Həm yerüstü yaşıl hissələri, həm də gövdə yumruları istifadə olunur. Yaşıl kütləsini ildə iki dəfə kəsmək olar, lakin bu zaman gövdə yumrularının məhsuldarlığı kəskin aşağı düşür. Yaşıl kütləni silos kimi istifadə edirlər. Yumrular elə də yeməli olmadığı üçün əsasən heyvanların yemini təşkil edir. Onların qabığı zəif olduğu üçün az saxlanılır. Buna baxmayaraq onlar karbohidratlarla zəngin yemdirlər. Kartofla müqayisədə köküyumru günəbaxanda nişasta yox, inulin karbohidratı olur. Onlar həmçinin spirtin hazırlanmasında xammal kimi istifadə olunur.
Xalq təsərrüfatı əhəmiyyətɪ
redaktəƏsasən texniki məqsədlər üçün becərilir. Köküyumrularında quru maddəyə görə 30- 40% inulin vardır. Hidroliz zamanı inulindən fruktoza alınır. Kök yumrularından spirt, pivə, şərab, çaxır sirkəsi, yem droju (maya) və s. məhsullar alınır. Heyvanlar üçün kökümeyvələri və yaşıl kütləsi yaxşı yemdir. Gövdə və yarpaqlarında çoxlu vitaminlər var. Proteinin tərkibində bütün əvəzsiz amin turşuları var. Yaşıl kütləsində əhəmiyyətli dərəcədə inulin olduğundan heyvan orqanizmində mədə şirəsinin təsirindən asan həzm olunan fruktozaya çevrilir. Yaşıl kütləsi ilə təzə halda heyvanları yemləndirmək olar. Yaşıl kütləsinin hər sentnerində 20-25 yem vahidi vardır. Budaqlarında 25-30% şəkər olur. Silosunun hər sentnerində 18-25 yem vahidi var. Yumrular B qrupu vitaminləri ilə zəngindir. Yumrular bişmiş, pörtmüş və çiy halda istifadə oluna bilər. Yumrular həm də dərman əhəmiyyətlidir. Şəkərli diabet və başqa xəstəliklərin müalicəsində istifadə edilir.
Botaniki xarakteristikası
redaktəBitkinin botaniki təsviri ilk dəfə təbiətşünas alim K. Linney tərəfindən verilmişdir. Helianthus cinsinin 100-dən çox növ müxtəlifliyi içərisində yalnız ikisi - Helianthus annuus L. (birillik günəbaxan) və Helianthus tuberosus (köküyumru günəbaxan) təsərrüfat əhəmiyyətinə malikdir. Botanik Kokkerl Şimali Amerikanın müxtəlif ştatlarında yabanı halda yayılan köküyumru günəbaxanın 7 növmüxtəlifliyini aşkar edib, onların botaniki təsvirini vermişdir. Bunlar aşağıdakılardır:
- Var. tupicjus Cock. – gövdəsi çox sayda budaqlanandır, yan budaqların üzərində soxlu çiçək səbətçikləri yerləşmişdir.
- Var. alexandri Cock. – bunu başqalarından fərqləndirən kök yumruların sancaq formasında olmasıdır.
- Var. nebrascensis Cock. – az budaqlanan, tezyetişən və parıldayan yarpaqlardan ibarətdir.
- Var. purpurellus Cock. – yarpaqları saplaqlı, tünd rəngli qısa qanadvaridir. Kök yumruları xırdadır.
- Var. fusiformis Cock. – yarpaqlar əsas hissədə pazvari, kök yumruları iri, cəhrayı rənqli, azca iyvaridir.
- Var. albus Cock. – gövdəsi nazik, az budaqlanan, yarpaq saplağı enli qanadvari, kökyumrusu iri dairəvi olub, yer altında topa halında yerləşmişdir. Kök yumrularının xarici qabığı ağımtıldır. Bu bitkinin kök yumruları qədim hind xalqlarının əsas qidasını təşkil etmişdir.
- Var. puppureus Cock. – kök yumrusu iri, cəhrayı – bənövşəyi rəngli olub, mədəni halda geniş sürətdə qida bitkisi kimi əkilib becərilir.
Yerüstü orqanların quruluşuna görə günəbaxan cinsinin digər nümayəndəsi olan birillik günəbaxana oxşayır. Yarpaqlarının bir qədər xırda olması, gövdənin daha çox budaqlanması və çiçək qrupunun (səbətinin) xırda olması ilə birillik günəbaxandan fərqlənir. Onun gövdəsi düzduran, yaxşı budaqlanan, yarpaqla sıx örtülü, yaşıl və yaxud zəif bənövşəyi rəngli, hündürlüyü 2-4,5 m-ə çatır. Bir yumrudan 1-5-ə qədər zoğ çıxır. Yarpaqları müxtəlif formada yumurtavari, uzanmış yumurtavari və ya enli yumurtavari olur. Yarpaqları saplaqlıdır, iridir, yumurta şəkillidir, uc tərəfədən itidir, kənarları iri dişli çıxıntılarla nəhayətlənir. Cücərmə fazasında yarpaqlar rozet əmələ gətirir. Qönçələmə fazasında isə gövdənin aşağı hissəsindəki yarpaqlar qarşı-qarşıya gövdənin orta və yuxarı hissəsində isə növbəli düzülürlər. Çiçəyi səbət tiplidir, ancaq birillik günəbaxanın səbətindən bir qədər kiçikdir, diametri 1,3-8 sm-dir. Çiçək qrupu əsas və yan budaqların uclarında yerləşir. Əmələ gələn çiçəklərin sayı budaqlanma dərəcəsindən bir başa asılı olaraq 1-dən-50-yə qədər dəyişə bilər. Çiçəklər külək və həşəratlar vasitəsi ilə çarpaz tozlanır. Meyvəsi toxumcadır və xırdadır. 1000 ədəd toxumun orta çəkisi 7-10 qramdır. Toxumla çoxalma əsasən effektsizdir, lakin seleksiya məqsədi üçün və isti iqlim şəraitində toxumla çoxaltmadan istifadə olunur. Toxumlar cücərdilərkən kök birinci ili mil kök tipli olur. Kökün yer altında dərinliyə və yanlara inkişafı əsasən torpaq tipindən asılıdır. Kök 2 metr dərinliyə kimi hərəkət edə bilir. Kök bitkinin ümumi kütləsinin 8-10 %-ni təşkil edir. Budaqlanma yeraltı və yerüstü tipli olur. Yerüstü budaqlanma akropetal (yəni aşağı qarşı-qarşıya düzülmüş yarpaqların qoltuğunda) və baziopetal tipli (yuxarı növbəli düzülən yarpaqların qoltuğundan) olur. Gövdənin yeraltı hissələrində 3-cü, 4-cü buğumaralarında stolon əmələ gəlir. Stolonların ölçüsü və çəkisi sortlardan və becərilmə şəraitindən asılı olaraq müxtəlif ölçü və çəkidə olur. Kök yumrusu armudvarı, uzunsov, hamar, kələkötür, ümumiyyətlə qeyri müəyyən formalarda, stolonların rəngi isə açıq-sarı qəhvəyi, bənövşəyi ola bilir. Kartof yumrusundan fərqli olaraq stolonlarda gözlər bir qədər qabarıq olur. Bir bitki kolunda təqribən 30-50-ə qədər kök yumrusu olur. Yabanılaşmış növlərdə kök yumruları xırda, ancaq sayca çox olur. Kök yumrularının üzərində periderm qatı nazik və zərif olduğuna görə onun adi şəraitdə saxlanılması çətinliklər törədir. Kök yumrularının əmələ gəlməsi gün uzunluğundan bir başa asılıdır. Belə ki, o uzun gün bitkisi sayılır. Hər il yerüstü kütlə vegetasiyanın sonunda məhv olur. Tərkibində polisaxarid inulin və digər şəkərli maddələr olan yumrular isə qışa dözürlər. Yazda hər bir yumrudan 3-ə qədər budaq əmələ gələrək kol təşkil edirlər. Tumurcuqlar torpaqda 5-6 0 C temperaturda cücərməyə başlayırlar. 8-10 0 C- də yaxşı cücərti verir və 3-4 həftədən sonra çıxışlar alınır. Yumrular əmələ gəlməzdən qabaq gövdənin böyüməsi sürətlənir. Gövdənin maksimum inkişafı iyul-avqust aylarında müşahidə edilir. Məhsul əsasən sentyabr-oktyabr aylarında formalaşır. Ən yaxşı məhsul yay və payız ayları hədsiz isti keçəndə alınır. Faydalı temperaturun miqdarı 2500-2800 0 C-dir. Yerüstü kütləsi qısa müddətli – 8 0 C şaxtaya, yumruları isə - 12 0 C şaxtaya dözürlər. Torpaqda qar örtüyü altında havanın mənfi 35 0 C şaxtasına davamlıdırlar. 1 ton yaşıl kütlə ilə torpaqdan 3 kq azot, 1,2-1,4 kq fosfor və 4,5 kq kalium aparır. Köküyumrularla müvafiq olaraq 2,0-2,5 kq azot və fosfor, 1 kq kalium elementi aparır. Mərkəzi qaratorpaq zolağının cənub-şərq şəraitində kök yumruları ilə çoxaldılır: Bu bitki cənub bitkisi olduğundan onun çiçəkləməsi gec baş verir və toxumlar yetişməyə imkan tapmır.
Tarixi, yayılması və məhsuldarlığı
redaktəFəsilənin nümayəndələri kosmopolit olaraq əsasən mülayim və subtropik iqlim zonasında daha çox yayılmışdır. Yabanı halda köküyumru günəbaxan Şimali Amerikanın gilli torpaqlarında xüsusi ilə çay və yollar ətrafında geniş yayılmışdır. Kolumellin işləri bu bitki haqqında ilk yazılı mənbə kimi qiymətləndirilir. Lakin Linney səhv olaraq bitkinin Braziliya ərazisində mənşə tapdığını göstərmişdir. Bu səhvi Dekandol da təkrar etmiş köküyumru günəbaxanın vətəninin Braziliya və Peru olduğunu göstərmişdir. Köküyumru günəbaxanın mənşəyi haqqında ən düzgün elmi məlumatı Amerika botaniki Aza Qrey vermişdir. O ilk dəfə olaraq yabanı və mədəni yerarmudunu ayrı-ayrılıqda botaniki fərqlərini göstərməklə onların təsvirlərini vermişdir. Ona göndərilən bitkinin botaniki xüsusiyytlərini təsvir edərək belə nəticəyə gəlmişdir ki, o heçdə bir çox alimlərin təsdiq etdikləri mədəni halda becərilən köküyumru günəbaxan yox, Şimali Amerikanın soyuq iqlim zonalarında yabanı halda yayılan doronikoid günəbaxan (H. doronijoides L.) növüdür. A. Qrey bu bitkinin mənşəyi ilə bağlı özünə qədər ki, bütün yanlışlığa son qoyaraq göstərdi ki, köküyumru günəbaxan Şimali Amerikanın cənub ərazisində mənşə tapmışdır. Köküyumru günəbaxan XVII əsrin 30-cu illərində İtaliya, Hollandiya və sonra İngiltərə ərazisində becərilməyə başlamışdır. Şirin və müalicəvi əhəmiyyətli olması onun Avropada çox sürətlə yayılmasına səbəb oldu. Köküyumru günəbaxan XVII əsrin 50-60-cı illərindən ingilislər dərman bitkisi kimi becərirlər. Sonralar köküyumru günəbaxan (XVIII əsrdə) Şərq ölkələrinə gətirilib çıxarılmışdır. Belə bir fikir var ki, köküyumru günəbaxan Fransadan Almaniyaya oradan Çinə və nəhayət Qazaxstana gətirilmişdir. Qazax xalqı köküyumru günəbaxana "çin kartofu" deyir. Şimali Osetiya, Kabardin və Şimali Qafqazın digər rayonlarının sakinləri köküyumru günəbaxanı qida kimi 150 il bundan əvvəl istifadə edirdilər. S.S.Davidoviç hesab edir ki, bu bitki Qafqaza, Avropanın Türkiyə və Bolqarıstan regionlarından tez gəlmişdir. Bundan əlavə Polşada, Macarıstanda, Skandinaviya ölkələrində, İngiltərə, Amerika və s. yerlərdə becərilir. Aparılmış etnobotanik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycana köküyumru günəbaxanın gəlməsi 2 yolla olmuşdur:
1) Almanlar və rusların Azərbaycana sürgün edildiyi vaxt onlar özləri ilə köküyumru günəbaxan yumruları gətirmiş onlardan bəzək bağçılığında və qida kimi istifadə etmişdirlər. Hazırda köküyumru günəbaxanın yabanlaşmış formalarına almanlar və ruslar yaşamış ərazilərdə daha çox rast gəlinir.
2) 1930-cu illərdə Stavrapol vilayətindən köküyumru günəbaxanın əkin materialı Azərbaycana gətirilərək respublikanın müxtəlif botaniki-coğrafi ərazilərində becərilməyə başlamışdırlar.
Bakı şəhərində Azərbaycan Botanika İnstitutunun Nəbatat bağında 30-40-cı illərdə M.Ə.Rəhimov tərəfindən gətirilmiş, köküyumru günəbaxanın becərilməsi və öyrənilməsi ücün böyük əmək sərf edilmişdir. Dünya əkinçiliyində köküyumru günəbaxan hektardan 500-600 sentner yaşıl kütlə verir. Bəzən 1000-1200 sentnerə də rast gəlinir. Qafqaz və Orta Asyada yaşıl kütlə məhsuldarlığı orta hesabla 200-1000 sent., kökyumuru məhsuldarlığı isə 200-1300 s/ha-dır. Sibir və Uzaq Şərqdə yaşıl kütlə məhsuldarlığı 300-1400 s/ha, kökyumuru məhsuldarlığı isə 90-200 s/ha təşkil edir.
Torpağın becərilməsi
redaktəTorpağın becərilməsi kartof və kökümeyvəlilərdə olduğu kimidir. Üzləmədən sonra 15 sm dərinliyində dondurma şumu aparılır. Yazda lazım gəldikdə dondurma şumu malalanır. Sonra laydırsız kotanla becərmə aparılır. Səpin qabağı tarlaya kultivasiya çəkilir.
Gübrələmə sistemi
redaktəKöküyumru günəbaxanın gübrələnməsi torpağın münbitliyindən, planlaşdırılmış məhsuldan, torpağın nəmliyindən və digər faktorlardan asılıdır. Plantasiya yaradan zaman hektara 30-40 ton peyin və təsiredici maddə hesabı ilə 60-90 kq NPK verilir. Əgər plantasiya 8-10 il davam edərsə peyin verilməsini 4-5 ildən bir təkrar etmək lazımdır.
Qulluq işləri
redaktəCücərtilər alınana qədər alaqlarla mübarizə məqsədi ilə 2-3 dəfə malalama aparılır. Bitkinin boyu 10-15 sm-ə çatdıqda cərgəarası becərməyə başlanılır. 30-40 sm-ə çatdıqda isə dibdoldurma aparılır. Yaşıl kütlə məhsulunu artırmaq üçün ucvurma da aparılır.
Məhsulun yığılması
redaktəYaşıl kütləni oktyabr-noyabr aylarında biçmək olar. Yaşıl kütləni silosyığan kombaynla biçirlər. Bitkini torpaq səthindən 5-6 sm yüksəklikdən biçirlər. Qarışıq silos hazırlayan zaman yumruların bir hissəsini payızda yığırlar. Adətən yazda gözcüklərdəki tumurcuqların cücərməsinə qədər yumruları çıxarırlar. Yığım zamanı yumruların bir hissəsi plantasiyanı təzələmək üçün hər m2 -də 8-10 ədədə saxlanılır. Çıxışlar ikinci və sonrakı illərdə nisbətən tez alınır. Yumrular torpağın müxtəlif dərinliyində olduğuna görə birinci ildəkinə nisbətən çıxışlar bir bərabərdə olmur. Çıxışlar alınana qədər və çıxışlardan sonra malalama aparılır, bitkinin boyu 15-20 sm- ə çatdıqda əkinlərə kultivasiya çəkilir. Sonrakı qulluq işləri birinci ildə olduğu kimidir.
Sortları və hibridləri
redaktəHazırda seleksiyaçılar tərəfindən generativ və vegetativ hibridləşmə və digər üsullar ilə köküyumru günəbaxanın 300-dən çox sort və hibridləri yaradılmışdır. Bu sort və hibridlərdən mərkəzi qaratorpaq zolağının cənub şərq şəraitinə dözümlü bitkilər seçilmişdir. Sortlarından Ağ məhsuldar, Ağ Kiyev, Ağ Voronej, Voljıskaya - 2, Naxodka, Tezyrtişən, Vadim, Leninqrad, Krasnıy, İyşəkilli, Patat, Maykop, Şimali Qafqaz və s., hibridlərindən isə Hibrid № 120, Hibrid № 15, Bənovşəyi topinsolneçnik, M-3, 58/6, VİR, Severnıy, Dauqova və s.- ləri göstərmək olar.
Yem əhəmiyyəti
redaktəKöküyumru günəbaxan bütün kənd təsərrüfatı heyvanları üçün əla yemdir. Onda olan qida maddələrinin keyfiyyəti bir çox yem bitkilərindən üstündür, hətta yüksək keyfiyyətli yem bitkisi kimi tanınan qarğıdalıdan da geri qalmır. Köküyumru günəbaxan digər yem bitkilərindən yüksək yem vahidinin olması ilə fərqlənir. Tərkibindəki, (mütləq quru çəkiyə görə), həzm olunan zülalın miqdarına görə birillik günəbaxan bitkisinə bərabərdir və digər yem bitkilərindən üstündür. Köküyumru günəbaxanın gövdə yumrularından alınan yem vahidiinin miqdarı, kartof, şəkər və yem çuğundurundan alınandan çoxdur. Həzm olunan zülalın miqdarı şəkər və yem çuğundurundan yüksəkdir. Yaşıl kütlə məhsuldarlığını və yumruların tərkibindəki qida maddələrinin miqdarını nəzərə alsaq köküyumru günəbaxan digər silosluq bitkilərdən üstündür və aydın olur ki, onu ən dəyərli yem bitkilərinə aid etmək lazımdır. Köküyumru günəbaxanın yaşıl kütləsinin ən yaxşı istifadəsi siloslaşdırmadır. Onun yaşıl kütləsi həm təzə həm də qurudulmuş halda çox yaxşı siloslanır və gözəl silos əmələ gətirir. Köküyumru günəbaxan silosu yaxşı iyi, dadı, rəngi, yüksək yeyilməsi, yaxşı saxlanılması tərkibində turşuların çoxluğu ilə fərqlənilir. Köküyumru günəbaxanın yaşıl kütləsi siloslaşma zamanı şəkər minimununu 3-4 dəfə artırır ki, bu da onun yaxşı siloslaşmasına və keyfiyyətli olmasına səbəb olur. Siloslaşmış yaşıl kütlədə qıcqırma prosesinin gedişi normaldır. Köküyumru günəbaxanın yaşıl kütləsinin və silosunun iri buynuzlu heyvanlarda istifadəsi (sutkada 25-kq-a qədər) südün miqdarını və yağlılığını artırır. Tərkibindəki əsas qida maddələrinin miqdarına görə köküyumru günəbaxanın yaşıl kütləsindən hazırlanmış silos qarğıdalı silosuna demək olar ki, bərabərdir. Lakin köküyumru günəbaxanın yaşıl kütləsindən hazırlanmış silosu uzun müddət açıq havada qalarsa onun rəngi tündləşir, tərkib pozulur və pis qoxu əmələ gəlir. Bu da bir neçə səbəblərlə izah edilə bilər. Məlumdur ki, süd turşusu bakteriyaları köküyumru günəbaxanın epifit mikroflorasında çox az miqdarda olur. Buna görə də köküyumru günəbaxanın silosunda süd-turşulu qıcqırma prosesi çox zəif gedir və süd turşusu az əmələ gəlir. Silosda süd turşusunun miqdarının az olması onun açıq havada tez xarab olmasına gətirib çıxarır. Süd-turşulu qıcqırma prosesinin gedişini artırmaq üçün köküyumru günəbaxanın yaşıl kütləsinə bir az saman ya da digər yem bitkilərinin yaşıl kütləsini əlavə etmək lazımdır. Köküyumru günəbaxanı heyvandarlıqda tək silos kimi yox, həm də təzə təbii və qurudulmuş halda da istifadə etmək olar. Onun gövdə yumruları kənd təsərrüfatı heyvanları üçün dəyərli qidadır. Azərbaycanın suvarılan əkinçilik rayonlarında becərilən köküyumru günəbaxanın yumrularında olan proteinin miqdarı Rusiyanın orta qursağında becərilmiş köküyumru günəbaxandan azdır, lakin azotsuz ekstraktiv maddələr çoxdur. Köküyumru günəbaxan yumrularında olan azotsuz ekstraktiv maddələrin miqdarı 12,0-14,8%-ə qədər dəyişir. Bu göstrəricinin miqdarı sortundan asılı olaraq 13,8-15,05% arasında dəyişə bilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Helianthus tuberosus var. typicus Cockerell
Heterotipik sinonimləri
redaktə- Helianthemum tuberosum Garsault
- Helianthus doronicoides Torr. & A.Gray
- Helianthus esculentus Warsz.
- Helianthus pubescens Aiton
- Helianthus serotinus Tausch
- Helianthus spathulatus Elliott
- Helianthus squarrosus Nutt.
- Helianthus strumosus subsp. tomentosus (Michx.) Anashch.
- Helianthus subcanescens (A.Gray) E.Watson
- Helianthus tomentosus Michx.
- Helianthus tuberosus var. albus Cockerell
- Helianthus tuberosus var. alexandri Cockerell
- Helianthus tuberosus var. fusiformis Cockerell
- Helianthus tuberosus f. moldenkeanus Oswald
- Helianthus tuberosus var. multituberculatus Cockerell
- Helianthus tuberosus var. nebrascensis Cockerell
- Helianthus tuberosus f. oswaldiae Oswald
- Helianthus tuberosus var. purpurellus Cockerell
- Helianthus tuberosus var. purpureus Cockerell
- Helianthus tuberosus var. subcanescens A.Gray
İstinadlar
redaktə- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 905.